Məhkəmə qərarları › İş №2-1(103)-1344/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1344/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1344/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil Şəms qızının, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2220/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik iddiaçıya ödənilməsini və xx.xx.2017-ci il tarixində xx.xx.2020-ci il tarixədək iddiaçıya əmək pensiyası üzrə əskik ödənilmiş 13.323,28 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1953-cü il tarixdə anadan olmuş, 1971-ci ilin oktyabr ayından etibarən müxtəlif vəzifələrdə çalışaraq əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1982-ci il tarixdə Qazax rayon VVAQ şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” AR Qanununun 18.1 və 40.1.10-cu maddələrinə müvafiq olaraq qulluqda olmanın yaş həddinə çatdığı üçün pensiyaya çıxmağı ilə əlaqədar ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçıya pensiya təyin olunarkən dövlət qulluğunda çalışmağı, işlədiyi vəzifə, vəzifə maaşlarının artırılması, əlavə müavinatlar nəzərə alınmamışdır. İddiaçı xx.xx.2020ci il tarixli və xx.xx.2020-ci il tarixli ərizələrlə cavabdehə müraciət etmiş, müraciətləri cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarla cavablandırılaraq yalnız xx.xx.2017 - xx.xx.2020-ci illər aralığında olan əskik ödənilməli olan əmək haqqının məbləğinin yenidən hesablanaraq hissə-hissə iddiaçıya ödəniləcəyi, xx.xx.2013 xx.xx.2017-ci illər arasında olan müddət ərzində iddiaçıya əlavə hesablanmalı olan pensiya məbləği barədə məlumat verilməmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 44, 32.1 və 37-ci maddələrində xx.xx.2017-ci ildə edilmiş dəyişikliyin 2017-ci ildən əvvəlki münasibətlərə şamil edilmədiyi bildirilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində ərizə ilə yenidən cavabdehə müraciət edərək iddiaçıya əvvəl əskik ödənilmiş əmək pensiyasına dövlət qulluğu vəzifəsindən çıxdığı tarixdən sonra əmək pensiyası təyin edilən tarixdən və dövlət qulluğu vəzifəsində qulluq stajına görə əlavənin xx.xx.2007-ci il tarixdən ödənilməsi, rütbə maaşına və qulluq stajına əlavələr və artımlarla birlikdə birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ərizəsinə cavab verilməmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli ərizəsində, həmçinin, hazırki iddia ərizəsindəki tələbləri təmin edilməlidir. Cavabdeh iddiaçıya yalnız son 3 ilə görə əmək pensiyasına nəzərə almadıqları maaşına əlavəni, qulluq stajına görə, vəzifə və rütbə maaşının 50 % miqdarında əlavəni, məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğindən hesablanan pul təminatı, müalicə olunmaq üçün verilən 2 aylıq əmək haqqı məbləğinin hesablanan pul təminatı və mükafatlara görə əlavələr hesablanmaqla 13.323.29 manat fərq məbləğini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla ödənilməsinə başlamışdır. Cavabdeh tərəfindən pensiyanın yalnız son 3 ilə görə əlavə və artımlar olmaqla artırılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik deyil, hissəhissə ödənilməsi əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2220/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2220/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilik, o cümlədən formalaşmış vahid məhkəmə təcrübəsi pensiya ödənişlərinin müraciət edilən vaxtdan əvvəlki üç illik müddətlə məhdudlaşdırmış və pensiya ödənişlərinin ayların sayına bölünərək hissə-hissə ödənilməli olduğunu təsbit etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2220/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2220/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Cavabdehin xx.xx.2020-ci il tarixli **********2 saylı və xx.xx.2020-ci il tarixli **********7 saylı eyni məzmunlu məktubları ilə iddiaçıya bildirilmişdir ki, Fondun Qazax rayon şöbəsi tərəfindən iddiaçıya 5 may 2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 475,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 304,50 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,38 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 152,25 manat pul təminatı və mükafatlara görə 89,06 manat əlavə olmaqla orta aylıq əmək haqqı 1383,19 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.19.3-cü maddəsinə əsasən 33 il 1 ay 13 gün qulluq stajına görə orta aylıq əmək haqqının (1383,19 manat) 80 faizi - 1106,55 manat müəyyən edilmişdir. Lakin xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçıya 808,73 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 2382,56 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 520,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 327,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 245,25 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 163,50 manat pul təminatı və mükafatlara görə əlavə olmaqla orta aylıq əmək haqqısı 1487,25 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən orta aylıq əmək haqqının (1487,25 manat) 80 faizi - 1189,80 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçıya 871,08 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 5736,96 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 780,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə - 457,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 342,75 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,50 manat pul təminatı və mükafatlara görə 146,25 manat əlavə olmaqla orta aylıq əmək haqqı 2088,50 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən orta aylıq əmək haqqının (2088,50 manat) 80 faizi-1670,80 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019xx.xx.2020ci il tarixləri arasındakı dövr ərzində hər ay iddiaçıya 1197,73 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 5203,77 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 13323,29 manat fərq məbləği həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada cari aydan etibarən hissə-hissə pensiyasının (1670,80 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. - Cavabdehin xx.xx.2007-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən ömürlük 109.97 manat məbləğində əmək pensiya təyin edilmişdir. - xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hesablamalardan görünür ki, hər ay iddiaçıya 808,73 manat məbləğində əmək pensiyası ödənilmişdir. - xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hesablamalardan görünür ki, hər ay iddiaçıya 871,08 manat məbləğində əmək pensiyası ödənilmişdir. - 1 dekabr 2013-cü il tarixindən iddiaçıya vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 475,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 304,50 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,38 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 152,25 manat pul təminatı və mükafatlara görə 89,06 manat əlavə olmaqla orta aylıq əmək haqqı 1383,19 manat təşkil etmişdir. 33 il 1 ay 13 gün qulluq stajına görə orta aylıq əmək haqqının (1383,19 manat) 80 faizi - 1106,55 manat müəyyən edilmişdir. - 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 520,00 manata artırılması ilə əlaqədar iddiaçıya rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 327,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 245,25 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 163,50 manat pul təminatı və mükafatlara görə əlavə olmaqla orta aylıq əmək haqqısı 1487,25 manat olmaqla onun 80 faizi - 1189,80 manat pensiya təyin edilmişdir. - 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 780,00 manata artırılması ilə əlaqədar rütbə maaşına görə əlavə 134,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 457,00 manat, məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 342,75 manat pul təminatı, müalicə olunma üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 228,50 manat pul təminatı və mükafatlara görə 146,25 manat əlavə olmaqla orta aylıq əmək haqqı 2088,50 manat olmaqla onun 80 faizi-1670,80 manat pensiya təyin edilmişdir. - Cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə iddiaçıya 1197,73 manat məbləğində pensiya təyin edilmişdir. - Cavabdehin xx.xx.2020-ci il tarixli **********6 saylı qərarından görünür ki, iddiaçıya 1670,80 manat məbləğində yenidən hesablanmış pensiya təyin edilmişdir. - Cavabdehin xx.xx.2020-ci il tarixli **********3 saylı qərarından görünür ki, iddiaçıya 1670,80 manat məbləğində yenidən hesablanmış pensiya təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli 8/237 saylı arayışından görünür ki, iddiaçı Qazax rayon Qeydiyyat Şöbəsində işlədiyi müddət 2007 – 2009-cu illər ərzində onun əmək haqqısı cəmi 18.884,42 manat məbləğində olmuşdur. İşlədiyi müddətdə hər il iddiaçı rütbə maaşına görə əlavə, qulluq stajına görə vəzifə və rütbə maaşına əlavə, məzuniyyətə görə pul təminatı, müalicə olunma üçün pul təminatı və mükafatlara görə əlavələr almışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı 2010-2015-ci illərdə hər il rütbə maaşına görə əlavə, qulluq stajına görə vəzifə və rütbə maaşına əlavə, məzuniyyətə görə pul təminatı, müalicə olunma üçün pul təminatı və mükafatlara görə əlavələr almışdır. Birinci instansiya məhkəməsi işin hallarına “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2, 12.1-ci maddələrini, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 22.1, 22.2, 23.4, 24.1-ci maddələrini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.7, 20.12, 32.1-1-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 2, 5, 12-ci bəndlərini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nı, “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 943 nömrəli Fərmanının 1-ci bəndini, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarının 2, 3-cü bəndlərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarını, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi və xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək iddiaçıya əmək pensiyası üzrə əskik ödənilmiş 13.323,28 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı publik hüquqi şəxsinə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 2.1.2-ci maddəsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası almaq hüququ vardır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. “Dövlət qulluğu haqqında” qanunun 22.1-ci maddəsinə əsasən dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” qanun 20.1.7-ci maddəsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). Həmin Qanununun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 5-ci bəndinə əsasən işin nəticələrinə görə kollektiv mükafatlandırma zamanı mükafatın müəyyən edilməsi üçün götürülən dövrdə (hesablaşma dövrü) hamiləliyə və doğuşa görə məzuniyyətdə olma, ştatların ixtisarı ilə əlaqədar işdən azad olma, hərbi xidmətə çağırılma, ixtisasartırma kursunda olma və digər üzürlü səbəblərdən tam işləməmiş dövlət qulluqçuları üçün onların faktiki qulluq keçdiyi dövrə görə mükafat hesablanır. Xəstəliklə əlaqədar işdə olmayan dövlət qulluqçusuna mükafat verilməsi məsələsi hər bir konkret halda onun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 12-ci bəndinə əsasən dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na əsasən 10 ildən yuxarı qulluq stajına malik olan dövlət qulluqçuları hər ay aylıq vəzifə maaşlarının 20 faizi, 15 ildən yuxarı qulluq stajına malik olan dövlət qulluqçuları hər ay aylıq vəzifə maaşlarının 30 faizi miqdarında əlavə haqq alırlar. “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 943 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarının 2-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Həmin Qaydaların 5-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab etmişdir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2220/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar