Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1344/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10044/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********1 nömrəli Qərarının ləğv edilməsini və ona əmək pensiyası təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (dəqiqləşdirilmiş iddia tələbi) İddia ərizəsində qeyd edilmişdir ki, o, 2001-ci ilin iyul ayından Azərbaycan Respublikasının Silahı Qüvvələri sıralarından ehtiyata buraxılmışdır və təqaüdçü kimi işləməkdə davam edərək 2016-cı ilin fevral ayınadək DSMF-ə müntəzəm olaraq əmək haqqından ödənişlər həyata keçirmişdir. Hal-hazırda heç bir yerdə işləmir. 2023-ci ilin fevral ayına şəxsi hesabında 14 min manatdan artıq vəsait yığılmışdır. İstefada olan polkovnikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1- ci maddəsinə əsasən ’’Güzəştli şərtlərlə əmək pensiyası" alanlar kateqoriyasına aiddir. Göstərilənlərlə əlaqədar olaraq o, 2022-ci ildə iki dəfə və 2023-cü ilin aprel ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına (XŞTMF) müraciət edərək, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən “Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmış miqdarı”nı nəzərə alaraq “pensiyasının yenidən hesablanaraq ödənilməsi” xahişi ilə müraciət etmiş, cavabdeh ona imtina etmişdir. Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə — pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının iddiaçının 14 min manatdan artıq pensiya sığorta kapitalı olmasına baxmayaraq, pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq “güya” yenidən hesabladıqdan sonra heç bir artım olmur. Cavabdehin hesablamaları əsassız və qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10044/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********1 saylı qərarı ləğv edilmiş və İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, iddiaçının əmək pensiyasının yenidən hesablandığını bildirirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-4104/2024 nömrəli qərarla İddiaçı əmək pensiyası qulluq stajına görə əmək pensiyasına əlavə artım qədər azaldılmamaqla yenidən hesablanmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən tərəflər iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, təqdim olunan 3-17-1/3-7-4104/2024 nömrəli qərarı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********1 nömrəli Qərarının ləğv edilməsini və ona əmək pensiyası təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1344/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1344/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver