Məhkəmə qərarları › İş №2-1(103)-1344/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1344/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1344/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı “güzəştli ipoteka krediti şərtləri daxilində iddiaçıya 100000 (yüz min) manat məbləğində kredit ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10715/2024 nömrəli, 21 oktyabr 2024cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı “güzəştli ipoteka krediti şərtləri daxilində iddiaçıya 100000 (yüz min) manat məbləğində kredit ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1989-cu il təvəllüdlü, həyat yoldaşı X2 isə xx.xx.1994-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 10 il 11 aydır ki dövlət qulluğunun xüsusi növündə xidmət edir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs gənc ailənin üzvü kimi güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü maddəsinə əsasən “gənc ailə” dedikdə, yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn başa düşülür. xx.xx.2024-cü il tarixdə, saat 18:30 radələrində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun informasiya sistemi vasitəsilə “Güzəştli İpoteka Krediti”nin verilməsi üçün müraciət etmiş, Sistem üzrə "xxxx" ASC-nin Səbail filialından 100.000 manatlıq yaşayış sahəsi üçün 85.000 manat məbləğində kreditin verilməsi nəzərdə tutulurdu (15.000 manat ilkin ödəniş). Sistem üzrə bütün mərhələləri keçdikdən sonra ekranda “Siz gənc ailə kateqoriyasına aid deyilsiniz” yazısı əks olundu. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının gənc ailənin üzvü kimi qanunvericiliyə əsasən güzəştli ipoteka kreditindən istifadə hüququ olduğundan İpoteka və Kredit Zəmanət Fonduna bu barədə xx.xx.2024-cü il tarixdə şikayət göndərmişdir. İpoteka və Kredit Zəmanət Fondunun baş direktoru İlham Kələşovun adından ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubunda iddiaçının gənc ailə statusuna malik olduğu təsdiq olunmuş, qeyd etdiyi xətanın elektron sistemdə baş vermiş texniki çətinliklə bağlı olduğu bildirilmişdir. Bundan başqa, məktubda yenidən müraciət edə biləcəyi və bu barədə daha öncə Fondun əməkdaşının işçi qaydada izah verdiyi qeyd olunmuşdur. Məktubda qeyd olunduğu kimi ona işçi qaydada da yenidən müraciət etmək tövsiyə olunduğunu təsdiq edir. Bununla belə, müxtəlif vaxtlarda tövsiyəyə uyğun etdiyi müraciətlərdə iddiaçıya sistem tərəfindən təklif edilən kreditin məbləği 5.000 manatdan artıq olmamışdır. Qeyd olunan məbləğlə yaşayış sahəsinin alınması mümkün olmadığından kredit iddiaçı tərəfindən sonadək rəsmiləşdirilməmişdir. xx.xx.2024-cü il tarixdə yenidən cavabdehə təkrar ərizə ilə müraciət edərək yuxarıda qeyd olunan halların nəzərə alınmasını və Güzəştli İpoteka Kreditindən yararlanmağı istiqamətində köməklik göstərilməsini xahiş edilmişdir. Cavabdehdən daxil olan xx.xx.2024-cü il tarixli 12-3/2- A669/2-25-1061/2024 nömrəli məktubda müraciətinin icrasından imtina olunaraq ümumi qaydada yenidən kreditin əldə olunması ilə bağlı müraciət etməyi tövsiyə edilmişdir. Qeyd olunan səbəblərdən kifayət qədər çətin əldə edilə bilinən, hər dəfəsində limit məbləği yüksək olmayan və tez bir zamanda tükənən Güzəştli İpoteka Kreditindən hazırki məqamda istifadəsindən yararlana bilməməyi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Artıq 35 yaş ərəfəsində olmaqla gənc şəxs statusundan və bununla da Güzəştli İpoteka Krediti şərtləri daxilində 100000 (yüz min) manat məbləğində kreditin ayrılmasından məhrum olmağı kimi hallar cavabdeh tərəfindən nəzərə alınmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı şəkildə münasibət bildirmiş və göstərmişdir ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (Fond) Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli 1760 nömrəli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılmışdır. Fond Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsdir. Fond ictimai faydalı məqsədlər güdən fəaliyyətlə məşğul olur. Dövlət Fondun öhdəlikləri üçün cavabdeh deyildir və Fondun fəaliyyəti ilə bağlı zərərə görə nizamnamə kapitalındakı payı həddində risk daşıyır. Fond dövlətin öz üzərinə götürdüyü hər hansı öhdəliyə görə cavabdeh deyildir. İddianın əsaslı hesab edilərək mümkün sayılması üçün iddiaya cavab verməli olan inzibati orqana yönəlməsi əsas şərtlərdən biridir. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10715/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qərardadı (hakim M.Hacıbəyova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilərək icraata götürülməsi barədə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati aktı qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs inzibati orqan hesab olunur. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” digər hüquqi şəxslər kimi öz şəxsi fəaliyyəti və məqsədləri üçün siravi şəxslər tərəfindən yaradılmayıb. Bu Fond ölkə prezidenti tərəfindən dövlət əhəmiyyətli məqsədlərin həyata keçirilməsinin təmini məqsədilə yaradılmışdır. Fondun adından da aydın olduğu kimi Fond, Azərbaycan Respublikasının Fondudur və dövlətə məxsusdur. Elə bu səbəbdən də Fond öz fəaliyyətində dövlət atributlarından istifadə edir. Belə ki, Fond bütün rəsmi yazışmalarını Azərbaycan Respublikası adından həyata keçirir və dövlət gerbinin əks olunduğu blanklar əsasında aparır. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu”nun qəbul etdiyi qərarlar ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri olduğundan inzibati akt hesab olunur. Belə ki, Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verilməsini və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verilməsini müvafiq inzibati aktlar qəbul edərək həyata keçirir. Odur ki, inzibati akt qəbul etmək səlahiyyəti verildiyindən “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” inzibati orqan olaraq qəbul edilməlidir. Məhkəmə qərardadında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsinin 1.8-ci bəndinə istinad edərək, məsuliyyəti onun üzərindən atmaq istəyir. Halbuki o bəndin mübahisəyə heç bir aidiyyəti yoxdur. Həmçinin, qərardadda həmin Təlimatın 2.1-ci bəndinə istinad edilərək bildirilir ki, “Fond əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur”. Əlbəttə ki, Fond kredit vermir, bunu hamı bilir. Fond şəxslərin müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verilməsini və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verilməsini həyata keçirir. Tələb edir ki, Fond müvəkkil banklar tərəfindən ona kredit verilməsi ilə əlaqədar dövlət tərəfindən Fondun üzərinə qoyulan öhdəliyi düzgün icra etsin və mənə dövlət təminatı ilə güzəştli şərtlər əsasında kredit verilməsi proseduruna uyğun qaydada davransın. Bu mübahisə, kredit müqaviləsinin bağlanmasına məcbur edilməsinə dair tələblərdən irəli gələn mübahisə deyil. Fond kredit vermir. O, Fonddan kredit istəmir. O, müvəkkil bankı tapmışdır. Bütün tələb olunan sənədləri toplayıb, banka təqdim etmişdir. Bank krediti verməyə razılıq da verib. Bu mərhələdə Fond dövlətin ona verdiyi səlahiyyətlər əsasında dövlət tərəfindən ayrılan vəsaitin banklar tərəfindən ona güzəştli qaydada verilməsi üçün onun kreditinə təminat və zəmanət verilməsi ilə əlaqədar üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Odur ki, mübahisə ona kredit verilməməsi ilə deyil, öhdəliyin icra edilməməsi ilə bağlıdır və inzibati mübahisədir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsinə əsasən: 1.1. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir. 1.8. Dövlət Fondun öhdəlikləri üçün cavabdeh deyildir və Fondun fəaliyyəti ilə bağlı zərərə görə nizamnamə kapitalındakı payı həddində risk daşıyır. Fond dövlətin öz üzərinə götürdüyü hər hansı öhdəliyə görə cavabdeh deyildir. 2.1. Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikası əhalisinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirmək, habelə sahibkarların manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verməkdir. Fond əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur. 2.2. Fond aşağıdakı vəzifələri yerinə yetirir: 2.2.1. ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirir; Kollegiya qeyd edir ki, kredit müqaviləsi hüquqi şəxs və ya fiziki şəxslər arasında bağlanan bir razılaşmadır, bu da mülki hüququn əsas prinsiplərindən biridir. Müqavilə, borcalanın kreditin qaytarılması və faizlərin ödənilməsi ilə bağlı hüquqi öhdəliklərini təsbit edir. Müqavilə mülki hüquq normalarına uyğun olaraq hazırlanmalı və icra edilməlidir ki, bu da onun etibarlılığını təmin edir. Kredit müqaviləsi, tərəflər arasında yaranan mübahisələrin hüquqi yollarla həll olunmasını təmin edir, bu da mülki hüquq sisteminin iş prinsipidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 744.2. Kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); 744.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. İddiaçının iddia ərizəsindən göründüyü kimi iddiaçı ilə cavabdeh arasındakı hazırki mübahisə kreditləşmə prosesi ilə bağlı, kredit hüquq münasibətlərinin yaranmasına dair tələblərdən irəli gələn mübahisədir və bu səbəbdən də iddiaçının tələbində əks olunmuş mübahisə mülki məhkəmə icraatı qaydasında baxılmalı xüsusi hüquq münasibətindən irəli gələn mübahisədir. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin nizamnaməsindən göründüyü kimi, o, hüquqi şəxs olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların siyahısına daxil deyildir. Tərəflər arasında olan hazırkı mübahisə də, cavabdeh tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar iddiaçı üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktın qəbul edilməsi ilə bağlı deyildir. Belə olan halda mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.3-cü bəndində ifadə olunmuş hüquqi mövqeyə görə, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10715/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar