Məhkəmə qərarları › İş №2-1(103)-1345/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1345/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1345/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun fərdi hesabında olan 2012-ci ilin sosial sığorta haqlarının qeydə alınması, fərdi hesabındakı kapitalın qanunvericiliyə müvafiq indeksləşdirilərək yenidən hesablanması, əmək pensiyasının sığorta hissəsinin fərdi hesabın sığorta hissəsinə toplanan kapitalının 72-ə bölmək üsulü ilə yenidən hesablanması və əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun fərdi hesabında olan 2012-ci ilin sosial sığorta haqlarının qeydə alınması, fərdi hesabındakı kapitalın qanunvericiliyə müvafiq indeksləşdirilərək yenidən hesablanması, əmək pensiyasının sığorta hissəsinin fərdi hesabın sığorta hissəsinə toplanan kapitalının 72-ə bölmək üsulü ilə yenidən hesablanması və əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2636/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “fərdi hesabında 2012-ci ilin sosial sığorta haqlarının qeydə alınması, fərdi hesabındakı kapitalın qanunvericiliyə müvafiq indeksləşdirilərək yenidən hesablanması, əmək pensiyasının sığorta hissəsinin fərdi hesabının sığorta hissəsində toplanan kapitalı 72-yə bölmək üsulu ilə yenidən hesablanması və əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması barədə öhdəliklərin cavabdeh orqana həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 2-1(81)-2237/2019 nömrəli xx.xx.2019-cu il tarixli məhkəmə qərarı icra edilmiş və iddiaçının pensiyası 13197,34 manat kapitalı əsasında cəmi 44 manat artmışdır. Aparılan hesablamanın səhv olduğunu hesab edir. Hərbi qulluqçu kimi işlədiyi üçün hərbi pensiya alır, pensiyaya çıxdıqdan sonra mülki işçi kimi işlədiyi üçün sosial sığorta kapitalı qazanmış, bunları 68 yaşına çatadək əmək sərf edib qazanmış, inzibati orqan onun əmək pensiyasını xx.xx.2006-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən yenidən hesablamışdır. Bu tamamilə yalnışdır. Belə ki, onun iddiası xx.xx.2006-cı il tarixdən xx.xx.2017-cı il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində “toplanan” pensiya kapitalına əsasən yenidən hesablanmanı nəzərdə tutur, "qeydə alınan yox”. Əgər iddiada “qeydə alınan” kapital yazılsaydı cavabdeh orqan haqlı olardı. xx.xx.2006-cı il tarixdən xx.xx.2017-cı il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı sonradan indeksləşdirilmə nəticəsində toplanmanın davam etdiyini də təsdiq edir və həmçinin vahid sosial reyestrdə məhz həmin illər göstərilməklə kapitalın toplanılmasının davam etdiyi aşkar görünür. Bundan başqa vahid sosial reyestrdə onun 2012-ci ildəki gəlirləri və ödənilmiş sosial sığorta haqları qeyd olunmayıb. Halbuki o, 2012-ci ildən işləyir. Həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital 144ə bölünməklə hesablama aparılıb. Bu rəqəm inzibati orqanın cavab məktubunda istinad etdiyi 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanla təsbit olunan gözlənilən pensiya ödənişi müddəti aylarının sayını müəyyən edir. Həmin Fərmanla və ya həmin Fərmanda, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı əsas götürülməklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması qaydası müəyyən edilmir. 20 il ərzində pensiyaya çıxdıqdan sonra hesabında toplanan kapitaldan 50%-i idarəetmə xərclərinə tutulub, yerdə qalan məbləğin 50%-i isə fərdi hesabın sığorta hissəsində qeydə alınıb və toplanmaqda davam edib. 2017ci ilin 01 iyul tarixinə sığorta hesabında 6664.7 manat kapital olub. Hazırda vahid sosial reyestrdə 2006-2017 dövr üzrə hesabında 13197 manat kapital olduğu görünür. 2018, 2019, 2020-ci illər üzrə indeksləşdirmə aparılmayıb. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2636/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2636/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tələbləri fərdi hesabındakı kapitalın qanunvericiliyə müvafiq olaraq indeksləşdirilərək yenidən hesablanmasından, pensiyanın 72-yə bölünən kapital əsasında artırılaraq yenidən hesablanmasından ibarətdir. O, fərdi hesabın sığorta və yığım hissəsinin, yəni pensiya fondunda toplanan kapitalın yenidən hesablanmasını, həmçinin kapitalın 72-ə bölünməsi yolu ilə yenidən hesablanmasını xahiş edir. Məhkəmə qərardadı ləğv edilməlidir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək onların məzmununa uyğun izahat verərək, 14 aydan sonra ödənişlərin ödənildiyini, lakin 14 ayın ödənişinin verilmədiyini bildirdi. O, Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və ona 2-1(81)- 2237/2019 saylı xx.xx.2019-cu il tarixli məhkəmə qərarının icra olunduğu, pensiyasının yenidən hesablanması ilə bağlı qaldırdığı mübahisə yeni iddia predmeti olduğu üçün yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olduğu bildirilmiş və o da öz növbəsində bunu etmiş, lakin onun iddia ərizəsinə baxılması mümkünsüz hesab edilmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında iddiaçıya münasibətdə indeksləşmənin aparılıb-aparılmadığını bilmədiyini, həmin məsələnin icra icraatı mərhələsində həll olunmalı olduğunu bildirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “onun fərdi hesabında olan 2012-ci ilin sosial sığorta haqlarının qeydə alınması, fərdi hesabındakı kapitalın qanunvericiliyə müvafiq indeksləşdirilərək yenidən hesablanması, əmək pensiyasının sığorta hissəsinin fərdi hesabın sığorta hissəsinə toplanan kapitalının 72-ə bölmək üsulü ilə yenidən hesablanması və əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması”ndan ibarətdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının tələbinə inzibati məhkəmə icraatında baxılmasının yolverilməzliyinə, həmçinin iddiaçının qanuni qüvvəsini almış məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etmədiyinə istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “ona pensiya təyin olunduqdan sonra xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla pensiyanın sığorta hissəsinin hesablanması” barədə iddia tələbi 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2237/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilmiş və həmin məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının hazırki iş üzrə verdiyi iddia tələbi yuxarıda qeyd olunan məhkəmə qərarı ilə təmin olunmuş iddia tələblərindən fərqlidir. Apellyasiya baxışı zamanı iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağının fərdi hesabındakı kapitalın indeksləşdirilərək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasından ibarət olduğunu bildirmişdir. İddiaçının iddia tələblərindən də görünür ki, onun hazırda qoyduğu iddia tələblərindən- “fərdi hesabındakı kapitalın indeksləşdirilərək pensiyasının sığorta hissəsinin yenidən hesablanması” tələbi istisna olmaqla digər tələbləri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2237/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə münasibət bildirilmiş tələblərlə demək olar ki, eynilik təşkil edir. Lakin iddiaçının bu tələblər sırasında qoyduğu və ən əsas da hüquqi marağının yönəldiyi “fərdi hesabındakı kapitalın indeksləşdirilərək pensiyasının sığorta hissəsinin yenidən hesablanması” barədə tələbi yeni tələbdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işə baxmış məhkəmə iddiaçının məhz bu tələbinin inzibati məhkəmə icraatında mümkünlüyünü nəzərə almadan sonadək zəruri araşdırmanı aparmamış və iddia tələblərinin bütünlükdə qeyrimümkün sayılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının “fərdi hesabındakı kapitalın indeksləşdirilərək pensiyasının sığorta hissəsinin yenidən hesablanması” barədə tələbinin yeni tələb olduğunu nəzərə alaraq, bu tələbin onun hüquqi marağını əhatə edib-etmədiyini bir daha yoxlamalı, mümkün olduğu təqdirdə ona istədiyi məqsədə çatmaq üçün daha uğurlu iddia tələbini qoymaq üçün tələbini dəqiqləşdirməyi təklif etməli və yalnız bu barədə hüquqi yardım göstərdikdən sonra işə baxıb müvafiq qərar qəbul edə bilər. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2636/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar