Məhkəmə qərarları › İş №2-1(103)-1345/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1345/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1345/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tanrıverdiyev Anar Vəzir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" KM MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5726/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KM MMC-nin direktoru X4 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq İ qrup əlil olmağı və ailə vəziyyəti nəzərə alınaraq ünvan 1 ünvandakı 700,0 kv metr torpaq sahəsində yerləşən 320,0 kv metr qeyri-yaşayış sahəsi üzərində hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq çıxarışın verilməsi və torpağa istifadə hüququnun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi,1 ünvanda 700,0 kv metr torpaq sahəsində yerləşən 320,0 kv metr qeyri-yaşayış obyekti 30 ildir ki, "xxxx" KM-nin balansındadır. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 872 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamı ilə Biləcəri qəsəbəsində yerləşən “Xəzri” mehmanxanasının rəhbərliyinin razılığı ilə hazır tikili (ictimai iaşə obyekti) 80,0 kv metr xidmət sahəsi "xxxx" KM-nin balansına keçmişdir. Bundan əlavə “Xəzri” mehmanxanasının balansında olan 35,1 kv metr qeyri-yaşayış obyekti “Xəzri” mehmanxanasının rəhbərliyinin razılığı ilə 2008-ci ildə X3 6200 manata satılmış, sonradan həmin qeyri-yaşayış sahəsi (mağaza) X5 vəfat etdiyi üçün onun qanuni vərəsəsi X7 tərəfindən iddiaçıya satılaraq "xxxx" KM-nin balansına götürülmüşdür. Bundan əlavə 700,0 kv metr torpaq sahəsində 205,0 kv metr xidmət sahələri üçün tikinti aparılmışdır.Qeyd olunan 700,0 kv metr torpaq sahəsində inşa edilən və 30 ilə yaxındır ki, fəaliyyət göstərən qeyri-yaşayış binasının özəlləşdirilməsi barədə cavabdehə müraciət edilsə də müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki həmin tikiliyə dair istismara qəbul aktı və istismara icazə təqdim edilməlidir.Lakin qeyd olunan qeyri-yaşayış binalarının “Xəzri” mehmanxanasının balansında olması, 30 il bundan əvvəl "xxxx" KM-nin balansına keçməsi, həmin vaxt binaların artıq “Xəzri” mehmanxanasının balansında istismara verilməsi nəzərə alınmamışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçı tərəfindən qeyri-yaşayış binasına dair qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər cavabdehə təqdim edilməmişdir. Həmçinin təqdim edilmiş 872 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamda 80,0 kv metr qeyri-yaşayış sahəsinin göstərilməsinə baxmayaraq faktiki sahənin ölçüsü 230,3 kv metr təşkil edir və ümumi torpaq sahəsində isə əlavə 3 ədəd qeyri-yaşayış binası inşa edilmişdir. Odur ki, iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5726/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" KM MMC-nin direktoru X2 İ qrup əlil olmağı və ailə vəziyyəti nəzərə alınaraq ünvan 1 ünvandakı 700,0 kv metr torpaq sahəsində yerləşən 320,0 kv metr qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5726/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci insatansiya məhkəməsi öz səlahiyyətləri çərçivəsində cavabdeh inzibati orqanın imtina məktubunda imtinanı əsası kimi göstərilən guya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilən əsaslardan hər hansı birinin olmasını təsdiq edən sənədlər cavabdehə və habelə məhkəməyə təqdim edilməsi, belə sübutların mövcud olması barədə məhkəməyə məlumat verilməməsi faktını dəqiq müəyyən etmək üçün heç bir qanuni zəruri tədbirlər görməmiş, daha doğrusu cavabdeh inzibati orqandan həmin halı sübut edən faktları tələb etməmiş, məhkəmə cavabdeh inzibati orqanın qanunsuz və əsassız mülahizələri ilə kifayətlənərək qanunsuz olaraq iddia tələbimi təmin etməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5726/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı ünvan 3 ünvanındakı 700,0 kv metr torpaq sahəsində yerləşən 320,0 kv metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət və həmin tikilinin yerləşdiyi torpaq üzərində istifadə hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmiş və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməyərək qeyd etmişdir ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilən əsaslardan hər hansı birinin olmasını təsdiq edən sənədlər cavabdehə və habelə məhkəməyə təqdim edilməmiş, belə sübutların mövcud olması barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisəyə aşağıdakı maddi hüquq normaları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində,hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İddia tələbinin predmetindən göründüyü kimi iddiaçı ünvan 1 ünvandakı 700,0 kv metr torpaq sahəsində yerləşən 320,0 kv metr qeyri-yaşayış sahəsi üzərində hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq çıxarışın verilməsi və torpağa istifadə hüququnun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 872 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamına münasibətdə qeyd edir ki, Sərəncamdan göründüyü kimi sərəncam Biləcəri qəsəbəsində yerləşən “Xəzri” mehmanxanasının həyətində yerləşən 80,0 kv metr sahəsi olan tikilinin əhaliyə xidmət məqsədilə "xxxx" Kiçik Müəssisəsinə verilməsi qərara alınmışdır. Hazırkı işin hallarından isə müəyyən edilir ki, iddiaçı sərəncamda göstərilmiş 80 kv.m qeyri-yaşayış sahəsi olan tikili üzərində deyil, 320,0 kv metr qeyri-yaşayış sahəsi üzərində hüquqların qeydə alınmasını xahiş etmişdir. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.2. maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı qeyri-yaşayış binalarının üzərində hüquqların qeydə alınması üçün əsasdır. İş materiallarından göründüyü kimi isə iddiaçı tərəfindən göstərilən sənədlər (qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı) nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddia ərizəsində iddiaçı tərəfindən qeyri-yaşayış obyektinin ona satılması göstərilsə də, alqı-satqıya dair notariat qaydasında təsdiq edilmiş sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçının üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi əmlakın X5 vəfat etdiyi üçün onun qanuni vərəsəsi X7 tərəfindən iddiaçıya satıldığı iddia ərizəsində göstərilsə də iş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(102)-2710/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından göründüyü kimi X7 həmin əmlakın və onun altındakı torpaq sahəsinin mülkiyyət hüququ ilə X6 adına qeydiyyata alınması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir ki, bu da həmin əmlakın ona satılması barədə iddiaçının iddia ərizəsində göstərdiklərini təkzib edir Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixdə müvafiq məhkəmə Sərəncamı göndərilmiş və iddiaya qarşı münasibətinin yazılı şəkildə, həmçinin inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddiaçı tərəfindən qeyri-yaşayış binasına dair qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin cavabdehə təqdim edilmədiyini qeyd etmişdir. Göründüyü kimi iddiaçının apellyasiya şikayətinin dəlilindən fərqli olaraq, birinci instansiya məhkəməsi müvafiq qanuni zəruri tədbirlər görərək, cavabdeh inzibati orqandan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilən əsaslardan hər hansı birinin olmasını sübut edən sənədləri tələb etmişdir. Həmçinin Azərbaycan Respublikası İPMnin 11.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iş üçün faktiki hallarının araşdırılmasında mühüm əhəmiyyətə malik olan “hüquqmüəyyənedici sənədləri” nə işin birinci instansiya, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5726/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı "xxxx" KM MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5726/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar