Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1345/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4284/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2022ci il tarixindən etibarən 57 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixindən əmək pensiyası ödənişlərinin ödənilməsi ilə bağlı lazımi hərəkətlərin icrası öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin həmin müraciətinə imtina ilə cavab verilmişdir. Belə ki, imtina məktubunda qeyd olunur ki, 06 may 1980-ci il tarixli İT-İ № ******* saylı əmək kitabçasında xx.xx.1980-xx.xx.1988-ci il tarixləri arasındakı dövr üzrə müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışı eyni olduğundan və qeyd olunan məlumatların həqiqiliyə şübhə yaratdığından iş stajına daxil edilməmişdir. Halbuki "İnzibati icraat haqqında" Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə ki, həmin dövrə aid qeydlərin müxtəlif illərdə eyni şəxs tərəfindən, eyni mürəkkəblə yazıla bilər və bu, imtina üçün əsas deyildir. Əlavə olaraq xx.xx.1980-xx.xx.1982-ci il və xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər ərzində “X3”nda və xx.xx.1991-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə 7 №-li Təmir Tikinti Zonalararası Quraşdırma İdarəsində işlədiyi dövr də arxiv sənədlərinin olmaması səbəbindən staja daxil edilməmişdir. ‘‘X3”nda 1980-1984-cü illərə aid arxiv sənədlərinin Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində məhv olması, itməsi, eləcə də 7№-li Təmir Tikinti Zonalararası Quraşdırma İdarəsinin arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi onun məsuliyyətində deyildir. Bundan başqa xx.xx.1982-xx.xx.1983-cii il tarixlərində elektrik qaynaqçısı ixtisası üzrə texniki məktəbin tam kursunu bitirmişdir. 10 iyun 1988-ci il tarixli əmək kitabçasına əsasən, xx.xx.1991-xx.xx.2008-ci il tarixləri arasındakı dövrdə çalışdığı peşə- 7 №-li Təmir Tikinti Zonalararası Quraşdırma İdarəsində “qaynaqçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərin siyahısına daxildir. Qeyd olunanlara əsasən, işlədiyi dövrlər və hərbi xidmət müddəti nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixinədək olan ümumi iş stajı 25 ildən çox təşkil edir və bu müddətin 12 il 06 aydan çox hissəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərin siyahısına daxil olan işlərdə işləmişdir. Bunu nəzərə alaraq 57 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün məhkəməyə müraciət edir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-4284/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2022ci il tarixindən etibarən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixindən əmək pensiyası ödənişlərinin ödənilməsi ilə bağlı lazımi hərəkətlərin icrası öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmiş, ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən iddia təmin olan hissədə ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın ümumi stajının tələb olunan 25 il sosial sığorta stajından az olması və güzəştli iş stajının olmaması səbəbindən ona pensiya təyin edilməsindən imtina edildiyi qeyd edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müvafiq inzibati orqana iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının 6 may 1980-ci il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1980-xx.xx.1982-ci il və xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər ərzində “X3”nda və xx.xx.1991xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə 7 №li Təmir Tikinti Zonalararası Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuşdur. Əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 41-42-43-44 və 45-ci səhifələrində qeyd olunan xx.xx.1980-xx.xx.1988-ci il tarixləri arasındakı dövr üzrə müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olduğu müəyyən edilmişdir. Adıçəkilən müəsisələrdəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı “X3”nda 1980- 1984-cü illərə aid arxiv sənədlərinin işğal zamanı yandırılaraq məhv edildiyi və 1985-1990cı illərə aid arxiv sənədlərinin X10 Filialına təhvil verilmədiyi, 7 №li Təmir Tikinti Zonalararası Quraşdırma İdarəsinin isə hal-hazırda fəaliyyətdə olmadığı və arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Bu səbəblərdən də həmin dövrlərə dair əmək stajınızı dəqiqləşdirmək mümkün olmadığı üçün yuxarıda qeyd olunan dövrləri iş stajına daxil etmək mümkün olmamışdır. İş materiallarından da aşkardır ki, iddiaçının güzəştli iş stajının olmaması səbəbindən İddiaçı müvafiq pensiyanın təyin edilməsi üçün subyektiv hüququ yaranmır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda İddiaçı ümumi iş stajı 14 il 1 ay 2 gün (xx.xx.2006-cı il tarixinədək 4 il 8 ay 2 gün əmək stajı (xx.xx.1983-xx.xx.1985-ci il (hərbi xidmət dövrü), xx.xx.1988-2.11.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il və xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixindən 9 il 5 ay sığorta stajı) təşkil edir. Bundan başqa 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı da yoxdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına görə iddiaçı xx.xx.2006-cı ilədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahısında nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinin “b” bəndinə əsasən iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı xx.xx.2022-ci il tarixindən etibarən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin görə əmək pensiyası təyin edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında cavabdeh orqan tərəfindən mübahisələndirilən məsələlər tam və düzgün şəkildə araşdırılmamışdır. Belə ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğunu (eyniliyi) müəyyən etməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur, 57 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur. İş materiallarında olan B seriyalı 685422 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1982-ci ildə 133 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, 13 iyul 1983-ci ildə elektrik qaynaqçısı peşəsi üzrə məktəbin tam kursunu bitirmiş, ona 3-cü dərəcəli elektrik qaynaqçısı ixtisası verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 1965-ci il təvəllüdlü İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş A/176 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixindən “Azərtunelmetrotikinti” SCnin Xüsusi Tamamlama İşləri İdarəsində qaynaqçı peşəsində işləmiş, xx.xx.2014-cü il tarixindən ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixindən "xxxx" QSCnin Tikinti Departamentinin Xüsusi X7 4-cü dərəcəli qaynaqçı peşəsinə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixindən "xxxx" QSC-nin Tunel Qurğuları xidmətinə 4-cü dərəcəii eiektrik qaz qaynaqçısı (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində) peşəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixindən Tikinti Departamentinin Xüsusi X5 4-cü dərəcəli elektrik qaynaqçısı (yerüstü iş şəraiti) peşəsində işləmişdir. xx.xx.2017-ci il tarixindən yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtiərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12№-li qərara uyğun olaraq həmin siyahının 35. Ümumi peşələr bölməsinin qaynaqçılar qrafasına uyğun olaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malik sayılır və onun güzəştli şərtlərə görə əmək stajı 09 il 01 ay 22 gün (doqquz il bir ay iyirmi iki gün) təşkil edir. Qeyd: "xxxx" QSC-nin Tikinti Departamentinin tikinti sahələrində avtomatlaşdırılmış qaynaq texnologiyası və avadanlığı olmadığı üçün bütün qaynaq işləri elektrik və qaz qaynağı) əl üsulu ilə aparılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Mərkəzi Filiala təqdim edilən 6 may 1980-ci il tarixli ******* nömrəli əmək kitabçanızda xx.xx.1980-xx.xx.1982-ci il və xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər ərzində "X3”nda və xx.xx.1991-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə 7 №li Təmir Tikinti Zonalararası Quraşdırma İdarəsində işlədiyiniz qeyd olunmuşdur. Əmək kitabçanız araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanızın 41-42- 43-44 və 45-ci səhifələrində qeyd olunan xx.xx.1980-xx.xx.1988-ci il tarixləri arasındakı dövr üzrə müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olduğu müəyyən edilmişdir. Adıçəkilən müəsisələrdəki iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı “X3”nda 1980-1984-cü illərə aid arxiv sənədlərinin işğal zamanı yandırılaraq məhv edildiyi və 1985-1990-cı illərə aid arxiv sənədlərinin X10 Filialına təhvil verilmədiyi, 7 №li Təmir Tikinti Zonalararası Quraşdırma İdarəsinin isə hal-hazırda fəaliyyətdə olmadığı və arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Bu səbəblərdən də həmin dövrlərə dair əmək stajınızı dəqiqləşdirmək mümkün olmadığı üçün qeyd olunan dövrləri iş stajına daxil etmək mümkün deyil. Buna görə də, Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (2 il 7 ay 19 gün (xx.xx.1988-2.11.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il və xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız da yoxdur. Eyni zamanda sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23829,98 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək və xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövr ərzində X1, xx.xx.1991-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr ərzində isə 7 №-li Təmir Tikinti Zonalararası Quraşdırma İdarəsində işlədiyi qeyd olunub. Cavabdeh tərəfindən sözügedən müəssisərə dair yuxarıda göstərilən dövrlər üzrə məlumatların Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilib. Bu səbəbdən də iddiaçının həmin dövrlər ərzində işləyib-işləmədiyini müəyyən etmək mümkün olmadığı üçün həmin dövrləri ümumi iş stajına daxil etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, sənədlərin arxivdə saxlanılmasına iddiaçı məsuliyyət daşımır. Sənədlərin saxlanılmasına iş yeri və arxiv idarələri məsuliyyət daşıyırlar. İddiaçının əmək kitabçasında qeydlərdə hər hansı müdaxilə və qeyrimüəyyənlik yoxdur. İddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Həmçinin iddiaçının həmin dövrdə işlədiyi müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur. Qeyd edildiyi kimi, müəssisənin arxiv sənədlərinin saxlanılmamasına, eləcə də aidiyyəti üzrə təhvil verilməməsinə görə iddiaçı cavabdehlik daşımır. İş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlili əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər də iddiaçının ümumi stajına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş əmək kitabçası və digər sənədlərdən görünür ki, təhsil və hərbi xidmət dövrü daxil olmaqla iddiaçının ümumi iş stajı xx.xx.2006-cı ilədək 25 ildən artıqdır (xx.xx.1980-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983 (təhsil), xx.xx.1983-xx.xx.1985 (hərbi xidmət), xx.xx.1985-xx.xx.1988, xx.xx.1988-xx.xx.1988, xx.xx.1988-xx.xx.1990, xx.xx.1990-xx.xx.1991, xx.xx.1991-xx.xx.2006 - cəmi 25 il 08 ay 16 gün). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövr ərzində X1 elektrik qaynaqçısı, xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində isə 7 №-li Təmir Tikinti Zonalararası Quraşdırma İdarəsində qaynaqçı vəzifələrində işləmişdir (cəmi 17 il 10 ay 05 gün). Həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: XXİİİ. Ümumi peşələr, 23200000—19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 17 il 10 ay 05 gün). Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından (xx.xx.2022-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, xx.xx.2006-cı ilədək qüvvədə olan qanunvericilik normalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması tələbi müəyyən edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4284/2023 nömrəli 03 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1345/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1345/2024
28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver