Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1346/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə İddiaçı əmək pensiyasının yenidən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2745/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin **********7 nömrəli 25 avqust 2020-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılmasını, ona təyin edilmiş əmək pensiyasının aylıq məbləği 623 manat təyin olunmaqla, 2020-ci ilin may ayından 2016-cı ilin oktyabr ayına kimi 43 aya görə ona 26.789 manat (43x623=26.789), 2020-ci ilin may ayından sonrakı aylara görə yaranan fərqlər (623-495,28=128 manat) nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ötən ayların pensiya məbləğinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, Bakı İnzibati Məhkəməsinin 05.03.2020-ci il tarixli 2- 1(112)-709/2020 saylı qərarı ilə ona pensiya məbləği barədə deyil, pensiyanın təyin olunmasının cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərarla cavabdehin üzərinə pensiyanın aylıq məbləğinin hesablanması qoyulmamışdır, heç bu barədə iddia da irəli sürülməmişdir. Pensiyanın aylıq məbləğinin düzgün hesablanması mübahisəsi məhkəmə qərarından sonra yaranmışdır. Ümumiyyətlə, pensiyanın təyin olunması istisna olunmaqla, yenidən hesablanması (azaldılması, artırılması) davam edən xarakterlidir və bu cür iddiaların irəli sürülməsi hər zaman mümkün ola bilər. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “... Bakı İnzibati Məhkəməsinin 2-1(112)-709/2020 saylı iş üzrə çıxartdığı 05.03.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı cаvаbdеh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.09.1985-ci il tarixdən 1 iyun 1990-cı il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddətinin sosial sığorta stajına daxil edilməsi, onun pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 25.10.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsinin cavabdehin üzərinə öhəlik kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin qeyd olunan qərarı ilə iddia təmin edilərək, iddiaçı X1 01.09.1985-ci il tarixdən 1 iyun 1990-cı il tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 25.10.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. ... Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, iddia tələbi mümkün sayılmamalıdır.” Məhkəmə kollegiyası qərardadın əsasları razılaşmır. Belə ki, 2-1(112)-709/2020 nömrəli inzibati işlə hazırkı mübahisənin predmeti və əsasları eyni deyil. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Hazırkı inzibati mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmiş qərardadı ləğv edilməli (İPM-in 87.6-cı maddəsi), iş həmin məhkəməyə göndərilməlidir. İPM-in 90.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası bildirir ki, işin hazırkı mərhələsində iddiaçının tələbi (apellyasiya şikayəti) təmin olunduğu, cavabdehin isə heç bir, o cümlədən təmin olunmayan tələbi olmadığı və qərardad ona münasibətdə hər hansı əlverişsiz hüquqi nəticə meydana gətirmədiyi üçün, tərəflərin kassasiya şikayəti vermək hüquqları qanunla istisna olunur. Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2745/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin, iş həmin məhkəməyə göndərilsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Həmid Həmidov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1346/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1346/2021
31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver