Məhkəmə qərarları › İş №2-1(103)-1346/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1346/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1346/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 27 nömrəli Şəhər Poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “əlillik səbəbinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-1472/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06-13 sentyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixində Ermənistan Respublikası, Masis rayonunda anadan olmuşdur. X5, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2003-cü ildən 2-ci qrup ümumi xəstəliklə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2019-cü ildən 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar 5 illik əlildir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona yanlış olaraq “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” qərarı verilmiş və bu qərara əsasən Agentlik ona 5 il müddətinə 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin etmişdir. Sonradan yenidən bu barədə o, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, köhnə qərar dəyişdirilərək hərbi xidmətdə olarkən aldığı xəstəliklərlə bağlı xx.xx.2019-cu il tarixdə yeni “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2020-ci il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) onun əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi barədə elektron qaydada Agentliyə göndərilmişdir. Eyni zamanda Agentliyə xx.xx.2020-ci ildə ərizə ilə müraciət etmişdir. Agentlik xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün səhiyyə müəssisəsinin göndərişinə (88 nömrəli forma) əsasən elektron qaydada olduğu üçün dəyişiklik etmək mümkün deyildir, yenidən qiymətləndirilməsi məqsədi ilə onun iştirakı olmadan qiymətləndirilməlidir. Onun əlilliyi səbəb əlaqəsinin dəyişdirilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o, 2019-cu ildə qiymətləndirilmişdir və 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlildir. Agentliyin ona yazdığı cavab məktubu tam əsassızdır, bu səbəbdən də Agentlik tərəfindən onun əlilliyi səbəb əlaqəsi dəyişdirilməlidir. Lakin Agentlik qanunsuz olaraq onun əlilliyinin səbəb əlaqəsini dəyişməkdən imtina edir. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərardadı ilə 27 nömrəli Şəhər Poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ikinci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək ikinci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş ikinci qrup əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-1472/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: Ş.Həsənova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2018-ci il tarixli 0098003AABS2 saylı göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G45 - Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və oxşar sindromlar => G45.0 - Vertebrobazilyar a...; Diaqnozun mətni: Vertebrobazilyar arterial sistem sindromu. Vertebro bazilyar hövzədə beyin qan dövranı pozğunluğu. Süst hemiplegiya. Hər iki aşağı ətrafın funksiyasının pozğunluğu. Nevrasteniya. Vegetativ damar dstoniyası. Kəskin asteno-depressiv sindrom. Poliartroz. Revmatik poliosteoartroz İİ-İİİ dərəcə. Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası. Boyun fəqərələrinin osteoxondrozu.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin TSEK-ə göndərişində diaqnozu təsdiq edən həkim müayinələri və köməkçi diaqnostika müayinələri aparılmamışdır.” səbəbi ilə imtina verilmişdir. Daha soma həmin poliklinikanın xx.xx.2018-ci il tarixli 0098003AABS9 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G45 - Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və oxşar sindromlar => G45.0 - Vertebrobazilyar a..; Diaqnozun mətni: Vertebro bazilyar hövzədə beyin qan dövranı pozğunluğu. Hər iki aşağı ətrafın funksiyasının pozğunluğu. Revmatik poliosteoartroz. İİ-İİİ dərəcə. Oynaqların zədələnməsi. Kəskin asteno-nevrotik sindrom. Yayılmış boyun, döş və bel-oma fəqərələrinin osteoxondrozu. Kəskin ağrı sindromu ilə. Boyun fəqərələrinin osteoxondrozu. Kəskin ağrı sindromu ilə Stabil gərginlik stenokardiyası İİf.s. Hipertoniya xəstəliyi İİİ mərhələ. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg..” səbəbi ilə beş il müddətinə əlillik təyin edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və əlilliyin səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” müəyyən edilmişdir. İddiaçının ikinci dərəcəli əlil olması məhkəmə icraatı zamanı cavabdeh inzibati orqan tərəfindən aparılmış əyani müayinə zamanı da öz təsdiqini tapmışdır. Hazırki iş üzrə mübahisənin predmetini iddiaçıya cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi təşkil edir. İddiaçının əlilliyinin səbəbi isə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 964 №-li, xx.xx.2019-cu il tarixli qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. İddiaçıya cavabdeh tərəfindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilsə də əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunan səbəblərdən məhkəmə iddia tələbini əsaslı hesab edərək iddiaçıya təyin edilmiş ikinci qrup əlilliyinin səbəbi dəyişdirilərək “Hərbi tramvadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılması vəzifəsini Agentliyə həvalə etmişdir. Halbuki, xx.xx.2019-cu il tarixli, 0098003AABX8 saylı göndəriş əsasında aparılan qiymətləndirmə zamanı “Göndərişin natamam doldurulması- Səbəb: Son bir ildə xəstəliyin ağırlaşmasını təsdiq edən stasionar müalicə qeyd edilməyib.” səbəbi ilə, xx.xx.2020-ci il tarixli, 0098003AAB1N saylı göndəriş əsasında aparılan qiymətləndirilmə zamanı isə “Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnoz və ağırlaşmaları təsdiq edən köməkçi diaqnostik müayinələrin nəticəsi və həkim mütəxəssislərin rəyi ətraflı qeyd olunmayıb.” səbəbi ilə vətəndaşın əlillik səbəbinin dəyişdirilməsindən imtina edilmişdir. Daha sonra 15 iyul 2021-ci ildə vətəndaşın əyani müayinəsi həyata keçirilmiş və **********1 nömrəli protokol ilə qərar qəbul edilərək, vətəndaşa xx.xx.2018-ci il tarixli 0098003AABS9 saylı göndəriş əsasında müəyyən edilmiş əlillik səbəbi dəyişdirilmədən saxlanılmışdır. Nəzərə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydalarının 3.1-ci və3.1.1-ci bəndlərinə əsasən, göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik həmin qaydalarda tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Həmçinin 3.7-ci yarımbəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, Agentlik tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərə əsaslanaraq vətəndaşın əyani müayinəsi həyata keçirilmiş, yuxanda istinad olunan sonuncu iki göndərişdə nəzərdə tutulan diaqnozlar əlillik təyinatına əsas verməmiş, bu səbəbdən vətəndaşa təqdim edilən əsasında 5 il müddətinə əlillik təyinatının aparıldığı göndərişə istinad olunaraq əvvəlki qərar qüvvədə saxlanılmışdır. Göründüyü kimi, İddiaçı təqdim etdiyi göndərişlər nəzərə alınmaqla əlilliyin təyin edilməsi və müvafiq əlillik səbəbinin müəyyən edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə, həmçinin Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2018-ci il tarixdə qüvvəyə minmişdir) “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə” Təlimata uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayon ƏSMM tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 212391 №-li vəsiqənin surətindən görünür ki, İddiaçı ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci qrup əlildir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilə qədər “Vertebro bazilyar hövzədə beyin qan dövranı pozğunluğu. Hər iki aşağı ətrafın funksiyasının pozğunluğu. Revmatik poliosteoartroz. İİ-İİİ dərəcə. Oynaqların zədələnməsi. Kəskin asteno-nevrotik sindrom. Yayılmış boyun, döş və bel-oma fəqərələrinin osteoxondrozu. Kəskin ağrı sindromu ilə. Boyun fəqərələrinin osteoxondrozu. Kəskin ağrı sindromu ilə stabil gərginlik stenokardiyası llf.s Hipertoniya xəstəliyi İİİ mərhələ diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3944/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, həmin qərar ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı aldığı xəsarətin növünün “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1368 saylı qərarında İddiaçı aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılması vəzifəsi cavabdehə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 964 №-li, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Binəqədi RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət keçərkən aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Bakı şəhəri X6 institutunda müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Diz oynaqlarının zədələnməsi üstünlüyü ilə deformasiyaedıci poliosteoartroz l-ll dərəcə. Beyinin qanla natamam qidalanmasının başlanğıc əlamətləri. Vegetativ damar distoniyası, kəskin asteno-depressiv sindromla” və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Bakı şəhəri 5 nömrəli kliniki xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Boyun fəqərələrinin osteoxondrozu ağrı sindiromu ilə. Vertebro-bazal çatmamazlığı. Revmatik poliosteoatroz, diz oynaqlarının zədələnməsi üstünlüyü ilə. Vegetativ damar distoniyası” (Bakı şəhəri Binəqədi rayon idarəsinin xx.xx.2018-ci il tarixli, 399 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli, 270 nömrəli arayışı, Bakı şəhəri X6 İnstitutundan verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Bakı şəhəri 5 nömrəli kliniki xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu iyul tarixli, 2-1(81)- 3944/2019 nömrəli qərarı, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. MN MHHK-nın xx.xx.2018-ci il tarixli, 1368 nömrəli qərarı ləğv edilir. Əsas:

1. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3944/2019 nömrəli qərarı. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) yarımbəndi. MN MHHK-nın 852 nömrəli, xx.xx.2019-cu il tarixli protokolu. İş materiallarında olan 27 nömrəli şəhər poliklinikası tərəfindən Agentliyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 0098003AABX8 №-li, xx.xx.2020-ci il tarixli, 0098003AAB1N №-li TQS № Forma 088 tibbi arayışlardan görünür ki, İddiaçı TSEK-ə göndərilən zaman vəziyyəti - status localis: göz yarıqları D<A. Bəbəklər D=S. Göz almaların hərəkəti tam həcmdədir. B/d büküşü asimmetrikdir. Dil orta xətt üzrədir. Udma aktı saxlanılıb. Paravertebral nöqtələr bütün onurğa sütunu boyu, ağrılıdır, əsasən boyun nahiyəsində. Palpasiyada oynaqları ağrılıdır, hərəkət zamanı ağrılar kəskinləşir. Xəstə İİ qrup müddətsiz əlildir. Əlilliyin səbəbini dəyişmək üçün TSEK-na göndərilir. HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR. ƏSAS: 1. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3944/2019 nömrəli qərarı. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) yarımbəndi. MN MHHK-nın 852 nömrəli, xx.xx.2019-cu il tarixli protokolu. TSEK-ə göndəriş zamanı əsas diaqnoz: G45.0 Vertebrobaziyar arterial sistem sindromu. Vertebro bazilyar hövzədə beyin qan dövranı pozğunluğu. Ağırlaşma: G81 Hemiplegiya Hər iki aşağı ətrafın funksiyasının pozğunluğu. Yanaşı xəstəliklər: M42 Onurğanın osteoxondrozu Yayılmış boyun, döş və bel-oma fəqərələrinin osteoxondrozu. Kəskin ağrı sindromu ilə. 125 Ürəyin xroniki işemik xəstəliyi Stabil gərginlik stenokardiyası İİ f.s. M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyasl Boyun fəqərələrinin osteoxondrozu. Kəskin ağrı sindiromu ilə. F48.0 Nevrasteniya Kəskin asteno-nevrotik sindrom. M15 Poliartroz Revmatik poliosteoartroz. İİ- İİİ dərəcə. Oynaqların zədələnməsi. TSEK-ə göndərilməsi üçün əsas Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi çıxarışından görünür ki, 0098003AABX8 №-li Forma 088 tibbi arayışına görə imtina edilib. İmtinanın səbəbləri: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Son bir ildə xəstəliyin ağırlaşmasını təsdiq edən stasionar müalicə qeyd edilməyib. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi çıxarışından görünür ki, 0098003AAB1N №-li Forma 088 tibbi arayışına görə imtina edilib. İmtinanın səbəbləri: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Əsas diaqnoz və ağırlaşmaları təsdiq edən köməkçi diaqnostik müayinələrin nəticəsi və həkim mütəxəssislərin rəyi ətraflı qeyd olunmayıb. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********6 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsi ilə bağlı ərizəsinə baxılmışdır. Nəzərinə çatdırılır ki, hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən təqdim edilmiş göndərişlər əsasında müəyyən olunur. Göndəriş barədə məlumatlar elektron sənəd formasında əldə edildiyi üçün hər hansı bir dəyişikliyin aparılması texniki və hüquqi cəhətdən mümkün deyil. Müəyyən olunmuşdur ki, əlillik vəziyyəti səhiyyə müəssisənin göndərişinə (88 №-li forma) əsasən xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə imtina qərarı verilmişdir. O səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə olunmalı, hərbi xidmətdə aldığı travmaların əlilliyin təyininə əsas verəcək ağırlaşmaları aşkar edildiyi halda səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirdiyi halda Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 446 nömrəli qərarına uyğun olaraq, əlillik vəziyyəti iştirakı olmadan adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar verilməlidir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(112)- 1472/2021 nömrəli qərardadı ilə İddiaçı əlilliyinin səbəbinin dəyişdirilməsi ilə bağlı müraciətinə 2 (iki) ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********7 №li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti Bakı 27 nömrəli Şəhər Poliklinikasının 0098003AABS9 göndərişi əsasında xx.xx.2019-cu ildə qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbdən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı qərarı verilmişdir. İddiaçı sonrakı dövrdə xx.xx.2019-cu il və xx.xx.2020-ci illərdə Bakı 27 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş göndərışlərlə səbəbdəyişmə üçün müraciət etmiş, göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan İddiaçı xx.xx.2021-ci ildə Agentlikdə müvafiq komissiya tərəfindən əyani müayinə edilərək tibbi-ekspert sənədləri araşdırılmış və xx.xx.2019-cu ildən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********0 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti Bakı 27 nömrəli Şəhər Poliklinikasının 0098003AAB1N nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Əlillik səbəblərinin dəyişdirilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli, 964 nömrəli Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə “Boyun fəqərələrinin osteoxondrozu ağrı sindromu ilə. Vertebrobazal çatmamazlığı. Revmatik poliosteoartroz, diz oynaqlarının zədələnməsi üstünlüyü ilə. Vegetativ damar distoniyası" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Vertebrobazilyar arterial sistem sindromu, ertebrobazilyar arterial sistem sindromu, Vertebro bazilyar hövzədə beyin qan dövranı pozğunluğu.” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnəmə”yə müvafiq olaraq Hərbi Xidmət dövrü ilə əlaqədar əlillik səbəbindən 5 (beş) il müddətinə İİ (ikinci) dərəcə əlilliyinin qüvvədə saxlanılması barədə qərar qəbul edilmişdir. Həmçinin qeyd etmək istəyirlər ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1472/2021 nömrəli qərardadının icrası məqsədi ilə İddiaçı qeydiyyat ünvanına xx.xx.2021-ci il tarixli, **********2 nömrəli çağırış məktubu göndərilmişdir. Lakin vətəndaş cari tarixə kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinə olunmaq üçün müraciət etməmişdir. İşdən görünür ki, iddiaçı ona təyin edilmiş ikinci qrup əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İddiaçıya cavabdeh inzibati orqan tərəfindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və əlilliyin səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” müəyyən edilmişdir. İddiaçının ikinci dərəcəli əlil olması məhkəmə icraatı zamanı cavabdeh inzibati orqan tərəfindən aparılmış əyani müayinə zamanı da öz təsdiqini tapmışdır. Hazırki iş üzrə mübahisənin predmetini iddiaçıya cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi təşkil edir. İddiaçının əlilliyinin səbəbi isə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 964 №-li, xx.xx.2019-cu il tarixli qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilsə də əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2.-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. 2019-cu ildə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin: 4.2. bəndinə görə “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır” 4.7. bəndinə görə isə “səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.2. bəndinə görə " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: - 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. - 7.2-ci bəndinin a) yarmbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı çıxarır. «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. Məhkəmə araşdırıması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlillik təyin edilən zaman əlillik səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” qeyd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3944/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1368 saylı qərarında İddiaçı aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılması vəzifəsi cavabdehə həvalə edilmişdir. Qeyd olunan qərar icra olunaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 964 №-li, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı hərbi xidmət keçərkən aldığı, müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Diz oynaqlarının zədələnməsi üstünlüyü ilə deformasiyaedici poliosteoartroz l-ll dərəcə. Beyinin qanla natamam qidalanmasının başlanğıc əlamətləri. Vegetativ damar distoniyası, kəskin asteno-depressiv sindromla” və “Boyun fəqərələrinin osteoxondrozu ağrı sindiromu ilə. Vertebro-bazal çatmamazlığı. Revmatik poliosteoatroz, diz oynaqlarının zədələnməsi üstünlüyü ilə. Vegetativ damar distoniyası” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunmuşdur. İddiaçının əlilliyinin səbəbini dəyişmək üçün üçüncü şəxs tərəfindən Forma 88 göndərişləri cavabdehə göndərilsə də cavabdeh göndərişlərin natamam doldurulmasını əsas gətirərək imtina etmişdir. İddiaçı özünün cavabdeh inzibati orqana əlilliyinin səbəbinin dəyişdirilməsi barədə müraciəti isə cavabdeh inzibati orqan tərəfindən səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirildiyi halda qərar verilməsi əsas gətirilərək imtina edilmişdir. İddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə qərar qəbul edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin tələblərinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə göndərişlər “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. İddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə tarixdə qərar (göndəriş) verilməsinə baxmayaraq Əsasnamənin yuxarıda bəhs edilən tələbləri pozulmuş, düzgün olmayaraq əlilliyin səbəbinin dəyişdirilməsindən imtina edilmişdir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. İddiaçının əlilliyi hazırda mübahisə predmeti deyildir. Mübahisə əlilliyin səbəb əlaqəsi ilə bağlıdır. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. İş materiallarından da göründüyü kimi ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 964 №-li, xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçının yaralanmasının nəticəsi - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir. Həmin qaydaların 3.1.1-ci bəndinə müvafiq olaraq əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-1472/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar