Məhkəmə qərarları › İş №2-1(103)-1347/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1347/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1347/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində toplanan kapital əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8560/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq, şifahi məhkəmə baxışı qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun fərdi şəxsi hesabının sığorta hissəsində toplanmış sosial sığorta kapitalı əsasında, onun yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunan şəxsdir, ona pensiya təyin edildikdən sonra işləməkdə davam edərək 6 ildən çox işləmişdir. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də сavabdeh orqana müraciət edərək onun əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmiş, lakin sonuncudan 23 iyun 2021-ci il tarixində aldığı cavab məktubunda imtina edərək sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün yaşadığı ərazi üzrə Fondun filialına və ya DOST mərkəzinə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı hesab edir ki, verilən cavab 7 fevral 2006-cı il tarixli 54-İİİQ saylı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 9.6cı maddələrinə ziddir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Qanunun 6.3 və 37.3.1 maddələrində qeyd edilən sığorta və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinə aid deyil və şamil edilə bilməz. Belə ki, hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanır. Bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maaşları, xidməti illərinə görə faiz əlavəsi və sair kimi ümumilikdə təminat xərcliyini təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8560/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı pensiya təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində toplanan kapital əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının) üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, cavabdeh məhkəməyə “apellyasiya şikayətinə əlavə” təqdim edərək, bildirmişdir ki, əmək pensiya təyin edildikdən sonra iddiaçının müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində yığılmış 20644,25 manat pensiya sığorta kapitalına görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 81 ay üzrə onun əmək pensiyası yenidən hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.İsgəndərova apellyasiya şikayətinə əlavə qeyd edilənləri təsdiq etmiş və iddiaçının hazırkı tələbinin cavabdeh orqan tərəfindən təmin edilərək onun pensiyasının fərdi hesabında yığılmış sığorta kapitalı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” 37-ci maddəsinə əsasən yenidən yenidən hesablandığını və bu barədə xx.xx.2022-ci il tarixdə Qərara əsasən 530 manat müddətsiz pensiya təyin edildiyini və növbəti aydan ödənilməsinə başlanılacağını bildirdi. Məhkəmə kollegyiasının iclası barədə xəbərdar edilmiş İddiaçı elektron müraciət formasınada ərizə ilə məhkəməyə müraciət edərək, onun iştirakı olmadan işə baxılmasının təmin edilməsini məhkəmədən xahiş etmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, məhkəməyə təqdim etdiyi sənədləri və iş üzrə digər materialları araşdırıb belə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə əlavədən, “Əmək pensiyasının yenidlən hesablanması haqqında” **********8 No-li xx.xx.2022-ci il tarixli Qərarından və ona əlavə edilmiş hesablanmadan görünür ki, həmin qərarla iddiaçının tələbi təmin edilərək 442 manat məbləğində mövcud pensiyası, onun fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablama aparılaraq ona 530,36 manat məbləğində təyin edilmişdir. Cavabdehin nümayəndəsinin qeyd olunan izahatından da göründüyü kimi, həmin qərar növbəti aydan icra olunaraq qeyd olunan pensiya məbləğinin iddiaçıya ödənilməsinə başlanılacaq. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının mübahisə ilə bağlı tələbi təmin edilərək bu barədə müvafiq qərar qəbul olunmuş, bununla da tərəflər arsındakı mövcud mübahisə aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də məhkəmə kollegiyası, prosessual qanunvericiliyin qeyd olunan tələbləri baxımından, cavabdeh tərəfindən iddiaçının hazırkı tələbinin təmin edildiyini və mövcud mübahisənin öz həllini tapdığını nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 90 və 94-cü maddələrini rəhbər tutuaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar