Məhkəmə qərarları › İş №2-1(103)-1349/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1349/2022

11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1349/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı X6 və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-8535/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Əsgər (Əsgərov) Vidadi Gülheydər oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün barəsində tərtib edilmiş yeni məlumat vərəqinin (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi vəzifəsinin vəzifə maaşı göstərilmək şərti ilə) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01 avqust 1985-ci il tarixdən 18 aprel 1992-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, 18 aprel 1992-ci ildən isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müxtəlif zabit vəzifələrində xidmət etmişdir. Xidmət dövründə heç bir nöqsana yol verməmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 aprel 2015-ci il tarixli 0204 nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə və 164-cü maddəsinə müvafiq olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrası rəisinin müavini dosent vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan həmin vəzifəyə uyğun olaraq hesablanan pensiya alır. Pensiyasının yenidən hesablanması ilə əlaqədar rəsmi ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəis müavini Şərif Ərəblinskinin imzası ilə 17 iyun 2021-ci il tarixdə müraciətinə imtina cavabı almışdır. İmtina onunla əsaslandırılmış və göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarının” 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdara (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Sözügedən Qərara əsasən əmək iddiaçının pensiyasının sonuncu tutduğu vəzifədən, yəni Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrası rəisinin müavini-dosent vəzifəsindən hesablanaraq Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial müdafiə fondunda təqdim olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 14 fevral 2013-cü il tarixli 58 nömrəli əmri ilə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Avro-Atlantik inteqrasiya şöbəsinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Müdafiə Nazirliyinin 22 noyabr 2013-cü il tarixli 0555 nömrəli əmri ilə həmin vəzifəyə bərabər tutulmaqla N nömrəli hərbi hissənin Mərkəz Rəisi vəzifəsinə təyin olunmuşdur. Yeni təyinatın icra edilərkən hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsi zamanı yuxarı vəzifədən aşağı vəzifələrə təyin olunma hallarını müəyyən edən “Hərbi xidmətdən keçmə haqqında” Əsasnamənin 81-ci maddəsində sadalanan halların heç birinin baş vermədiyi nəzərə alınaraq həmin əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) istinad edilmiş və iddiaçının xidməti yerdəyişməsi Müdafiə Nazirinin müvafiq əmrində “bərabər vəzifəyə təyin olma” kimi təsbit olunmuşdur. Bu isə o deməkdir bu vəzifə yəni Mərkəz Rəisi vəzifəsi Kadrlar İdarəsinin rəisi vəzifəsinə bərabərdir və eyni məbləğdə əmək haqqı ilə təmin olunmalı idi. Bu fakt “Zabit, gizir və miçman vəzifələrinin komplektləşdirilməsi qaydalarına dair yeni Təlimatın” qüvvəyə minməsi haqqında Müdafiə nazirinin avqust 2009-cu il tarixli əmrində öz əksini tapmışdır. Lakin həmin əmr icra olunarkən iddiaçı Kadrlar İdarəsi rəisi vəzifəsinin əmək haqqına bərabər vəzifəyə təyin olunmamış və buna görə də hal-hazırda az pensiya alır. İddiaçı hərbi xidmətdə olarkən onun aşağı vəzifəyə keçirilməsinə əsas verən heç bir nöqsana yol verməmişdir. İddiaçının işdə heç bir nöqsanı olmadığı halda aşağı işə keçməyi də mümkün deyildir. Lakin vəzifəsinin dəyişdirilməsi zamanı əmək haqqının düzgün hesablanmaması nəticə etibarı ilə daha aşağı məbləğli pensiya təyin olunmasına səbəb olmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, iddiaçı ehtiyatda olan polkovnik X7 Azərbaycan Respublikası Müdafiə nazirinin 0204 nömrəli 17 aprel 2015-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar elmlər kafedrası rəisinin müavini-dosent vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq Akademiya rəisinin 85 nömrəli 30 aprel 2015-ci il tarixli əmrilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Həmin tarixə iddiaçı X2 təminat xərcliyi (pul təminatı) onun MN 000230 nömrəli haqq-hesab kitabçasında olan məlumatlara əsasən: vəzifə maaşı - 600,00 manat, rütbə maaşı - 138,00 manat, xidmət illərinə görə 40 faiz əlavə - 295,20 manat, “usta” məharət dərəcəsinə görə 35 faiz əlavə - 210,00 manat. “Elmlər namizədi” elmi dərəcəsinə görə - 60,00 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası isə 64,00 manat təşkil etmişdir. Bu məlumatlar cavabdeh tərəfindən tərtib olunmuş 02762 nömrəli xx.xx.2015-ci il tarixli “məlumat vərəqi”ndə əks olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci bəndində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinin müddəalarına görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Lakin, iddiaçı X4 Müdafiə nazirinin 0555 nömrəli 22 noyabr 2013-cü il tarixli əmri ilə “Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsinin rəisi” vəzifəsindən daha az maaşlı hesab edilən “N nömrəli hərbi hissənin komandiri” vəzifəsinə keçirilməsinin səbəbi yaşı və ya səhhəti ilə bağlı olmamışdır. Eyni zamanda V.Əsgərov yuxarı maaşlı vəzifə hesab edilən, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsinin rəisi vəzifəsində bir ildən az, cəmi 09 ay 08 gün xidmətdə olmuşdur. Bu da, yuxarıda qeyd edilən maddənin müddəalarına ziddir. Bu səbəbdən də, iddiaçı X5 pensiya təyin olunması tutduğu sonuncu vəzifənin, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar elmlər kafedrası rəisinin müavini-dosent vəzifəsinin təminat xərcliyi barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-8535/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-8535/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 30 aprel 2015-ci il tarixində Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Milli təhlükəsizlik və humanitar elmlər kafedrası rəisinin müavini–dosenti vəzifəsindən xəstəliyə görə ehtiyata buraxılmışdır. Həmin tarixə pul təminatı (təminat xərcliyi): vəzifə maaşı 600 manat, rütbə maaşı 138 manat, ximəti illərinə görə əlavə 295,20 manat, ərzaq payı 64 manat, “usta” məharət dərəcəsinə görə 210 manat, “elmlər namizədi” elmi dərəcəsinə görə - 60 manat təşkil etmişdir. Bu məlumatlar məlumat vərəqində əks olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə göndərilmişdir. Hazırda iddiaçı isə ona əmək pensiyanın təyin edilməsi üçün vəzifəsi AR Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi olması göstərilməklə yeni məlumat vərəqinin DSMF-yə təqdim edilməsini tələb edir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 22 noyabr 2021-ci il tarixli, 11/4433 nömrəli məktubuna aşağıdakı əmrdən çıxarışlar əlavə edilmişdir: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 14 fevral 2013-cü il tarixli, 058 nömrəli əmrindən çıxarışa əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Avro-Atlantik inteqrasiya şöbəsinin rəisi polkovnik X7 tutduğu vəzifədən azad edilmiş və Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsinin (Q1) kadrlar idarəsinin rəisi təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 22 noyabr 2013-cü il tarixli, 0555 nömrəli əmrindən çıxarışa əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Müdafiə nazirinin sərəncamında olan (Şəxsi Heyət Baş İdarəsi (Q1) Kadrlar İdarəsinin sabiq rəisi) polkovnik X1 Hava Hərəkətinin İdarəolunma Mərkəzinin (N nömrəli h/h) rəisi təyin olunmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 8/1032 nömrəli sorğuya cavab məktubuna əlavə edilmiş 07 may 2015-ci il tarixli, MN-02762 nömrəli Məlumat vərəqinin surətindən görünür ki, X7 30 aprel 2015-ci ildə Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Milli təhlükəsizlik və humanitar elmlər kafedrası rəisinin müavini –dosenti vəzifəsindən xəstəliyə görə tərxis olunmuş, pul təminatı (təminat xərcliyi) aşagıdakı kimi olmuşdur: vəzifə maaşı 600 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə əlavə 295,20 manat, ərzaq payı 64 manat, “usta” məharət dərəcəsinə görə 210 manat, “elmlər namizədi” elmi dərəcəsinə görə - 60 manat . Cavabdeh tərəfindən X5 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1/Ə-13153 nömrəli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçı Kadrlar İdarəsinin rəisi vəzifəsindən azad olunarkən səhhətində olan problemlərlə əlaqədar raportla müraciət etdiyini göstərmişdir. Təqdim edilmiş 3 aprel 2015-ci il tarixli 242 nömrəli xəstəlik haqqında şəhadətnamədən aydın olur ki, 2010-cu ildən 2015-ci ilədək müxtəlif tarixlərdə iddiaçının səhhətində olan problemlərlə əlaqədar Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. İddiaçının N nömrəli hərbi hissənin komandiri vəzifəsinə təyin edildiyi müvafiq əmrdə səhhəti ilə əlaqədar xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməyi barədə müddəanın əlavə edilməsi üçün Kadrlar İdarəsinin rəisi vəzifəsində bir ildən çox müddətdə xidmət etməsi zəruri idi. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının vəzifədən azad edildiyi tarixdən sonra bir sıra digər vəzifələrə təyin olunmuş və 1 il 5 ay müddətində Azərbaycan Ordusunda həqiqi hərbi xidmətini davam etdirdiyi üçün Kadrlar İdarəsinin rəisi vəzifəsindən azad edildiyi tarixdən ehtiyata buraxılması barədə əmrin verilməsi mümkün deyil. İddiaçının əmək pensiyası sonuncu tutduğu vəzifədən, yəni, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli təhlükəsizlik və humanitar elmlər kafedrası rəisinin müavini-dosent vəzifəsindən hesablanaraq Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Həmin Qanunun 9.6.-ci maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin Qanunun 20.18-ci maddəsinə əsasən, səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda,Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbində göstərdiyi vəzifədə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi) Müdafiə Nazirliyinin şəxsi heyətindən ehtiyata buraxılmazdan əvvəl olmuşdur, yəni həmin vəzifə onun sonuncu tutduğu vəzifə olmamışdır. İddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi vəzifəsinin vəzifə maaşı göstərilmək şərti ilə yeni məlumat vərəqinin əmək pensiyasının yenidən hesablanması üçün göndərilməsi barədə tələbinin hüquqi əsası yoxdur. Bundan başqa iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi vəzifədə bir ildən daha az müddət 14 fevaral 2013-cü il tarixdən 22 noyabr 2013-cü ilədək çalışmışdır, həmin vəzifədən xəstəliyə görə daha az maaşlı Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli təhlükəsizlik və humanitar elmlər kafedrası rəisinin müavini-dosent vəzifəsinə keçirilməsi bilavasitə olmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2013-cü il tarixindən müəyyən müddət ərzində X8 idarəolunma mərkəzinin (N nömrəli hərbi hissənin) rəisi vəzifəsində xidmət etmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün onun axırıncı tutduğu Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli təhlükəsizlik və humanitar elmlər kafedrası rəisinin müavini-dosent vəzifəsinə uyğun məlumatların DSMFyə təqdim edilməsi ilə iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün barəsində tərtib edilmiş yeni məlumat vərəqinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi vəzifəsinin vəzifə maaşı göstərilmək şərti ilə göndərilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2-1(112)-8535/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar