Məhkəmə qərarları › İş №2-1(103)-1349/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1349/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1349/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X6 və X11 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçı, 3-cü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “3-cü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11179/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarından 3-cü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 24, 2 saylı mənzilə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X7 (xx.xx.1987-ci il təvəllüdlü); X14 (xx.xx.1980-ci il təvəllüdlü); X16 (xx.xx.2020-ci il təvəllüdlü) ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçı cavabdeh quruma müraciət edərək, ona məxsus mənzildə qeydiyyatda olan X3, X5 və X8 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Onun müraciətinə cavab olaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına dair müraciətinə baxılmış, müraciətinin təmin edilməsindən imtina edilmiş və göstərilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7, X14 və X8 ünvan 3 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7, X14 və X16 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşdurlar. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə etdiyi çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən mənzil iddiaçının tam mülkiyyətindədir. Hal-hazırda isə həmin yaşayış sahəsində ondan başqa X7 (xx.xx.1987 il təvəllüdlü), X14 (xx.xx.1980 il təvəllüdlü) və X8 (xx.xx.2020 il təvəllüdlü) da qeydiyyatı mövcuddur. (Daşınmaz əmlakın reyestr nömrəsi **********25- 05101-093039). Hesab edir ki, yuxarıda adıçəkilən şəxslər ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Onlar bu günə kimi həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Hazırda isə həmin mənzildə deyil, tamamilə fərqli ünvanda yaşayırlar. Onların mənzildə qeydiyyatı isə formal olaraq qalıb və mənzildən istifadə etmək hüquqları da mövcud deyil. Qeyd edilən şəxslərin iddiaçının mülkiyyətində olan mənzildən çıxarılması ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə də müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçıya göndərilən cavab məktubunda məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11179/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, X7, X14 və X8 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X14 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının çıxarıldığı barədə yalnız xx.xx.2023-cü il tarixdə xəbər tutmuş, bundan sonra xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə gələrək həmin qərarı götürmüşdür. Göstərilmiş ünvandakı mənzil mərhum atası X2 pul vəsaiti hesabına alınmışdır. O, həmin mənzildə vərəsəlik hüququ olduğu halda analığı İddiaçı tərəfindən gizlin olaraq, heç bir ailə üzvünün xəbəri və yazılı razılığı olmadan qanuna zidd olaraq mənzili daşınmaz əmlakın reyestrində xx.xx.2009-cu il tarixdə öz adına rəsmiləşdirmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etirazı onunla əsaslandırılmışdı ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11179/2023 saylı qətnaməsi tam qanuni və əsaslıdır. R.Osmanovun apellyasiya şikayətində həmin mənzilin onun atası X2 şəxsi vəsaiti hesabına alınmasını və ona görə də atasının ölümündən sonra həmin evdə vərəsəlik payının olmasını qeyd etməsi həqiqətə uyğun olmadığına görə qanunsuz və əsassızdır. Belə ki, o, X4 ilə xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşdur. Qeyd olunan mənzili isə hələ N.Osmanovla nikaha daxil olmamışdan əvvəl, yəni xx.xx.2004-cü il tarixdə AN-1 № ******* saylı “Daşınmaz əmlakın alqı satqı” müqaviləsi əsasında X1 94 000 (doxsan dörd min) manat müqabilində şəxsi vəsaiti ilə almışdır. Bildirir ki, əvvəllər mülkiyyətində olmuş ünvan 8 ünvanda yerləşən 1 (bir) otaqlı mənzili 71 milyon 350 min manata (köhnə məzənnə ilə) satdıqdan (xx.xx.2004-cü il tarixdə AN-1 № ******* saylı “Daşınmaz əmlakın alqı satqı” müqaviləsi) eyni gündə hazırki mənzili 94000 manata almışdır. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən onun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və xx.xx.2004cü il tarixli seriya ÖM № 185630 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. Rəşad Osmanovun anasının vəfatından sonra mərhum əri N.Osmanov onunla ailə həyatı qurmuş və ona məxsus evdə birgə yaşamağa başlamışdır. Mülkiyyət hüququ əsasında ona məxsus olan həmin mənzilə mərhum əri sağlığında həm özünün və həm də birinci nikahından olan oğlu Rəşad Osmanovun pasport qeydiyyatına alınmasına razılıq verməyini xahiş etmişdir. O da mərhum əri N.Osmanovun xahişini nəzərə alıb həmin şəxslərin heç bir istifadə hüququ olmadan pasport qeydiyyatına alınmalarına razılıq vermişdir. Həmin dövrdə mərhum həyat yoldaşı N.Osmanovun xahişinə görə oğlu Rəşad Osmanov da təxminən 2-3 il onlarla birgə yaşamış, daha sonra isə onun evindən çıxıb getmiş və təxminən 15 ildən artıq bir müddətdir ki, o, başqa ünvanda yaşayır. Mənzil şəxsi vəsaiti hesabına alındığına görə nə mərhum əri N.Osmanovun və nə də onun birinci nikahından olan oğlu R.Osmanovun həmin mənzilə heç bir pay hüquqları yoxdur. R.Osmanovun həmin evdən pay tələb etməsi Azərbaycan Respublikası Konstitusiyasının, Mülki Məcəllənin və Mənzil Məcəlləsinin tələblərinə tam ziddir. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclası barədə 3-cü şəxslər X7 və X16 və cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat veriməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları üçüncü şəxslərin və cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazı olmadıqlarını bildirmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxslər X3 və X8 və cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 3-cü şəxs X14 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1- 1(112)-11179/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarından yalnız 3-cü şəxs X14 tərəfindən apellyasiya şikayəti verildiyindən həmin qərarın qanuniliyi və əsaslılığı yalnız ona münasibətdə yoxlanılır. Belə ki, digər şəxslər məhkəmə qərarından apellyasiya şikayəti verməmiş və birinci instansiya məhkəməsinin qərarı həmin şəxslərə münasibətdə artıq qanuni qüvvəsini almışdır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının iddiası “qeydiyyatdan çıxarılma” ilə bağlı olduğundan “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. Həmin iddia növü üzrə iddiaçının iddia verməmişdən əvvəl inzibati orqana müraciəti tələb olunur ki, hazırki işdə də belə müraciət və cavabdeh orqanın həmin müraciətə imtinası mövcüddür. Belə iddia növləri üzrə qanunla iddia müddəti müəyyən olunmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı tələbi “X5 ünvan 3 ünvanından pasport qeydiyyatından çıxarılması” barədədir. Qeyd olunan tələblə bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, “üçüncü şəxs iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadır, hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Həmçinin üçüncü şəxsin mübahisələndirilən ünvana istifadə hüquqları qeydiyyata alınmamışdır“. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçının 3-cü şəxsin qeydiyyatdan çıxarılmasının tələb etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 24, 2 saylı mənzil hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Belə ki, onun mənzilə dair xüsusi mülkiyyət hüququ DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İşin apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə İddiaçı X9 qarşı onun ünvan 3-yə olan yaşayış-istifadə hüququna xitam verilməsi barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində e-2(001)-4417/2024 saylı mülki işi mövcuddur. Ona görə də məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixli qərardadı ilə sözügedən mülki işin nəticəsinin hazırki inzibati işin baxılmasına əhəmiyyətli təsiri olduğunu hesab edərək, həmin mülki işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər hazırki inzibati işin icraatını dayandırmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli məktubundan məlum olmuşdu ki, İddiaçı cavabdeh X9 qarşı "istifadə hüququna xitam verilməsi" tələbinə dair iddiası məhkəməsinin e-2(001)-4417/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, lakin hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin cavabdeh X5 müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olması qətnamədə qeyd olunmuşdur. Sözügedən məhkəmə qətnaməsi 22 noyabr 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Həmin qətnamədə qeyd olunmuşdur ki, “cavabdeh X14 mübahisəli mənzilə qeydiyyata düşdüyü vaxt Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasına görə mübahisəli mənzilin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvü hesab edilmədiyindən, onun həmin mənzildən istifadə etmək hüququ yaranmamışdır. Bununla yanaşı mənzilin mülkiyyətçisi ilə istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş müqavilənin bağlanmaması, onun istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması da, cavabdeh X5 mübahisəli mənzil üzərində istifadə hüquqlarının yaranmadığına dəlalət edir.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni z0amanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin bu qərarının hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin istifadə hüququ olmadığı halda mülkiyyətçinin inzibati orqana müraciəti əsasında sonuncu tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Bu, o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin mübahisəli evə qeydiyyatı üçün zəruri olan şərt (istifadə hüququ) mövcud deyildir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxsin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). 43. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). 45. Baxılan iş üzrə üçüncü şəxs X5 iddiaçının evində qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqeyə və həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4417/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qətnaməsində qeyd edilənlərə uyğun olaraq hesab edir ki, iddiaçı 3-cü şəxs X5 ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş və onun bu iddiası düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə Rəşad Osmanova münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar həmin şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs X14 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11179/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarı apelyanta münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

3-cü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11179/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarı mübahisələndirilən- iddianın 3-cü şəxs X9 qarşı təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X18 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar