Məhkəmə qərarları › İş №2-1(103)-135/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-135/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-135/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh X2rşı “qulluq stajının tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2-1(112)-3137/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X2rşı Bakı şəhəri Səbail rayon Badamdar bələdiyyəsində işlədiyi 7 il qulluq stajının Əmlak Məsələləri Dövlət Komitəsində işlədiyi 4 il 4 ay müddətində qulluq stajına əlavə olunmaqla ümumi 11 il 4 ay qulluq stajının tanınması və ümumi müsahibədə iştirakının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 18.01.2005-ci il tarixdən 05.01.2010-cu il tarixədək Bakı şəhəri Səbail rayon Badamdar bələdiyyəsində sədr müavini, 22.09.2010cu il tarixdən 22.01.2015-ci il tarixədək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində baş məsləhətçi, 01.02.2017-ci il tarixdən 01.02.2019-cu il tarixədək X1 xidməti orqanının rəisi vəzifələrində çalışmışdır. Dövlət orqanında inzibati vəzifə tutmaq üçün ümumi müsahibədə iştirak etmək məqsədilə Azərbaycan Respublikası X7 müraciət etmişdir. X6 2020-ci il tarixli 13 yanvar tarixli 08/08-08/0057 nömrəli məktubunda 2005- 2010-cu illər və 2017-2019-cu illərdə Azərbaycan Respublikası Bakı şəhəri Badamdar bələdiyyəsində işlədiyi müddət ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanında inzibati vəzifələr üzrə 5 ildən az qulluq stajına malik olma səbəbindən müsahibədə iştirak hüququna malik olmadığı göstərilmişdir. Cavabdeh iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsində işlədiyi 4 il 4 ay qulluq stajını əsas götürülməklə bələdiyyə orqanında qulluq müddətini ümumi qulluq stajına daxil etməmişdir. Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsində işlədiyi 7 il qulluq stajı Əmlak Məsələləri Dövlət Komitəsində işlədiyi 4 il 4 ay qulluq stajına əlavə olunmaqla, ümumi 11 il 4 ay qulluq stajı tanınmalı və bələdiyyələr haqqında qanunvericiliyin tələbinə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən ümumi müsahibədə 2 kateqoriyadan olan subyektlər iştirak edə bilər: Həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçularıdır. Yaxud 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslərdir. Bu kateqoriyadan olan şəxslər ümumi müsahibədə iştirak etmək üçün dövlət orqanında inzibati vəzifələrdə azı 5 il qulluq stajına malik olmalıdırlar. İddiaçı hazırda dövlət orqanında inzibati dövlət qulluğu vəzifəsində qulluq keçən dövlət qulluqçusu olmadığından o, ümumi müsahibədə iştirak edə bilmək üçün dövlət qulluğuna dair qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət orqanında inzibati vəzifələrdə azı 5 il qulluq stajına malik olma tələbinə cavab verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda bələdiyyələr nəzərdə tutulmamışdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyə orqanları - səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. Həmin Qanunun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən bələdiyyələr və onların orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Qeyd edilənlərə əsasən bələdiyyədə iş müddəti dövlət orqanında qulluq stajı kimi nəzərə alına bilməz. Eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin adları “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda bələdiyyə sədrinin müavini və vergi xidməti orqanının rəisi vəzifələri nəzərdə tutulmamışdır. Bundan başqa, bələdiyyə orqanlarında qulluq müddəti dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilməsi nəzərdə tutulmamışdır. İddiaçı hazırda dövlət orqanında inzibati dövlət qulluğu vəzifəsində qulluq keçən dövlət qulluqçusu olmadığından o, ümumi müsahibədə iştirak edə bilmək üçün dövlət qulluğuna dair qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət orqanında inzibati vəzifələrdə azı 5 il qulluq stajına malik olma tələbinə cavab verməlidir. İddiaçı Bakı şəhəri Səbail rayon Badamdar bələdiyyəsində işlədiyi müddətin Əmlak Məsələləri Dövlət Komitəsində işlədiyi 4 il 4 ayın qulluq stajına əlavə edilməklə, ümumilikdə 11 il 4 ay qulluq stajının tanınması və ümumi müsahibədə iştirakının təmin edilməsi mümkün deyil. Belə ki, bələdiyyədə iş müddəti dövlət orqanında qulluq stajı kimi nəzərə alına bilməz. İddiaçının işlədiyi bələdiyyə sədrinin müavini və vergi xidməti orqanının rəisi vəzifələrində iş müddəti inzibati vəzifədə qulluq stajı kimi nəzərə alınmamalıdır. Buna görə də iddiaçı vakant inzibati vəzifələrin tutulması məqsədilə keçirilən ümumi müsahibələrdə iştirak etmək hüququna malik deyil. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2-1(112)-3137/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 18.01.2005-ci il tarixdən 05.01.2010-cu il tarixədək Bakı şəhəri Səbail rayon Badamdar Bələdiyyəsində sədr müavini, 22.09.2010-cu il tarixdən 22.01.2015-ci il tarixədək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsində baş məsləhətçi, 01.02.2017-ci il tarixdən 01.02.2019-cu il tarixədək X1 Xidməti Orqanının rəisi vəzifələrində çalışmışdır. Dövlət orqanında inzibati vəzifə tutmaq üçün ümumi müsahibədə iştirak etmək məqsədilə Azərbaycan Respublikası X7 müraciət etmişdir. X6 2020-ci il 13 yanvar tarixli, 08/08- 08/0057 nömrəli məktubunda 2005-2010-cu illər və 2017-2019-cu illərdə Azərbaycan Respublikası Bakı şəhəri Badamdar Bələdiyyəsində işlədiyi müddət ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanında inzibati vəzifə üzrə tələb olunan qulluq stajına aid edilməməklə, dövlət orqanında inzibati vəzifələr üzrə 5 ildən az qulluq stajına malik olma səbəbindən müsahibədə iştirak hüququna malik olmadığı göstərilmişdir. Xüsusi olaraq vurğulamaq istərdim ki, eyni məzmunlu (X4) analoji müraciətinə baxan X8 müraciətlə bağlı müsbət qərar qəbul edərək onun bələdiyyə stajını dövlət qulluğuna qəbul üzrə müsahibə mərhələsində iştirak etməsi üçün məqbul hesab etmişdir. Göründüyü kimi X3 Əmlak Məsələləri Dövlət Komitəsində işlədiyi 4 il 4 ay qulluq stajını əsas götürməklə bələdiyyə orqanında keçdiyi 7 illik qulluq müddətini ümumi qulluq stajına daxil etməmişdir. Bununla aqədar olaraq Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə etdiyim müraciətlə bağlı inzibati işə baxan hakim qanunvericilik normalarını görməzdən gələrək iddia ərizəsini əsassız olaraq rədd etmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən bələdiyyə orqanlarında vəzifə tutan işçilər bələdiyyə qulluqçularıdır. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən isə Bələdiyyə orqanlarında qulluq müddəti dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilir. Göründüyü kimi 2005- 2010-cu illərdə Bakı şəhəri Səbail rayon Badamdar Bələdiyyəsində sədr müavini və 2017- 2019-cu illərdə Bakı şəhəri Səbail rayon X1 Xidməti Orqanının rəisi olaraq işlədiyi ümumi 7 illik qulluq stajım Əmlak Məsələləri Dövlət Komitəsində işlədiyim 4 il 4 ay qulluq stajıma əlavə olunmaqla, ümumi 11 il 4 ay qulluq stajı tanınmalı və dövlət qulluğu haqqında qanunvericiliyin tələbinə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilməli idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, təminatlar və güzəştlər içərisində ümumi müsahibədə iştirak etmək nəzərdə tutulmayıb, ümumi müsahibədə iştirak 5 il stajı olan dövlət qulluqçularına tanınan hüquqdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2-1(112)-3137/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır, o, 22.09.2010-cu il tarixdən 22.01.2015-ci il tarixədək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində qulluq keçmişdir, hazırda dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün keçiriləcək ümumi müsahibədə iştirak etmək üçün onun Bakı şəhər Badamdar bələdiyyəsində sədr müavini və vergi xidməti orqanının rəisi vəzifələrində işlədiyi 7 il qulluq stajının da nəzərə alınması (cəmi 11 il 4 ay stajının tanınması) tələbi ilə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək onun bələdiyyədə işlədiyi 7 il qulluq stajı Əmlak Məsələləri Dövlət Komitəsində işlədiyi 4 il 4 ay qulluq stajına əlavə olunmaqla dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün elan edilmiş ümumi müsahibədə iştirakın təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, bələdiyyə orqanları - səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir. “Dövlət qulluğu haqqında” Qanunun 2.2.-ci maddəsində göstərilmişdir ki, bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. “Dövlət qulluğu haqqında” Qanunun 29.3-cü maddəsinə əsasən birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə yolu ilə həyata keçirilir. Bu maddənin müddəaları bu Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir. İddiaçı hazırda “Dövlət qulluğu haqqında” Qanuna əsasən dövlət orqanında inzibati vəzifədə qulluq keçən dövlət qulluqçusu olmadığından o, ümumi müsahibədə iştirak edə bilmək üçün dövlət qulluğuna dair qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət orqanında inzibati vəzifələrdə 5 il qulluq stajına malik olmalıdır. Şəxsin dövlət qulluğuna qəbulu zamanı bələdiyyədə qulluğ stajının dövlət qulluğu stajına əlavə edilməsi “Dövlət qulluğu haqqında” Qanunu ilə nəzərdə tutulmamışdır. Bu baxımdan kollegiya cavabdehin etirazının dəlilləri ilə razılaşır və qeyd edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı dövlət orqanlarında inzibati vəzifələrdə 5 il qulluq stajına malik olmadığı üçün onun ümumi müsahibədə iştirak etməsinin mümkün hesab edilməməsi barədə cavabdehin imtinası əsaslı olmuşdur. Apellyasiya şikayətinin eyni məzmunlu (X4) analoji müraciətinə baxan X6 müraciətlə bağlı müsbət qərar qəbul edərək onun bələdiyyə stajını dövlət qulluğuna qəbul üzrə müsahibə mərhələsində iştirak etməsi üçün məqbul hesab etməsinə dair dəlilləri ilə bağlı qeyd edilməlidir ki, analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqlənmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyildirsə, başqa sözlə qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab olunur. «Ranqelov Almaniyaya qarşı» işində (22 mart 2012-ci il tarixli qərar, 85-86) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, Konvensiyanın 14cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqlənmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyildirsə, başqa sözlə qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab olunur. Hazırkı halda, iddiaçının Bakı şəhəri Səbail rayon Badamdar bələdiyyəsində işlədiyi 7 il qulluq stajının tanınması qanuni məqsədə yönəlmədiyindən bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2-1(112)-3137/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar