Məhkəmə qərarları › İş №2-1(103)-135/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-135/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-135/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “barəsində məhdudiyyətin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “barəsində məhdudiyyətin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1008/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «iddiaçı barəsində məhdudiyyətin ləğv edilməsi və kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası vətəndaşıdır, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. İşi ilə bağlı mütəmadi olaraq Azərbaycan Respublikasının Dövlət sərhədini keçməli olur. 2021-ci ilin 6 aprel və 25 aprel tarixlərində iddiaçı işi ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarını tərk etməli olduğundan, Bakı Hava Limanından təyyarə vasitəsilə uçmalı idi. Lakin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Bakı Hava Limanında fəaliyyət göstərən qurumu tərəfindən onun sərhədi keçməyinə maneə yaradılmış, o, uçuşa buraxılmamış və geri qaytarılmışdır. Bunun səbəbinin ona izah olunmasından imtina edilmiş və yalnız şifahi olaraq bildirilmişdir ki, bu Daxili İşlər Nazirliyinin göstərişidir. Hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Bakı Hava Limanında fəaliyyət göstərən qurumunun vəzifəli şəxsləri özbaşınalıq edərək vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər. Eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri tərəfindən belə bir göstəriş verilmişdirsə, bu hallar insan hüquq və azadlıqlarının birbaşa kobud pozulması ilə bağlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məktubla müraciət olunsa da, həmin sorğuya hal-hazıradək cavab verilməmişdir. Şifahi formada telefon vasitəsilə Nazirliyin əməkdaşı məlumat vermişdir ki, sorğu aidiyyəti üzrə göndərilmişdir. Halbuki, Səbail rayon Polis İdarəsinin 13 aprel 2021-ci il tarixli məktubuna əsasən iddiaçının üzərindən ölkədən "Çıxışı qadağandır" statusun çıxarılması nəzərdə tutulmuşdur. Belə olan halda, vətəndaşın hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması məqsədilə barəsində tətbiq edilmiş "Çıxış qadağandır" statusunun deaktivləşdirilməsi (aktiv statusunun dəyişdirilməsi) zərurəti yaranmışdır. Lakin cinayət-prosessual qanunvericilklə bu halda belə məcburiyyət tədbirinin tətbiq edilməsi məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında baxılan məsələlər sırasında olmadığından hazırki məhdudiyyət onu tətbiq etmiş polis orqanı tərəfindən aradan qaldırılmalıdır. Bu məqsədlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müvafiq məktub verilmiş, lakin həmin orqan məktuba cavab verməmişdir. Hesab edilir ki, bu hal Azərbaycan Respublikasi Konstitusiyasının müdafiəsi altında olan vətəndaşın hüquq və azadlıqlarının pozulmasına dəlalət edir və Azərbaycan Respublikasi Qanunlarının kobud şəkildə pozulması ilə müşahidə olunur. Belə ki, Azərbaycan Respublikasi Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” X1-Axtarış Sistemi haqqında Əsasnamənin 8.1.12-ci bəndinə əsasən axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılan şəxslər haqqında məlumatların sərhədkeçməyə məhdudiyyət siyahısına daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Hesab edir ki, onun barəsində saxla statusunun götürülməsindən əsassız imtina edilmişdir, bu imtina iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında təsbit edilmiş hüquqların pozulması ilə müşayiət olunmuşdur. Odur ki, onun barəsində "çıxış qadağandır" aktiv statusunun dəyişdirilməsi üçün tədbir görülməsi cavabdeh təşkilata həvalə edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1008/2022 saylı 05 aprel 2022-ci il tarixli qərardadı ilə iddia “kompensasiyanın ödənilməsi” hissəsində və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə münasibətdə mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1008/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarı ilə iddia cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Dövlət Sərhəd Xidmətinə qarşı “məhdudiyyətin ləğv edilməsi” hissəsində rədd edilmişdir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edimişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını qanunsuz və əsassız hesab edir. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 20 noyabr 2021-ci il tarixli məktubda bildirilir ki, "xxxx" ASC-nin külli miqdarda pul vəsaitinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, o, “ MARS-A MTK-nın direktoru olmaqla MTK-nın banka 1.512.971 ABŞ dolları kredit borcu vardır. Hazırda "xxxx" MTK-nın vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi üçün zəruri istintaq hərəkətləri davam etdirilir. Həmin məktuba istinadən məhkəmə öz qərarında qeyd etmişdir ki, onun rəhbəri olduğu qurumun (hüquqi şəxsin) "xxxx" ASC-yə 1.512.971 ABŞ dolları kredit borcu olduğu məlum olmuşdur. Lakin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən törədilmiş hansı cinayət əməlinə görə və konkret olaraq kimlərin barəsində araşdırılma aparıldığı, hansı zəruri istintaq hərəkətlərinin davam etdirildiyi, hansı tarixdə cinayət işinin başlanılması, onun bu cinayət təqibinə nə kimi aidiyyatının olması və cinayət təqibinin hansı tarixdə başlanması məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan başqa əgər həqiqətən də o, cinayət təqibinə məruz qalmış olsaydı belə, bu cinayət əməlinin törədilməsində onun iştirakı olduğu müəyyən edilməli və bu müddət ərzində o, şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməli idi. Sözügedən cinayət təqibinə 2015-ci ildən başlanılmışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə göndərilmiş məktubdan belə görünür ki, o, 2015-ci ildən bu günədək, yəni 7 ildir ki, cinayət təqibinə məruz qalmışdır. Halbuki bu iş üzrə heç şübhəli və ya təqsirləndirilən şəxs kimi işə cəlb olunmamışdır. “Girişçıxış və qeydiyyat” X1-axtarış sistemi haqqında əsasnamənin 8.1-ci maddəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifələri göstərilir və 8.1.12-ci bəndinə əsasən axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılan şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirmək Daxili İşlər Nazirliyinin vəzifəsidir. Məhkəmə öz qərarında qeyd edilən əsanaməyə istinad etsə də, həmin əsasnaməni iş üzrə düzgün tətbiq etməmişdir. Belə ki, bugünədək o, axtarışda olan və ya barəsində tutulma haqqında qərar qəbul edilən və ya cinayət işi təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində həbs qətimkan tədbiri seçilən biri olmadığı halda əsassız və qanunsuz olaraq onun aktiv statusu dəyişdirilərək ölkədən çıxışıma məhdudiyyət qoyulmuşdur. Məhkəmə öz qərarında qeyd etmişdir ki, onun rəhbəri olduğu qurumun (hüquqi şəxsin) Azərbaycan Beynəlxalq Bank” ASC-yə 1.512.971 ABŞ dolları kredit borcu olduğu məlum olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9102/2017 saylı 08 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci tarixli kredit müqaviləsinə əlavə bank ilə "xxxx" MTK arasında bağlanmış, həmin müqavilə "xxxx" MTK-nın sədri İddiaçı ilə deyil, X4 arasında bağlanmışdır. Tərəflərin izahatları İddiaçı və onun vəkili Vəkil2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İnzibatı məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etdiyini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki işdə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı tələbi “Səbail rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində qoyulmuş məhdudiyyətin ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iddiaçının ölkədən çıxışına məhdudiyyətin qoyulması ilə bağlı hərəkətlərinin qanuna zidd qiymətləndirilə bilinməməsinə, digər cavabdeh Azərbaycan Respublikası Sərhəd Xidmətinin hərəkətlərinə gəldikdə isə, “Giriş-çıxış və qeydiyyat" X1-axtarış sisteminə İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsi tərəfindən müvafiq məlumatın daxil olmasına, iddiaçının ölkə hüdudlarından çıxışına cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin də məhdudiyyət qoymasının qanunsuz sayılmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaya mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Adı çəkilən Qanunun 3-cü maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bununla yanaşı, bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığı göstərilir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi Səbail rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində qoyulmuş məhdudiyyətin ləğv edilməsi ilə bağlı olmuşdur. İşə baxmış məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə ünvanlanmış 20 noyabr 2021-ci il tarixli məktubunda müvafiq cinayət işinin istintaqı zamanı iddiaçının rəhbəri olduğu qurumun (hüquqi şəxsin) "xxxx" ASC-yə 1.512.971 ABŞ dolları kredit borcunun olduğu məlum olmuşdur. Bu halı iddiaçı özü də təkzib etməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 6 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Hüquqi şəxsin qeydiyyat qovluğuna əsasən İddiaçı 9 iyun 2005-ci il tarixdən 23 may 2012-ci il tarixədək Kooperativin sədri olmuşdur. İş materiallarında olan (i.v.8) bildirişdən görünür ki, İddiaçı öldəkən getmək hüququ Səbail rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 20 noyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASCnin külli miqdarda pul vəsaitinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MTK-nın direktoru olmaqla MTK-nın banka 1.512.971 ABŞ dolları kredit borcu vardır. Hazırda "xxxx" MTK-nın vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün "xxxx" MTK-nın Azərbaycan Beynəlxalq Bankına yaranmış 1.512.971 ABŞ dolları məbləğində kredit borcu, həmçinin həmin işdə İddiaçı iştirak edirsə, hansı statsuda iştirak etməsi, AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən başlanmış ********* saylı cinayət işinin gedişatı ilə bağlı məhkəməyə məlumat verilməsi ilə bağlı məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmununda göstərilmişdi ki, Səbail RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinin icraatına xitam verilmiş, həmin iş üzrə İddiaçı hər hansı bir statusu olmamışdır. Bununla da apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən olundu ki, iddiaçının ləğv edilməsini tələb etdiyi məhdudiyyət icraatına sonradan xitam verilmiş cinayət təqibi ilə bağlı tətbiq edilmiş, iddiaçının həmin cinayət işi üzrə hər hansı bir statusu olmasa da, faktiki olaraq onun ölkədən çıxışına məhdudiyyət məhz həmin cinayət təqibi üzrə qoyulmuş, odur ki, həmin məhdudiyyətin götürülməsi və ya ləğv edilməsi də məhz həmin növdə olan icraat çərçivəsində həyata keçirilə bilər. Həmin məhdudiyyətin ləğv edilməsi qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatında mümkün deyildir. Bu səbəbdən iddiaçının tələbinə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin: -122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. -122.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: 122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 122.2.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora; 122.2.3. bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; 122.2.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından - yuxarı məhkəməyə. 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, “..Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququ olan şəxslərin dairəsi Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu Məcəllənin 449.2.3-cü maddəsinə əsasən, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər də təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Beləliklə, cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər, ölkədən çıxışına məhdudiyyət qoyulmuş şəxslər belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı işə mahiyyəti üzrə baxmaqda haqlı olmamış, bu növdə tələblərə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1008/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarı ləğv edilməli və iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddiası mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1008/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar