Məhkəmə qərarları › İş №2-1(103)-1350/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1350/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1350/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9596/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə və icbari tibbi sığorta fonduna olan vergi borcunun ödənilməsi təmin etmək üçün həmin Cəmiyyətin icra orqanının rəhbəri olduğu vaxt Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5107/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırılmanın götürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təsisçisi tərəfindən şirkət alqı-satqı əsasında digər şəxsə satılmış, 02 fevral 2022-ci il tarixli təsis payının alqısatqısına dair müqaviləyə əsasən, "X13" MMC, "xxxx" MMC-dəki nizamnamə kapitalındakı 100 % payını X1. Bundan sonra, təsisçinin qərarı ilə İddiaçı şirkətin icra orqanının rəhbəri vəzifəsindən azad edilərək, onun yerinə digər şəxs təyin edilmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilən çıxarışa əsasən, "xxxx" MMC-nin hazırkı qanuni təmsilçisi X3r. İddiaçı hazırda onun "xxxx" MMC-nin icra orqanının rəhbəri olmadığı, icra orqanının rəhbərinin dəyişməsi, şirkətlə hansısa bir bağlılığı olmadığı əsası ilə ölkədən getməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmalı olduğunu hesab edir. İddiaçı ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin aradan qaldırılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh 01 aprel 2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, müraciətin qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə göndərilmişdir. Lakin həmin idarədən şifahi olaraq ərizənin icrasından imtina edildiyi bildirilsə də, bu barədə iddiaçıya hər hansı cavab ünvanlanmamışdır. Faktiki olaraq ərizə cavabsız qalmaqla, ərizənin icrasından imtina kimi qiymətləndirilməlidir. İddiaçı hesab edir ki, ona tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılması üçün qanuni əsaslar var. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9596/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə və icbari tibbi sığorta fonduna olan vergi borcunun ödənilməsi təmin etmək üçün həmin Cəmiyyətin icra orqanının rəhbəri olmuş İddiaçı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5107/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırılmanın götürülməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının icra orqanının rəhbəri olduğu hüquqi şəxs, “Azagroeksport 2017 MMC-nin dövlət büdcəsinə vergi borcu olduğu üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılmışdır, sonradan həmin hüquqi şəxsin icra orqanının rəhbəri dəyişsə də, iddiaçının borcu ödənilməmiş olaraq qalmışdır. Yəni, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamışdır. Əlavə olaraq bildirilmi.dir ki, hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə əvvəlki rəhbərin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barəsində yaranmış suallara münasibət bildirilməsi xx.xx.2022-ci il tarixli **********029700 nömrəli xidməti məktubla aidiyyəti üzrə Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinə müraciət olunmuş və cavab məktubunda bildirilmişdir ki, xüsusi mülkiyyətli hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə borcun alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər (bildiriş, sərəncam, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və s.) görüldükdən sonra əvvəlki rəhbərin məhdudiyyəti aradan qaldırılır (əsas vergi borcu 50 000 manatdan yuxarı olan, barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət işi başlanan və riskli vergi ödəyiciləri istisna). Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5107/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin olunaraq, "xxxx" MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 1109987,06 manat və İcbari Tibbi Sığorta Fonduna olan ümumilikdə 4,28 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1963-cü ildə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ vergi öhdəliklərinin tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmışdır. - Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən cavabdehə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-5107/2021 nömrəli 15 oktyabr 2021-ci il tarixli icra sənədi icra edilməsi üçün sonuncuya göndərilmişdir. - Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin aradan qaldırılması ilə bağlı müraciətinə baxılmış və müraciətin qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə göndərildiyi bildirilmişdir. - Azərbaycan Republikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, "xxxx" MMC xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, şirkət sonradan "X13" MMC adı altında fəaliyyət göstərmiş, MMC-nin təsisçisi X9 göstərilmişdir. Eyni tarixli çıxarışın surətindən məlum olur ki, "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi İddiaçı olmuş, hazırkı qanuni təmsilçisi isə X3r. - "xxxx" MMC-nin 09 fevral 2022-ci il tarixli təsisçisi X6 qərarının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMCnin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X8 təyin edilmişdir. - Azərbaycan Republikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” bölməsindən alınmış məlumata əsasən "xxxx" MMC-nin qanunsi təmsilçisi X3r. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X8 Azərbaycan Respublikasının vətəndaşıdır. İşdən göründüyü kimi, "xxxx" MMC-nin dövlət büdcəsinə vergi borcu olduğu üçün iddiaçının Cəmiyyətin icra orqanının rəhbəri kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Daha sonra iddiaçı şirkətin icra orqanının rəhbəri vəzifəsindən azad edilmişdir. Bu səbəbdəndə iddiaçı cavabdeh orqana mücariət edərək, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmasını xahiş etmiş, müraciəti təmin olunmadıqda isə hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən : 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; AR Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd edilən normalardan görünür ki, məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə, yaxud hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiq edilməsi nəzərdə tutulur. İddiaçının ölkədən getmək hüququ üzərinə qoyulmuş müvəqqəti məhdudiyyət onun "xxxx" MMC-nin icra orqanın rəhbəri kimi qoyulmuşdur. Hazırda isə iddiaçının şirkətin icra orqanının rəhbəri vəzifəsindən azad edilmiş olması, işin mübahisəsiz halıdır. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Göründüyü kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxsada, cavabdeh inzibati orqan tərəfindən məhdudiyyətin götürülməsi təmin olunmamışdır. Cavabdeh "xxxx" MMC tərəfindən vergi borcunun ödənilmədiyini bildirərək iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan halın aradan qalxmadığını bildirmişdir. Kollegiya qeyd edir ki, "xxxx" MMC tərəfindən vergi borcu ödənilməsə də, hazırda hüquqi şəxsin icra orqanının rəhbəri iddiaçı olmadığından sonuncuya münasibətdə məhdudiyyət tədbirlərinin görülməsi iddiaçının konstitusion hüququ olan azadlıq hüququnu əsassız olaraq məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. -28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinə təqdim edilən etirazla eynilik təşkil etdiyindən və əsassız olmaqla yanaşı formal mülahizələrdən ibarət olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9596/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar