Məhkəmə qərarları › İş №2-1(103)-1351/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1351/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1351/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12667/2024 saylı, 04 noyabr 2024-cü il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3.17.1/2-Q-141744/2024 cavabının qanunsuz hesab edilməsi, xx.xx.2009-cu il tarixdən başlayaraq xx.xx.2024-cü tarixədək ödənilməmiş Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Qarabağ veteranları üçün müəyyən edilmiş Prezident təqaüdünün ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X2 iştirakçısı kimi xx.xx.2009-cu il tarixli, 078114 nömrəli “Müharibə Veteranı” vəsiqəsi verilmişdir və Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə xx.xx.2019-cu il tarixdən etibarən Qarabağ veteranları üçün 80 manat müəyyən olunmuşdur. İddiaçı Qarabağ veteranları üçün verilməli olan 80 manat vəsiqənin verildiyi tarixdən, yəni xx.xx.2009-cu il tarixdən hesablanıb verilməli olduğu halda, xx.xx.2024-cü il tarixdən verilməyə başlanmışdır. Prezident Fərmanı ilə Qarabağ veteranları üçün xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 8880 manat ödənilməlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən "Müharibə veteranı" adı və 078111 nömrəli veteran vəsiqəsi verilmişdir. Həmin veteran vəsiqəsi əsasında İddiaçı xx.xx.2024-cü il tarixdən müharibə veteranlarına verilən 80 manat məbləğində Prezident təqaüdü təyin edilmiş və hazıradək ödənilməkdədir. Sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan ("Əmək pensiyalan haqqında" Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla) şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə ve əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət istisna olmaqla), habelə övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 nörməli Qərarı ilə təsdiq olunmuş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” ilə tənzimlənir. xx.xx.2024-cü il tarixdən əvvəlki dövr üzrə iddiaçının vətəndaşlığı ilə bağlı müvafiq sənəd olmadığına görə (şəxsiyyət vəsiqəsi deaktiv olması səbəbilə) tələb olunan dövrlərin ödənilməsi tələbi qanunvericiliyin tələbləri və eləcə də, ödənişin həyata keçirilməsinin mümkünsüzlüyü baxımından təmin edilməməlidir. Habelə, müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. xx.xx.1994-cü il tarixdən qüvvədə olan "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci il tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: "İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir". Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Belə ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı verilmiş şəxslərin müdafiəsinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə veteran adı verilmiş şəxslərə aidiyyəti orqanlar tərəfindən veteran vəsiqəsi verildiyi tarixdə veteranlıq statusu qazanır. Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli, 396 nömrəli Fərmanına əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlar veteran vəsiqəsi təqdim edildiyi gündən həyata keçirilir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tanxli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Qanunvericiliyin müxtəlif normalarında veteranların bu güzəştlərdən istifadə edə bilməsi imkanı veteran vəsiqəsinin alınması anı ilə şərtləndirilmişdir. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranın adının verilməsi Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən həyata keçirilir. Bu qəbildən olan işlərdə veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. All Məhkəmənin İnzibati Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə əsasən müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaudünün verilməsinə başlanılmışdır. Beləliklə, iddiaçının əvvəlki illər üzrə müavinətin hesablanıb birdəfəlik ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçıya Prezident təqaüdünün geriyə ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12667/2024 saylı, 04 noyabr 2024-cü il il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi qismən təmin edilərək, İddiaçı müharibə veteranları üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək nəzərdə tutulmuş müavinət, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində qeyd olunmuşdur ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilməklə Preizdent təqaüdünün də əvvəlki dövrə münasibətdə ödənilməsi qərara alınmışdır. Burada digər əsas məqamlardan biri də “müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr” məsələsidir. Məhkəmə qanunun bu tələbini nəzərdən qaçırmaqla şəxsin müraciət etdiyi vaxtı aydınlaşdırmadan iddianı əsassız olaraq qismən təmin etmişdir. Məhkəmə qərarı əsaslandırarkən iddiaçının əvvəlki dövr üzrə vətəndaşlığını təsdiq edən sənədin hələ 22 yanvar 2009-cu il tarixdə verilməsinə və həmin tarixdən də iddiaçının müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna, həmçinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edildiyi vaxtdan təqaüd almaq, həmçinin “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə əvvəlki 3 il üzrə də müavinətin təyin edilməsi və həmin müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb etmək hüququna malik olduğunu bildirmişdir. Məhkəmə onu da nəzərə almışdır ki, artıq təşəkkül tapmış məhkəmə təcrübəsi ilə də müəyyən edilmişdir ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. 2019-cu il 01 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Lakin məhkəmə bütün bunları qeyd etdikdən sonra iddiaçıya həm müharibə veteranları üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək nəzərdə tutulmuş müavinətin, həm də xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsini mümkün hesab edərək tələbi qismən təmin etmişdir. Məhkəmə tərəfindən ümumilikdə 7 il 10 ayın (xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dövr) təmin edilməsi heç bir qanunvericilik norması tərəfindən qəbul edilən hal deyildir. Hüquqi əsası olmayan belə bir məhkəmə təcrübəsi isə mövcud deyildir. İddiaçıya xx.xx.2009-cü il tarixdə veteran vəsiqəsi verilmiş və müraciət etdiyi xx.xx.2024-cü il tarixdən ödəniş edilmişdir, lakin onun xx.xx.2024-cü il tarixdən əvvəl ümumiyyətlə, müraciəti olmamışdır. “Müharibə veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən həyata keçirilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə əsasən müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsinə başlanılmışdır. Beləliklə, iddiaçının əvvəlki illər üzrə müavinətin hesablanıb birdəfəlik ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçıya Prezident təqaüdünün geriyə ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Prezident təqaüdünün əvvəlki 3 illik tarixə hesablanaraq ödənilməsi ilə əlaqədar olan bir sıra bənzər işlərdə məhkəmə təcrübəsi formalaşmış, Prezident təqaüdü ilə bağlı tələblərə “Sosial müavinətlər haqqında” Qanunun müddəalarının tətbiq edilmədiyi qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsi iddiaçının iddia tələbini qismən təmin etməklə “Sosial müavinətlər haqqında” Qanun və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanının analizini düzgün aparmamış, nəticə etibarilə maddi və prosessual pozuntuya yol vermişdir. Məhkəmə qərar qəbul edərkən qanunvericilik normalarının tələblərinə diqqət yetirməmiş, İddiaçı müharibə veteranları üçün xx.xx.2016cı il tarixdən xx.xx.2019-cu il tarixədək nəzərdə tutulmuş müavinət, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahatlar verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12667/2024 saylı, 04 noyabr 2024-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - Yevlax rayon Hərbi komissarlığı tərəfindən verilən 22 yanvar 2009-cu il tarixli, M/V seriyalı 078114 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-37/2-Q-5239-26-1-08-7169/2024 nömrəli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” arayışda qeyd edilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati akt (arayış formasında) qəbul edilmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına ünvanlanmış ərizədə onun xx.xx.2024cü il tarixdən müharibə veteranı kimi Prezident təqaüdü aldığını, veteranlıq vəsiqəsini xx.xx.2009-cu il tarixdə aldığını bildirmiş, müharibə veteranına görə Prezident təqaüdü ödənişinin xx.xx.2019-cu il tarixdən təyin edilməsinə və ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “Sizə xx.xx.2024-cü il tarixindən müharibə veteranlarına verilən 80 manat məbləğində Prezident təqaüdü təyin edildiyi, ödənişi hazırda davam etdirilir. Sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla) şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət istisna olmaqla), habelə övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 nörməli Qərarı ilə təsdiq olunmuş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” ilə tənzimlənir. Müraciətinizlə əlaqədar olaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixindən əvvəlki dövr üzrə vətəndaşlıqla bağlı müvafiq sənəd təqdim etdikdən sonra müraciətə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciətçinin müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır”. İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona 22 yanvar 2009-cu il tarixdə bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Cavabdeh iddiaçıya müraciət etdiyi xx.xx.2024-cü il tarixindən müharibə veteranı statusu üçün 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş və bu zaman xx.xx.2024-cü il tarixdən əvvəlki dövr üzrə müavinət (təqaüd) ödənilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, həmin tarixədək iddiaçının vətəndaşlığı ilə bağlı müvafiq sənəd olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -7.0.6-cı maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. -9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən, 9.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. İşin mübahisələndirilən halı iddiaçının müharibə veteranı statusuna görə müvafiq güzəştləri əldə etmək hüququnun hansı vaxtdan yaranması, qanunvericiliyə əsasən hansı vaxtdan hesablanaraq ödənilməli olmasının aydınlaşdırılmasından ibarətdir. Bu məsələyə isə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, hüquq münasibətlərinin yarandığı dövrdə məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun yuxarıda qeyd edilən 9.1-ci maddəsində müavinətin təyin edilməsi və onun ödənilməsi anlayışları fərqləndirilmişdir. Qeyd edilməlidir ki, müharibə veteranı statusuna görə müavinət almaq hüququ müharibə veteranı vəsiqəsinin alındığı andan yaranır. Müharibə veteranı statusuna görə müavinətin təyin edilməsi anı da məhz onu almaq hüququnun yarandığı anı ehtiva edir. Müavinətin ödənilməsi anı ilə bağlı isə qanunverici müəyyən etmişdir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilir, lakin bu zaman həm də əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Dolayısı ilə, qanunvericiliyin tələbinə görə inzibati orqan müharibə veteranı vəsiqəsi təqdim edildikdə eyni anda iki hərəkəti etməlidir - həm müavinət üçün təyinat aparmalı, həm də əvvəlki üç il üçün ödəmələr etməlidir. Azərbaycan Respublikası Prezidentinin ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 2.1.1-ci bəndinə əsasən sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanının 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. İddiaçı “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Vəsiqənin mötəbərliyi şübhə doğurmur. İddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması barədə müvaqfiq icra hakimiyyəti orqanının xx.xx.2022-ci il tarixli inzibati akt qəbul etməsi iddiaçıya həmin tarixdən vətəndaşlığın verilməsni ehtiva etməmiş, onun həmin tarixdən əvvəlki dövrlər üzrə də ümumən Azərbaycan Respublikası vətəndaşı olması faktını təsdiq etmişdir. İddiaçının əvvəlki dövr üzrə vətəndaşlığını təsdiq edən təqdim edilməməsi ona hələ 22 yanvar 2009-cu il tarixdə verilmiş və həmin tarixdən də iddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna, həmçinin ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edildiyi vaxtdan təqaüd almaq, həmçinin “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə əvvəlki 3 il üzrə də müavinətin təyin edilməsi və həmin müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Təşəkkül tapmış məhkəmə təcrübəsi ilə də müəyyən edilmişdir ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. 2019-cu il 01 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi İddiaçı müharibə veteranları üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək nəzərdə tutulmuş müavinət, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12667/2024 saylı, 04 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12667/2024 saylı, 04 noyabr 2024-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar