Məhkəmə qərarları › İş №2-1(103)-1352/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1352/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1352/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı vəkili və onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1750/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğu, yəni 20 aprel 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası təyin edilərkən hazırki vaxtadək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsinə müraciət etmişdir. Həmin müraciətin nəticəsi barədə 29 avqust 2020-ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək, guya sənədlərin əslini təqdim etmədiyindən güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Əmək stajı 1972-ci ildə Bakı şəhəri Texniki Peşə Təhsil Məktəbində təhsil aldığı və hərbi xidmətdə olduğu müddətlər daxil olmaqla 2006-cı ilə qədər zərərli işlə əmək stajı 25 ildən artıq olmaqla təşkil edir. Əmək pensiyaları haqqında Qanunun tələblərinə əsasən 2006-cı ilə qədər ümumi əmək stajı 25 il və həmin stajın 12 il 06 ay əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. 57 yaşı 20.04.2012-ci il tarixdə olmuşdur. Onun ümumilikdə əmək stajı 41 (qırx bir) ildən yuxarı təşkil edir. Əmək stajı 1978-ci ildən yəni 28 (iyirmi səkkiz) il Bakı X5 Zavodunda “ştamplayıcı” vəzifəsində işləmişdir. Onun 2006-ci il tarixdə kifayət qədər əmək stajı vardır ki, 57 yaşında güzəştli şərtlərlə əmək pesiyası almaq hüququ yaranmışdır. O, 1972-ci il tarixdən 20.07.1974-cu il tarixə kimi, 02 (iki) il, Bakı Bədən Tərbiyə Texnikumunda oxumuşdur. 15 avqust 1974-cü il tarixdən 04 dekabr 1974-cü il tarixə kimi Daşkəsən rayonu orta məktəbdə idman müəllimi işləmişdir. 06 dekabr 1974-cü ildən 12 noyabr 1976- cı il tarixə qədər hərbi xidmətdə olmuşdur. 02 mart 1977-ci il tarixdən 16 yanvar 1978-ci il tarixə kimi Cəbrayıl rayonunda orta məktəbdə idman müəllimi vəzifəsində işləmişdir. 18 sentyabr 1978-ci il tarixdən 27 yanvar 2016-cı il tarixədək “ştamplayıcı”, 28 avqust 2016-cı il tarixdən hazırki vaxtadək Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyində “Cihaz” İstehsalat Birliyinin “xxxx" EİB-də “4-cü dərəcəli təmirçi çilingər” peşəsi vəzifəsi üzrə işləyir. Onun 57 yaşı 2012-ci il tarixdə olduğundan onun həmin tarixdə umumi 40 (qırx) il əmək stajının güzəştli şərtlərlə 20 ildən artıq “ştamplayıcı” işi təşkil edir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 27 noyabr 2001 -ci il tarixli 243 №li Sərəncamı ilə “xxxx” EİB xüsusi konstruktor texnoloji bürosu və X5 Zavodu “xxxx” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Əmək kitabçasından göründüyü kimi o, 25 (iyirmi beş) ildən artıqdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətində işlədiyi ştamplayıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 15-ci bəndində qeyd edilmiş elektorotexnika istehsalatı və elektrotexniki avdanlığın izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcıları güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət edərək əmək pensiyanın 57 yaşdan yarandığını nəzərə alaraq hesablanmasını və birdəfəlik ödənilməsini xahiş etmişdir. Ona 12 avqust 2020-ci il tarixli məktubla əsassız olaraq guya sənədlərinin əslini təqdim etməməyi səbəbindən göstərilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün əmək stajının müəyyən edilməsi mümkün olmadığından qanunsuz olaraq imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1750/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, onun öz ərizəsi ilə işdən çıxdığı müəssisənin-“xxxx” ASC-nin qərəzli olaraq güzəştli stajını daxil etmədiyi arayışı əsas götürmüşdür. Cavabdeh iddiaçının apellyasiya şikayətinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya məxsus 05.01.1978-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 18.09.1978ci ildə Bakı sınaq-eksperimental zavoduna material-texniki təchizat şöbəsinə baş texniktexnoloq vəzifəsinə təyin edilmiş, 01.12.1978-ci ildə OQT baş texnoloq şöbəsinə baş texnik-texnoloq keçirilmiş, 19.06.1979-cu ildə 10 saylı tədarük sexinə kəsici şagirdi, 20.08.1981-ci ildə 2-ci dərəcəli metal ştamplayıcı vəzifəsinə keçirilmişdir. 11 02.2005-ci ildə öz xahişi ilə tutdğu vəzifədən azad edilmişdir. 01.03.2005-ci ildə “xxxx” ASC-yə ştamplayıcı təyin edilmişdir. 11.03.2011-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. 10.03.2011-ci il tarixdə “TECH-MACH” şirkətinin hazırlıq və quraşdırma sahəsinə boya operator köməkçisi peşəsinə işə qəbul edilmiş, 27.01.2016-cı il tarixində isə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. 22.08.2016-cı il tarixdə “Cihaz” İstehsalat Birliyi “xxxx” EİM-nə alət və tərtibatlar sahəsinə 4-cü dərəcəli təmirçi çilingər peşəsinə işə qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçının işlədiyi vəzifələrin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olub-olmamasını müəyyən etmək üçün iddiaçının fəaliyyət göstərdiyi müəssisələrə sorğular ünvanlanmışdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İstehsalat Birliyi “xxxx” X4 tərəfindən verilmiş 21.01.2021-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı 22.08.2016-cı il tarixdən “xxxx” X4nin alət və tərtibatlar sahəsində 4-cü dərəcə ilə təmirçi çilingər peşəsində işləyir və həmin peşə əmək şəraiti zərərli olan işlərə aid deyildir. Bundan başqa “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 25.01,2021-ci il tarixli 62 saylı cavab məktubuna əsasən İddiaçı “xxxx” ASC-də 18.09.1978-ci il tarixindən 10.03.2011-ci il tarixinə kimi işlədiyi vəzifə və peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olmadığı müəyyən olunur. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmış, iş üçün müəyyən edilməli olan hallar qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilmiş, nəticə etibarilə qanuni və əsaslı qərar qəbul edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, xx.xx.1955-ci ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. O, 1972-ci il tarixdən 04.07.1974-cü il tarixə kimi Bakı Bədən Tərbiyə Texnikumunda təhsil almış, 06 dekabr 1974-cü ildən 12 noyabr 1976-cı ilədək hərbi xidmətdə olmuşdur. Onun notarial qaydada təsdiq və tərcümə edilmiş ИT-İ seriyalı ******* nömrəli 05.01.1978-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 18.09.1978-ci ildə Bakı sınaqeksperimental zavoduna material-texniki təchizat şöbəsinə baş texnik-texnoloq vəzifəsinə təyin olunmuş, 01.12.1978-ci ildə OQT baş texnoloq şöbəsinə baş texnik-texnoloq keçirilib, 19.06.1979-cu ildə 10 saylı tədarük sexinə kəsici şagirdi, 10.07.1979-cu ildə 10 saylı tədarük sexinə 1-ci dərəcəli qayçı və pressnən kəsici keçirilmişdir. 20.08.1981-ci ildə 2-ci dərəcəli metal ştamplayıcı peşəsində, 28.01.1985-ci ildə 3-cü dərəcli soyuq ştamp avadanlığının qarışıq peşə sazlayıcısı kimi işləmişdir. 19.05.1988-ci ildə kənd təsərrüfatı məhsullarının buraxılışı üzrə 5 saylı sexə 2-ci dərəcəli stamplayıcı keçirilmişdir. 11.02.2005-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. 01.03.2005-ci ildə “xxxx” ASC-yə ştamplayıcı təyin edilmişdir, 10.03.2011-ci ildə öz xahişi ilə tutduğu vzifədən azad edilmişdir. 10.03.2011-ci il tarixdə “TECH-MACH” şirkətinin Hazırlıq və Quraşdırma sahəsinə boya operator köməkçisi ştamplayıcı sazlayıcı peşəsinə işə qəbul edilmişdir. 27.01.2016-cı ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. 22.08.2016-cı il tarixdə “Cihaz” İstehsalat Birliyi “xxxx” EİM-nə alət və tərtibatlar sahəsinə 4-cü dərəcə ilə təmirçi çilingər peşəsinə işə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin müvafiq sorğularuna cavab olaraq; -Azərbaycan Respublikasının Müdafiə Sənayesi Naziliyi “Cihaz” İstehsalat Birliyi “xxxx” X4 tərəfindən verilmiş 21.01.2021-ci il tarixli 03/25 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı 22.08.2016-cı il tarixdən “xxxx” X4”nin Alət və tərtibatlar sahəsində 4-cü dərəcə ilə təmirçi çilingər peşəsində işləyir. Həmin peşə əmək şəraiti zərərli olan işlərə aid deyildir. -“xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 25.01.2021-ci il tarixli 62 saylı cavab məktubunda göstərilmişdir ki, sorğuda adı göstərilən İddiaçı Yunis oğlu “xxxx” ASCdə 18.09.1978-ci il tarixindən 10.03.2011-ci il tarixinə kimi müxtəlif vəzifə və peşələrdə güzəştsiz şərtlərlə işləmişdir. 04.08.2008-ci il tarixdən 10.03.2011-ci il tarixədək güzəştli şərtlərlə boya operatoru köməkçisi peşəsində işləmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab edərək iddia tələbini rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan peşələrdən yalnız “xxxx” ASC-də 04.08.2008-ci il tarixdən 10.03.2011-ci il tarixədək işlədiyi güzəştli şərtlərlə boya operatoru köməkçisi peşəsi əmək şəraiti zərərli olan işlərə aid edilmişdir. İddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsili, hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlibgəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışda (“Güzəştli arayış”) qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunan peşələrdən yalnız “xxxx” ASC-də 04.08.2008-ci il tarixdən 10.03.2011-ci il tarixədək işlədiyi güzəştli şərtlərlə boya operatoru köməkçisi peşəsi əmək şəraiti zərərli olan işlərə aid edilmişdir. Bu isə o, deməkdir ki, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Belə ki, onun işlədiyi 2-ci dərəcəli metal ştamplayıcı, 3-cü dərəcəli soyuq ştamp avadanlığının qarışıq peşə sazlayıcısı, 2-ci dərəcəli stamplayıcı və ştamplayıcı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısının 2160000a-19700 saylı kodla qeyd edilən “izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcılar” peşəsinə uyğun gəlmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, güzəştli iş stajının olduğunu bildirsə də, bunu sübut edən konkret sənədləri məhkəməyə təqdim etməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1750/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar