Məhkəmə qərarları › İş №2-1(103)-1352/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1352/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1352/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8635/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, yaşa görə sosial müavinətin dayandırıldığı gündən bərpa edilməsi, keçmiş aylar daxil olmaqla ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2018-ci ilin oktyabrından Dövlət Sosial Müdafiə Fondu tərəfindən yaşa görə müavinət təyin edilmişdir. Həmin müavinətin təyin olunmasının hüquqi əsasını o vaxt qüvvədə olan “Sosial müavinətlər haqqmda” Qanunun 1.0.2, 4.0.1.2, 7.0.2 və 9.1.1-ci maddələri təşkil etmişdir. Qanunun bu maddələrinin mənasma görə 3 və daha çox uşaq doğub 8 yaşmadək tərbiyə etmiş 57 yaşma çatmış qadının əmək pensiyası hüququ olmadıqda və o, işləmədikdə, ona ömürlük yaşa görə aylıq müavinət təyin edilir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan iddiaçıya məlum olub ki, xx.xx.2024-cü il tarixdən ona müavinətin ödənişi dayandırılıb və indiyədək ona ödənilmiş müavinət əsassız olmuşdur. Buna səbəb kimi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vergi uçotunda olmağını, yəni VÖEN-nin olması və xx.xx.2020-ci il tarixdən yaş meyarının dəyişməsini göstərmişlər (“Sosial müavinətlər haqqmda Qanuna dəyişiklik edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 1703-VQD nömrəli Qanunla). Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan iddiaçıya məlum olub ki, cavabdeh ona xəbər vermədən, çağırmadan, dinləmədən inzibati icraat üzrə işə baxmış, xx.xx.2024-cü il tarixdə qərar qəbul edərək, qeyd edildiyi kimi yaşa görə müavinətin ödənişini dayandırmış və xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilmiş müavinəti əsassız ödənilmiş hesab etmişdir. Buna görə də DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı ödənilmiş məbləğin qaytarılmasını tələb edir. Cavabdehin onun barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli inzibati aktı qanunsuz və əsassızdır, buna görə də məhkəmə tərəfindən ləğv edilməlidir. Birincisi, 2018-ci ilin oktyabrında ona müavinət təyin edilərkən də onu VÖEN-i olub və bunu bilə-bilə DSMF tərəfindən ona yaşa görə müavinət təyin edilib. Müavinətin təyin olunması şərtlərini müəyyən edən “Sosial müavinətlər haqqında” Qanun bunu qadağan etmir və vergi uçotunda olan şəxslərə müavinətin təyin olunmasını istisna etmir. Həmin Qanunun 1.0.2 (xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada), 4.0.1.2, 7.0.2, 9.1.1 və 11.1.2-ci maddələrinin mənasına görə 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşma çatmış qadının əmək pensiyası hüququ olmadıqda və o, işləmədikdə, ona ömürlük yaşa görə aylıq müavinət təyin edilir. Müavinətin ödənişi yalnız həmin şəxs əmək fəaliyyətinə başladıqda dayandırıla bilər. Göründüyü kimi, qanunda “işləmək” və “əmək fəaliyyətinə başlamaq” ifadələrindən istifadə olunur. Lakin vergi uçotunda olmaq - sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq demədir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq - əmək fəaliyyəti ilə məşğul olmaq və ya işləmək demək deyil. Bu barədə heç bir normativ aktda eyniləşdirmə yoxdur. Əmək fəaliyyəti ifadəsinə yalnız Əmək Məcəlləsində rast gəlinir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə əmək fəaliyyətini eyniləşdirməklə, qanunu səhv təfsir etmiş və nəticədə məsələni səhv dəyərləndirmişdir. Buna görə həmin hissədə cavabdehin mübahisələndirilən qərarı əsassızdır. İkincisi, cavabdeh məktubunda digər səbəb kimi xx.xx.2020-ci tarixdən “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə xx.xx.2019-cu il tarixli 1703-VQD №-li Qanunla dəyişiklik edilərək yaş meyarının dəyişdiyini (5 və daha çox uşağı olan qadınların pensiya yaşından 5 il çıxılır meyarı qoyulub) əsas gətirir və onun həmin yaş həddinə çatmadığına görə müavinət almaq hüququnu itirdiyini qeyd edir. Lakin bu yanaşma konstitusion normaya ziddir və tətbiq oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktlann qüvvəsi geriyə şamil edilmir. İddiaçıya müavinət təyin edələrkən qüvvədə olan norma sonradan dəyişdirilib, hüquqi vəziyyətini pisləşdirən və ya ağırlaşdıran norma ilə əvəz olunubsa, həmin norma ona tətbiq oluna bilməz, çünki onun geriyə qüvvəsi şamil edilmir. Göründüyü kimi, bu hissədə də cavabdehin yanaşması yanlış olduğundan, həmin hissədə də qərarı əsassız olmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-8635/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Sosial müavinət, təqaüd və kompensasiya işlərinin inventarlaşdırılması üzrə xx.xx.2024-cü il tarixli 1-İMTK-2023/004276 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qərarı ilə İddiaçı qərarın ləğvi tələbinə dair iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Sosial müavinət, təqaüd və kompensasiya işlərinin inventarlaşdırılması üzrə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, qadınların yaşa görə müavinət hüququ xx.xx.2023-cü il tarixdən 63 yaş 6 ay müəyyən edildiyindən, eyni zamanda, beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən İddiaçı yaşa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan narazı qalan iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Sosial müavinət, təqaüd və kompensasiya işlərinin inventarlaşdırılması üzrə xx.xx.2024-cü il tarixli 1-İMTK-2023/004276 nömrəli qərarının ləğv edilməsi, yaşa görə sosial müavinətin dayandırıldığı gündən bərpa edilməsi, müavinətin keçmiş aylar daxil olmaqla ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi 07 noyabr 2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən düzgün inzibati icraatın aparılmamasına və iddiaçının faktiki olaraq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və ya sahibkarlıq (əmək) fəaliyyəti ilə əlaqədar hər hansı gəlir əldə etmədiyinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdən (uçot tarixi) xx.xx.2020-ci il tarixədək aktiv vergi ödəyicisi (VÖEN: **********) kimi fəaliyyətdə olduğu halda, Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq iddiaçıya xx.xx.2018-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə sosial müavinət təyin edilmişdir. Bu səbəbdən ona yaşa görə sosial müavinətin ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. İş üzrə icraat materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli müraciətə baxılması barədə məktubundan görünür ki, iddiaçının (VÖEN: **********) xx.xx.2018-ci il tarixdən vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Həmçinin Sığortaedənlər barəsində ümumi məlumatların əks olunduğu çıxarışdan görünür ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi VÖEN-i xx.xx.2018-ci il tarixdə almış, qeydiyyatı isə xx.xx.2018-ci il tarixdə aparılmışdır. Hazırki iş üzrə Sığortaolunanın hesabından görünür ki, İddiaçı 2018-ci ilin yanvar ayından 2020-ci ilin mart ayında qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubunda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan hesabat dövrləri üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği 3831,24 manat və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan hesabat dövrü üçün təqdim edilmiş gəlir vergi bəyannaməsi üzrə ümumi gəlirləri 19168,58 manat müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan fəaliyyət dövrü ərzində ödəyici tərəfindən dövlət büdcəsinə 1324,19 manat vergi məbləği ödənilmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan hesabat dövrləri üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği 3831,24 manat və xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan hesabat dövrü üçün təqdim edilmiş gəlir vergi bəyannaməsi üzrə ümumi gəlirləri 19168,58 manat məbləğ sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövr ərzində əldə edilmişdir. İddiaçı yaşa görə müavinət aldığı zaman, eyni zamanda aktiv VÖEN-i də olmuş və şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Lakin iddiaçı cavabdehə müraciət edərkən bu barədə heç bir məlumat verməmiş və hazırki mübahisəli inzibati aktın qəbul edilməsinə səbəb olmuşdur. Nəticədə sosial müavinət üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci, 67.2-ci, 67.6.2-ci və 67.7-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Eyni zamanda, həmin Qanununun 67.2-ci, 82.1-ci, 82.2-ci, 82.3-cü maddələrinin tələblərinə riayət etməklə inzibati orqan olaraq cavabdehin əlverişli inzibati aktını ləğv etmək və ödənilmiş pul vəsaitinin qaytarılması barədə inzibati akt qəbul etməklə vətəndaşın qeydiyyat ünvanı üzrə icraya yönəltmək hüququ var. Həmin Qanunun 82-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İddiaçıdan artıq ödənilmiş 9748,00 manat məbləğin Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi 01 mart 2024-cü il tarixli nömrəli məktubla tələb olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. İddiaçı yaşa görə müavinət aldığı dövrdə aktiv VÖEN-i olan şəxs, yəni vergitutma obyektinə malik olmaqla, həmin obyektdən vergi ödəməli olan şəxs olmuşdur. Qeyd olunan səbəblərə görə iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilmiş 9748,00 manat sosial müavinət artıq ödənilmiş məbləğ hesab edilmişdir. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Qeyd olunanları nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü ıl tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Sözügedən Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixindən (uçot tarixi) xx.xx.2020-ci il tarixinədək aktiv vergi ödəyicisi (VÖEN: **********) kimi fəaliyyətdə olduğunuz halda, Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq Sizə xx.xx.2018-ci il tarixindən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən Sizə təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmışdır. Nəticədə sosial müavinət üzrə xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Bildiririk ki, qadınların yaşa görə müavinət hüququ xx.xx.2023-cü il tarixindən 63 yaş 6 ay müəyyən edildiyindən, eyni zamanda, beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyinizdən Sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyinin Sığortaedənlərin statusları haqqında bildirişindən görünür ki, İddiaçı məxsus ********** saylı VÖEN xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aktiv vəziyyətdə olmuşdur. İş materiallarında olan DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial Sığortaolunanın hesabından çıxarışdan görünür ki, İddiaçı (VÖEN **********) adına 2018-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayınadək məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. İş materiallarında olan Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, uçotbaza məlumatlarına əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixədək olan hesabat dövrləri üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği 3831,24 manat və xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək olan hesabat dövrü üçün təqdim edilmiş gəlir vergi bəyannaməsi üzrə ümumi gəlirləri 19168,58 manat müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən xx.xx.2018-ci il tarixdən 31 01.2024-cü il tarixədək olan fəaliyyət dövrü ərzində ödəyici tərəfindən dövlət büdcəsinə 1324,19 manat vergi məbləği ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyası - 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları). 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.2. yaşa görə müavinət. 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə. 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda. İddiaçının müavinət işinə dair sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə sosial müavinət). Daha sonra iddiaçıya təyin edilmiş sosial müavinət cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü ildən dayandırılmışdır. Cavabdehin mövqeyinə görə, iddiaçıya xx.xx.2018-xx.xx.2020-ci il tarixədək aktiv vergi ödəyicisi kimi fəaliyyətdə olduğu halda, qanunvericiliyin tələbləri pozulmaqla xx.xx.2018-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya təyin edilmiş sosial müavinətin dayandırıldığı vaxt deyil, məhz sosial müavinətin təyin olunduğu vaxt onun vergi ödəyicisi kimi aktiv VÖEN-nin olması halı iddiaçıya sosial müavinətin qanunvericiliyin tələblərinə uyğun təyin edilməsi məsələsinə qiymət verilməsi baxımından zəruridir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçıya yaşa görə sosial müavinət təyin edilən zaman o, vergi ödəyicisi olmuş və vergi ödəyicisi kimi aktiv VÖEN-ə malik olmuşdur. Belə ki, iş materiallarına əsasən iddiaçıya məxsus ********** saylı VÖEN xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aktiv vəziyyətdə olmuş, həmin dövrdə dövriyyə məbləğləri və gəlirləri mövcud olmuş, eyni zamanda iddiaçı tərəfindən dövlət büdcəsinə vergi məbləğləri və məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Bu isə iddiaçıya yaşa görə sosial müavinətin qanunvericiliyin tələblərinin pozulması ilə təyin edildiyini təsdiq edir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8635/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar