Məhkəmə qərarları › İş №2-1(103)-1353/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1353/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1353/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi , İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1977-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi) “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-607/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 03.02.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ikinci qrup əlillik dərəcəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildə Şəki rayonunda doğulmuşdur. 2014-cü ildən ürək xəstəliyindən (Diaqnoz. Obstruktiv hipertrofik kardiomiopatiya, hipertrofik obstruktiv kardiomiopatiya, Durğunluq ürək çatışmazlığı, QDÇ 2 və 3-cü FS, digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ürək ritminin mədəcik ekstrasistoliyası tipində davamlı pozulması, aşağı ətrafın bir neçə nahiyələrinin açıq yaraları, sağ qasıq və sarğı nahiyəsinin köhnə qəlpə çapığı, miopiya, zəif dərəcəli miopiya, hipertenziya, arterial hipertenziya 3-cü dərəcə yüksək əlavə risk, hiporteniya xəstəliyi 2-ci mərhələ) əziyyət çəkir və mütəmadi olaraq stasionar və ambulator müalicə alır. Hətta “hipertrofik obstruktiv kardiomiopatiya. Ürək ritminin mədəcik ekstrasistoliyası tipli davamlı pozulması. 2-ci funksional sinif ürək çatışmazlığı. Hər iki gözün miopiyası. Vegetativ damar distoniyası” xəstəliyindən Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir kimi xidmətdə olarkən 08 avqust 2017-ci il tarixli hərbi həkim komissiyasının 2103 saylı arayışına əsasən Ordu Sıralarından həm sülh dövründə, həm də müharibə dövründə yararsız hesab edilərək, tərxis olunmuşdur. 15.02.2019-cu il tarixdə Şəki rayon Mərkəzi xəstəxanası tərəfindən Forma-88 yazılaraq TERAS-a göndərilmiş, TSEK tərəfindən müalicə etdirilsin cavabı verilmişdir. Yenidən müayinə və müalicədə olunmuş, səhhətində hər hansı irəliləyiş olmadığı üçün 14.05.2019-cu ildə Şəki rayon Mərkəzi xəstəxanası tərəfindən yenidən Forma-88 yazılaraq TERAS-a göndərilmiş, TSEK tərəfindən müalicə Forma-88 natamam doldurulub cavabı verilmişdir. Son olaraq 24.12.2019-cu ildə Şəki rayon Mərkəzi xəstəxanası yenidən Forma-88 yazaraq TERAS-a göndərmiş TSEK 15.01.2020-ci il tarixdə cavab verərək müalicə davam etdirilsin cavabını vermişdir. Həm rayon xəstəxanası, həm də TSEK ona əlillik dərəcəsi vermək üçün süründürməçilik etməklə bərabər, onun hüquqlarını da kobud surətdə pozurlar. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2-1(112)-2962/2020 nömrəli qərardadı ilə inzibati iş üzrə Şəki rayon Mərkəzi Xəstəxanasının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizasının təyin edilməsi qərara alınmışdır. 27.01.2021-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən 30.12.2020-ci il tarixli, 2611 nömrəli məktubla məhkəməyə ekspert rəyi (F.C.Abbasov və H.M.Kazımov tərəfindən imzalanmışdır) daxil olmuşdur, ekspert rəyinin nəticəsi belə olmuşdur: “vətəndaş İddiaçı Şəki RMX-nın poliklinika şöbəsində və Elmi-Tədqiqat Kardiologiya institutunun konsultativpoliklinika şöbəsində müəyyən edilmiş “hipertrofik obstruktiv kardiomiopatiya, ürək ritminin mədəcik ekstrasistoliya tipli davamlı pozulması, arterial hipertenziya İİ dərəcə, qan-damar çatmamazlığı İİ funksional sinif, MÇ-İİ dərəcə, TÇ-İ dərəcə, hər iki gözün miopiyası, sağ sağrı nahiyəsinin dəlib-keçən güllə yarası, hərəkətin mülayim pozğunluğu” diaqnozu onun 11.12.2020-ci il tarixdə təkrarən Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunda müayinələri zamanı bir daha təsdiq olunmuşdur. Əsas diaqnozun (xəstəliklərin) fəsadı olan qan-damar çatmamazlığı İİ funksional sinif (İ dərəcə), MÇ-İİ dərəcə elektrokardioqrafiya və exokardioqrafiya instrumental müayinə metodları ilə aşkar edilir ki, bunun da dəqiqləşdirilməsi üçün əlavə müalicə tələb olunmur.” Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-607/2021 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə xx.xx.1977-ci ildə Şəki şəhərində doğulmuş İddiaçı 2-ci dərəcəli əlilliyinin təyin olunmasına dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İddia tələbinin təmin edilməmiş hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-607/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 0344003AAH22 saylı göndərişi əsasında 30.12.2019-cu il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacının olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0344003AAHQ2 saylı göndərişdə əsas xəstəliyin ağırlaşması kimi “ürək çatmamazlığı İİİ FS” qeyd edilsə də, bu ağırlaşmanı təsdiq edəcək əsas parametr olan AF göstəricisi ExoKQ-də qeyd edilməmişdir. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və ağırlaşmaların stasionar şəraitdə ətraflı müayinə ilə dəqiqləşdirilməsi üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmalıdır. Qiymətləndirmə səhiyyə müəssisəsinin göndərişi əsasında şəxsin iştirakı olmadan həyata keçirildiyindən və verilən qərar göndərişdə qeyd edilən məlumatlara əsaslandığından Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən əsassız deyil, əsaslı olaraq imtina edilmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, qiymətləndirmə dövründə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı və kimliyi məlum olmadan müəyyən edilir. Mövcud qanunvericiliyə görə səhiyyə müəssisəsi tərəfindən İddiaçı barəsində ətraflı müalicə və müayinə nəticəsinə əsasən keyfiyyətli və dolğun göndəriş rəsmiləşdirilməli, əlillik qanuna müvafiq olaraq onun iştirakı olmadan qiymətləndirilməli və müvafiq qərar verilməlidir. Bu baxımdan məhkəmənin gəldiyi nəticə hazırkı iş üzrə tərəflər arasında Nazirlər Kabinetinin göndərişlərin verilməsi, əlilliyin qiymətləndirilməsi, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları ilə bağlı qəbul edilmiş müvafiq qərarların, həm də məhkəmənin qərarında qeyd etdiyi kimi hamının qanun və inzibati orqan qarşısında bərabər olmasına dair “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinin tələbinə əsasən yolverilməzdir. Ona görə qeyd olunan məhkəmə qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının birinci instansiya məhkəməsində vəkili olmuş Vəkil və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İddiaçı iddia ərizəsində ikinci qrup əlillik dərəcəsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində “Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə xx.xx.1977-ci ildə Şəki şəhərində doğulmuş İddiaçı 2-ci dərəcəli əlilliyinin təyin olunmasına dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması və iddianın qalan hissədə təmin edilməməsi” qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında iddiaçının tələbinin konkret nədən ibarət olduğunun göstərilməsi imperativ olaraq tələb olunur. Bu işin hallarının araşdırılması prinsipinin tətbiqində mühüm rol oynayır. Eyni zamanda məhkəmə işin hallarının araşdırılması zamanı yalnız mübahisə predmeti barəsində qərarın qəbulu üçün zəruri olan hallarla kifayətlənməlidir. Məhkəmə lüzumsuz və işə aidiyyəti olmayan halları araşdıra bilməz. Bu tələb məhkəmə baxışının hədlərini müəyyən edən İPM-in 52-ci maddəsindən irəli gəlir. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi tərəfindən “məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının ikinci qrup əlilliyin təyin olunmasına dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulması” barədə natamam qərar qəbul etmişdir. Baxmayaraq ki, məhkəmə qərarının icra oluna bilməsi onun nəticə hissəsinin anlaşılan və konkret fikir ifadə etməsindən irəli gəlir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qərar qəbul edərkən hüquqi mövqeyini əsaslandırmamışdır. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ondan gözlənilən araşdırma həddini aşmış, araşdırma həddi iddia tələbindən asılı olaraq müəyyən edilməmiş və işin hallarının araşdırılması prinsipinə əməl olunmamaqla ciddi prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-607/2021 nömrəli qərarı əsassız olduğundan ləğv edilərək, iş mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-607/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi) ikinci qrup əlillik dərəcəsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar