Məhkəmə qərarları › İş №2-1(103)-1353/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1353/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1353/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8349/2022 saylı 15 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə (ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə) 08 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4073-87-ci məhəllə ünvanındakı 0,045 torpaq sahəsi üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak şəklində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8349/2022 saylı 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddiadan imtina barədə ərizənin təmin edilməsi və bu səbəbdən də iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti verilərək, müddətin bərpa edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həmin qərardaddan şikayət vermək istəsə də, hüququ savadının olmaması səbəbindən və sağlamlığında yaranan problemlərlə əlaqədar vaxtında şikayət verə bilməmişdir. xx.xx.2023-cü il tarixdə vəkillə məsləhətləşdikdən sonra o, şikayət müddətinin 10 gün olduğunu, bunun isə qərarın rəsmi qaydada verildiyi gündən hesablandığını bilmişdir. Kənardan aldığı informasiyaya əsasən şikayətin 6 ay ərzində verildiyini düşünürdü. Həmin gün də apellyasiya şikayətinin verilməsi üçün vəklillə müqavilə bağlamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı apellyasiyanın mümkünlüyü məsələsinə (ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə) baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili məhkəmənin elektron kabineti vasitəsilə ərizə ilə müraciət edilərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə iclasda iştirakı zəruri olduğu üçün bu işdə iştirak etməmə səbəbini üzürlü saymaqla məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin həmin ərizəyə bu barədə hər hansı sübutu əlavə etməmişdir. Məhkəmə kollegiyası hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. İş materiallarında olan “sənədin surətinin alınması barədə” qəbzdən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8349/2022 saylı 15 sentyabr 2022-ci il tarixli qərardadı İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Həmçinin sözügedən qərardad xx.xx.2022-ci il tarixli məktubla iddiaçının iş materiallarında olan ünvanına poçt vasitəsilə də göndərilmiş və sifarişli poçt xəbərnaməsinin “Etibarnamə” ilə qrafasının qarşısına “İbrahimov” yazılmaqla, “şəxsən” qrafasının qarşısına imza edilməklə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İddiaçı apellyasiya şikayəti və onun verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Belə olan halda xx.xx.2022-ci il tarixli məhkəmə qərardadından apellyasiya şikayəti verilməsi üçün iddiaçıya münasibətdə son müddət xx.xx.2022-ci il tarix hesab olunur. Lakin iş materiallarından görünür ki, prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti sürətli poçt xidmətinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, Bakı İnzibati Məhkəməsinə isə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur ki, bununla da iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki işdə iddiaçının nümayəndəsi “apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi” barədə ərizəsində məhkəmə qərardadından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinin səbəbini savadsızlığı, vəkillə məsləhətləşdikdən sonra şikayət vermək üçün müəyyən edilmiş müddəti ötürdüyünü bilməsi ilə izah etmiş, buna görə də apellyasiya şikayətinin vaxtında verilməsinin tərəfindən mümkün olmadığını bildirmişdir. Həmin dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apelyantın göstərdiyi dəlillər onun tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxılması və onun bərpa edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 2-1(112)-8349/2022 saylı 15 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçının “müddətin bərpası” ilə bağlı verdiyi ərizə təmin olunmamalı, apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud olmadığından şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş “prosessual müddətin bərpasına dair” ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8349/2022 saylı 15 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar