Məhkəmə qərarları › İş №2-1(103)-1353/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1353/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1353/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” ) Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10369/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Lenin rayon ZDS İK-nin (indiki Sabunçu rayon İH) xx.xx.1975-ci il tarixli 17 saylı qərarı və həmin qərarın Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş protokolundan arxiv çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə, keçid 4, sahəsi 17-də yerləşən 600 kv.m torpaq sahəsi X4 ayrılmışdır. Qərara cizgi əlavə edilməsi müəyyən edilməmişdir.

2. Cavabdeh tərəfindən verilmiş 5-18/2-Ə-578-091/2023 nömrəli 17 yanvar 2023- cü il tarixli imtina məktubuna əsasən bildirilmişdir ki, torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə həmin ərazidə sahələrin ayrı-ayrı vətəndaşlara verilməsinə dair Cavabdehndə hər hansı bir məlumat olmadığından müraciətin təmin edilməsi imkan xaricindədir.

3. Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 10 noyabr 2022-ci il tarixli 788 nömrəli məktuba əsasən İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.2008-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlaka (Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə, keçid 4, sahə 17 ünvanında yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X3 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilmləsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əlmak üzərinə miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarbnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə, keçid 4, sahə 17-də yerləşən 600 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə keçid 4, sahə 17-də yerləşən 600 kv.m torpaq sahəsi Cavabdeh 22 avqust 1975-ci il tarixli 17/236 saylı qərarına əsasən mərhum atası Əli Rza oğluna ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi fasiləsiz olaraq onların istifadələrində olmuşdur. xx.xx.2008-ci il tarixində atası Əli Rza oğlu vəfat etmişdir. O öləndən sonra, torpaq sahəsi tərəfindən faktiki olaraq qəbul edilmiş və onun istifadəsində olmuşdur. Daha sonra həmin torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsi almaq üçün notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 17 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli N788 nömrəli məktubu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən sözügedən torpaq sahəsinə dair çıxarışın və ya digər məlumatın təqdim edilməsini xahiş etmişdir. Eyni zamanda, o, özü də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə bununla bağlı müraciət etmiş, cavabında isə ondan torpaq sahəsinin yerləşmə sxemi tələb edilmiş, bunun üçün torpaq sahəsinin ayrılmasına dair qərarı verən orqana mmüraciət edilməsi bildirilmişdir. Torpaq sahəsinin cizgisi və ya yerləşmə sxeminin verilməsi üçün Cavabdehnə getdikdə isə, oradan xx.xx.2023 tarixli 5-18/2-7-578-091/2023 saylı məktubla onlarda qeyd edilən ünvan üzrə torpaq sahəsinin ayrılması və verilməsi barədə məlumatın olmamasını bildirmişlər. Halbuki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə keçid 4, sahə 17-də yerləşən 600 kv.m torpaq sahəsi Cavabdeh 22 avqust 1975-ci il tarixli 17 saylı protokoluna, və 17/236 saylı qərarına əsasən mərhum atası Əli Rza oğluna ayrılmış və həmin qərarın arxiv surətini də, əldə edərək ərizəyə əlavə etmişdir. Cavabdehndə sənədlərin hansı dərəcədə qorunub saxlanması barədə məlumatı yoxdur.

6. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdi.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10369/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə, keçid 4, sahə 17-də yerləşən 600 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisinin İddiaçı verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan icra hakimiyyətinin sərəncamının mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

9. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10369/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının atasına Maştağa qəsəbəsində torpaq sahəsi 1975-ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi Maştağa qəsəbəsindən yerləşən 600 kv.m olan torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdehndə məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Buna baxmayaraq məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan faktları nəzərə almamışdır.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatları

12. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

14. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

15. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; - 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; - 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Sözügedən Məcəllənin 65-ci maddəsinin: - 1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; - 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; - 3-cü bəndinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır; - 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir; - 7-ci bəndinə görə torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; - 8-ci bəndinə görə torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.

16. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (16 iyun 1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə görə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir.

17. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir.

18. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

23. Həmçinin, iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdurlar.

24. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lenin rayon ZDS İK-nin (indiki Sabunçu rayon İH) xx.xx.1975-ci il tarixli 17 saylı qərarı və həmin qərarın Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş protokolundan arxiv çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə, keçid 4, sahəsi 17-də yerləşən 600 kv.m torpaq sahəsi X4 ayrılmışdır. Qərara cizgi əlavə edilməmişdir. İddiaçının mərhum atası həmin torpaq sahəsi ona ayrıldığı zamandan, iddiaçı isə onun ailə üzvü kimi hazırki günədək torpaq sahəsini istifadə etməsinə baxmayaraq, bugünədək torpaq sahəsinə cizgi əldə edə bilməmişdir. O, sözügedən qərar əsasında ona yerləşmə cizgisinin verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən torpaq sahəsinin ayrılması braədə ayrıc aktı, habelə həmin ərazidə sahələrin ayrı-ayrı vətəndaşlara verilməsinə dair Cavabdehndə hər hansı bir məlumat olmadığından müraciətin təmin edilməsinin imkan xaricində olması səbəbindən imtina edilmişdir.

26. Halbuki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında apardığı inzibati icraat zamanı işin hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, sonuncunun qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.

27. Göründüyü kimi, tətbiq edilən qanunvericiliyin normalarında torpaq sahəsi ayrılan zaman ayrılmış torpaq sahəsinin naturada bölünüb iddiaçıya təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilməsi, buna dair yerləşmə cizgisinin hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Lakin, cavabdeh iddiaçıya ayırdığı torpaq sahəsinə dair yerləşmə cizgisinin təsdiq edilmiş surətini verməmişdir, sözügedən halı Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş arxiv çıxarışıda təsdiq etmişdir. Bu hal isə həmin torpaq sahəsi üzərində iddiaçının gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Həmçinin, cavabdeh tərəfindən iddiaçının istifadəsində artıq torpaq sahəsinin olmasına istinad edilsə də, iddiaçının əlavə torpaq sahəsinə hər hansı bir iddiası yoxdur. O, yalnız müvafiq sərəncama əsasən ona ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsini tələb edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin hazırki iş üzrə hərəkətləri inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur.

28. Beləliklə, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan icra hakimiyyətinin sərəncamının mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.... “

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

31. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə yuxarıda aparılan hüquqi dəyərləndirmələrdən əlavə məhkəmə Kollegiyası qeyd edir ki, sadalanan qanunvericilik aktlarına əsasən hazırkı iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda (1975-ci ildə) və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir.

32. Məhkəmənin mövqeyinə görə nə qədər ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Lenin rayon ZDS İK-nin (indiki Sabunçu rayon İH) xx.xx.1975-ci il tarixli 17 saylı qərarı mübahisələndirilməmişdir və qüvvədədir, həmin qurum torpaq ayrılan həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır və bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Torpaq sahəsinin cizgisi qərar qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı idi. Hətta həmin vaxt sözügedən cizgi təqdim olunsa belə, onu təkrarən tələb etməklə iddiaçı haqlıdır. Odur ki, iddiaçının tələbi əsaslıdır.

33. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. 34.Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10369/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10369/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar