Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1353/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12496/2024 saylı 05 noyabr 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-ci il tarixli JQ-17/3 nömrəli qərarının ləğv ediməsi, iddiaçılara və 6 yaşlı oğullarına qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Pakistan İslam Respublikasının vətəndaşlarıdırlar. Vətəndaşlar öz ölkələrində dini baxışlara görə davamlı təhdidlər və təqiblərdən qurtularaq Azərbaycana qaçıb gəlmişdirlər. Belə ki, iddiaçılar xx.xx.2023-cü ildə qaçqın kimi Azərbaycana gəlmiş və qaçqınlıq statusunun verilməsi məsqədilə xx.xx.2024cü il tarixində inzibati orqana müraciət etmişdir. Müraciətlə əlaqədar 01-2024 saylı şəxsi iş açılmışdır. xx.xx.2024-cü il tarixində iddiaçıya MŞ-01-2024 nömrəli müvəqqəti şəhadətnamə verilmişdir. Bu şəhadətnamə xx.xx.2024-cü il tarixinə qədər etibarlı olmuşdur. Dövlət Miqrasiya Xidmətində iddiaçının işinə baxılmış və qaçqınlıq statusunun verilməsindən imtina barədə xx.xx.2024-ci il tarixli JQ-17/3 nömrəli qərar verilmişdir. Qərarın surəti iddiaçıya 06 aprel 2024-cü il tarixində təqdim edilmişdir. İddiaçı bu qərarla razılaşmamışdır. Belə ki, iddiaçı və ailəsi Pakistanda islamçı qruplar tərəfindən təqib edilir. Pakistan hökuməti onları müdafiə edə bilmir. İddiaçı Pasportda xristian kimi qeyd edilsə də, Pakistan hökuməti radikal islamçılarının qorxusundan və təsirindən NADRA sistemindı dini etiqadı islam kimi saxlanmışdır. Çünki NADRA vasitəsilə radikal islamçılar xristianlığı qəbul edən keçmiş müsəlmanları tapıb öldürə bilir. Buna görə də hökumət NADRA-da məlumatları yeniləmir. Buna görə də xx.xx.2024-ci il tarixli JQ-17/3 nömrəli qərardan inzibati qaydada Dövlət Miqrasiya Xidmətinə xx.xx.2024-cü il tarixində şikayət edilmişdir. Lakin buna baxmayaraq, Dövlət Miqrasiya Xidməti şikayəti araşdırmamış, şikayətdə qaldırdığı məsələlərə hüquqi qiymət verməmiş, bununla da İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanunun 79.3, 79.4-cu maddələrinin tələblərini pozmuş, şikayətdə qeyd olunan məsələləri qanunauyğun olaraq araşdırmamış və iddiaçıya xx.xx.2024-cü il tarixli 3-37/2-k3555-xx-xx-5398/2024 nömrəli məktubla cavab verilmiş və verdiyi inzibati şikayət təmin edilməmiş, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Cavab məktubu iddiaçıya rəsmi şəkildə xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Bundan sonra yeni sübutlar aşkar edildiyindən iddiaçı daha əlverişli inzibati aktın qəbul edilməsi məqsədilə inzibati icraatın təzələnməsi barədə yeni bir ərizə ilə xx.xx.2024-cü ildə müraciət etmişdir. Lakin bu müraciətdəki yeni sübutlara hüquqi qiymət verilməmiş, iddiaçı və ailə üzvləri yeni sübutlarla bağlı Miqrasiya İdarəsinə dəvət edilməmişdir. Lakin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ərizədə istinad edilmiş hallar “İnzibati İcraat haqqında” Qanunun 35.1-ci maddəsinə uyğun deyildir. İddiaçı inzibati icraatın təzələnməsinə dair ərizədə qeyd etmişdir ki, “13 iyun 2024-cü il tarixində məlum olmuşdur ki, anası Kaniz Bibi ona qarşı olan təqiblərdən qurtulmaq üçün qorxudan Pakistanda üzvü olduğu kilsəyə getmiş və orada məskunlaşmışdır. Yəni iddiaçının anası öz evində rahat yaşaya bilmədiyindən məcburən kilsədə yaşamağa başlamışdır. İddiaçının anası vaxtının çox hissəsini kilsədə keçirir və hətta işləməyə getməkdən qorxur. Çünki iddiaçının NADRA sistemində müsəlman kimi qeyd edilməsinə baxmayaraq protestant təriqətinin üzvü olan xristian İddiaçı2la ailə qurmuşdur. İddiaçı əvvəlki şikayətdə də yazmışdır ki, Pakistan Cəza Məcəlləsi hər hansı tanınmış dinə qarşı küfr etməyi qadağan edir, cərimədən tutmuş ölüm cəzasına qədər cəzalar nəzərdə tutulur. İddiaçıya və ailəsinə qarşı olan təqiblərin arxasında Pakistan qanunları durur. Nəticədə iddiaçı Pakistan hökumətinin apardığı dini siyasətinin qurbanı olmuş və təhdidlərlə üzləşmişdir. Müxtəlif insan haqları təşkilatlarının fikrincə, Pakistanın küfr qanunları dini hissləri qorumaq üçün deyil, dini azlıqları təqib etmək üçün istifadə olunub. Bununla belə, küfrdə ittiham olunanlar tez-tez hər hansı məhkəmə başlamazdan əvvəl qəzəbli kütlələr tərəfindən hədəfə alınır və öldürülür. Pakistanda bir müsəlmanının xristian ilə ailə qurması islam dininə qarşı küfr hesab edilir. Anası məhz iddiaçıya görə bu təqiblərə məruz qalmışdır. Bu faktın özü şikayətlə bağlı inzibati icraatı təzələmək üçün kifayət qədər ciddi və mötəbər sübutdur. Anasının Kilsədə yaşamasını göstərən fotoşəkilləri təqdim edilmişdir”. Bütün bu yeni sübutlar İnzibati İcraat haqqında Qanunun 35.1.2-ci maddəsinə tam uyğundur. Həmin maddəyə əsasən, maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda şikayətçi ərizə ilə İnzibati orqana təkrar ərizə ilə müraciət edə bilər. Anasının evdə yox, Kilsədə yaşaması faktı iddiaçıya 13 iyun 2024-cü il tarixində məlum olmuşdur. İddiaçı bu barədə əvvəllər heç nə bilməmişdir. Çünki anası əvvəlcə bu halı gizlətmiş, lakin daha sonra vəziyyətin kritik olduğunu görüb açıqlamışdır. Əgər qaçqınlıq statusu almaq məsələsi həll olunsa, iddiaçı anasına məlumat verəcək və anası da qəzəbli kütləni sakitləşdirəcək ki, qızı artıq Pakistanda yaşamır. İddiaçı öz ölkəsində azad yaşa bilmir və dini etiqadı praktik olaraq həyata keçirə bilmir. Çünki qəzəbli kütlə anasından iddiaçını soruşur və elə bilirlər ki, iddiaçı Pakistandadır. Anası bu barədə onlara dəfələrlə bildirsə də, ona inanmırlar. Azərbaycan Pakistanla müqayisədə daha sivil, demokratik və olduqca dünyəvi dövlətdir. Bu ölkənin özünəməxsus adət və ənələləri vardır. Əsrlər boyu bu ölkədə dini tolerantlıq hökm sürür, yəhudilər bu ölkədə azad və sərbəst şəkildə yaşayırlar və yerli müsəlman əhali onlara dəymir. İddiaçı bu məlumatları intermetdən oxuyandan sonra Azərbaycana gəlmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12496/2024 saylı 05 noyabr 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12496/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının tam ləğv edilməsi və işin müvafiq birinci instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsində dinlənilmək hüququ təmin edilmədən qərardad qəbul edildi. Hakim ona danışmağa imkan verməmiş və bununla da Konstitusiyanın 60-cı maddəsinin 3-cü hissəsi ona münasibətdə qətiyyən nəzərə alınmamışdır. 1-ci instansiya məhkəməsinin audio-video yazısında bu açıq şəkildə görünür. Lakin iclasın protokolunda isə yazılıb ki, guya o dinlənilmiş və guya ona danışmağa imkan verilmişdir. Birinci instansiya məhkəməsinin çıxardığı qərardad subyektiv hüquqlarımızın pozulması baxımından qanunsuzdur və buna görə də ləğv edilməlidir. Belə ki, DMX qaçqın olmağına gətirib çıxaran problemləri və təqib olunmağı barədə təqdim etdyi tonlarla sənədi nəzərə almamış, onlara heç bir münasibət bildirməmiş, Pakistan dövlət orqanlarına arayış almaq üçün müraciət etməmiş, işin düzgün həll edilməsi üçün ədalətli məhkəmə araşdırması aparmamış, nəticədə səsi eşidilməmiş, hüquqları isə müdafiəsiz qalmış, məhkəmə tərəfdən onlara əsaslandırılmış cavab verilməmiş, təqib olunmağına dair sənədlər əsasında sübut etdiyi hallar nəzərə almamışdır. Nəticədə o haqsız olaraq təqib olunmayan şəxslər kimi qələmə verilməklə subyektiv hüquqları kobud şəkildə pozmuş və qanunla qorunan mənafelərinə ciddi zərər vurmuşdur. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə iddiaçılar İddiaçı2 xx.xx.2025-ci il tarixdə əməliyyat olunduğundan və hərəkətləri məhdudlaşdığından məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Lakin İddiaçı1 məhkəmə iclasında iştirak etməməyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçıların iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq və iddiaçının verdiyi vəsatətlə bağlı sübutların əlavə olunmadığını nəzərə alaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki işdən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı tələbi “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-ci il tarixli JQ-17/3 nömrəli qərarının ləğv ediməsi, iddiaçılara və 6 yaşlı oğullarına qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıların hazırki iddia tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürməsinə istinad edərək, iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. İşin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın xx.xx.2024-cü tarixdə qəbul etdiyi inzibati aktın ləğv edilməsini tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci madəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırıla bilər. Hazırki işdə iddiaçının tələbi “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünə aiddir. İş materiallarından görünür ki, mübahisələndirilən Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçılara və 6 yaşlı oğullarına qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixdə iddiaçılara təqdim edilmişdir. İddiaçılar tərəfindən həmin qərardan xx.xx.2024-cü il tarixdə inzibati şikayət verilmiş, lakin şikayət təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır və bu barədə cavab məktubu xx.xx.2024-cü il tarixdə iddiaçılara təqdim edilmişdir. Daha sonra iddiaçılar təkrarən ilkin müraciət zamanı təqdim etdikləri sənədlər əsasında xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmişlər və sonuncu təkrar müraciəti zamanı icraatın təzələnməsi üçün hər hansı halın olmadığı qənaətinə gələrək, təkrar müraciəti təmin etməmişdir. Bundan sonra iddiaçılar xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ilə müraciət edərək cavabdeh qurumun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini tələb etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddia müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən, yəni iddiaçıların inzibati şikayətinin təmin olunmaması haqqında qərarın təqdim edildiyi andan hesablanmalıdır. Lakin hazırki işdə iddiaçılar xx.xx.2024-cü il tarixli qərarı əldə etdikdən təxminən 04 ay 07 gün, inzibati şikayətin təmin edilməməsi barədə məktubu aldıqdan isə təxminən 02 ay 14 gün sonra məhkəməyə müraciət etmişlər ki, bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşlər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Avropa İnsan Hüquqları Məhkəməsi “Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında müddət məhdudiyyətlərinin əhəmiyyəti barədə qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Yuxarıda göstərilənlərlə bağlı məhkəmə kollegiyası iddiaçılar tərəfindən iddia müddətinin üzürsüz səbəblərdən ötürülməsi qənaətində olduğundan, belə ki, iddiaçılar müddətin bərpası ilə bağlı üzrlü səbəblərə əsaslanmadıqları üçün birinci instansiya məhkəməsi bu əsasla iddianın qeyri-mümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar narazı qaldıqları xx.xx.2024-cü il tarixli qərardan inzibati şikayəti vaxtında versələr də, həmin şikayət təmin olunmamış və bu barədə iddiaçılara xx.xx.2024-cü il tarixdə məlumat verilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçıların xx.xx.2024-cü il tarixli qərardan şikayət vermək üçün iddia müddəti məhz inzibati şikayətin təmin olunmaması ilə bağlı məlumatın onlara verildiyi xx.xx.2024-cü il tarixdən başlayır. Lakin sonradan iddiaçıların icraatın təzələnməsi (yeni hallar) ilə bağlı etdikləri müraciətə imtina verildiyinə istinad edərək iddia müddəti axımının məhz həmin imtina məktubu barədə məlumatın alındığı vaxtdan hesablanması barədə dəlilləri əsassızdır. Belə ki, qanunla şikayətin (iddianın) verilməsi məhz qəbul edilmiş inzibati aktın təqdim olunma anından hesablanır. İcraatın təzələnməsi ilə bağlı edilmiş müraciətə cavab isə iddiaçıların hüquqi marağında olan inzibati akt hesab olunmur. Çünki iddiaçıların iddia ərizəsinin məzmunundan da görünür ki, onların tələbi məhz xx.xx.2024-cü il tarixli inzibati aktın ləğvi ilə bağlı olmuşdur. Odur ki, icraatın təzələnməsi ilə bağlı edilmiş müraciət və ona münasibətdə verilmiş imtina heç bir halda xx.xx.2024-cü il tarixli inzibati aktın mübahisələndirilməsi ilə bağlı qanunla müəyyən edilmiş iddia müddəti axımının yenidən (icraatın təzələnməsi barədə müraciətin təmin edilməməsi barədə məlumatın alındığı vaxtdan) hesablanması üçün əsas yarada bilməz. Bununla bağlı məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, həmin dəlillər qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Buna görə də iddiaçıları apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12496/2024 saylı 05 noyabr 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12496/2024 saylı 05 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X6 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1353/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1353/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver