Məhkəmə qərarları › İş №2-1(103)-1354/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1354/2021

08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1354/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin onun mərhum atasına məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynovdan və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin onun mərhum atasına məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2228/2020 saylı 02 iyun 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş S-104-112 saylı 18.03.2016-cı il tarixli arxiv arayışından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1992-ci ilə dair sərəncamlar kitablarında Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda (bağ məsələləri üzrə komissiya yığıncağının 15.05.1992-ci il tarixli, 39 saylı protokolu) 707 saylı, 18.05.1992-ci il tarixli sərəncamı vardır. Həmin sərəncamdan çıxarışdan görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 saylı və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 saylı qətnaməsinə əsasən vətəndaşlara fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılması qərara alınmışdır. Sıyahının 157-ci bəndində X7 – Pirşağı ərazisindəki 218 saylı BTK. Bakı şəhəri icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Pirşağı bağlar sahəsindəki 218 saylı kooperativ tərəfindən verilmiş 157 saylı orderin surətindən görünür ki, X7 Bakı şəhər icraiyyə komitəsinin 18 may 1992-ci il tarixli 707 saylı qərarına əsasən Pirşağı bağlar sahəsində 218 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 1243b saylı bağ sahəsi ayrılmışdır. İddiaçı sözügedən ünvanda yerləşən bağ sahəsi üzərində hüquqların mərhum atasının adına daşınmaz əmlakın dövlət qeyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Belə ki, cavabdehin **********79 saylı 31 may 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı bağ sahəsinin yerini tanımadığından və bağ sahəsinə dair arxiv cizgisi olmadığından bağ sahəsinin yerini təyin etmək mümkün olmamış, bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Buna görə də müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 1243B saylı ümumi sahəsi 0.12 ha olan bağ sahəsinin onun mərhum atasına məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum atası X7 Bakı Şəhər İcraiyyə Komitəsinin 18 may 1992-ci il tarixli 707 nömrəli qərarına əsasən Pirşağı bağlar sahəsindən 0,12 ha torpaq sahəsi ayrılmış və onun adına Azərbaycan Respublikası Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Pirşağı bağlar sahəsindəki 218 nömrəli kooperativi tərəfindən 157 nömrəli order tərtib edilmişdir. Atası sağ olarkən Pirşağı bağlar sahəsində onun bağ sahəsinin olduğunu bildirsə də, həmin bağ sahəsinin yerini onlara göstərməmişdir. Atası öldükdən sonra həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətindən imtina edərək bildirmişdir ki, bağ sahəsinin yerini tanımadığından və bağ sahəsinə dair arxiv cizgisi olmadığından bağ sahəsinin yerini təyin etmək mümkün olmamışdır. Həmçinin bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Bağ sahəsinin yerini tanımasalar da həmin bağ sahəsinə dair atasının adına verilmiş hüquqmüəyyənedici sənəd (order) mövcuddur. Bağ sahəsinə dair arxiv cizgisinin olmaması və bağ sahəsinin nömrəsinin sxematik xəritədə öz əksini tapmaması onun deyil, inzibati orqanın səhvi ucbatından olmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina tamamilə qanunsuz və əsassızdır. Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinın iddiaya dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2228/2021 saylı 02 iyun 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2228/2021 saylı 02 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, imtinaya əsasən onun mərhum atasının kooperativin üzvlüyündə olması öz təsdiqini tapmamış, onun bağ sahəsinin yerini bilməməsi və torpaq sahəsinin yerləşmə cizgisinin məhkəməyə təqdim edilməməsi barədə dəlili əsassızdır. Belə ki, bu hal onun deyil, cavabdeh inzibati orqanın vəzifəsidir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı və onun vəkili X3 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. 06.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilllərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 08.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirakını təmin etməmiş, işdə iştirak edən iddiaçı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPMnin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 31.05.2019-cu il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması barədə sübut iş materiallarında mövcud deyildir. İddiaçı isə iddia ilə məhkəməyə 20.12.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 1243B saylı ümumi sahəsi 0.12 ha olan bağ sahəsinin onun mərhum atasına məxsus olmasına dair arayışın verilməsi” ilə bağlıdır. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının tələbinin əsası kimi istinad edilən halların subut edilməməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuniistifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Hazırki işə birinci instansiya qaydasında baxılarkən verilmiş məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş 218 nömrəli BTK üzvlərinin siyahısında X4 adının olması müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən imtinanın verilməsi üçün əsas olmuş sənədlərin, 218 nömrəli bağ tikinti kooperativinə aid qovluğun məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana məhkəmə sorğusu verilmişdir. 13.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən bağ sahəsi Bakı İcraiyyə Komitəsinin 707 saylı 18.05.1992-ci il tarixli qərarı və 157 saylı order əsasında Hacı Hüseynova verilmişdir. Lakin 218 nömrəli BTK üzvlərinin siyahısında X4 adının olması müəyyən edilməmişdir. Həmçinin sorğuya cavab məktubundan müəyyən olunur ki, sözügedən bağ sahəsinə dair cizgi arxiv qovluğunda aşkar edilməmiş və bağ nömrəsi sistematik xəritədə öz əksini tapmadığından həmin sənədin surətinin verilməsi mümkün olmamışdır. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum atası X1 üzvlüyündə olması öz təsdiqini tapmasa da, verilmiş order mövcuddur, lakin həmin order əsasında bağ sahəsinin yerinin iddiaçı tərəfindən göstərilməməsi, həmçinin həmin torpaq sahəsinin yerləşmə cizgisinin mövcud olmaması səbəbindən məhkəməyə təqdim edilməməsi iddiaçının tələbinin təmin olunmasını mümkünsüz edir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi təmin olunsa belə, sözügedən torpaq sahəsinin harada yerləşməsinə dair hər hansı sənəd mövcud olmadığı üçün həmin torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsi də qeyri-mümkündür. Belə olan halda iddianın təmin ediləcəyi təqdirdə çıxarılacaq məhkəmə qərarı icrası mümkün olmayan məhkəmə aktına çevrilə bilər ki, bu da yolverilməzdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası qanuna zidd olmamaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan düzgün olaraq məhkəmə tərəfindən təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2228/2021 saylı 02 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Azər Hüseynov Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar