Məhkəmə qərarları › İş №2-1(103)-1354/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1354/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1354/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-934/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan SSRİ Bakı şəhər İcraiyyə Komitəsinin (7/23 nömrəli 12 mart 1990-cı il tarixli qərarı ilə) Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Türkan Bağlar sahəsindəki 154 nömrəli Kooperativin 6 saylı orderi əsasında ümumi sahəsi 0.12 ha olan Bakı şəhəri, Xəzər rayonu, Türkan Bağ massivi ünvanında yerləşən 804/1 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X4 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X5 xx.xx.1998-ci il tarixində 61 yaşında Qaradağ rayonu ərazisində vəfat etmişdir. Atasının tək övladıdır. Onun vəfatından sonra ondan miras qalmış əmlakı sənədləşdirmək istədi. Belə ki, atasının adına Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/23 saylı qərarına əsasən Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən Türkan bağlar sahəsi, 154 saylı kooperativin nəzdində torpaq sahəsi ayrılmış və həmin sahəyə 6 nömrəli order verilmişdir. Qeyd edilən torpaq sahəsinin ölçüsü 0.12 ha təşkil edir. Valideynlərinin sağlığında həmin bağ sahəsində fərdi bağ evinin tikintisi məqsədilə təmizlik və abadlıq işləri tərəflərindən aparılırdı. Lakin valideynləri vəfat etdikdən sonra maddi imkanı olmadığından həmin bağ sahəsinin üzərində nəzərdə tutduqları evi inşa edə bilməmişdir. Eləcə də düşündü ki, torpağın üzərində hər hansı tikili aparılmadan öncə torpağın sənədlərini rəsmişləşdirməyi daha doğru olar. Bu məqsədlə atasından qalan sənədləri yığaraq məlum quruma - DƏDRX-ə müraciət etmişdir. Etdiyi müraciətlərin məzmunu və nəticələri: 2012-ci ildəki müraciəti - plan və cizginin alınması ilə əlaqədar - cavabı xx.xx.2012-ci il tarixli **********31 saylı imtina məktubunda bildirildi ki, orderdə bağ sahəsinin nömrəsi göstərilməmişdir. 2016 aprel ayı torpaq sahəsinin sxematik bölgüsünün aparılmasına və bölgü sxeminin verilməsinə dair müraciəti - cavabı xx.xx.2016-cı il tarixli ********* saylı məktubda bildirildi ki, bağ sahəsinin nömrəsini göstərməmişdir, ona görə də ərizəsinin icrası mümkünsüzdür. xx.xx.2018-ci il tarixində məktubda açıq aydın şəkildə yazılmışdır ki, 6 nömrəli orderin arxiv nüsxəsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcuddur və həmin orderin arxivdə olan nüsxəsindən göründüyü kimi nömrəsi 804/1-dir. Deməli, öncəki imtinaların əsası aradan qalxır. Növbəti müraciəti Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində 804/1 saylı bağ sahəsi üzərində hüquqlarının reyestrdə dövlət qeydiyyatına alınmasına dair cavabı - bağ sahəsində mərzçəkmə və hasarlama işləri aparıİmadığından sahənin sərhədlərini təyin etmək mümkün olmamışdır, orderdə də bağ sahəsi qeyd olunmadığından ərizəsinin icrası mümkünsüz olmuşdur. Növbəti müraciəti xx.xx.2018ci il tarixli ********** saylı ərizəsi yenidən hüquqların qeydiyyatı barədə xx.xx.2018-ci il tarixli **********69 saylı cavabda bildirilir ki, 6 saylı orderin həmin bağa aidiyyəti yoxdur. Növbəti müraciəti xx.xx.2018-ci il tarixli ********** saylı - yenidən hüquqların qeydiyyatını istəmişdir - xx.xx.2018-ci il tarixli **********53 saylı imtina məktubunda yazılır ki, bağın nömrəsi göstərilməyib, qərarın nömrəsində uyğunsuzluq var, hasarlama işini aparmamışdır. Hal-hazırkı iddia predmeti isə imtina məktublarının sonuncusu olan xx.xx.2021-ci il tarixli **********2 saylı məktubla əlaqədardır. Sözügedən bağ sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən arayışın mərhumun adına alınması üçün xx.xx.2020-ci il tarixində ********** saylı ərizə ilə cavabdeh quruma müraciət ünvanlanmışdır. Cavabdeh qurum isə yenidən imtina məzmunlu ərizə yazaraq xx.xx.2021-ci il tarixli **********2 saylı məktubu göndərmişdir. Halbuki, mərhum atasının vəfatı, bağın sənədləri, o cümlədən 8 saylı notariatdan vərəsəliklə əlaqədar məktub da tərəfindən təqdim edilmişdir. Beləliklə, uzun illər ərzində cavabdeh quruma edilmiş müraciətlərə verilmiş imtina məzmunlu cavablardan belə bir qənaətə gəlmişdir ki, hazırkı məsələnin məhkəmə araşdırılması zəruridir. İşin birinci instansiya icraatı zamanı cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-934/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəyə uyğun tərtib edilmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab eidlmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-934/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1966-cı il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - V-ЖГ № 302666 nömrəli, xx.xx.1998-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.1998-ci ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 79 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat kontorunun Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı xx.xx.2016-cı il tarixli, 1277 nömrəli məktubunda bildirlilmişdir ki, 13 may 1998-ci il tarixdə vəfal etmiş mərhum X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 8 saylı notariat kontoruna müraciət daxil olmuş və 95/2016 nömrəli vərəsəlik işi açılmışdır. X2 vəfal etməsi ilə əlaqədar 2016-cı ildə onun vərəsəsi İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan SSR Bakı Şəhər İcraiyyə komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.1990-cı il larixli 7/23 nömrəli qərarına əsasən X4 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində bağ sahəsi ayrılmışdır. X4 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində ayrılmış bağ sahəsinə mərhumun adına çıxarış verilməsinə köməklik göstərəsiniz. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********58 nömrəli məktubu ilə təqdim edilmiş Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Türkan bağlar sahəsindəki 154 nömrəli kooperativin 6 nömrəli orderinə əsasən X4 Bakı şəhər icraiyyə komitəsinin 12 mart 1990-cı il tarixli 1/23 nömrəli qərarına əsasən Türkan bağlar sahəsində 154 nömrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 804/1 nömrəli bağ ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, BA-02755- 2021 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhər soveti icraiyyə komitəsinin 12 mart 1990-cı il tarixli 1/23 nömrəli qərarına əlavə edilmiş Türkan 154 nömrəli bağ-tikinti kooprativi üzvlərinin siyahısında 6-cı sırada X3 adı qeyd olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/23 nömrəli qərarı ilə 154 nömrəli bağ tikinti kooperativi nəzdində Türkan bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 804/1 nömrəli bağ sahəsinə dair X3 adına verilmiş 6 nömrəli order İdarənin arxivində mövcuddur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən qeyd edilmiş suallarla əlaqədar olaraq bildirilir ki: Sual 1: Naturada göstərilən torpaq sahəsinin Türkan Bağlar sahəsində 154 nömrəli ВТK nəzdində bağların sxematik xəritəsində bağ sahələrinin yerləşmə ardıcılığı, bağ nömrələri, bağ sahəsinə dair arxiv cizgisi, elektron baza məlumatları əsas götürülərək, 154 nömrəli ВТK nəzdində 804/1 nömrəli bağ sahəsinə uyğundurmu? Cavab: Məsələ ilə əlaqədar olaraq bildirilir ki, 6 nömrəli orderin arxiv nüsxəsində bağ sahəsinin nömrəsi 804/1, sahəsi 1200,0 kv.m qeyd edilmişdir. İddia olunan sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 804/1 saylı bağın ərazisinə uyğun gəlmir. Sual 2: Göstərilən Bakı şəhəri, Türkan Bağlar sahəsində 154 nömrəli ВТK nəzdində 804/1 nömrəli bağ sahəsinin faktiki ölçüsü nə qədərdir və həmin sahə hüquqmüəyyənedici sənədlərə əsasən hər hansı şəxsin adına olan torpaq sahəsi ilə üst-üstə düşürmü? Üst-üstə düşürsə hansı bağ sahəsi ilə, torpaq sahəsinin hansı hissəsində və hansı ölçüdə? Cavab: İddia olunan sahə 1156,0 kv.m təşkil edir. Sahə **********03 reyestr nömrəsi ilə X6 adına 746/18 saylı bağ nömrəsi kimi qeydiyyata alınıb. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli, **********59 nömrəli məktubunda bildirilmişdir ki, sizin xx.xx.2018-ci il tarixli ərizənizə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, X3 adına verilmiş 6 nömrəli orderin arxiv nüsxəsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcuddur. Həmin orderin arxivdə mövcud olan nüsxəsində bağ sahəsinin nömrəsi 804/1, sahəsi 0.12 hektar qeyd edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli, **********46 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, mərhum X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 804/1 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsində mərzçəkmə və hasarlama işləri aparılmadığından sahənin sərhədlərini təyin etmək mümkün olmamışdır. Bundan başqa təqdim olunmuş orderdə bağ sahəsinin nömrəsi qeyd olunmamışdır. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinin 1.2 və 3-cü bəndlərinə əsasən tərəfinizdən bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunmuş nöqsanlara görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli, **********69 nömrəli məktubunda bildirilmişdir ki, mərhum X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 804/1 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı verilən cavabların araşdırılması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizənizə baxılmışdır. Ərizənizdə qeyd etdiyiniz uyğunsuzluğa aydınlıq gətirərək bildirilir ki, xx.xx.2018-ci il tarixli **********59 nömrəli məktubda arxiv əsaslarında mərhum X2 adına mövcud olan order nüsxəsində bağ sahəsinin nömrəsi və sahəsinin qeyd olunmağı göstərilsə də, xx.xx.2018-ci il tarixli idarəyə daxil olmuş müraciətinizdə təqdim olunmuş sənədlərdə (orderdə) bağ sahəsinin nömrəsi qeyd olunmamışdır. Eyni zamanda bildirilir ki, arxiv əsaslarında mövcud olan orderin göstərilən əraziyə aidiyyəti yoxdur. Nəzərinizə çatdırılır ki, xx.xx.2018-ci il tarixli **********46 nömrəli məktubda qeyd olunan iradlar aradan qaldırılmamış və bağ sahəsində mərzçəkmə, hasarlama işləri tam aparılmamışdır. Bundan başqa elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsinin ölçüləri və naturada yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Yuxarıda qeyd olunmuş nöqsanlara görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli, **********53 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, mərhum X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 804/1 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizənizə baxılmışdır. Ərizənizdə qeyd etdiyiniz uyğunsuzluğa aydınlıq gətirərək bildirilir ki, xx.xx.2018-ci il tarixli **********59 nömrəli məktubda arxiv əsaslarında mərhum X2 adına mövcud olan order nüsxəsində bağ sahəsinin nömrəsi və sahəsinin qeyd olunmağı göstərilsə də, xx.xx.2018-ci il tarixli idarəyə daxil olmuş müraciətinizdə təqdim olunmuş sənədlərdə (orderdə) bağ sahəsinin nömrəsi qeyd olunmamışdır və təqdim olunmuş vərəsəlik məktubunda qeyd olunan Bakı şəhər İcraiyyə komitəsinin bağlar və təsərrüfatının inkişafı və istismar birliyi tərəfindən verilmiş qərarın nömrəsi ilə təqdim olunmuş sənədlərdə qeyd olunan qərarın nömrəsində uyğunsuzluq mövcuddur. Eyni zamanda bildirilir ki, arxiv əsaslarında mövcud olan orderin göstərilən əraziyə aidiyyəti yoxdur. Nəzərinizə çatdırılır ki, xx.xx.2018-ci i! tarixli **********69 nömrəli məktubda qeyd olunan iradlar aradan qaldırılmamış və bağ sahəsində mərzçəkmə, hasarlama işləri tam aparılmamışdır. Bundan başqa elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsinin ölçüləri və naturada yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Yuxarıda qeyd olunmuş nöqsanlara görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********92 nömrəli məktubunda bildirilmişdir ki, mərhum X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 804/1 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, idarənin mütəxəssisləri tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən torpaq sahəsi ilə bağlı xx.xx.2018-ci il tarixli, **********46 nömrəli məktubla cavab verilmiş və qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 1990-cı ildə torpaq ayrılarkən qüvvədə olan (1971-ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı 804/1 saylı bağ sahəsi ilə bağlı müvafiq sənədləri cavabdehə təqdim etsə də, ona ayrılmış torpaq sahəsini mərzləşdirməmiş, hasarlama işləri aparmamış, torpaq sahəsinin naturada sərhədlərini göstərə bilməmişdir. Eyni zamanda işdə olan iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı cavabdehə olan müraciətlərə cavablarda da iddiaçının torpaq sahəsinin naturada sərhədlərini göstərən mərzəkmə işlərinin aparılmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin birinci instansiya icraatı zamanı təqdim edilmiş mütəxəssis rəyində naturada göstərilən torpaq sahəsinin Türkan Bağlar sahəsində 154 nömrəli ВТK nəzdində bağların sxematik xəritəsində bağ sahələrinin yerləşmə ardıcılığı, bağ nömrələri, bağ sahəsinə dair arxiv cizgisi, elektron baza məlumatları əsas götürülərək, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 804/1 saylı bağın ərazisinə uyğun gəlmədiyi qeyd edilmiş, iddia olunan sahənin 746/18 saylı bağ nömrəsi ilə başqa bir şəxsin adına qeydiyyata alındığı göstərilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı gedişində əldə edilmiş mütəxəssis rəyində iddiaçının naturada göstərdiyi bağ torpaq sahəsinin 804/1 saylı bağın ərazisinə uyğun gəlmədiyinin qeyd etməsi, eyni zamanda iddiaçının nümayəndəsinin 804/1 saylı bağ sahəsinin elektron və ya naturada yerinin müəyyən edilməsi ilə bağlı vəsatət verməsi iddiaçının faktiki sahibliyində bağ torpaq sahəsinin olmadığı, naturada yerini tanımadığını sübut edir. İşin hallarından müəyyən edilir ki, iddiaçıya bağ sahəsi ayrılsa da, torpaqayırma baş verməmiş, iddiaçı hazırkı tarixədək həmin bağdan istifadə etməmiş, ilk əvvəl ümumiyyətlə bağın harada yerləşdiyi barədə məlumatı olmasa da, sonradan təxminən göstərdiyi torpaq sahəsi isə iddia etdiyi bağın ərazisinə uyğun gəlməməklə digər nömrəli bağ olmaqla başqa şəxsin adına qeydiyyatda və istifadədədir. Qeyd edilən hallar iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində də öz təsdiqini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Beləliklə, istinad olunan normalardan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ilk əvvəl onun planı və ölçüsü təqdim edilməli, plan ölçünün təqdim edilməsi üçün onun tərtib edilməsi məqsədilə mərzçəkmə və inventarlaşdırma işləri həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən qanunvericiliklə tələb olunan bütün sənədləri cavabdehə təqdim etmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 934/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-934/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar