Məhkəmə qərarları › İş №2-1(103)-1354/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1354/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1354/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsi 1saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti,"Azneft" İB-İ və X16 cəlb edilməklə) QƏRARİ (Açar sözlər: “hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X11, 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X8, "Azneft" İB-nin nümayəndəsi X15, X9 nümayəndəsi Nümayəndə2 David oğlunun iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9487/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh və 3-cü şəxs "Azneft" İB tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfinədn 15 mart 2023-cü il tarixli 3-48-2F/2-B-01750/2023 nömrəli məktubla təqdim edilmiş Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli 581 saylı sərəncamından arxiv çıxarışına əsasən Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün X4 600 (altı yüz) kv.m torpaq sahəsi ayrılmışdır.

2. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 581 saylı sərəncamına əsasən ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir.

3. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-14-0387-8/2023 **********01 nömrəli məktuba əsasən bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin baza məlumatları ilə üst-üstə düşür və torpaq sahəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Bundan əlavə, təqdim etdikləri yerləşmə cizgisində dəqiq istinad, məsafələr, perimetrik ölçülər qeyd edilmədiyindən göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin yerləşmə cizgisi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında konfiqurasiya fərqi mövcuddur. Torpaq sahəsinin ölçüsü sənəd üzrə 600 kv.m, faktiki isə 322 kv.m təşkil edir.

4. İddiaçı tərəfindən iş materiallarına qonşuluqda yerləşən torpaq sahələrinə dair verilmiş analoji çıxarışlar təqdim edilmişdir.

5. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 02 iyun 2023-cü il tarixli 3-48-2F-03982/2023 nömrəli məktubla Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 581 saylı sərəncamının arxiv çıxarışı təqdim edilmişdir.

6. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-31-3- 30/2-21469/2023 **********69 nömrəli məktubla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv, 200 a ünvanında yerləşən torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

7. 3-cü şəxs “Azneft” İB-nin nümayəndəsi tərəfindən təqdim edlmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2165/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçı “Azneft” İB cavabdeh Bakı şəhəri Səbail rayon İcra hakimiyyətinə (üçüncü şəxslər “Neft Kəmərləri” İdarəsi və İddiaçı) qarşı sərəncamın ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 25 iyun 2018-ci il tarixli 2-1(81)- 2996/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmənin sözügedən qərardadı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2018-ci il tarixli 2-1(103)-2026/2018 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının hazırki qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin X5 09 avqust 2018-ci il tarixli 2- 1(103)-2026/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmələrin mövqeyinə görə “Azneft” İB tərəfindən mübahisəli sərəncamın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14448/2023 saylı xx.xx.2023-cü il tairxli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Səbail rayon Bələdiyyəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi, X16) Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 200 “a” ünvanda yerləşən torpaq sahəsinə dair hüquqların mərhum anasının və ya onun adına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair iş üzrə İddiaçı ərizəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır.

9. Bakı şəhəri 17 saylı Notariat Kontoru tərəfindən verilmiş 2017/48 nömrəli 24 iyun 2017ci il tarixli məktuba əsasən X2 vərəsəsi İddiaçıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 3 ünvnaında yerləşən sahəsi 322 kv.m olan torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən torpaq qanuni əsasla ayrılmış torpaq sahəsidir. Həmin torpaq sahəsi hazırda da, onun istifadəsindədir və orada 1996-cı ildə ev tikmiş və daimi olaraq həmin ünvanda yaşayır. Qeyd edilən torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının 22 fevral 1995-ci il tarixli sərəncamı ilə fərdi ev tikintisi üçün ayrılıbdır. Sərəncama uyğun olaraq o, 1996-cı ildə ayrılmış torpaq sahəsində fərdi ev tikmişdir. Torpaq sahəsinin qanuni əsasla ayrılması barəsində Milli Arxiv İdarəsinin müvafiq arayışları vardır. 1995-ci ildən qanuni əsasla ayrılmış torpaq sahəsi və 1996-ci ildən həmin torpaq sahəsində tikdiyi evdə yaşayır. Ona ayrılmış torpaq sahəsinin özəlləşdirilərək adına Reyestrdən Çıxarışın verilməsi barəsində xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Müraciətində bütün sənədlərini təqdim etmişdir. Lakin, cavabdeh təşkilat xx.xx.2023-cü il tarixdə 3-21-3- 30/214-03878/2023 **********01 saylı məktubla ona ayrılmış torpaq sahəsinə dair reyestrdən çıxarış verilməsindən imtina edilmədiyini göstərmiş olsa da, ancaq çıxarış verilməmişdir. Ona çıxarışın verilməməsinin səbəbi isə cavab məktubunda qeyrimüəyyən, aydın olmayan halda izah edilmişdir. Cavabda, eyni zamanda ona ayrılmış torpaq sahəsinin qanuni və əsaslı olduğu göstərilir, sənədlərlə təsdiq edildiyi bildirilir, çıxarışın verilməsindən imtina edilmədiyi bildirilir, lakin çıxarış verilmir. Göründüyü kimi, cavabdeh torpaq sahəsinə çıxarışın verilməsi barəsində heç bir tutarlı əsas göstərmədən, qanuni və əsaslı sənədlərin olmasını təsdiq edərək, ona çıxarış verməmişdir. Məktubda göstərilir ki, guya torpaq sahəsi neft kəmərinin mühafizəsi zonasında yerləşir. Cavabdehin göstərdiyi hal həqiqətə uyğun deyildir. Badamdar qəsəbəsi 2-ci yaşayış massivi tam məskunlaşmış ərazidir və həmin ərazidə hər-hansı neft kəmərinin müafizə zonası ümumiyyətlə yoxdur. Cavabdehin məktubunda torpaq sahəsinin cizgisi və faktiki vəziyyəti arasında konfiqurasiya fərqinin olduğu bildirilir. Bu da, həqiqəti əks etdirmir. 1995-ci ildə onlara ayrılan torpaq sahəsinin ölçüsü 600 kv.m olmuşdur. Həmin ölçüdə olan sahənin 278 kv.m sahəsi onların tərəflərindən 2004-cü ildə qonşulara verilmişdir. Qonşu həmin sahədə ev tikmiş və evə dair çıxarış da, almışdır. Onların qonşuya verilmiş torpaq sahəsi barəsində heç bir mübahisələri yoxdur. Onlar, faktiki istifadələrində olan 322 kv.m torpaq sahəsinə çıxarış verilməsi barəsində də, müraciət etmişlər.

12. Məhkəmənin 2-1(112)-9487/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Azneft" İB-i və X16 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.

13. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən sahəsi 322 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə (X4) məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

14. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin (JN 4150 və JN 9857 saylı ) baza məlumatları ilə üst-üstə düşür və torpaq sahəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Bundan əlavə, təqdim edilən yerləşmə cizgisində dəqiq istinad, məsafələr, perimetrik ölçülər qeyd edilmədiyindən göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin yerləşmə cizgisi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında konfiqurasiya fərqi mövcuddur və torpaq sahəsinin ölçüsü sənəd üzrə 600 kv.m, faktiki isə 322 kv.m təşkil edir. Eyni zamanda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 200 “a” ünvanında yerləşən torpaq sahəsinə dair mərhum anası X2 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq çıxarışın verilməsinə dair iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-49/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə rədd edilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9487/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, ünvan 3 ünvanında yerləşən sahəsi 322 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə (X4) məxsus olması barədə arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 581 saylı sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün X4 600 (altı yüz) kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı X2 vərəsəsidir. Onun tərəfindən torpaq sahəsinin bir hissəsi qonşusu X1, iddiaçının faktiki istifadəsində 322 kv.m torpaq sahəsi qalmışdır. İddiaçı hazırda həmin torpaq sahəsinin 322 kv.m hissəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasını xahiş edir. S.Bağırova onunla iddiaçı arasında torpaq sahəsinə dair aralarında hər hansı bir mübahisənin olmadığını bildirmişdir. Cavabdeh tərəfindən etiraz ərizəsində iddiaçının hazırki tələbi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)49/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının olmasını bildirsə də, iş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, həmin qərar hazırda qüvvədə deyil, həmin iş üzrə iddiaçının ərizəsi əsasında məhkəmənin qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmçinin, cavabdeh tərəfindən etiraz ərizəsində mübahisəli torpaq sahəsinin neft kəmərlərinin mühafizə zonasında yerləşməsinə istinad edilmişdir ki, həmin halın araşdırılması nəticəsində müəyyən edilmişdir ki, “Azneft” İB tərəfindən mübahisəli torpaq sahəsinin ayrılması barədə sərəncam əvvəllər digər inzibati məhkəmə icraatında mübahisələndirilmiş, qanuni qüvvəsini almış məhkəmə qərardadına əsasən “Azneft” İB tərəfindən sərəncamın mübahisələndirilməsi üçün iddia müddəti ötürüldüyündən iddia mümkün sayılmamışdır. Məhkəmə eləcə də, qeyd edir ki, iş materiallarına əlavə edilmiş analoji çıxarışlara əsasən müəyyən edilmişdir ki, iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə artıq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Belə olan təqdirdə, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Qərardan cavabdeh və 3-cü şəxs "Azneft" İB tərəfindən ayrılıqda apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9487/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

c) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin (JN 4150 və JN 9857saylı ) baza məlumatları ilə üst-üstə düşür.Torpaq sahəsinin ayrılması barədə sərəncam xx.xx.1995-ci il tarixli olsa da, sahəyə dair yerləşmə cizgisi xx.xx.2005-ci il tarixində tərtib edilmişdir. Həmçinin yerləşmə cizgisində dəqiq istinad, məsafələr, perimetrik ölçülər qeyd edilmədiyindən göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki vəziyyət arasında konfiqurasiya fərqi mövcuddur.Topaq sahəsi neft kəmərinin mühafizə zonasında yerləşir.

19. 3-cü şəxs "Azneft" İB-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyət hüquqlarının tanınmasını tələb etdiyi torpaq sahəsi AR DNŞ-nin qanuni istifadəsinə verilmiş ərazilərin daxilində yerləşir. Bundan başqa, “Texniki Təhlükəsizxlik haqqında Azərbaycan Respublikası Qanununa və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001 il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Həmçinin quyuların elektron baza məlumatlarına baxış keçirən zaman müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsindən 35m məsafədə 2968 saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur. Bu barədə topoqrafik planından çıxarışını məhkəmə iclasında tərəfimizdən hakimə təqdim olunmuşdur. Həmçinin, məhkəmə gedişaatında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin (JN 4150 və JN 9857 saylı ) baza məlumatları ilə üst-üstə düşür və torpaq sahəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Bundan əlavə, təqdim edilən yerləşmə cizgisində dəqiq istinad, məsafələr, perimetrik ölçülər qeyd edilmədiyindən göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin yerləşmə cizgisi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında konfiqurasiya fərqi mövcuddur və torpaq sahəsinin ölçüsü sənəd üzrə 600 kv.m, faktiki isə 322 kv.m təşkil edir. Eyni zamanda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 200 “a” ünvanında yerləşən torpaq sahəsinə dair mərhum anası X2 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq çıxarışın verilməsinə dair iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )-49-/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə rədd edilmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

21. Məhkəmə Kollegiyasının iclasında cavabdehin və 3-cü şəxs "Azneft" İB-nin nümayəndəsi apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdirlər.

22. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Verilən suallara cavabında bildirilmişdir ki, 24 ildən çoxdur ki, iddia etdiyi torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşayır.Həmin torpaq sahəsi elə həmin vaxtdan hasara alınaraq darvaza qoyulmuşdur.Hasarına bitişik qonşularına çıxarış verilmişdir, lakin ona imtina edilmişdir. Mülkiyyətə dair şəhadətnamələrə (JN 4150 və JN 9857saylı ) əsasən qonşuları X10 məxsus və X13 məxsus torpaq sahələri onun hasarından kənarda qalan qonşulardır.Heç bir vaxt həmin qonşuları ilə mübahisəsi olmayıb.Onun hasarından və torpağından heç bir neft borusu keçmir.

23. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

24. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxs X9 nümayəndəsi torpaq sahəsinin bir hissəsinin iddiaçı tərəfindən ilkin alqı-satqı müqaviləsi əsasında onlara satıldığını, torpaq sahəsinə dair aralarında heç bir mübahisənin olmadığını bildirərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirdi.

Tətbiq edilən hüquq

25. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

26. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

27. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

33. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

34. İşin hallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 581 saylı sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün X4 600 (altı yüz) kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı X2 vərəsəsidir. Onun tərəfindən torpaq sahəsinin bir hissəsi qonşusu X12 ilkin alqı-satqı müqaviləsinə əsasən satılmışdır. S.Bağırova iddiaçı ilə onun arasında torpaq sahəsinə dair aralarında hər hansı bir mübahisənin olmadığını bildirmişdir.

35. İddiaçı qeyd olunan sərəncam əsasında mərhum anası X4 ayrılmış torpaq sahəsinə hüququn məxsus olmasında dair arayış almasını istəyir və iddiası təmin olunmuşdur.

36. Cavabdeh tərəfindən apellyasiya şikayətində iddiaçının hazırki tələbi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-49/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının olması bildirilsə də, məhkəmə Kollegiyasının sorğusu əsasında həmin inzibati iş tələb olunaraq tərəflərin iştirakı ilə iş materiallarına baxış keçirilmişdir.

37. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, həmin qərar hazırda qüvvədə deyildir.Belə ki, X9 3-cü şəxs qismində cəlb olunmaqla bağlı ərizəsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-49/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək işin icraatı təzələnmiş, daha sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-14448/2023 saylı, xx.xx.2023-cu il tarixli qərardadı ilə həmin iş üzrə iddiaçının ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır.

38. Həmçinin, cavabdeh tərəfindən apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin neft kəmərlərinin mühafizə zonasında yerləşməsinə istinad edilmişdir ki, həmin halın araşdırılması nəticəsində müəyyən edilmişdir ki, “Azneft” İB tərəfindən mübahisəli torpaq sahəsinin ayrılması barədə sərəncam əvvəllər digər inzibati məhkəmə icraatında mübahisələndirilmiş, qanuni qüvvəsini almış məhkəmə qərardadına əsasən “Azneft” İB tərəfindən sərəncamın mübahisələndirilməsi üçün iddia müddəti ötürüldüyündən iddia mümkün sayılmamışdır.

39. Məhkəmə Kollegiyası eləcə də, qeyd edir ki, iş materiallarına əlavə edilmiş analoji çıxarışlara əsasən müəyyən edilmişdir ki, iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə artıq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.

40. Belə olan təqdirdə, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.

41. Bundan başqa cavabdeh tərəfindən apellyasiya şikayətində göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin (JN 4150 və JN 9857saylı ) baza məlumatları ilə üst-üstə düşür.

42. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, məhkəmə Kollegiyasının sorğusu əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-49/2019 saylı inzibati işi tələb olunaraq tərəflərin iştirakı ilə iş materiallarına baxış keçirilmişdir və Mülkiyyətə dair şəhadətnamələrin (JN 4150 və JN 9857saylı ) surətləri çıxarılaraq hazırkı iş materiallarına əlavə olunmuşdur.

43. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı iddia olunan bağ sahəsi ilə Mülkiyyətə dair şəhadətnamələrə (JN 4150 və JN 9857saylı ) əsasən qonşulara məxsus torpaq sahələrinin faktiki üst-üstə düşməsinə dair sübutlara istinad edilməmişdir.

44. Bundan başqa məhkəmə Kollegiyasının iclasında iddiaçı verilən suallara cavabında bildirilmişdir ki, 24 ildən çoxdur ki, iddia etdiyi torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşayır.Həmin torpaq sahəsi elə həmin vaxtdan hasara alınaraq darvaza qoyulmuşdur.Hasarına bitişik qonşularına çıxarış verilmişdir, lakin ona imtina edilmişdir. Mülkiyyətə dair şəhadətnamələrə (JN 4150 və JN 9857saylı ) əsasən qonşuları X10 məxsus və X13 məxsus torpaq sahələri onun hasarından kənarda qalan qonşulardır.Heç bir vaxt həmin qonşuları ilə mübahisəsi olmayıb.Onun hasarının və torpağının yaxınlığından heç bir neft borusu keçmir.

45. Məhkəmə Kollegiyası 3-cü şəxs "Azneft" İB-nin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, şikayət cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyət hüquqlarının tanınmasını tələb etdiyi torpaq sahəsi AR DNŞ-nin qanuni istifadəsinə verilmiş ərazilərin daxilində yerləşir. Bundan başqa, “Texniki Təhlükəsizxlik haqqında Azərbaycan Respublikası Qanununa və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001 il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Həmçinin quyuların elektron baza məlumatlarına baxış keçirən zaman müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsindən 35m məsafədə 2968 saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur. Bu barədə topoqrafik planından çıxarışını məhkəmə iclasında tərəflərindən hakimə təqdim olunmuşdur.

46. Məhkəmə Kollegiyası şikayətin göstərilən dəlilinə münasibətdə nəzərə alır ki, iş materiallarına əlavə edilmiş analoji çıxarışlara əsasən müəyyən edilmişdir ki, iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə artıq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.İddiaçı 24 ildən çoxdur ki, iddia etdiyi torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşayır.Həmin torpaq sahəsi elə həmin vaxtdan hasara alınaraq darvaza qoyulmuşdur.Hətta iddiaçının hasarına bitişik qonşularına çıxarış verilmişdir, lakin ona imtina edilmişdir.

47. Məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, 3-cü şəxs "Azneft" İB-nin apellyasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla, həmin dəlillərə yuxarıda hüquqi qiymət verildiyindən odur ki, prosessual qənaət prinsipindən çıxış edərək məhkəmə Kollegiyası həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və hər iki apellyasiya şikayətinə münasibətdə hesab edir ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

48. Həmçinin, 3-cü şəxs "Azneft" İB-nin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, yerləşmə cizgisi ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında konfiqurasiya fərqi mövcuddur və torpaq sahəsinin ölçüsü sənəd üzrə 600 kv.m, faktiki isə 322 kv.m təşkil edir.

49. Şikayətin göstərilən dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı məhkəmənin gedişində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən sahəsi 322 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə (X4) məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir, dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9487/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, ünvan 3 ünvanında yerləşən sahəsi 322 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə (X4) məxsus olması barədə arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

50. Məhkəmə Kollegiyası vurğulayır ki, mübahisəli torpaq sahəsi uzun müddətdir və halhazırda iddiaçının faktiki istifadəsindədir.Hər hansı qonşu bağ sahəsi ilə faktiki üst-üstə düşmə halı müəyyən olunmur.

51. Daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatının həyata keçirilməsi ilə bağlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir.

52. Beləliklə, cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur.

53. Qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası cavabdehin imtinasını, həmçin cavabdehin və 3-cü şəxs "Azneft" İB-nin şikayətin dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir.

54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

55. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

56. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.

57. Beləliklə, cavabdehin və 3-cü şəxs "Azneft" İB-nin apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.

58. Lakin məhkəmə Kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən (müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.) hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9487/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınarkən “mülkiyyət hüquqlarının məxsus olmasına dair arayışın verilməsi” kimi nəticə həmin maddənin məzmununa uyğun olmamışdır.

59. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9487/2023 saylı, xx.xx.2023-cü il qərarı “mülkiyyət hüquqlarının mərhum X4 məxsus olmasına dair” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9487/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüquqlarının X4 məxsus olmasına dair” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar