Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1354/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X2 Asəf qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "piket keçirilməsinə icazə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 15548/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan, 04 noyabr 2024-cü il tarixdə, saat 12:00-dan 13:00-adək müddətdə, yəni 60 dəqiqə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə “Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevi 2023- 2024-cü ilin korrupsiya çempionu seçilməsi münasibəti ilə ürəkdən təbrik edirik” şüarı ilə piket keçirilməsinə icazə verilməməsi barədə cavabdeh Şəhər İcra Hakimiyyətinin 31 oktyabr 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 10 gün ərzirdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə “Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevi 2023-2024-cü ilin korrupsiya çempionu seçilməsi münasibəti ilə ürəkdən təbrik edirik” şüarı ilə piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15548/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarıına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, hazırkı iddia üzrə iddiaçılar Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə piket keçirilməsinə icazə verilməsini mübahisələndirirlər. İddiaçılar hazırkı iddia ərizəsini xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişlər. Həmçinin müəyyən olunur ki, iddiaçılar xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan, 27 sentyabr 2024-cü il tarixdə, saat 12:00-dan 13:00-dək müddətdə, yəni 60 dəqiqə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə "Binəqədi İcra Hakimiyyətində korrupsiyaya son, korrupsioner icra başçısını həbs edin" şüarı ilə piket keçirilməsinə icazə verilməməsi barədə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 23 sentyabr 2024- cü il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçılara qərar qüvvəyə mindikdən sonra 10 gün ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə "Binəqədi İcra Hakimiyyətində korrupsiyaya son, korrupsioner icra başçısını həbs edin" şüarı ilə piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər (inzibati iş №-1(112)-14042/2024) Göründüyü kimi iddiaçılar eyni cavabdehə qarşı eyni mübahisəyə və nəticə etibarı ilə eyni hüquqi marağa xidmət edən- Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə piketin keçirilməsinə icazə verilməsinə dair iddia tələbi ilə hazırkı iddiadan əvvəl xx.xx.2024-cü il tarixdə inzibati məhkəmə icraatında iddia qaldırmış, həmin iddia üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 45.5.2. aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır Beləliklə, iddiaçılar eyni tələblə məhkəmə icraatında daha əvvəl qaldırdıqları iddiaya məhkəmədə baxıldığı halda eyni iddia ilə yenidən məhkəməyə müraciət etməklə İPM-nin yuxarıda qeyd olunan 45.5.1-ci maddəsinin tələbini pozmuşlar. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15548/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1354/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1354/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver