Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1355/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1481/2021 saylı, 22 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 57 yaşının olduğu xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1979-cu ildə başlamış və halhazırda iş fəaliyyətinə davam edir. 57 yaşı tamam olan zaman pensiya hüququ yarandığı üçün, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin müraciətinə imtina edilmişdir. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci ilə qədər Qərvənd pambıq məntəqəsində fəhlə işləmişdir. xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixə və xx.xx.1985-ci il tarixdən 2006-cı il tarixə kimi güzəştli sahədə işləmiş və hal-hazırda güzəştli sahədə fəaliyyətini davam etdirir. İddiaçının işlədiyi bu sahələri əmək kitabçası təsdiq edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1481/2021 saylı, 22 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan az təşkil edir. Buna baxmayaraq məhkəmə səhvən iddiaçının güzəştli iş stajının olması qənaətinə gəlmişdir. Belə ki, barəsində şikayət verilən məhkəmə qərarında qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin” 2 nömrəli siyahısında 213032a-13775 kod altında nəzərdə tutulan kompressor qurğularının maşınisti, 2130301a-19861 kod altında nəzərdə tutulan elektroavadanlığının təmiri və xidməti üzrə elektromontyorlar peşəsində güzəştli iş stajı 20 il 6 ay 26 gün, ümumi iş stajı 26 il 1 gün olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Məhkəmə tərəfindən iddiaçının “Leninneft” Qaz Çıxarma İdarəsində çalışdığı kompressor qurğularının maşınisti və "xxxx" MMCdə çalışdığı elektrik montyoru vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin” 2 nömrəli siyahısın Xİİ (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsinin 3-cü yarımbölməsində (Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı) nəzərdə tutulduğuna əhəmiyyət verilməmişdir. İddiaçının işlədiyi müəssisələr neftin, qazın və qaz kodensatının, kömürün, şistin emalı ilə əlaqədar fəaliyyət göstərmədiyi üçün sözügedən vəzifələr iddiaçıya münasibətdə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr siyahısına daxil edilə bilməz. İddiaçının fəaliyyət göstərdiyi “Leninneft” Qaz Çıxarma İdarəsi və "xxxx" MMC neft-qaz və qaz kondensatının hasilatı ilə məşğul olmuşdur. Kompressor qurğularının maşınisti və elektrik montyoru vəzifələri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin” 2 nömrəli siyahısın Xİİ (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsinin neftqaz və qaz kondensatının hasilatı ilə bağlı olan ikinci yarımbölməsində nəzərdə tutulmamışdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1673/2021 nömrəli, 10 sentyabr 2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-1481/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmaqla iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-92/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1673/2021 nömrəli, 10 sentyabr 2021-ci il tarixli nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri aşağıdakılardan ibarətdir. - ümumi stajla bağlı qiymətləndirmənin aparılması; Belə ki, Qərarın 27-ci bəndində qeyd edilir ki, “İşə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin iddiaçının ümumi iş stajının yetərli olmaması ilə bağlı dəlilinə münasibət bildirməmiş, onun ümumi iş stajının həcmi istiqamətində araşdırma aparmamış, xx.xx.2006-cı il tarixədək qanunla tələb olunan ümumi iş stajına malik olub-olmamasını qiymətləndirməmişdir.” 28-ci bənddə qeyd edilir ki, “Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçının eyni anda iki müəssisədə işləməsi halının mötəbərliyini şübhə altına alsa da, bu halın iddiaçının ümumi iş stajının həcminə təsirini qeyd etməmiş, həmcinin iddiaçı tərəfindən müvafiq sənədlərin təqdim edilmədiyini deməklə kifyətlənmiş, bu istiqamətdə araşdırma aparmamışdır.” - iddiaçının işlədiyi “Leninneft” Qaz Çıxarma İdarəsi və "xxxx" MMC-nin fəaliyyət istiqamətləri üzrə araşdırmanın aparılması, xüsusi iş stajı ilə bağlı güzəştli arayışların tələb edilməsi; Qərarın 34, 35, 36-cı bəndlərində qeyd edilir ki, “apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının çalışdığı “Leninneft” Qaz Çıxarma İdarəsi və "xxxx" MMC neft-qaz və qaz kondensatının hasilatı ilə məşğul olmuşdur. Həmçinin, socar.az internet saytında "xxxx" MMC-nin əsas fəaliyyət növü Kontrakt sahəsində karbohidrogenlərin kəşfi, işlənməsi və hasilatı olaraq göstərilmişdir. İddiaçının işlədiyi kompressor qurğularının maşınisti və elektrik montyoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin” 2 nömrəli siyahısından göründüyü kimi, Xİİ (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsinin neftqaz və qaz kondensatının hasilatı ilə bağlı olan ikinci yarımbölməsində deyil, həmin bölmənin 3-cü yarımbölməsində (Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı) göstərilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisələrin neftin və qazın emalı ilə deyil, neft-qaz və qaz kondensatının hasilatı ilə məşğul olması nəticəsinə gələrkən apellyasiya instansiyası məhkəməsi bununla bağlı cavabdehin dəlillərinə və socar.az internet saytındakı məlumatlara istinad etmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, işin hallarının hərtərəfli araşdırılması prinsipinə əsasən iddiaçının qanunla tələb olunan xüsusi iş stajına malik olub-olmaması istiqamətində araşdırma aparılmalı, bununla bağlı iddiaçının işlədiyi müəssisələrə sorğu verilməli idi. Bundan əlavə, iş materiallarında olan "xxxx" MMC-nin 11 iyun 2019-cu il tarixli, 24 nömrəli güzəştli arayışının məzmunu apellyasiya instansiya məhkəməsi tərəfindən yetərli hesab edilməmiş, buna baxmayaraq, məhkəmə yeni güzəştli arayışın təqdim edilməsi yükünü iddiaçının üzərinə qoymuş, öz təşəbbüsü ilə arayışın əldə edilməsi istiqamətində tədbir görməmişdir.” İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında xidməti vəzifəsindən irəli gələn müvafiq araşdırma apararaq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Sadalanan qanunvericilik müddəasının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 57 yaşı tamam olmalı; 2) güzəştli iş stajı minimum 12 il 6 ay olmalı; 3) ümumi iş stajı minimum 25 il olmalı. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla xx.xx.2019-cu ildən 57 yaşı tamamlanmışdır. Ümumi iş stajı ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. -İş materiallarında olan iddiaçıya məxsus İT-İ ******* nömrəli, 07 aprel 1980-ci il tarixdə açılmış əmək kitabçasına əsasən, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Qərvənd pambıq məntəqəsində fəhlə kimi işləmiş, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər 12 nömrəli orta peşə texniki məktəbində təhsil almış, xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilədək “Leninneft” X5 İdarəsində kompressor qurğularının maşınisti peşəsində, həmin idarədə xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək elektrik avadanlıqlarına xidməti üzrə elektrik montyoru, xx.xx.1995-ci ildən xx.xx.2003-cü ilədək qaz-kompressor sexində elektrik montyoru, xx.xx.2003-cü ildən xx.xx.2011-ci ilədək elektrik avadanlıqlarının quraşdırılması, təmiri və elektrik təchizatı sahəsində elektro montyor peşəsində "xxxx" Müştərək müəssisəsində işləmişdir. - İT-İ ******* nömrəli, 03 sentyabr 1982-ci il tarixdə açılmış əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Hidrogeoloji ekspedisiyada 2-ci dərəcəli rəngsaz, 2-ci dərəcəli qazmaçı və 4-cü dərəcəli qazmaçının birinci köməkçisi vəzifələrin əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İT-İ ******* nömrəli, 04 may 2004-cü il tarixdə açılmış əmək kitabçasına əsasən, iddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-ci ilədək elektro montyor peşəsində "xxxx" MMC-də, xx.xx.2006-ci il tarixdən xx.xx.2014-cü ildədək 4 növbə sınaq müddəti keçirilməklə elektrik avadanlıqlarının təmiri sahəsinə elektrik montyoru peşəsində X4 İdarəsində; xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci ilədək elektrik montyoru peşəsində AR Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestində işləmişdir. - B 206145 nömrəli diploma əsasən İddiaçı, 01 sentyabr 1984-cü ildə Bakı şəhəri 12 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 26 aprel 1985-ci ildə soyuq komressor qurğularının maşinisti peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. Cavabdeh ilk olaraq imtina məktubunda xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi iş stajının 25 ildən az olmasını bildirmişdir. İş materiallarına cavabdeh tərəfindən əlavə olunmuş (iş v. 61) stajın hesablanma cədvəlindən görünür ki, cavabdeh iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1984cü il tarixədək olan iş stajını nəzərə almamış, nəticədə 22 il 10 ay 11 gün iş stajının olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası təkrar apellyasiya baxışı zamanı cavabdeh tərəfindən hesablama zamanı nəzərə alınmayan dövrlər üzrə araşdırma aparmışdır. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Qərvənd pambıq məntəqəsində fəhlə kimi işlədiyi əmək fəaliyyəti dövrü ümumi iş stajına daxil edilməsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı da Goranboy Rayon Dövlət Arxivi tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli 20 nömrəli məktubda qeyd edilir ki, 1979-1980-cı illərə aid Goranboy rayon Qərvənd kənd (Xanqərvənd kənd) pambıq qəbulu məntəqəsinin şəxsi heyət üzrə əmək haqqı və əmr kitabları mühafizə olunmaq üçün Goranboy rayon Dövlət arxivinə təhvil verilməyibdir. Goranboy rayon Dövlət arxivinə mühafizə olunan (Fond N 309) xx.xx.1979-xx.xx.1980-ci illərə aid şəxsi heyət üzrə əmr kitablarında İddiaçı qeyd olunan illər üzrə işə daxil və işdən azad olunması aşkar olunmadı. Buradan da aydın olur ki, qeyd edilən Qərvənd kənd pambıq qəbulu məntəqəsi mövcud olmuş, fəaliyyət göstərmiş, lakin müvafiq dövr üzrə arxiv sənədləri saxlanılmamışdır. Məhkəmə kollegiyası tərəfindən həmçinin, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan SSRİ Geologiya İdarəsində işləməsi ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Xidməti tərəfindən 18/133 nömrəli xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı 04 sentyabr 1982-ci ildə Hidrogeologiya və mühəndis geologiyası ekspedisiyasının Qarabağ Hidrogeoloji partiyasına ikinci dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmişdir. 31 avqust 1984-cü ildə ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Məktuba əlavə edilmiş əmək haqqı cədvəlindən görünür ki, iddiaçı 1982-1984-cü illər üzrə 25 ay əmək haqqı almışdır. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçalarından görünür ki, iddiaçı 2004-2014-cü illərdə eyni anda iki fərqli müəssisədə işləmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı maddi vəziyətinin yaxşı olmaması və ehtiyacının olması səbəbindən bir müəssisədə gündüz, digər müəssisədə isə gecə növbəsində işlədiyini bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının üst-üstə düşən əmək fəaliyyəti dövrləri ilə bağlı qeyd edir ki, “Əmək pensiyası haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Göründüyü kimi, iddiaçının ümumi iş stajına aid dövrlərində üst-üstə düşən əmək fəaliyyəti dövrlərindən birini çıxdıqda xx.xx.2006-cı ilədək 25 ildən artıq (cavabdeh tərəfindən mübahisələndirilməyən - 22 il 10 ay 11gün + Qərvənd kənd pambıq qəbulu məntəqəsində işlədiyi - 7 ay +Hidrogeologiya və mühəndis geologiyası ekspedisiyasının Qarabağ Hidrogeoloji partiyasında işlədiyi- 2 il) ümumi iş stajı tamamlanır. Apellyasiya şikayətinin əsas dəlili olan iddiaçıya məxsus güzəştli iş stajı ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. - SOCAR-ın 04 iyun 2019-cu il tarixli “iş stajı haqqında” arxiv arayışına əsasən, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1985-ci ildə (235/k nömrəli, xx.xx.1985-ci il tarixli əmr) “Leninneft” NQÇİ-nin (sonrakı adı “Balaxanıneft NQÇİ) Qaz kompressor sexinə kompressor qurğularının 4-cü dərəcəli maşinisti peşəsinə işə qəbul edilmişdir. xx.xx.1989cu ildə (əmr 669 nömrəli, xx.xx.1989-cu il) kompressor qurğularının 5-ci dərəcəli maşinisti peşəsinə keçirilmişdir. xx.xx.1991-ci ildə (əmr 330/5 nömrəli, xx.xx.1991-ci il) elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. xx.xx.1995-ci ildə (əmr 64/k nömrəli, xx.xx.1995-ci il) Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən "xxxx" MM-nə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. - SOCAR-ın 19 fevral 2019-cu il tarixli arayışına əsasən, İddiaçı, həqiqətən də SOCAR-in Kompleks qazma işləri trestinin müxtəlif idarələrində işləmişdir. X4 İdarəsi üzrə - xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixə kimi elektrik avadanliqlarının təmiri sexində elektrik montyoru, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə kimi qazmaya xidmət edən elektrik montyoru. Azərbaycan Dövlət Neft Şirkəti Kompleks qazma işləri tresti üzrə - xx.xx.2014-cü ildən hal-hazıra kimi Kompleks qazma işləri trestinin Abşeron İstehsalat bölümündə qazmaya xidmət edən elektrik montyoru peşəsində işləyir. - SOCAR tərəfindən təqdim edilmiş 26 aprel 2022-ci il tarixli SOCAR**********30490075X00194 nömrəli məktubda qeyd edilmişdir: SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş SOCAR**********80020123X00102 nömrəli 01 aprel 2022-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı «Balaxanıneft» Neft və Qazçıxarma idarəsinin (keçmiş «Lenİnneft»NQÇİ) Qaz kompressor sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək kompressor qurğularının maşinisti, həmin sexdə 01.11,1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir. İddiaçı «Balaxanıneft» NQÇİ-nin Qaz kompressor sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (06 il 04 ay 25 gün) işlədiyi kompressor qurğularının maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 Ne-li Sİyahısı»nın 33-cü «Ümumi peşələr» bölməsində 23200000-14257 kodu ilə qeyd edilmiş «qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşınistləri» peşəsi ilə eynilik təşkil edir. Eyni zamanda, sorğunuzun birinci hissəsinə cavab olaraq bildiririk ki, «Balaxanıneft» Neft və Qazçıxarma İdarəsi neft-qaz və qaz kondensatının hasil edilməsi (çıxarılması) istiqamətində fəaliyyət göstərmişdir.” - "xxxx" MMC-nin 11 iyun 2019-cu il tarixli, 24 nömrəli güzəştli-arayışına əsasən, İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarının 10.2 yarımbəndinin “a” bəndinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. ”AzGerneft” MMC-nin elektrik avadanlıqlarına xidmət və elektrik təchizatı sexində xx.xx.1995-ci il tarixindən xx.xx.2014-cü il tarixinə kimi elektrik montyoru peşəsi üzrə AzGerneft MMC-də güzəştli şərtlə əmək stajı 19 il 5 ay 27 gün təşkil edir. -Məhkəmənin sorğusuna cavab olaraq ”AzGerneft” MMC tərəfindən təqdim edilmiş 25 aprel 2022-ci il tarixli 227 nömrəli məktubda qeyd edilmişdir: "xxxx" MMC karbohidrogenlərin kəşfi, İşlənməsi və hasilatı üzrə fəaliyyət göstərir və neft-qaz və qaz kondensatının hasilatı ilə məşğuldur. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1995-ci il tarixdə “Azgerneft" MMC-nin Kompressor qurğuları sexinə 5-ci dərəcəli elektrik montyoru peşəsinə qəbul edilib (2k xx.xx.1995 əmr əlavə olunur) və xx.xx.2014-cü il tarixdə öz xahişi ilə işdən azad edilib (172K xx.xx.2014 əmr əlavə olunur). xx.xx.1962-ci İl təvəllüdlü İddiaçı çalışdığı kompressor qurğuları üzrə elektrik montyoru peşəsi Nazirlər Kabinetinin 2007-ci il 23 Yanvar tarixli 12 nömrəli qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısınında əks olunmamışdır.” Göründüyü kimi, “Azgerneft" MMC tərəfindən təqdim edilmiş güzəştli arayışlar arasında ziddiyyət olduğuna görə qeyd edilən ziddiyyətin aradan qaldırılması məqsədilə Məhkəmə kollegiyası tərəfindən "xxxx" MMC-yə təkrar sorğu ünvanlanmış və arayışlar arasındakı ziddiyyətin aradan qaldırılması xahiş edilmişdir. - "xxxx" MMC tərəfindən təqdim edilmiş 23 may 2022-ci il tarixli 281 nömrəli məktubda qeyd edilmişdir: xx.xx.1962-ci İl təvəlüdlü İddiaçı işlədiyi elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 İyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin” 2 nömrəli siyahısı”nda Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin (********), 2.“Neft-qaz və qaz kondensatının hasilatı" yarımbölməsinin (********), a) fəhlələr hissəsinin (2130200), “neft, qaz və qaz kondensatı hasilatı obyeklərində bilavasitə məşğul olan, elektik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” bəndinə aiddir (kod: 2130200a-19861).Məktuba qeyd edilən peşənin vəzifə təlimatı əlavə edilmişdir. Göründüyü kimi, kassasiya məhkəməsinin göstərişlərini icra edərək Məhkəmə kollegiyası iddiaçının işlədiyi «Lenİnneft»NQÇİ və "xxxx" MMC-nin fəaliyyət istiqamətləri və iddiaçının güzəştli iş stajı ilə bağlı ətraflı araşdırma aparmışdır. Məhkəmənin sorğularına gələn cavablardan görünür ki, «Lenİnneft»NQÇİ və "xxxx" MMC-nin fəaliyyət istiqamətləri neft-qaz və qaz kondensatının hasil edilməsi (çıxarılması) ilə bağlı olmuşdur. Həmçinin, İddiaçı «Balaxanıneft» NQÇİ-nin Qaz kompressor sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyi kompressor qurğularının maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 Ne-li Sİyahısı»nın 33-cü «Ümumi peşələr» bölməsində 23200000-14257 kodu altında qeyd edilmiş «qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşınistləri» peşəsinə uyğundur. Həmin dövr 06 il 04 ay 25 gün təşkil edir. Bundan başqa, iddiaçının "xxxx" MMC-də işlədiyi Kompressor qurğuları sexinə 5-ci dərəcəli elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 İyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin” 2 nömrəli siyahısı”nda Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin (********), 2.“Neft-qaz və qaz kondensatının hasilatı" yarımbölməsinin (********), a) fəhlələr hissəsinin (2130200), “neft, qaz və qaz kondensatı hasilatı obyeklərində bilavasitə məşğul olan, elektik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” bəndinə aiddir (kod: 2130200a-19861). Həmin dövr xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək hesablandıqda 10 il 09 ay təşkil edir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (23200000-14257) nəzərdə tutulan- kompressor qurğularının maşinisti, (2130200a-19861) – elektroavadanlığının təmiri və xidməti üzrə elektromontyorlar peşəsində güzəştli iş stajı 12 il 6 aydan çox, ümumi iş stajı 25 ildən çox olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1481/2021 nömrəli 22 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1355/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1355/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver