Məhkəmə qərarları › İş №2-1(103)-1356/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1356/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1356/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1844.4 manat məbləğində gömrük ödənişlərinin geri qaytarılması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1881/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 13-15 iyul 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, mühərrik gücü 1500 m3 təşkil edən, 2019-cu il istehsalı “Chevrolet Malibu” markalı (VİN cod 1G1ZD5ST7KF178142) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1844.4 manat məbləğində gömrük ödənişlərinin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 19.03.2020-ci il tarixdə mühərrik gücü 1500 m3 təşkil edən, 2019-cu il istehsalı “Chevrolet Malibu” markalı avtomobili (VİN cod 1G1ZD5ST7KF178142) 3913 (üç min doqquz yüz on üç) ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə X1 keçirilmiş açıq hərracda satın almış və avtomobilin kargo şirkəti tərəfindən Azərbaycana gətirilməsi üçün 1570 (min beş yüz yetmiş) ABŞ dolları yol xərci ödəmişdir. Avtomobilin Azərbaycana gətirilməsinin cəmi dəyəri 5483 USD təşkil etmişdir. Bundan sonra Dövlət Gömrük Komitəsinin rəsmi, elektron ünvanlarına may ayından iyul ayına kimi dəfələrlə "Gömrük Məcəlləsinin” 299.4-cü və 50-ci maddələrini rəhbər tutaraq müraciət etməyinə baxmayaraq gömrük orqanları üçün məcburi olan qərar ona verilməmiş, müraciətlərinə natamam məktublarla cavab verilmişdir. Gömrük əməkdaşlarının səhlənkarlığı üzündən razılaşmadığından əlavə gömrük rüsumu ödəməyə məcbur edilmişdir. Belə ki, deyilən rüsum məbləği ödənilməyəcəyi halda avtomobilin gömrük orqanında qalacağını və əlavə cərimə yazılacağı bildirilmişdir. Halbuki, “Gömrük Məcəlləsinin” 299.4-cü maddəsinə əsasən Fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciət əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir. Buna görə də 13.07.2020-ci il tarixdə Cavabdehnə şəxsən yaxınlaşmış avtomobilin alınmasını təsdiq edən invoys, ödəniş qəbzləri, avtomobilin foto şəkilləri və ona aid digər zəruri sənədləri Gömrük orqanına təqdim etmişdir. Mühərrik gücü 1500 m3 təşkil edən, 19.02.2019-cu il istehsalı olan “Chevrolet Malibu” markalı 3913 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə X1 keçirilmiş acıq hərracda satın aldığı (həmin avtomobilin kargo şirkəti tərəfindən Azərbaycana gətirilməsi üçün 1570 ABŞ dolları yol xərci ödənilib) avtomobilin ölkəyə gətirilməsinin rəsmləşdirilməsini xahiş etmişdir (cəmi dəyəri 5483 USD). Lakin, heç bir qanunverici əsas göstərmədən avtomobilə özləri qiymət qoyacaqları bildirilmiş və avtomobili qiymətləndirmişlər. Halbuki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasını qanunun 12.2-ci maddəsinə əsasən Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Həmin qayda bu iddia ərizəsinə əlavə olunmuş Gömrük komitəsinin ona rəsmi cavabında da qeyd edilib. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi əsas üsul sövdələşmə üsuludur, yəni rəsmi invoys, (hərrac şirkətinə avtomobil üçün ödənilmiş məbləğin təsdiqi sənədləri) ödəniş çekidir. Belə ki, dəfələrlə 195 qaynar xəttinə və **********-23-22-38 nömrələr ilə əlaqə saxlamağına qanunvericiliyin tələbinə riayət edilməsini xahiş etməyinə baxmayaraq bu xahiş və tələbi nəzərə alınmamışdır. Gömrük Orqanın elektron ünvanın həmin avtomobilin rəsmiləşdirilməsi üçün 4439.12 manat göstərilməsinə baxmayaraq (ödəniş qəbzləri, müqavilə invoys, ödəniş tapşırığı, avtomobilin səkilləri və ona aid digər məlumatlar) qanunsuz qərar əsasında ondan 6283.52 manat rüsum tələb edilmişdir. Valyuta və malların ümumi dəyəri 5483 USD qeyd edilməsinə baxmayaraq hesablama hissədə isə 18700 manat yəni 11000 USD əsasında hesablanmışdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1881/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: A.Oruczadə) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, onun tərəfindən elektron formada təsdiqləyərək təqdim etdiyi **********6937 sorğu nömrəli gömrük bəyannaməsi və ona əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənməli olan gömrük ödənişləri üçün iddiaçının göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. Məhkəmənin gəldiyi bu qənaətə münasibətdə bildirir ki, **********6937 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmiş, həmin gömrük bəyannaməsinin 33-cü qrafasında nəqliyyat vasitəsinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, mühərrik gücü 1500 m3 təşkil edən, 2019-cu il istehsalı “Chevrolet Malibu” markalı (VİN kod 1G1ZD5ST7KF178142) avtomobilin invoys dəyərini 5483, statistik dəyərini 11000 ABŞ dolları, gömrük dəyərini isə 18700 manat, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6-ehtiyat üsul seçilmiş, lakin yalnız 5483 ABŞ dolları yəni 42-ci qrafada olan qiymətlə bağlı rəsmi sənəd invoys təqdim edilmişdir. Halbuki nə Gömrük İdarəsi, nə də ki məhkəmə hansı səbəbdən rəsmi invoys təqdim edilmiş 42-ci qrafada göstərilən 5483 ABŞ dolları məbləğə əsasən gömrük rüsumunun hesablanmamasını (statistik dəyərini 11000 ABŞ dollarına əsasən rüsum hesablanmasını) izah edə bilməmişdir. Belə ki, “Gömrük Məcəlləsinin” 157.1-ci maddəsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasını qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Burdan görünür ki, təqdim edilmiş bəyannamədə rəsmi sənədlərə əsaslanan qiymət 5483 - 42-ci qrafada qeyd olunan qiymətdir, digər qrafalarda yazılan qiymətlər isə heç bir sənədə istinad etmir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən Gömrük bəyannaməsində göstərilən məlumatların gömrük orqanları tərəfindən yoxlanılmasının nəticələri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir. Qanun tələbindən göründüyü kimi gömrük orqanı iddia edildiyi kimi onun tərəfindən (broker tərəfindən) tərtib olunan bəyannaməni yoxlamaq hüququ olmasına baxmayaraq heç bir yoxlama aparmadan ona təqdim edilən rəsmi invoysa istinad etmədən 46-ci qrafadakı qiyməti əsas götürmüş və bu qiymətə əsasən gömrük rüsumunu hesablayaraq ona maddi ziyan vurmuş artıq gömrük rüsumunun ödənilməsinə səbəb olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322.1-ci maddəsinə istinad edərək qeyd edir ki, Gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; malların gömrük dəyərinin təyin olunması; malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarları qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. Gömrük rəsmləşdirilməsi zamanı iddiaçının göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. Gömrük rəsmləşdirilməsi zamanı iddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr gömrük ekspertizası təyin edilməmişdir. Bununla bağlı, bildirir ki, cavabdeh ona gömrük ekpertizasının keçirilməsilə bağlı heç bir hüquq və vəzifələrini izah etməmişdir. Həmçinin gömrük rüsumlarının və gömrük prosedurunun aparılması qaydaları ilə bağlı cavabdehə lazım olan bütün sənədlər (invoys, avtomobilin şəkilləri və s. sənədlər) əlavə etməklə yazılı, online şəkildə dəfələrlə müraciət etmiş, bu müraciətlərinin hamısı da aidiyyəti üzrə baxılması üçün Cavabdehnə göndərilmişdir. Həmin müraciətlər cavablandırılarkən, nə avtomobilin gömrük dəyərinə ekspertiza keçirilməsilə bağlı hüquqları və ya hər hansı sənədlərin çatışmaması barədə gömrük orqanı tərəfindən ona məlumat verilməmişdir. Məhkəmə iclasında nədənsə gömrük komitəsinin əməkdaşına ünvanlanan suallara cavab verə bilməməsinə baxmayaraq onun tərəfindən hansı səbəbdən heç bir hüquqi əsası olmayan qiyməti əsas götürmüş, iddianın rədd edilməsi barədə qərar qəbul etməklə heç bir əsaslandırma aparmamışdır. Bununla da, məhkəmə çəkişmə prinsipini pozduğu, məhkəmədə müdafıə hüquqlarını pozmuş, cavabdeh inzibati orqanın hərəkətlərinə haqq qazandırmış, nəticədə isə məhkəmə prosesini formal mülahizə əsasında yekunlaşdırmışdır. Halbuki, tərəfindən alınan 2019-cu il istehsalı "Chevrolet Malibu" markalı avtomobilin gömrük rüsumları hamı üçün standart normalarla (qiymətlərlə) tənzimlənir və bundan kənar qaydada vətəndaşlardan əlavə alman vəsait qanunsuzdur. Hesab edir ki, vətəndaşlardan bu vəsaitin alınması dövlətin gömrük sahəsində aparılan islahat siyasətinə uyğun deyildir və bu yalnız bəzi şəxslərin maddi maraqlarını təmin edir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsini və mühərrik gücü 1500 m3 təşkil edən, 2019-cu il istehsalı “Chevrolet Malibu” markalı (VİN cod 1G1ZD5ST7KF178142) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1844.4 manat məbləğində gömrük ödənişlərinin ona geri qaytarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, İddiaçı elektron formada təsdiqləyərək təqdim etdiyi **********5492 sorğu nömrəli gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. Gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə gömrük ekspertizası təyin olunmamışdır. İddiaçı gömrük ekspertizasınnı aparılmasına dair hüququndan da istifadə etməmiş, gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini başa çatdırmış və nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxılmışdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, İddiaçı idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyərini bəyannamədə göstərmiş, gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və gömrük orqanı da həmin bəyannamədə göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmiş, gömrük ödənişləri həyata keçirildikdən sonra 13.07.2020-ci il tarixdə sərbəst dövriyyəyə buraxılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan X6 İnc. C050320 nömrəli invoysdan görünür ki, “2019 CHEVROLET MALİBU LT” minik avtomobilinə görə 5.483 ABŞ dollar ödəniş edilməsi qeyd edilmişdir. İş materiallarında olan 01 nömrəli 29 mart 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən “X6 İnc.” Şirkətinin bank hesabına 5.483 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarında olan **********6937 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, 2019-cu il istehsallı mühərrik həcmi 1490 sm3, 1G1ZD5ST7KF178142 şassi/ban nömrəsi olan “CHEVROLET MALİBU LT” minik avtomobilinin invoys dəyəri 5.483, gömrük dəyəri 18.700, statistik dəyəri isə 11.000 ABŞ dolları göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X2 İdarəsinin İnspeksiya Xidməti Orqanının 041634 nömrəli 13.07.2020-ci il tarixli texniki eyniləşdirmə şəhadətnaməsindən görünür ki, 2019-cu il istehsallı mühərrik həcmi 1490 sm3, 1G1ZD5ST7KF178142 şassi/ban nömrəsi olan “CHEVROLET MALİBU LT” minik avtomobil AZS ***-**** Ekoloji sinif 6 normativ sənədlərin tələbinə uyğundur. Orqana – hesab-faktura, xarici sertifikat, şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. Həmin Məcəllənin 299.4-cü maddəsinə əsasən fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciət əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə; eynicinsli malların sövdələşmə qiyməti ilə; dəyərin çıxılması üsulu ilə; dəyərin toplanması üsulu ilə; ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 19.03.2020-ci il tarixdə mühərrik gücü 1500 m3 təşkil edən, 2019-cu il istehsalı “Chevrolet Malibu” markalı avtomobili 3913 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə X1 keçirilmiş açıq hərracda satın almış və avtomobilin kargo şirkəti tərəfindən Azərbaycana gətirilməsi üçün 1570 ABŞ dolları yol xərci ödəmişdir. Avtomobilin Azərbaycana gətirilməsinin cəmi dəyəri 5483 USD təşkil etmişdir. Bundan sonra iddiaçı avtomobilin hərrac vasitəsilə alınmasını təsdiq edən invoys, ödəniş qəbzləri, avtomobilin foto şəkilləri və ona aid digər zəruri sənədləri Gömrük orqanına bəyan etmişdir. Cavabdeh orqan tərəfindən isə gömrük dəyəri 11.000 ABŞ dolları olması əsas götürülərək iddiaçıdan 6283.52 manat gömrük rüsumu tələb edilmişdir. Halbuki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi avtomobilin sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etmişdir. Lakin cavabdeh orqan bəyannamədə 11.000 ABŞ dolları statistik dəyərin hansı əsasla götürülməsinin izahını verməmişdir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 152.1-ci maddəsinə əssən gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun həmin maddədə göstərilən şərtlərə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əssən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmin Məcəllənin 322.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; malların gömrük dəyərinin təyin olunması; malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Yuxarıda istinad olunan normadan da görünür ki, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Eyni zamanda istinad olunan normadan görünür ki, ekspertizasının aparılmasının məqsədi malların gömrük dəyərinin təyin olunmasını müəyyən etməkdir. Məhkəmə araşdırması zamanı cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa avtomobilin gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir. Sadəcə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X2 İdarəsinin İnspeksiya Xidməti Orqanının 041634 nömrəli 13.07.2020-ci il tarixli texniki eyniləşdirmə şəhadətnaməsinə əsasən 2019-cu il istehsallı mühərrik həcmi 1490 sm3, 1G1ZD5ST7KF178142 şassi/ban nömrəsi olan “CHEVROLET MALİBU LT” minik avtomobilin AZS ***-**** Ekoloji sinif 6 normativ sənədlərin tələbinə uyğunluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində olan gömrük ödənişlərinin hesablanmasına əsasən dəyəri 5483 USD, istehsal tarixi bir ildən çox, mühərrik həcmi 1490 sm3 X3 istehsalı olan nəqliyyat vasitəsinin gömrük rəsmləşdirilməsi aşağıdakı qaydada müəyyən edilmişdir: - aksiz vergisi 447 AZN; - mühərrikin işçi həcminə görə tutulan gömrük rüsum 1773.1 AZN; - əməliyyat haqqı 60 AZN; - vəsiqə haqqı 30 AZN; - ƏDV 2093.62 AZN; - elektron gömrük xidmətinin göstərilməsinə görə 30 AZN; - elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV 5.4 AZN; - cəmi 4439.12 AZN. İş materiallarından isə görünür ki, 1500 m3 təşkil edən, 2019-cu il istehsalı “Chevrolet Malibu” markalı avtomobilin rəsmiləşdirilməsi üçün 4439.12 manat göstərilməsinə baxmayaraq, heç bir izah göstərilmədən iddiaçıdan 6283.52 manat gömrük rüsumu alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli 25 saylı qərarına əsasən təsdiq edilmiş «Gömrük ödənişlərinin qaytarılması Qaydaları»n 2.1.2-ci maddəsinə əsasən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə həmin ödənişlər geri qaytarılır. Həmin Qaydaların 4-cü maddəsinə əsasən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Həmin Qaydaların 5.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh orqana müraciət edərək əlavə ödənilmiş 1844,4 manat məbləğin ona geri qaytarılmasını xahiş etmiş, cavabdeh tərəfindən isə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1844.4 manat (6283.52-4439.12=1844.4) məbləğində gömrük ödənişi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddiaçının hazırkı iddiası təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1881/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçının iddia tələbi təmin edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar