Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1357/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X1, İddiaçı (xx.xx.1950-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır- iş materiallarına əsasən bina sökülüb, faktiki ünvan- ünvan 2 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması, orderin verilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3668/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona verilmiş rədd cavabının qanunsuz hesab edilməsini, İddiaçı 830-cu keçid ev 35-də yerləşən 123-124 saylı mənzilə mənzil kirayə müqaviləsinin bağlanması və orderin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinin üzərinə öhdəlik qoyulması, həmçinin ona vurulmuş mənəvi zərərə görə cavabdehdən xeyrinə 5000 manat tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçının vaxtilə işlədiyi “Azneftkimyatəmir” tresti tərəfindən mənzil növbəsində birinci olduğuna və evi olmadığına görə ona və ailə üzvlərinə 2030-cu məhəllə (mətnə uyğun) (830-cu keçid) ev 35-də yerləşən ailəvi yataqxanada boşalan 123-124 saylı mənzillər ayrılmışdır, (ümumilikdə 7 nəfər). Mənzil ailə üzvlərinə qeyd olunan trestin xx xxxxxx 1994-cü il 9 nömrəli protokoluna əsasən verilmişdir. Qeyd olunan trestin verdiyi xx xxxxxx 1994-cü il 9 nömrəli protokolunda göstərilmişdir ki, “Azneftyağ” İB tərəfindən göstərilən 123-124 saylı mənzilə kirayə müqaviləsi və order verilsin. Erməni işğalçıları tərəfindən Qubadlı, Zəngilan rayonları zəbt edildikdən sonra orada yaşayan anası, bacısı və ailə üzvləri Qaradağ rayonunda məskunlaşdılar. Lakin onların yaşam şəraiti dözülməz olduğundan onları yaşadığı 123- 124 saylı mənzillərə gətirmişdir. Bu yaxınlarda “Azneftyağ” İB-nə kirayə müqaviləsinin alınması üçün müraciət etdikdə onlar bildirdilər ki, sözügedən yataqxanalar Bakı şəhəri MKTD-nin balansına verilmişdir. Sonra kirayə müqaviləsini almaq üçün MKTD-nə müraciət etmiş, onlar isə öz növbəsində tabeçiliyində olan 3 saylı Xüsusi Təyinatlı MKTB-nə həvalə etmişlər. 3 saylı Xüsusi Təyinatlı MKTB isə öz növbəsində cavab olaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramının” təsdiq edilməsi haqqında xx.xx.2004- cü il tarixli 298 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Hesab edir ki, iddiaçıya verilən cavab qanunsuzdur, əsassızdır və hüqüqlarının pozulmasına gətirib çıxarır. İlk növbədə qeyd edir ki, iddiaçıya verilmiş mənzildən orada yaşayan qohumlarının çıxarılması məsələsi ilə bağlı cavabdehə müraciət etməmişdir. Qeyd olunanlara əsasən İddiaçı 830-cu keçid ev 35-də yerləşən 123-124 saylı mənzilə mənzil kirayə müqaviləsinin və orderin verilməsi cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə öhdəlik qoyulması, həmçinin iddiaçı ona vurulmuş mənəvi zərərə görə cavabdehdən xeyrinə 5000 manat tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3668/2020 nömrəli qərardadı ilə (hakim F.Mədətli) iddiaçının iddiası mümkün sayılmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3668/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün hesab etməklə inzibati işin baxılması üçün həmin Məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona verilmiş mənzildən orada yaşayan qohumlarının çıxarılması məsələsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Qeyd etdiyi kimi onlar onun qohumlarıdır, onları çıxarmaq fikrində deyildir. O sadəcə ona ayrılmış mənzilə dair kirayə müqaviləsinin verilməsini istəyir. Məhkəmənin bu məsələ ilə bağlı Prezidentin Fərmanına və NK-nin qərarına istinad etməsi yersizdir. Məhkəmə kirayə müqaviləsinin və orderin verilməsi anlayışını məcburi köçkünlərin yerləşdikləri mənzildən çıxarılması anlayışı ilə əvəz edir. Bu isə məhkəmənin fərmanları, qərarları düzgün anlamaması və şərh edə bilməməsindən irəli gəlir. Hüquq münasibətləri öz-özünü tənzimləyə bilməz, bunun üçün obyektiv nizamlayıcı olmalıdır. Hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və onlara xitam verilməsi yalnız hüquq normaları əsasında həyata keçirilə bilər. Belə normalar və münasibətlər arasında daim səbəb-nəticə əlaqəsi olmalıdır. Məhz normanın təsiri nəticəsində hüquq münasibətləri istiqamətləndirilir, qaydaya salınır, habelə onların sabitliyi, davamlılığı və müdafiəsi təmin olunur. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iddia tələbi üzrə iddiaçı ona 830-cu keçid ev 35-də yerləşən 123-124 saylı mənzilə mənzil kirayə müqaviləsinin bağlanması və orderin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması, həmçinin iddiaçı ona vurulmuş mənəvi zərərə görə cavabdehdən 5000 manat tutulmasını tələb etməkdədir. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından görünür ki, Bakı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixli 852 nömrəli məktub ünvanlanmışdır. Həmin məktubda bildirilmişdir ki, Xətai rayonu, 2930-cu keçid ev 35 mənzil 123-124 ünvanına qeydiyyata düşməklə bağlı müraciətə aidiyyəti üzrə baxılması üçün Mənzil-Kommunal Təsərrüfatı Departamentindən 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Qeyd olunan ünvanda faktiki olaraq Zəngilan rayonundan məcburi köçkünlər məskunlaşmışdır. Bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında 0l.07.2004-cü il tarixli, 298 nömrəli Sərəncamına əsasən məcburi köçkünlər Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992- 1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən Çıxarılması hallarına yol verməsinlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.l999-cu il tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydasının 2-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir. Həmin qərarın 4-cü bəndinə əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr, 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində İddiaçı sözügedən xx.xx.2019cu il tarixli məktuba istinad edərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı MKTBnin imtinasını mübahisələndirir. Lakin göründüyü kimi, iddiaçı cavabdehə mövcud tələblə, yəni İddiaçı 830-cu keçid ev 35-də yerləşən 123-124 saylı mənzilə mənzil kirayə müqaviləsinin bağlanması və orderin verilməsi barədə müraciətlə deyil, qeyd olunan ünvana qeydiyyata düşməklə bağlı müraciət etmişdir. Belə olan halda məhkəmə iddiaçının qeyd olunan tələblə cavabdeh inzibati orqana müraciət etmədiyi, onunla Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında hər hansı inzibati mübahisənin yaranmadığı qənaətindədir. Cavabdeh inzibati orqan Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz əksini tapmır. Həmçinin məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəf müvafiq məbləğdə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyindən, hazırkı iddianın mümkünlük şərtləri mövcud deyil. Məhkəmə kollegiyası eyni zamanda, iddiaçının apellyasiya şikayətinin dəlili olan məhkəmənin mahiyyəti üzrə baxıb tələbin qismən təmin edə bilməsi, iddiaçının iddia tələbinin dəyişdirə bilməsi və ya dəqiqləşdirə bilməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan işin birinci instansiya icraatı zamanı xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, sədrlik edən hakim (F.Mədətli) Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən iddiaçıya iddianı müdafiə edib-etmədiyini soruşmuş, iddiaçı isə iddia ərizəsinin düzgün tərtib edildiyini və işə olduğu kimi baxıb iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara və işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına, eləcə də, yuxarıda sadalanan hüquq normalarının tələblərinə və apellyasiya şikayətin dəlillərinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3668/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1357/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1357/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver