Məhkəmə qərarları › İş №2-1(103)-1357/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1357/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1357/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi-hakim), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçılar X1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar X3 (xx.xx.1973-cü il tarixində Biləsuvar rayonunun Ovçubərə kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 47, mənzil 21) və İddiaçı2 (xx.xx.2002-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır) cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “özəlləşdirmənin etibarsız hesab edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3049/2021 saylı 16.02.2021-ci il tarixli qərardadından iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçılar X4 və İddiaçı2 03.12.2020-ci il tarixində cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 31, mənzil 39-a aid özəlləşdirmənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi ev 31/39 saylı mübahisəli mənzil 18.11.1981-ci il tarixli orderlə Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən Əlövsət Məmmədova, orderdə, onun 3 (üç) nəfər ailə üzvü - özü, arvadı Şahnisə Məmmədova və oğlu (uşaqların atası) Elçin Məmmədov göstərilməklə verilmişdir. İddiaçı 2000-ci ildə mərhum X5 ilə faktiki nikaha daxil olub, birgə yaşadığı müddətdə nikahdan 2 (iki) qız övladı xx.xx.2002-ci il təvəllüdlü Nəzrin və 18.04.2004-cü il təvəllüdlü Nərmin doğulub, uşaqların atası Məmmədov Elçin 23.06.2009-cu il tarixində vəfat edib Mübahisəli mənzildə ailə üzvü kimi Məmmədov Əlövsət, Məmmədova Şahnisə və Məmmədov Elçin birgə təsərrüfat aparmaqla 2001- 2015-ci illərdə qeydiyyatsız yaşamışlar. Elçinin vəfatından 2 ay 7 gün sonra onların xəbəri olmadan Natiqənin təkidi ilə, mübahisəli mənzili Məmmədova Şahnisənin adına özəlləşdirmişlər. Qaynanası 12 oktyabr 2011-ci ildə Natiqənin adına Bakı şəhəri 32 saylı Notariat Kontorunda vəsiyyətnamə qoymuşdur. Natiqənin adına vəsiyyətnamənin olması, qaynananın qəza nəticəsində 2016-cı ildə ölməsindən sonra məlum olduğundan, Binəqədi Rayon Məhkəməsinə mirasdan məcburi pay barəsində və sonradan vəsiyyətnamənin etibarsız hesab edilməsi barəsində iddia vermişlər, hər iki məhkəmələr və sonrakı instansiyalar tərəfindən iddiaları təmin edilməmişdir. Cavabdeh2 ilə əlaqəli bağlanan bütün sonrakı əqdlər, çıxarılan qətnamələr qanun pozuntusu ilə özəlləşdirmənin aparılmasının nəticəsində yaranıb. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3049/2021 saylı 16.02.2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim N.Abıyev). Həmin qərardaddan iddiaçı X3 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində iddia ərizəsində qeyd olunanlardan əlavə İPM-nin 32, 32.1, 32.3, 81.1-ci maddələrinə istinad olunaraq iddia ərizəsinin birinci instansiya məhkəməsində baxılması xahiş edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçılar izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq iddiaçı X3 heç vaxt cavabdehə ərizə ilə müraciət etmədiyini bildirdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehlərin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırkı tələblə, yəni mübahisəli mənzilin özəlləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydlərlə bağlı bilavasitə cavabdeh inzibati orqana müraciət edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən İPM-nin tələblərinə zidd olaraq iddia ərizəsində ikinci cavabdeh qismində fiziki şəxs olan Cavabdeh2 qeyd olunmuşdur. Göstərilən xüsusata əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehə rəsmi qaydada müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından hazırkı iddiaya mövcud vəziyyətdə baxıla bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması əsaslarından biridir. İş materiallarından göründüyü kimi iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə hazırkı iddia tələbinin məzmununa uyğun müraciət ərizəsi ünvanlamamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi qanunvericiliklə nəzərdə tutulmuş mümkünlük şərtlərinə cavab vermədiyindən inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3049/2021 saylı 16.02.2021-ci il tarixli qərardadı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3049/2021 saylı 16.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar