Məhkəmə qərarları › İş №2-1(103)-1358/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1358/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1358/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6960/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qraşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “yaşayış sahəsi yeri üzrə qeydiyyata alınmağı vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “Tibb müəssisəsindən kənarda doğulduğundan, anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığından, habelə doğulmağı barədə sənəd almaq məqsədi ilə heç bir həkimə müraciət edilmədiyindən doğum faktının qeydiyyata alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi uzun müddət mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə doğum faktının müəyyən edilməsi tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1718/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. xx.xx.2022- ci il tarixdə isə həmin qətnamə əsasında Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum faktı qeydə alınmış və AZ-JV seriyalı 712253 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiva Xidməti Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə xx.xx.2022-ci il tarixdə ******* nömrəli qərar qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyatı isə yoxdur. Hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvana olduğu yer üzrə qeydiyyata alınmışdır. Həmin ünvanda 2008-ci ildən yaşayır. Anası X7 və bacısı X5 Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışlar. ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə vəfat etmiş atası X4 məxsus olmuş, lakin həmin yaşayış sahəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ya order yoxdur. Həmin yaşayış sahəsinin yalnız Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 66 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən təsdiq edilmiş planı və yaşayış sahəsinin atası X1 barədə alqı-satqı müqaviləsi vardır. xx.xx.2022-ci il tarixdə cavabdeh Polis İdarəsinə müraciət edərək hazırda yaşadığı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata almalarını xahiş etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə “Yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə istinadən həmin maddədə qeyd olunan sənədələr təqdim edilmədiyi üçün məhkəməyə müraciət etmək hüququnu ona izah etmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6960/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin həmin qərarının ləğv edilməsinin və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinməmiş, iş düzgün, əsaslı və qanuni həll edilməyərək onun hüquqlarını pozan qərar çıxarılmışdır. Belə ki, məhkəmə iddianı rədd edərkən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş arayışa istinadən qeyd etmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmasını istədiyi həmin yaşayış sahəsi üzərində atasının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Lakin iddiaçı həmin yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasını iddia etmir. Buna baxmayaraq, onlar həmin ünvanda 2008-ci ildən yaşayırlar, anası X6 və bacısı X5 həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Göründüyü kimi, həmin ünvan dövlət tərəfindən tanınır və həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmaq mümkündür. Hesab edir ki, onun da həmin evə yaşayış yeri üzrə qeydiyyata alınmasında hər hansı problem olmamalıdır. Məhkəmə öz qərarında həmin evə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə v ə ya kirayə müqav iləsi, yaxud Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim edilməmişdir. Məhkəmənin istinad etdiyi həmin sənədlər mövcud olsaydı, cavabdeh onun müraciətini təmin edərək həmin evə yaşayış yeri üzrə qeydiyyata alardı və onun belə bir tələblə iddia qaldırmağına da zərurət yaranmazdı. Ona görə də iddiasında məhkəmədən yaşayış sahəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd tələb edilmədən ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının vətəndaşı olmasına baxmayaraq, yaşayış yeri üzrə qeydiyyata alına bilmədiyi üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin edilə bilmir. Bu səbəbdən də vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən himayəyə götürülərək himayə sənədi ilə təmin edilib. Həmin himayə sənədi əsasında mən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən hazırda yaşadığı ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmış və qeydiyyata alınması ilə bağlı DMX tərəfindən arayış da verilmişdir. Həmin sənəd iddia ərizəsinə əlavə edilmişdir...” Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər, Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəllənin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən, habelə apellyasiya şikayətinin dəlillərindən və cavabdeh qeydiyyat orqanının ona ünvanladığı imtina məktubundan göründüyü kimi, iddiaçının ünvan 3 ünvanına qeydiyyata alınması barədə müraciəti cavabdeh orqan tərəfindən iddiaçının qeydiyyata alınmasını tələb etdiyi ünvana dair “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulan sənəd təqdim edilmədiyindən təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin əsasla iddiaçının qeyd olunan ünvana pasport qeydiyyatına almaqdan imtina etməsi əsaslıdır. Belə ki, «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci madəsinin tələbinə görə: - «Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.» Qanunun qeyd olunan maddəsində ehtiva olunan müddəaların imperativ tələblərindən göründüyü kimi, istər yaşayış yeri üzrə qeydiyyatı olmayan, istərsə də yaşayış yerini dəyişdirən vətəndaş tərəfindən qeydiyyata düşmək həmin yaşayış sahəsinə dair: order, icarə və ya kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini qeydiyyat orqanına təqdim etməlidir. Qanunun 2-ci maddəsinin tələbində isə göstərilir ki, şəxsin “yaşayış yeri” dedikdə - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun qeyd olunan tələbələrindən göründüyü kimi, üç əsasla: Qanunun 5-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinə müvafiq olaraq şəxsin yaşadığı ev, mənzil və i.a. “yaşayış yeri” kimi başa düşülür: 1) mülkiyyətçi kimi; 2) icarə və ya kirayə müqaviləsi üzrə; 3) yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla. Qanunverici tərəfindən qeyd edilən üçüncü əsasda «başqa sənəd» anlayışına dəqiqlik gətirilir ki, həmin sənədin özü də qanunla müəyyən edilən sənəd formasına malik olmalıdır. Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” cümləsində də məhz, “yaşayış yeri” dedikdə, xüsusi qanunvericiliyin yuxarıda qeyd edilən hüquqi əsaslara malik “yaşadığı yeri” anlamını ehtiva olunur. İşin faktiki hallarından isə göründüyü kimi, iddiaçı, faktiki yaşadığı evə dair məhkəməyə qanunda sadalanan sənədlərdən (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) hər hansı birini təqdim etmək iqtidarında deyildir. Çünki, yaşadığı ev özbaşına tikilidir. Qeyd edildiyi kimi, onun nə evə, nə də evin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mövcud deyildir. İPM-in 1.2-ci maddəsinin göndərişi baxımından, MPM-in 81-ci maddəsi də məhz, onu nəzərdə tutur ki, qanuna və ya digər normativ-hüquqi aktalara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarlda təsdiq oluna bilməz. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində qeydiyyata alınma üçün əsas verən sənədlərdən biri kimi göstərilən «yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd» dedikdə, hər hansı istənilən bir sənədi və ya sənədsiz evdə, yəni özbaşına tikilidə yaşayış yerini nəzərdə tutmur. Başqa sözlə, yaşayış hüququ qanuni əsaslarla əldə edildiyi təqdirdə yalnız, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınmaq hüququ yaranmış olur. İddiaçı tərəfindən isə yaşadığı və atası X4 məxsus olduğunu iddia etdiyi ünvan 1 ünvanına dair «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci madəsində nəzərədə tutulan sənədlərdən əhr hansı birini m nə məhkəməyə, nə də ki, cavabdeh qeydiyyat orqanına təqdim etməmişdir. İş materiallarından isə görünən odur ki, - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-55/2-14928 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X2 adına sənədləşən fərdi uçot kartoçkası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin arxivində aşkarlanmamış; Həmçinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-55/2-12431 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X7 xx.xx.2021- ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyata alındığından, həmin sənədlərin təqdim edilməsi imkan xaricindədir. İddiaçı (xx.xx.1997- cil il təvəllüdlü) məlumatlarına uyğun şəxs aşkarlanmamış; Bundan əlavə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-55/2-31979 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X3 adına sənədləşən fərdi uçot kartoçkası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin arxivində aşkarlanmamış; Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3- 30/2- 20180/2023 **********80 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X8 adına ünvan 1 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının qeydiyyata düşmək istədiyi yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində və ya qanuni əsaslarla həmin yaşayış sahəsinin tikintisinə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Dövlət Miqrasiya Xidməti tərəfindən isə onun deməsinə görə yaşadığı yerin qeydə alınması, onun həmin ünvana rəsmi qeydiyyata alınmasına əsas ola bilməz. Beləliklə də cavabdeh tərəfindən iddiaçının hüquqlarını pozan qanunsuz hərəkətlərinin mövcudluğu müəyyən olunmur. Əksinə, onun mübahisəli ünvana qeydiyyata alınmasından imtina etmək məhz, cavabdehin qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Birinci instansiya məhkəməsinin qərarından da məhz görünür ki, iddianın təmin edilməməsi işin hallarına və qanunvericiliyin göstərişlərinə müvafiqdir. İPM-in 73.1-ci maddəsinin mahiyyətindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Ona görə də, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlmədiyini, işi əsaslı və qanuni həll etmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6960/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6960/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar