Məhkəmə qərarları › İş №2-1(103)-1359/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1359/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1359/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı “çalışdığı illərin sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-1059/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apeyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri 16 nömrəli X6 İdarəsində inşaatçı mühəndis vəzifəsində çalışdığı illərin sığorta stajına daxil edilməsi və ona xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildən 1995-ci illərdə Tağıyev adına tikiş kombinatında işləmişdir. Sonuncu olaraq 1995-ci ildən 2005-ci illərdə Bakı şəhər 16 nömrəli X6 İdarəsində mühəndis vəzifəsində işləmişdir. Ümumilikdə 1982-ci ildən 2005-ci il daxil olmaqla əmək stajı vardır. Hazırda xəstələnərək əmək sığorta Komissiyasının qərarı ilə təqaüdə çıxarılmışdır. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli məktubu ilə xx.xx.1992-ci ildən xx.xx.2005-ci illərdə olan dövrlərin əmək kitabçasının düzgünlüyünün yoxlanılmasının mümkün olmaması səbəbindən həmin dövrlərin sığorta stajını iddiaçının təqaüdünə daxil etmədiklərini qeyd etmişdir. Hesab edir ki, cavabdeh şöbənin məsul şəxsləri ona qarşı qanunsuz hərəkətə yol verərək onun 1995-2005-ci illərdə əmək stajını pensiyasına əlavə etməmişlər. O əmək kitabçasını təqdim etsə də, cavabdeh şöbənin işçiləri qanun üzrə iddiaçının əmək stajını pensiyasına əlavə etməkdən imtina etmişlər. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən iddiaçının əmək stajı təqaüdünə əlavə edilməmişdir. Belə ki, onun rəsmi məktubuna xx.xx.2017-ci il i tarixdə yox cavabı verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 1059/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-2237/2019 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1059/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ləğv edilərək iddianın təmin olunmaması barədə qərar qəbu edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-394/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2237/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri 16 nömrəli X6 İdarəsi xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, lakin VÖEN-in alınması üçün vergi orqanına müraciət etməmişdir. Sözügedən idarənin dövlət qeydiyyatına alınmasına baxmayaraq VÖEN-i olmadığından onun fəaliyyət göstərməsi, sosial ödənişlər ödəməsi öz təsdiqini tapmadığından iddiaçıya məxsus əmək kitabçasında iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 16 nömrəli X6 İdarəsində çalışmasına dair edilmiş qeydlər şübhə altına düşür. İddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlər sübut qismində qəbul edilə bilməz. Əmək kitabçasındakı qeydlərdən başqa iş materiallarında iddiaçının həmin idarədə çalışmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Nazirlər Kabinetinin 189 nömrəli xx.xx.1998ci il tarixli qərarı ilə təsdiq edilmiş əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Xətai rayon Şöbəsi Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyi ilə əvəz edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.1961-ci il tarixdə Tovuz rayonunda doğulmuş İddiaçı ümumi xəstəlik səbəbindən xx.xx.2018-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə əmək fəaliyyətinə başlamış, o cümlədən xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 16 nömrəli X6 İdarəsində çalışmışdır. Onun ümumilikdə 23 ildən çox ümumi iş stajı vardır. İddiaçı ona pensiya təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Xətai rayon şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********7 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilədək olan dövrlərin düzgünlüyünü yoxlamaq mümkün olmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir və nəticədə nə tələb olunan iş stajı, nə də pensiya kapitalı yaranmadığından ərizəni təmin etmək mümkün deyildir. İddiaçı bundan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya xx xxxxxx 2018-ci il tarixdən ikinci qrup əlillik təyin edilmişdir. Ona İİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Birinci şərtlə bağlı olaraq iddiaçının sığorta stajı mövcud olmalıdır. İddiaçı tərəfindən bununla bağlı əmək kitabçası təqdim edilmişdir. Əmək kitabçasının məlumatlarına görə iddiaçı xx.xx.1982-ci il tarixdə əmək fəaliyyətinə başlamış, o cümlədən xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 16 nömrəli X6 İdarəsində çalışmışdır. Cavabdeh xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək iddiaçının işlədiyi dövrlərin, qarşılıqlı yoxlamanın aparılması mümkün olmadığından sosial sığorta stajı kimi nəzərə alınmasından imtina etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni əsassız hesab edərək qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X11) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Kollegiya cavabdeh tərəfindən bildirilmiş qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmadığına görə əmək kitabçasındakı məlumatların həqiqiliyini yoxlamağın mümkün olmaması və buna görə də, həmin dövrün sosial sığorta stajına daxil edilməsinin yolverilməzliyi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsassız hesab edir. Qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının işin müəyyən edilmiş hallarına tətbiqi baxımından qiymətləndirildikdə iddiaçının əlilliyə görə əmək pensiyası ala bilmək üçün “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. Lakin kollegiya hesab edir ki, apelyasiya məhkəməsi mübahisənin həlli zamanı maddi və prosessual hüquq normalarını işə düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə İİ qrup əlil olan iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan digər şərtin, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan veribvermədiyi məsələsi üzrə ümumiyyətlə araşdırma aparmamışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi İİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Odur ki, təkrar apelyasiya baxışı zamanı məhkəmə digər şərtin, yəni iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyi məsələsini araşdırmalıdır. Məhkəmə kollegiyası Ali Məhkəmənin iddiaçının çalışdığı müddətin əmək stajına daxil edilməsi barədə mövqeyi ilə razalaşaraq qeyd edir ki, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası normativ sənədlərə uyğun tərtib edilmiş, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh etirazının dəlili ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrün iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının xx xxx 1961-ci il təvəllüdlü olmaqla ona xx xxxxxx 2018-ci il tarixdə ikinci dərəcə əlillik müəyyən olunması nəzərə alınarsa, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 14 il sığorta stajı (əlillik dərəcəsi verilərkən olan yaş 57 – 15 yaş əmək qabiliyyətli olmayan dövr = 42 il x 4 ay = 168 ay : 12 = 14) olmalıdır. İş materiallarına əsasən qanunun bu şərti iş üzrə yerinə yetirilir. İddiaçının 23 il əmək stajı vardır. Məhkəmə kollegiyası iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyi məsələsinə aydınlıq gətirərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” qanunun 27.1-ci maddəsinin tələbinə görə iddiaçının 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı 23 il x hər il üçün 701,48 manat (306 manatın indeksləşdirmə nəzərə alınmaqla 2017-ci ilə məbləği) = 16134,04 manat təşkil edir. Sığorta davamiyyəti əmsalının tapılması üçün tələb olunan sığorta stajı 192-yə bölünməlidir: 168 ay / 192 = 0,875. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,875x144=126) və pensiya sığorta kapitalı (PSK=16134,04) alınmış rəqəmə bölünərək (16134,04 / 126 = 128,04 manat) pensiyanın məbləği 128,04 manat məbləğində müəyyən edilir. Alınan bu məbləğ (128,04 manat) “Əmək pensiyaları haqqında” qanunun 13.2-ci maddəsində nəzərdə tutulan (110 manat) məbləğin, eyni qanunun 29.1-ci maddəsinə uyğun olaraq imzalanan Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” xx.xx.2018-ci il tarixli Sərəncamına əsasən əmək pensiyalarının sığorta hissəsi və fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik tempinə uyğun olaraq 5,7 % faiz artırılmaqla alınan 116,27 manat məbləğindən (110 + 110 x 5,7% = 116,27) çoxdur, bu da iddiaçının əlilliyə görə pensiyası hüququ yaranmışdır deməkdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin imtinası əsaslı olmamış, işə baxan birinci instansiya məhkəməsi də iddiaçının tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2-1(82)-1059/2019 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 1059/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar