Məhkəmə qərarları › İş №2-1(103)-136/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-136/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-136/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(112)-836/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçının 2-ci dərəcəli əlillik qrupuna görə 01.10.2019- cu il tarixədək aldığı əmək pensiyası ilə hərbi qulluqçu kimi 2-ci dərəcəli əlillik qrupuna görə 01.10.2019-cu il tarixdən aldığı əmək pensiyası arasındakı fərqin 01.06.2006-cı il tarixdən 01.10.2019-cu il tarixədək hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində N №-li hərbi hissədə əsgər kimi xidmət edərkən 09.02.1994-cü il tarixdə yaralanmış və sağlamlığını itirmişdir. İddiaçıya 04.05.2000-ci il tarixdə 20 №-li Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Həmin vaxtdan 04.05.2000-ci il tarixdən iddiaçıya 2-ci dərəcəli əlillik qrupuna görə əmək pensiyası təyin edilmişdir. Əlillik qrupu hər il təsdiq edilmiş, 2012-ci ildən isə müddətsiz olaraq təyin edilmişdir. Lakin, 2019-cu ilin iyul ayında iddiaçıya məlum olmuşdur ki, hərbi qulluqçu kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası hüququ vardır. Hərbi qulluqçu kimi 2-ci dərəcəli əlilliyə görə iddiaçıya əmək pensiyası təyin olunması üçün müvafiq sənədlərin (məlumat vərəqinin) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi üçün 17.07.2019-cu il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə müraciət etmişdir. Müraciətinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən barəsində tərtib olunmuş 12404 №-li, 01.10.2019-cu il tarixli “məlumat vərəqi” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş və cavabdeh tərəfindən iddiaçıya 01.10.2019-cu il tarixdən hərbi qulluqçu kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin, iddiaçı hesab edir ki, onun hərbi qulluqçu kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası almaq hüququ ona ilkin əlillik təyin olunduğu vaxtdan, yəni 04.05.2000-ci il tarixdən yaranmışdır və buna görə də iddiaçının 04.05.2000-ci il tarixdən 01.10.2019-cu il tarixədək olan müddət üçün hərbi qulluqçu kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası ilə 2-ci qrup əlilliyə görə aldığı əmək pensiyası arasındakı fərq hesablanaraq ona ödənilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçının ərizəsində iddia etdiyi, 2006-cı il tarixdən pensiya fərqinin hesablanaraq ödənilməsi qeyd edilmişdir. Bildiririk ki, iddiaçının adına əmək pensiyası təyin edilməsi üçün qulluq etdiyi Müdafiə Nazirliyi tərəfindən “məlumat vərəqi” tərtib edilərək 08.10.2019-cu il tarixdə İdarəyə göndərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə - həmin Qanunun 32.1-1 maddəsinə əsasən son 3 il nəzərə alınmaqla 01.11.2016-cı il tarixdən ödənilməsinə qərar verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən də İdarə tərəfindən son 3 ilin ödənişi həyata keçirilmiş və iddiaçıya ödənilmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(112)-836/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh iddia ərizəsinə yazılı etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilmişdir. İş materiallarından görünür ki, iddiaçıya İİ qrup, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış əlilliyə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş MN-12404 nömrəli məlumat vərəqəsinə əsasən ömürlük pensiya təyin edilmişdir. Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci və 37.7-ci maddələrini əsas tutaraq müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi nəzərdə tutulduğunu bildirmişdir. İşə baxan məhkəmə isə iddianı təmin etmiş və “Əmək pensiyaları haqqında” Qanununun 12.2 və 32.2-ci maddələrinə istinad edərək öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının hərbi qulluqçu kimi əmək pensiya almaq hüququ artıq 28 iyun 2000-ci ildə yaranmışdır. Lakin, cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi 01.11.2016-ci il tarixdən pensiya məbləği hesablanıb ödənilməsi qərara alınsa da, həmin məbləğin ödənilməsi barədə iddiaçıya məlumat və müvafiq arayış təqdim edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci ilə qədər olan redaksiyasında əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan əmək pensiyasının təyin olunması hüququ nəzərdə tutulmuşdu. İddiaçı artıq bunadək qazanmış olduğu hüququn iddia olunan 2006-cı ildən tətbiqini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə əsasən hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İddiaçıya keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği cavabdeh tərəfindən müraciət edilən tarixdən-Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 04.10.2019-cu il, MN-12404 nömrəli məlumat vərəqəsinə əsasən 01.11.2019-cu il tarixdən əvvəlki üç il üçün 01.11.2016-cı il tarixdən hesablanmaqla ödənilməsi həyata keçirilmişdir. Hazırkı mübahisə isə keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsində 01.07.2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsində (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) əks olunmuş müddət məhdudiyyətinin tətbiq edilməli olub-olmamasının mümkünlüyü ilə bağlıdır. Bununla bağlı, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08.10.2020-ci il tarixli № 3/2020 qərardadı ilə qərara alınmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Ali Məhkəmə hesab etmişdir ki, yeni tənzimləmələrin geriyə şamil edilməsi nəticəsində pensiyaçıların mülkiyyət hüquqlarına müdaxilə aidiyyəti şəxsləri qeyrimütənasib və həddindən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasındakı ədalətli balansı təmin edir. Həmçinin, qərardadda qeyd edilmişdir ki, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir. Beləliklə, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə keçmiş dövr üçün alınmamış pensiyanın məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. İş materiallarından göründüyü kimi iddiaçının pensiya hüququ 01.07.2017-ci il tarixədək yaranmış, lakin keçmiş müddət üçün alınmamış əmək pensiyasının yenidən hesablanması ilə bağlı inzibati orqana həmin tarixdən sonra müraciət etmiş, odur ki, cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi əlilliyə görə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya məbləğinin hesablanıb ödənilməsi qərara alınmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, bu səbəbdən kollegiya iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və eyni zamanda qeyd edir ki, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsinin əsasları yoxdur, rədd olunmalıdır. Bu barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(112)-836/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(112)-836/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar