Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-136/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2052/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağlar sahəsində yerləşən 190 nömrəli BTKnın 38 nömrəli orderi ilə hazırkı İddiaçı sahəsi 0,12 ha olan bağ sahəsi ayrılmışdır.
2. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh bağ sahəsinin ayrılmasına dair verilmiş xx.xx.1990-cı il tarixli, 38 nömrəli orderdə bağ nömrəsi, Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarında isə bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmadığı üçün sənədlə sahəni müəyyən etmək mümkün olmadığını və şərti olaraq göstərilən ərazi ümumi hasar daxilində olmasına əsaslandıraraq imtina etmişdir.
3. İddiaçı hazırda inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını mübahisələndirir və sözügedən bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
5. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, XDS İK-nın xx.xx.1990-cı il tarixli, 4/143 №- li qərarına əsasən Bakı şəhəri, Çöl Şüvəlan bağlar sahəsində 190 nömrəli BTK-nın nəzdində ümumi sahəsi 0.12 ha olan bağ sahəsi İddiaçı ayrılmışdır. Adıçəkilən qərar əsasında İddiaçı adına 190 nömrəli kooperativ tərəfindən 27 iyul 1990-cı il tarixli 38 nömrəli order tərtib olunmuşdur. Həmin torpaq sahəsi qeud olunan vaxtdan bu günədək iddiaçının istifadəsindədir. Bundan sonra iddiaçı tərəfindən həmin bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 12 iyul 2023-cü il tarixdə cavabdehə müraciət olunmuşdur. Lakin cavabdeh tərəfndən həmin müraciət təmin olunmamışdır. Müraciətin təmin olunmaması aşağıdakılar ilə əsaslandırılmışdır: müraciətdə qeyd olunan məsələyə cavabdeh inzibati orqan tərəfindən 27 iyul 2021-ci il tarixdə cavab verilmişdir. Həmin cavab məktubunda imtinanın əsası kimi yalnız təqdim olunmuş orderdə bağ nömrəsinin qeyd olunmaması göstərilmişdir. Şərti olaraq göstərilən ərazi ümumi hasar daxlindədir. Mülki Məcəllənin 176-cı maddəsinə əsasən tərəfinizdən hasarlama və mərzçəkmə işlərinin aparılması zəruridir. Hesab edilir ki, cavabdehin müraciəti təmin edilməməsində ifadə olunan hərəkətləri əsassızdır. Belə ki, mövcud olan və cavabdeh inzibati orqanın arxivində aşkar olunan hüquq müəyyənedici sənələrdə iddiaçıya 0.12 ha torpaq sahəsinin ayrıldığı qeyd olunsa da həmin bağın nömrəsi qeyd olunmamışdır. Bu hal üzrə iddiaçının heç bir günahı mövcud deyildir. Əksinə ayrılmış torpaq sahəsi üzrə uzun müddətdir ki, iddiaçı tərəfindən mübahisəsiz olaraq sahiblik hüququ həyata keçirilməkdədir. Qeyd olunan torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsini isə imtinaya əsas olması məntiqli deyil. Belə ki, adıçəkilən torpaq sahəsi üzrə iddiaçı hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. O, payların naturada bölgüsü barədə müraciət etməmişdir. Buna görə də sırf yuxarıda göstərilən əsasları qeyd etməklə müraciətdən imtina edilməsi qanuna ziddir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsaslanaraq, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən və ümum sahəsi 0.12 ha olan bağ sahəsi üzərində mülkiyyət hüququ üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur.
6. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 07 iyul 2021-ci il və 12 iyul 2023-cü il tarixlərdə il ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən bağ sahəsinin ayrılmasına dair verilmiş xx.xx.1990-cı il tarixli, 38 nömrəli orderdə bağ nömrəsi, Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarında isə bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmadığı üçün sənədlə sahəni müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə şərti olaraq göstərilən ərazi ümumi hasar daxilindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən iddiaçı tərəfindən hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8, 23-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqalarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22 may 2007-ci il tarixli Sərəncamına əsaslanaraq, iddia tələbinin təmin edilməməsi xahiş olunur.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2052/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Xəzər rayonu, Çöl-Şüvəlan bağlar sahəsində 190 saylı BTK-nın İddiaçı 0,12 ha ölçüdə bağ sahəsinin ayrılması barədə 38 saylı orderinə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı X1 etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən order geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından sözügedən protokoldan çıxarış və üzvlük bileti mötəbər sübut kimi qiymətləndirilməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsinin iddiaya qarşı yazılı etirazında göstərilən dəlilinə münasibətdə məhkəmə vurğulayır ki, bağ sahəsinin iddiaçıya ayrılması barədə 190 nömrəli BTK-nın 38 saylı orderində bağ sahəsinin nömrəsinin qeyd olunmaması iddiamının iradəsindən asılı olna hal deyil. Nəzərə alınmalıdır ki, inzibati praktikaya görə bağ sahələrinə ünvan verilməsi, eləcə də onıarn yerləşməsi üzrə uyğunsuzluqların aradan qaldırılması cavabdeh inzibati orqanın səlahiyyətləri daxilindədir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı ona bağ sahəsi ayrılan dövrdən oradan mübahisəsiz olaraq istifadə edir və bağ sahəsinə hər hansı şəxsin iddiası mövcud deyil.
9. Eləcə də məhkəmə diqqətə çəkir ki, bağ sahəinə hasarlanma və mərzçəkmə işlərinin aparılmaması onun üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əas kimi çıxış edə bilməz.
10. Bütün bunların məcmusunda Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağlar sahəsində 190 saylı BTK-nın İddiaçı 0.12 ha bağ sahəsinin ayrılması barədə 38 saylı orderi mübahisə obyekti olan həmin bağ sahəsinin İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati akt kimi qiymətləndirilir və belə nəticə əldə olunur ki, iddiaçı həmin torpaq sahəsinin qanuni istifadəçisi kimi ona «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əldə etmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2052/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, təqdim edilən bağ sahəsinin ayrılmasına dair verilmiş xx.xx.1990-cı il tarixli, 38 nömrəli orderdə bağ nömrəsi, Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarında isə bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmadığı üçün sənədlə sahəni müəyyən etmək tərəflərindən mümkün olmamışdır. Həmçinin təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində mövcud deyil. Bakı İnzibati Məhkəməsi təqdim edilmiş sənədlərdə torpaq sahəsinin ölçüsünün qeyd edilməməsi, orderin nüsxəsinin arxivdə mövcud olmaması və ümumi hasar daxilində yerləşməsinə münasibət bildirməmişdir.Şərti olaraq göstərilən ərazi ümumi hasar daxilindədir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
14. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
16. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.
17. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ...... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
22. İddianın mahiyyəti və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:
23. Hazırkı işə tətbiq olunan normalardan görünür ki, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin konkret əsaslarını müəyyən etmişdir.
24. İşin hallarına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağlar sahəsində yerləşən 190 nömrəli BTK-nın 38 nömrəli orderi ilə hazırkı İddiaçı sahəsi 0,12 ha olan bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh bağ sahəsinin ayrılmasına dair verilmiş xx.xx.1990-cı il tarixli, 38 nömrəli orderdə bağ nömrəsi, Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarında isə bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmadığı üçün sənədlə sahəni müəyyən etmək mümkün olmadığını və şərti olaraq göstərilən ərazi ümumi hasar daxilində olmasına əsaslandıraraq imtina etmişdir. İddiaçı hazırda inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını mübahisələndirir və sözügedən bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir.
25. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, Xəzər rayonu, Çöl-Şüvəlan bağlar sahəsində 190 saylı BTK-nın İddiaçı 0,12 ha ölçüdə bağ sahəsinin ayrılması barədə 38 saylı orderinə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı ona bağ sahəsi ayrılan dövrdən oradan mübahisəsiz olaraq istifadə edir və bağ sahəsinə hər hansı şəxsin iddiası mövcud deyil. Eləcə də məhkəmə diqqətə çəkir ki, bağ sahəinə hasarlanma və mərzçəkmə işlərinin aparılmaması onun üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əas kimi çıxış edə bilməz.
26. Əvvəla məhkəmə Kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin iddiaçının ona bağ sahəsi ayrılan dövrdən oradan mübahisəsiz olaraq istifadə etdiyi kimi mövqeyi iş materialları və iddiaçının vəkilinin (nümayəndəsinin) apellyasiya baxışı zamanı izahatı ilə təkzib olunmuşdur.
27. Belə ki, apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağlar sahəsində yerləşən 190 saylı BTK-nın nəzdində 0.12 ha bağ sahəsi ilə bağlı yeni müayinə aktı, ortofoto, 2-1(82)-2220/2019 saylı məhkəmə qərarının surəti, 190 saylı BTK üzvlərinin siyahısı, (həmçinin Əlavə Siyahısı) Qovluq (həmçinin, 70, 70В və 70V saylı bağ sahələrinə dair Qovluq tələb olunmuşdur.) və mövcud sənədlərin surəti məhkəməyə təqdim olunmuşdur: -xx.xx.2024-cü il tarixli yeni müayinə aktına əsasən öncəki müraciət zamanı başqa bir torpaq sahəsi göstərilmişdir, təqdim olunan bağ sahəsi qonşu bağlarla bir hasar daxilində yerləşir, ara sərhəddi 2-3 sıra mişar daşı düzülərək ayrılıb, sözügedən sahəyə digər fiziki şəxsin adına 9k saylı bağa dair müraciət daxil olmuşdur və məhkəmə işi (2-1(82)-2220/2019 saylı) mövcuddur. - sözügedən sahəyə digər fiziki şəxs X4 adına 9k saylı bağa dair müraciət ilə bağlı məhkəmə işi (2-1(82)-2220/2019 saylı) üzrə iddia ərizəsi və sənədlər geri qaytarılmışdır. (Bakı İnzibati məhkəməsinin 2-1(82)-4456/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə). - İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı zamanı məhkəmə iclasında bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə qonşu torpaq sahəsi Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi 4b/12 saylı bağ sahəsi kimi X5 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. -Lakin 190 saylı BTK üzvlərinin təqdim olunmuş siyahısında iddiaçının adı 38-ci sırada və torpaq sahəsinin nömrəsi 70 В/23 qeyd olunmuşdur.(Əlavə olunmuş yerləşmə planında da 70 Б/23) - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsin xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddia olunan bağ sahəsinin yerini dəqiqləşdirmək mümkün olmamışdır və sözügedən torpaq 21 saylı bağın indekslərinin ərazisidir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsin xx.xx.2025-ci il tarixli məktubuna əsasən 190 saylı BTK nəzdində 70, 70В və 70V saylı bağ sahələrinə dair sənədlər aşkar olunmamışdır. -190 saylı BTK üzvlərinin təqdim olunmuş siyahısında iddiaçının adı 38-ci sırada və torpaq sahəsinin nömrəsi 70 В/23 qeyd olunmuşdur(Əlavə olunmuş yerləşmə planında da 70 Б/23), lakin “Ortofoto” görüntüsündə iddiaçının iddia etdiyi torpaq sahəsinə qonşu torpaq sahəsi Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi 4b/12 saylı bağ sahəsi kimi X5 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir.
28. Beləliklə, apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən təqdim olunan yuxarıda istinad edilən sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçı öncəki müraciət zamanı başqa bir torpaq sahəsi göstərilmişdir, hazırda iddia etdiyi təqdim olunan bağ sahəsi başqadır, iddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı zamanı məhkəmə iclasında bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə qonşu torpaq sahəsi Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi 4b/12 saylı bağ sahəsi kimi X5 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir, lakin 190 saylı BTK üzvlərinin təqdim olunmuş siyahısında iddiaçının adı 38-ci sırada və torpaq sahəsinin nömrəsi 70 В/23 qeyd olunmuşdur.(Əlavə olunmuş yerləşmə planında da 70 Б/23).
29. Həmçinin, “Ortofoto” görüntüsündə iddiaçının iddia etdiyi torpaq sahəsinə qonşu torpaq sahəsi Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivi 4b/12 saylı bağ sahəsi kimi X5 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir.
30. Yəni iddia olunan bağ sahəsi 4b/12 saylı bağ sahələrinin sıralarına (ərazilərinə) uyğun gəlmir.
31. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsin xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddia olunan bağ sahəsinin yerini dəqiqləşdirmək mümkün olmamışdır və sözügedən torpaq 21 saylı bağın indekslərinin ərazisidir.
32. Məhkəmə Kollegiyası 190 saylı BTK üzvlərinin təqdim olunmuş siyahısında iddiaçının adı 38-ci sırada və torpaq sahəsinin nömrəsi 70 В/23 qeyd olunduğunu (Əlavə olunmuş yerləşmə planında da 70 Б/23) nəzərə alaraq 190 saylı BTK nəzdində 70, 70В və 70V saylı bağ sahələrinə dair sənədləri (həmçinin qovluqları) sorğu əsasında tələb etsə də,Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsin xx.xx.2025-ci il tarixli məktubuna əsasən 190 saylı BTK nəzdində 70, 70В və 70V saylı bağ sahələrinə dair sənədlər aşkar olunmamışdır.
33. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı halda bağ sahəsinin ayrılmasına dair verilmiş xx.xx.1990-cı il tarixli, 38 nömrəli orderə və Bakı şəhər XDS İK-nin xx.xx.1990cı il tarixli, 4/143 saylı qərarına (orderdə bağ nömrəsi, Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarında isə bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır) istinad olunaraq iddiaçının iddiası təmin olunarsa belə yuxarıda müəyyən olunan hallar məhkəmə qərarının icrasını mümkünsüz edər.
34. Yəni iddiaçı torpağın yerini göstərə bilməməsi, şərti olaraq göstərilən ərazi ümumi hasar daxilində olmaqla 190 saylı BTK üzvlərinin təqdim olunmuş siyahısında iddiaçının adı 38-ci sırada və torpaq sahəsinin nömrəsi 70 В/23 qeyd olunduğu (Əlavə olunmuş yerləşmə planında da 70 Б/23) halda qonşu torpaq sahəsi Xəzər rayonu, Çöl- Şüvəlan bağ massivi 4b/12 saylı bağ sahəsi kimi X5 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçməsi, yəni iddia olunan bağ sahəsi 4b/12 saylı bağ sahələrinin sıralarına (ərazilərinə) uyğun gəlməməsi, 190 saylı BTK nəzdində 70, 70В və 70V saylı bağ sahələrinə dair sənədlər aşkar olunmaması və.sair kimi hallar iddianın təmin olunmasını istisna edir.
35. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmur, odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
36. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2052/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2052/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.