Məhkəmə qərarları › İş №2-1(103)-1360/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1360/2021

11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1360/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil (fərdi qaydada fəaliyyət göstərən vəkil), Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində Ağdaş rayonunun Qolqatı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-1(112)- 1402/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 14.08.2020-ci il tarixdə cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоnduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 23.04.1986-15.01.1997-ci illər arasındakı dövr ərzində və 13.08.1997-ci il tarixdən bu günədək "xxxx" MMC-də elektrik çilingəri vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ yaranandan bu günə kimi ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1960-cı ildə Ağdaş rayonunun Qolqatı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 25.02.1980-ci ildə “Azrezintexnika” X2 X7 zavodunda fəhlə kimi başlamış və enerji sexinin növbətçi yarımstansiyasının elektrik təmiri sahəsində zərərli iş şəraitində işləməklə 2-ci dərəcəli elektrik montyoru qəbul edilmişdir. 09.01.1981-ci il tarixdə iddiaçıya 3-cü dərəcəli elektrik montyoru dərəcəsi verilmiş və 07.08.1981-ci il tarixdən 3-cü dərəcə ilə həmin sexə işıqlandırma təmiri elektrik montyoru keçirilmişdir. 29.09.1981-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. 31.10.1981-ci ildə Mingəçevir Tekstil kombinatında elektrik montyoru kimi işə qəbul edilərək 22.12.1985-ci ilə kimi işləmişdir. 23.04.1986-cı il tarixdən 01.07.1990-cı il tarixədək "xxxx"-nin Elektrik sexinin, “Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya, paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 4-cü dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmişdir. 01.07.1990-cı il tarixdən 15.01.1997ci il tarixədək həmin sexdə blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya, paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləmiş və öz xahişi ilə işdən azad olunmuşdur. 13.08.1997-ci il tarixdən 01.07.2010-cu il tarixədək "Azərbaycan DRES”-nin elektrik sexinin blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya, paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 4-cü dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmişdir. 01.07.2010-cu il tarixdən hal hazıradək həmin briqadada, paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. İddiaçı 23.04.1986-cı il tarixdən 15.01.1997-ci il tarixədək və 13.08.1997-ci il tarixdən bu günə kimi tam iş günü ərzində enerji bloklarında Qazan Turbin sexində Mazut təsərrüfatında, Kimya sexində paylıyıcı qurğu avadanlıqlarına xidmət və təmir işlərini aparmışdır. İş şəraitinin ağır və zərərli olduğuna görə iddiaçıya aylıq məvacibinin 8%-i məbləğində əlavə əmək haqqı ödənilmiş, əmək məzuniyyətinə əlavə olaraq 06 təqvim günü əlavə edilmişdir. 23.04.1986- 15.01.1997-ci illər arasındakı dövr ərzində və 13.08.1997-ci il tarixdən bu günədək "xxxx" MMC-də işlədiyi elektrik çilingəri vəzifəsi güzəştli şərtlərlə iddiaçıya 2017-ci ildən pensiya təyin edilməsinə əsas verir. 20.12.2019-cu il və 20 fevral 2020-ci il tarixlərdə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin ərizəyə verilmiş güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktublara əsasən 23.04.1986-15.01.1997-ci illər arasındakı dövr ərzində və 13.08.1997-ci il tarixdən bu günədək "xxxx" MMC-də işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında" nəzərdə tutulmamışdır. Qeyd edilənlərə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” elektrik stansiyaları,enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) gərginlik altında olan 330 KV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-1(112)-1402/2021 nömrəli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı pensiya hüququ yarandığı 01 iyul 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddia tələbinin təmin olunmamış hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Qərardan narazı qalan cavabdeh 29.03.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-1(112)-1402/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 6 oktyabr 1981-ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında onun 23.04.1986- 15.01.1997-ci il tarixləri arasındakı dövr ərzində və 13.08.1997-ci il tarixindən bu günədək "xxxx" MMC-də elektrik sexində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) gərginlik altında olan 330 KV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifəsi nəzərdə tutulmuşdur. Həmçinin iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 31.05.2019-cu il tarixli işin xarakteri haqqında arayışının 2-ci abzasından da göründüyü kimi 110 KV gərginliyə qədər bütün yükdə güc transformatorlarının əsaslı təmiri ilə məşğul olur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil və onun iş stajı 12 il 6 aydan az təşkil edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə yoxlanılmalıdır. İş materiallarında olan: - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il təvəllüdlüdür, ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cəfərov X5 şəhəri, Əliağa Vahid küçəsi, ev 2, mənzil 31 ünvanında qeydiyyatdadır. - “X9” ASC-nin 02.12.2019-cu il tarixli, 268 №-li arayışından görünür ki, xx.xx.1960cı il təvəllüdlü İddiaçı 25.02.1980-ci il tarixdə Enerji sexinin növbətçi yarımstansiyasının elektrik təmiri sahəsinə zərərli iş şəraitində işləməklə 2-ci dərəcə ilə elektrik montyoru vəzifəsinə qəbul edilmiş, 09.01.1981-ci il tarixdən 3cü dərəcə elektrik montyoru vəzifəsinə keçirilmiş, 07.08.1981-ci il tarixdən 3cüdərəcə ilə həmin sexə işıqlandırma təmiri üzrə elektrik monyoru vəzifəsinə keçirilmiş, 29.09.1981-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 26.12.2001-ci il tarixli, 303 nömrəli Sərəncamına əsasən “Azrezintexnika” İstehsalat Birliyinin bazası əsasında və hüquqi varisi olaraq “X9” ASC yaradılmışdır. - Azərbaycan Respublikası”Azərenerji” ASC Mingəçevir SES silsiləsi MMC tərəfindən verilmiş 02.12.2019-cu il tarixli, 01-07/28 saylı arayışdan görünür ki, İddiaçı 12.02.1997-ci il tarixində 15/KŞ saylı əmrlə “X10 Stansiyaları Silsiləsi” MMC-nin Elektro-Maşın sahəsinə 5-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul olunmuş və 16.06.1997-ci il tarixdə 57/KŞ saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. - Azərbaycan Respublikasının Dövlət X4 03.12.2019-cu il tarixli, 195-Asan saylı arxiv arayışından görünür ki, filialda mühafizə olunan arxiv fondu X1 işçisi İddiaçı şəxsi vərəqəsində qeyd edilmişdir: 06 noyabr 1981-ci il tarixli, 595/k saylı əmrinə əsasən 31.10.1981-ci il tarixdən 3-cü dərəcəli elektrik mantyoru qəbul edilmişdir; 14 iyun 1982-ci il tarixli, 260/k saylı əmrinə əsasən 07.06.1982-ci il tarixdən 4-cü dərəcə verilmişdir; 10 yanvar 1983-cü il tarixli, 8/k saylı əmrinə əsasən 22.12.1982- ci il tarixdən 5-ci dərəcə verilmişdir; 31 oktyabr 1985-ci il tarixli, 424/k saylı əmrinə əsasən 22.10.1985-ci il tarixdən işdən azad edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 20 fevral 2020-ci il tarixli, **********2 saylı məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim olunan 06 oktyabr 1981-ci il tarixli, İТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının 23.04.1986-15.01.1997-ci il tarixləri arasındakı dövr ərzində və 13.08.1997-ci il tarixdən bu günədək AİES MMC-də elektrik sexində çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. - Azərbaycan Respublikası "xxxx" ASC “Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin 22 yanvar 2021-ci il tarixli, 07-03 saylı işin xarakteri haqqında arayışından görünür ki, 23.04.1986-cı il tarixdən 01.07.1990-cı il tarixədək "xxxx"nin Elektrik sexinin,’’Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya, paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 4-cü dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir. (Əmr 315, 23.04.1986) 01.07.1990-cı il tarixdən 15.01.1997-ci il tarixədək həmin sexdə (Əmr 96/K, 09.07.1990) “Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadada paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. 15.01.1997-ci il tarixdən Azərbaycan Respublikası ƏQM- nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. (Əmr 08,1501.1997), 13.08.1997-ci il tarixdən 01.07.2010-cu il tarixədək "xxxx"-nin Elektrik sexinin,’’Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir.(Əmr 181/k, 04.08.1997) 01.07.2010-cu il tarixdən hal-hazıradək həmin briqadada paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işləyir. İddiaçı 23.04.1986-cı il tarixdən 15.01.1997-ci il tarixədək və 13.08.1997-ci il tarixdən hal-hazıradək vəzifə borcunu tam iş günü ərzində enerji bloklarında, Qazan-Turbin sexində, Mazut təsərrüfatında 330/500 kVluq APQ sahəsində, Kimya sexində paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir işləri ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. İddiaçı işlədiyi müddət ərzində 23.04.1986-cı il tarixdən 15.01.1997-ci il tarixədək və 13.07.1997-ci il tarixdən hal-hazıradık zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4 sinif təhlükəlilik, havanın hərəkət surəti, iş yerində havanın temperaturu nisbi rütubət, titrəmə, səs-küy faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı 23.04.1986-cı il tarixdən 15.01.1997-ci il tarixədək və 13.08.1997-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 8%-i məbləğində əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. “Azərenerji“ ASC-nin 25.04.2003-cü il tarixli, AU/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"- Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin 05.01.2006-cı il tarixli, AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqər "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı işlədiyi illər ərzində tutduğu elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin siyahı”sının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğundur. - iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, 25 fevral 1980-ci il tarixdə Enerji sexin növbətçi yarımstansiyasının elektrik təmiri sahəsinə 2-ci dərəcə ilə elektrik montyoru qəbul edilmiş, 09.01.1981-ci il tarixdə 3-cü dərəcə elektrik montyoru vəzifəsinə keçirilmiş, 07.08.1981-ci il tarixdə 3-cü dərəcə ilə həmin sahə işıqlandırma təmiri üzrə elektrik montyoru vəzifəsinə keçirilmiş və 29.09.1981-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 31.10.1981-ci il tarixdə X3 3-cü dərəcəli elektrik montyorçu vəzifəsinə qəbul edilmiş, 07.06.1982-ci il tarixdə ona 4-cü dərəcə verilmiş, 22.12.1982-ci il tarixdə ona 5-ci dərəcə verilmiş və 22.10.1985-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 23.04.1986-cı il tarixdə "xxxx"də 4-cü dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmiş, 01.07.1990-cı il tarixdə həmin sexdə 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləmiş və 15.01.1997-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 12.02.1997-ci il tarixdən 16.06.1997-ci il tarixədək Mingəçevir SES EMS-yə 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləmiş; 13.08.1997-ci il tarixdə "xxxx"-nin Elektrik sexinin, “Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri vəzifəsinə keçirilmiş, 01.07.2010-cu il tarixdə paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində 6-cı dərəcə verilmiş, 11.02.2013-cu il tarixində həmin sexin “Blokların və kənar obyektlərin xüsusisərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya paylayıcı qurğunun avadanlıqlarına xidmət və təmir edən 6-cı dərəcəli eketrik çilingəri vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifə üzrə işləyir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağdakıları qeyd edir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 13-cü bölməsindən (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı) görünür ki, 2140000a-19923 kodu ilə gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəmə qərarında qeyd etmişdir ki, “iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 20 il 10 ay 20 gün (23.04.1986-15.01.1997; 13.08.199701.01.2006 elektrik çilingər kimi) iş stajına malik olmuşdur. İddiaçının 01.01.2006-cı il tarixə ümumilikdə 25 il 04 ay 21 gün iş stajı vardır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı 23.04.1986-cı il tarixdə 4-cü dərəcəli elektrik çilingəri vəzifəsində, 01.07.1990-cı il tarixdə “Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadada paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri, 12.02.1997-ci il tarixdən 16.06.1997-ci il tarixədək 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində, 13.08.1997-ci il tarixdə “Blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri vəzifələrində çalışmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının çalışdığı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 13-cü bölməsindən (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı) görünür ki, 2140000a-19923 kodu ilə gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edərək, uyğunlaşdırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının çalışdığı 4-cü dərəcəli, 5-ci dərəcəli, və blokların və kənar obyektlərin xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya paylayıcı qurğuların avadanlıqlarına xidmət və təmir edən 5-ci dərəcəli elektrik çilingəri peşələri ilə müvafiq Siyahıda uyğunlaşdırılmış “gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan)” peşəsi ilə eynilik təşkil etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan güzəştli arayışlar arasında ziddiyyətlər mövcuddur. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 205-56 №-li iş fəaliyyəti haqqında arayışda və 07-03 №-li, 22.01.2021-ci il tarixli işin xarakteri haqqında arayışda iddiaçının 23.04.1986-cı il tarixdən 15.01.1997-ci il tarixədək və 13.08.1997-ci il tarixdən hal-hazıradək vəzifə borcunu tam iş günü ərzində enerji bloklarında, qazan-turbin sexində, mazut təsərrüfatında 330/550 kv-luq APQ sahəsində, kimya sexində paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir işləri ağır və zərərli iş şəraitində yerinə yetirdiyi qeyd edilsə də, "xxxx" MMC tərəfindən verilmiş 205-11 saylı, 31 may 2019-cu il tarixli arayışda iddiaçının işlədiyi müddət ərzində 23.04.1986-cı il tarixdən 15.01.1997-ci il tarixədək və 13.08.1997-ci il tarixdən hal-hazıradək 110-330 kv–gərginlikli girimlərin izolyasiyalarının və kipləmələrinin tam və ya qismən dəyişdirilməsi ilə təmiri, 110 kv gərginliyə qədər bütün yükdə güc transformatorlarının əsaslı təmiri ilə məşğul olduğu göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında 205-11 saylı, 31 may 2019-cu il tarixli arayışa münasibət bildirməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda qeyd edilən məsələ ilə bağlı sədrlik edənin sualına cavab olaraq iddiaçının əvvəllər 110- 330 kv–gərginlikdə işlədiyini, sonradan bunun ləğv olunduğunu bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatına münasibətdə qeyd edir ki, ziddiyyətli arayışlar üzrə iddiaçının 110-330 kv –gərginlikdə və 330/550 kv gərginlikdə işlədiyi dövrlər üst-üstə düşür. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajına malik olması iş materialları ilə müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-1(112)-1402/2021 nömrəli qərarı əsassız olduğundan mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-1(112)-1402/2021 nömrəli qərarı mübahisələndirilən (iddianın təmin olunmuş) hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar