Məhkəmə qərarları › İş №2-1(103)-1360/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1360/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1360/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati mübahisələrə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7326/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh ərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri İcraiyyə Komitəsi tərəfindən verilmiş 30 avqust 1989-cu il tarixli, 9/333 saylı qərarı əsasında 100 saylı BTKnın nəzdində onun istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.12 ha bağ sahəsinə dair hüquqların qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 9/333 saylı xx.xx.1989-cu il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsi İddiaçı verilmişdir. Həmin bağ sahəsi 33 ildir ki, iddiaçının istifadəsindədir. Torpaq sahəsi ona verilən vaxtdan bugünə kimi mübahisəsiz olaraq iddiaçı tərəfindən istifadə edilir. Bağ sahəsi iddiaçıya verilsə də, bağ sahəsinə dair order İddiaçı təqdim edilməmişdir. Bununla əlaqədar olaraq cavabdeh təşkilata rəsmi müraciət edilsə də, verilmiş cavab məktublarında Bakı şəhər craiyyə Komitəsinin 30 avqust 1989-cu il tarixli, 9/333 saylı qərarı əsasında 100 saylı BTK-nın üzvlərinin siyahısında iddiaçının adının olduğu göstərildiyi, lakin bağ sahəsinin nömrəsinin və sahəsinin qeyd edilmədiyi bildirilmişdir. Bununla da iddiaçının istifadəsində olan 0.12 ha bağ sahəsinin onun adına ilkin dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi imkanları mümkünsüz olmuşdur. Belə ki, sözügedən bağ sahəsinə dair cavabdeh təşkilat tərəfindən hüquqmüəyyənedici sənədlərin olmadığının bildirilməsi, iddiaçının müraciətinə imtina kimi qiymətləndirir. Daha sonra iddiaçı ərizə təqdim edərək, “Bakı şəhər İcraiyyə Komitəsinin 9/333 saylı 30 avqust 1989-cu il tarixli qərarı Sabunçu rayonu, Ləhiş bağ massivi, 100 nömrəli BTK–nın nəzdində İddiaçı istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan 1978 saylı bağ sahəsinə olan hüquqların qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7326/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 100 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 1978 saylı bağa dair İddiaçı hüquqlarının qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7326/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1979 nömrəli bağ sahəsi barədə məlumat və sənəd surətinin verilməsinə dair iddiaçının müraciətinə cavabdeh tərəfindən 13 yanvar 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 9/333 saylı 30 avqust 1989-cu il tarixli qərarı Sabunçu rayonu, Ləhiş bağ massivi, 100 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında İddiaçı adı göstərilmiş, lakin bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir. Eyni zamanında bildirilir ki, 100 nömrəli BTK nəzdində İddiaçı adına Ləhiş qəsəbəsində 1979 nömrəli bağ sahəsinin ayrılmasına dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. - Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1978 nömrəli bağ sahəsi barədə məlumat və sənəd surətinin verilməsinə dair iddiaçının müraciətinə cavabdeh tərəfindən 04 mart 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında İddiaçı adına 1978 nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd İdarənin arxivində aşkar edilməmişdir. - İş üzrə birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş məktuba əsasən bildirilmişdir ki, 100 nömrəli BTK nəzdində yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1977, 1978 və 1979 saylı bağ sahələrinə dair sənəd, eləcə də, həmin bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, 100 nömrəli bağ tikinti kooprativi üzvlərinin siyahısında İddiaçı adı qarşısında göstərilən C İİ-546 qeydi vətəndaşın bağ növbəsinə götürüldüyünü göstərən sıra nömrəsi olduğu ehtimal edilir. Həmçinin bildirilir ki, vətəndaşa yazılmış **********98 nömrəli məktubun müayinə aktı sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin arxiv əsaslarına əlavə olunmayıb. - Cavabdeh orqan tərəfindən təqdim olunmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 100 nömrəli bağ tikinti kooprativi nəzdində olan bağ sahələrinin yerləşmə sxemindən görünür ki, 1978 nömrəli bağ sahəsi 100 nömrəli bağ tikinti kooperativi nəzdindədir -Cavabdeh orqan tərəfindən təqdim edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 100 nömrəli bağ tikinti kooprativinin üzvlərinin siyahısında İddiaçı adı var. Arxivdə ərizəçinin adına hüquqmüəyyənedici sənəd (order) aşkar edilmədi. Təqdim edilən sənədlərdə bağın nömrəsi qeyd edilməyib. Koordinatlarla göstərilən ərazi sxematik xəritəyə əsasən böyük bir hissəsi 1978, az bir hissəsi isə 1977 bağ sahəsinin ərazisinə düşür. Ərazi ümumi hasar daxilindəki sahənin bir hissəsidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçı özünə aid torpaq sahəsinə sahiblik edir və onun istifadəsindədir. Cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Ləhiş bağ massivi, 1977, 1978 və 1979 saylı bağ sahələrinə dair sənəd, eləcə də həmin bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən müvafiq qeydiyyat hər hansı şəxsin hüquqlarını və qanunla qorunan maraqlarını pozmur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. X3 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Hazırkı işin hallarından müəyyən edilir ki, Ləhiş bağ massivindəki 1978 nömrəli bağ məhz 100 nömrəli BTK-nın nəzdindədir və 100 nömrəli BTK-nın üzvlərinin siyahısında İddiaçı adı var. Göründüyü kimi iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Həmçinin cavabdeh inzibati orqan tərəfindən bildirilmişdir ki, Ləhiş bağ massivi, 1977, 1978 və 1979 saylı bağ sahələrinə dair sənəd, eləcə də həmin bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən müvafiq qeydiyyat hər hansı şəxsin hüquqlarını və qanunla qorunan maraqlarını pozmur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7326/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7326/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar