Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1361/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, təzminatın ödənilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2297/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2297/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2012-ci il tarixli 25 nömrəli əmrinin ləğv edilməsi, həmin əmrdə “hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə” yazısının dəyişdirilməsi, X3 və X4 protokollarının ədalətsiz və əsassız hesab edilməsi, həmin şura üzvlərinin cəzalandırılması və 20000 manat təzminatın ödənilməsi barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında əmrin mübahisələndirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsini bildirsə də, ona cavabdeh tərəfindən hər hansı inzibati akt təqdim olunmamışdır. İddiaçı öz hüquqlarını bilməmiş, ilk dəfə 2017-ci ildə hüququnu öyrənmiş, hansı məhkəməyə müraciət etməli olduğunu bilmədiyindən Xətai rayon məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə də xx.xx.20174-ci il tarixli qərardadı ilə iddia ərizəsini geri qaytarmış, izah edilmişdir ki, aidiyyatı məhkəməyə müraciət etsin. İddiaçı dəfələrlə cavbadehə müraciət edərək ondan lazımı sənədlərin çıxarışlarını istəmiş, lakin cavabdeh sənədlərin təqdim etməkdən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən iddiaçıya məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qərardadın dəyişdirilmədən, apelyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyərək apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2012-ci il tarixli 25 nömrəli əmrinin ləğv edilməsi, həmin əmrdə “hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə” yazısının dəyişdirilməsi, X3 və X4 protokollarının ədalətsiz və əsassız hesab edilməsi, həmin şura üzvlərinin cəzalandırılması və 20000 manat təzminatın ödənilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən Azərbaycan Ali Hərbi Məktəbinə qarşı “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2012-ci il tarixli 25 nömrəli əmrinin mübahisələndirilməsi üçün Azərbaycan Respublikasının İPM-nin 38.1ci maddəsində nəzərdə tutulmuş müddət buraxıldığından və ona vurulmuş mənəvi ziyana görə 20.000 manat məbləğində pulun ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyini əsas götürərək iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2010-cu il tarixli, 8 nömrəli əmri ilə həmin hərbi məktəbə qəbul olunmuşdur. Sözügedən ali hərbi təhsil müəssisəsinin xx.xx.2012-ci il tarixli, 25 nömrəli əmri ilə hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə hərbi məktəbdən xaric edilmişdir. İddiaçı AAHM-in X4 xx.xx.2012-ci il tarixli, 1 saylı Protokolunda onun haqqında göstərilənlərı reallığı əks etdirməyən, qeyri-obyektiv və qərəzli hesab edir. O, əsassız olaraq, hərbi məktəbdən xaric edildikdən sonra müddətli həqiqi hərbi xidmət keçərkən törətdiyi ictimai təhlükəli əmələ görə hal-hazırda da cəza çəkir ki, bu hal da onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının hazırkı tələbi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2012-ci il tarixli 25 nömrəli əmrinin dəyişdirilməsi və ona dəymiş mənəvi zərərin ödənilməsi ilə əlaqədardır. Göründüyü kimi hazırki iş üzrə əsas iddia tələbi əmrin dəyişdirilməsi hissəsində mübahisələndirmə haqqında iddiaya aiddir, digər iddia tələbləri isə həmin iddiadan törəmə olub, onun nəticəsi kimi çıxış edir. Bu əsasdan kollegiya hesab edir ki, hazırki iş üzrə iddianın mümkünlüyü məsələsi məhz mübahisələndirmə haqqında iddia növü üzrə yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Həmin iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətlərinə əməl edilib-edilməməsinin yoxlanılmasıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2012-ci il tarixli 25 nömrəli əmri hazırki halda mübahisələndirməklə qanunla müəyyən edilmiş 30 günlük iddia müddətini ötürmüşdür. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən əmrin iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, işin halları, eləcə də iddia ərizəsindən bəllidir ki, iddiaçı qeyd edilən əmr barədə iddia qaldırmazdan uzun müddət əvvəl məlumatlı olmuşdur, bu hal iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdükdən sonra da qanunda nəzərdə tutulmuş bir il ərzində məhkəməyə müraciət etməmiş, bu əsasdan iddiaçının iddia müddətinin bərpa edilməsi barədə vəsatət təqdim etmək hüququ da aradan qalxmışdır. Belə olan halda məhkəmə iddiaçıya müddətin bərpası ilə bağlı ərizə təqdim edilməsinə zərurət görməmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbindən də görünür ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir və işə baxan məhkəmə iddianı mümkün saymamaqda haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İşə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2297/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-1361/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1361/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver