Məhkəmə qərarları › İş №2-1(103)-1362/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1362/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1362/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Xətai rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-1840/20 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-1840/20 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi və bu hüququnun 2019-cu ilin fevral ayından hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək kitabçasında xx.xx.1982xx.xx.2005-ci illərdə işləmiş olduğu qeyd olunsa da, yoxlanılması üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sorğu göndərilmiş, cavab olaraq sorğuda 2-1(112)- 1840/2020 nömrəli iş üzrə İddiaçı barəsində “Dondurma Kombinat” S.X5 Səhmdar Cəmiyyətinin sorğu edilmiş illərə dair arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilmədiyi bildirilmişdir. Beləliklə, həmin sənədlərin verilməmiş olması iddiaçının iddia etdiyi tarixlərə uyğun olaraq qarşılıqlı yoxlamanı həyata keçirməyi mümkünsüz etmişdir.Əmək kitabçasında göstərilmiş və vətəndaşın iddia etdiyi, amma həmin müddətlərə dair arxiv sənədləri mövcud olmadığından, həmçinin sığorta stajının və pensiya kapitalının yetərli olmamasından yaşa görə əmək pensiyanının verilməsi mümkünsüz sayılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf şikayətə etiraz edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətini iş materialları ilə аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldiyindən kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Xətai rayon şöbəsinə müraciət etmişdir. DSMF-nin Xətai rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********6 nömrəli və xx.xx.2019-cu il tarixli **********6 saylı məktublarında iddiaçının ərizələrinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların fərdi sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. Tələb olunan pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Cavabdehin qeyd olunan imtinasından sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Xətai rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunması və bu hüququn 2019-cu ilin fevral ayından hesablanaraq ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir.Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, öz-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə, həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Kollegiya aşağıdakılara əsasən məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. “Əmək pensiyaları haqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, xx xxxx 2017-ci il tarixindən xx xxxx 2019-cu il tarixinə qədər qadınların pensiya hüququnun yaranması üçün onların 61 yaş həddinə çatması tələb olunur. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla xx.xx.2019-cu ildə 61 yaşını tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbindən görünür ki,60 yaşına (hazırki iş üzrə 61 yaş) çatmış qadınların yaşa görə pensiya hüququnun yaranmasının zəruri edən aşağıdakı şərtlərdən biri mövcud olmalıdır: sığorta stajından asılı olmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya məbləğinə imkan verməlidir və yaxud azı 25 il sığorta stajı olmalıdır. İşin mübahizəsiz hallarından müəyyən olunur ki, iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan birinci şərt ödənilmir, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən azdır. Bu halda iddiaçının pensiya hüququ ikinci şərtin yerinə yetirilməsi ilə - 25 il sığorta stajına malik olması ilə bağlıdır. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsаsən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx xxxxxxxx 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, iddiaçı, xx.xx.1974-cü ildə M.Əliyev adına Respublika təsərrüfat hesablı poliklinikaya kiçik tibb personalı vəzifəsinə qəbul olunmuş (Əmr № 54§1), xx.xx.1975-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur (Əmr № 78 §9), xx.xx.1975-ci ildə Bakı Səhiyyə şöbəsinin buxar-mexaniki çamaşırxanaya 4-cü dərəcəli ütüləyici (təmirçi) vəzifəsinə qəbul olunmuş (Əmr № 75, xx.xx.1975-ci il), xx.xx.1977-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur (Əmr № 43, xx.xx.1977-ci il); xx.xx.1978-ci ildə Bakı məişət xidmətləri kombinatına ütüləyici (təmirçi) vəzifəsinə qəbul olunub (Əmr № 76, xx.xx.1978-ci il), xx.xx.1982-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur (Əmr № 16, xx.xx.1982-cu il); xx.xx.1982-ci ildə “Bakısoyuducukombinatı” Dondurma sexinə 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunub (Əmr № 59, xx.xx.1982-ci il), xx.xx.2005-ci ildə “Dondurma Kombinat S.Babayev” X6 Cəmiyyəti ləğv edildiyi üçün tutduğu vəzifədən azad edilmişdir (Əmr № 05-K, xx.xx.2005-ci il). Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 5/394 nömrəli cavab məktubunda sorğuda qeyd olunan “Dondurma Kombinat S.Babayev” X6 cəmiyyətinin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********82 nömrəli məktubda Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 144 nömrəli sərəncamı ilə “xxxxxxxxxxxxxxxxx” Dövlət Şirkətinin Bakı şəhəri, Neftçilər prospekti 153 ünvanında yerləşən Bakı Soyuducu Kombinatının bazasında “Aysberq” X6 Cəmiyyətinin yaradıldığı və həmin səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirilməsinin xx.xx.2001-ci il tarixində başa çatdırılaraq xüsusi mülkiyyətə keçirildiyi, Bakı Soyuducu Kombinatının emissiya prospektində olan xx.xx.1997-ci il vəziyyətinə görə əmək kollektivi üzvlərinin siyahısında İddiaçı adının qeyd olunduğu bildirilmişdir. Apelyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, idarədə olan reyestrə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış, ümumi yığıncağın xx.xx.2005-ci il tarixli qərarı ilə ləğv edilərək dövlət reyestrindən çıxarılmışdır. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı xx.xx.1982-xx.xx.2005-ci illərə münasibətdə mübahisələndirilmiş, birinci instansiya məhkəməsi isə qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülmədiyini və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmadığını əsas gətirərək həmin dövrü iddiaçıya pensiya təyini zamanı ödənilən sığorta stajı kimi nəzərə almışdır. İş materilallarında olan əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətinin 7-ci səhifəsində (i.v.12) olan qeydlərdən görünür ki, iddiaçı xx.xx.1982-ci ildə “Bakısoyuducukombinatı” Dondurma sexinə işə qəbul olunsa da, bu barədə qeydlər işəgötürənin-həmin müəssisə rəhbərliyinin imza və möhürü ilə təsdiq edilməmişdir. Eyni zamanda, iddiaçının xx.xx.2005-ci ildə işdən azad olunması barədə qeyd “Dondurma Kombinat S.Babayev” X6 Cəmiyyətinin möhürü ilə deyil, “Dondurma Kombinat S.Babayev” X6 Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin möhürü ilə təsdiq edilmişdir. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış (xx.xx.1982xx.xx.2005-ci illər) qeydlərin mötəbərliyi öz təsdiqini tapmır. Beləliklə, Kollegiya işdə olan sübutları bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, iddiaçı yaşa görə pensiya təyin olunması üçün qanunla tələb olunan 25 il sığorta stajı toplamamışdır. Bu əsasdan Kollegiya iddia tələbinin təmin olunmaması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Xətai rayon şöbəsinin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-1840/20 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Xətai rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xumar Mərdanova Hakim: Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar