Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1362/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Vəlizadə (Mehdizadə) Qənirə Rauf qızının Cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “27 noyabr 2019-cu il tarixli qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı Vəlizadə (Mehdizadə) Qənirə Rauf qızının cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “27 noyabr 2019-cu il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2116/2020 saylı 19 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Vəlizadə (Mehdizadə) Qənirə Rauf qızı cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın 27 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qayınatası X10 və qayınanası X2 müraciətləri əsasında nəvələri X5 ilə ünsiyyət hüququnun təmin olunması barədə Nizami rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya 27 noyabr 2019-cu il tarixdə qərar çıxarmışdır. Uşağın onun yanında saxlanılmaqla nikahın pozulması və zinət əşyalarının qaytarılmasına dair həyat yoldaşı X3 qarşı qaldırdığı iddia ilə bağlı Nizami rayon Məhkəməsində mübahisə davam edir. Bu barədə onun və qanuni nümayəndəsi tərəfindən Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına izahatlar verilməsinə baxmayaraq, komissiyanın iclas protokolunda qeyd edilməmişdir. X10 və X8 öz ərizələrində onun heç bir səbəb olmadan evdən çıxıb getməsini göstərmişlər. O, həyat yoldaşının ona qarşı etdiyi təhqirlərə və xəyanətlərə dözməyərək məcbur olaraq evdən getmişdir. Qayınatasının evinə adam göndərərək uşaqların paltarlarını istəsə də, verməkdən imtina etmişlər. O, hal-hazırda ünvan 3 ünvanında valideynləri ilə yaşayır. Uşaq 1 yaş 3 aylıqdır və belə bir soyuq havada onu heç yerə çıxara bilməz. O, Nizami rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının qəbul etdiyi qərar ilə razı deyil və etiraz edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2116/2020 saylı 19 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Vəlizadə (Mehdizadə) Qənirə Rauf qızı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2116/2020 saylı 19 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, o, keçmiş həyat yoldaşının ona qarşı təhqirlərinə, təhdidlərinə, söyüşlərinə və xəyanətlərinə dözməyərək, ünvan 3 ünvanında yaşayan valideynlərinin yanına sığınmağa məcbur olmuşdur. Həmin dövrdə uşağı 1 yaş 3 aylıq olduğu üçün pandemiya ilə əlaqədar heç bir yerə çıxara bilmədiyini qeyd etmişdir. Eyni zamanda uşağı X5 “X15” Kilinikasında yuxarı tənəffüs yollarının kəskin traxeya diaqnozu ilə qeydiyyatdadır və mütəmadi olaraq klinikadan həkim evə gələrək uşağı müayinə edir. Nizami rayon İcra Hakimiyyətinin başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının 8 saylı 27 noyabr 2019-cu il tarixli protokolundan çıxarışa əsasən X10 və X4 nəvələri X5 ilə ünsiyyətdə olmaq üçün onun iştirakı ilə Bakı şəhəri Nizami rayon ərazisində yerləşən “Akvarium” əyləncə mərkəzində hər ayın 1-ci və 3-cü həftəsinin şənbə günü saat 10:00-dan, saat 12:00-dək olmaqla görüş vaxtı verildiyi qərara alınmışdır. Hazırda onun uşaqla birlikdə Yasamal rayonunda valideynlərinin yanında qaldığı nəzərə alınsa, uşağı ora aparması heç cürə mümkün deyil. Qaynatası və qaynanasının ona aid qızıl-zinət əşayalarını və atasının vermiş olduğu cehiz əvəzi 30 000 ABŞ dolları məbləğində olan pulu, uşağa və ona aid olan geyim əşyaları qaytarmaq istəmədikləri səbəbindən valideynlərilə aralarındakı gərginliyi nəzərə alaraq, onların da uşaqla əlaqə saxlamaq üçün evə gəlməsi mümkün deyil. Hazırda həmin məhkəmə işi Ali Məhkəmənin icraatındadır. Nizami rayon Məhkəməsinin çıxarmış olduğu qətnaməyə əsasən uşağı onun himayəsinə verilməklə nikahı pozulmuşdur. Ona görə də hazırda o, öz valideynlərinin soyadını- Mehdizadə soyadını götürmüşdür. Tərəflərin izahatları 03.06.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə teleqram vurularaq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyi və bu səbəbdən də məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə tərəflərin və 3-cü şəxslər X6 və X2 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, iddiaçı Vəlizadə (Mehdizadə) Qənirə Rauf qızının cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı tələbi “onun 21 avqust 2018-ci il təvəllüdlü övladı X1 babası X10 və nənəsi X8 ilə ünsiyyət hüququnun təmin olunması barədə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının 27 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə X6 və X2 nəvələri ilə qanunla müəyyən edilmiş vaxtlarda ünsiyyətdə olmasının uşağın mənafelərinə toxunmadığına əsaslanaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxıb qərar qəbul etməklə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdır. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6/2011 saylı 28 oktyabr 2011-ci il tarixli Qərarının 4-cü bəndində qeyd edilir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələrə izah edilsin ki, baba, nənə, qardaş, bacı və digər qohumlar müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etdikləri halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməlidir. Əgər eyni məzmunlu ərizə məhkəmənin icraatına qəbul olunmuşdursa, həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilən Plenum qərarları ilə müəyyən edilmişdir ki, valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə (yəni ümumi məhkəməyə) müraciət edə bilər. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır. Göründüyü kimi, valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar valideynlər yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının qərarına tabe olmadıqda mübahisənin məhkəmədə (ümumi məhkəmədə) mülki məhkəmə icraatı qaydasında həll edilməsi nəzərdə tutulmuşdur. Hazırki iddianın mahiyyətindən görünür ki, iddiaçının tələbi uşağın nənə və baba ilə verilmiş görüş vaxtları ilə bağlıdır ki, həmin məsələ də ailə qanunvericiliyi ilə tənzimləndiyindən mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bununla bağlı qeyd olunmalıdır ki, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Hazırki işdə isə iddiaçı azyaşlı uşağının nənə və babası ilə ünsiyyətdə olmasına dair Nərimanov rayon İcra Hakimiyyətinin Qərarının ləğv edilməsini tələb etdiyi üçün məhkəmə kollegiyası hesab edir ki, həmin tələb mülki hüquq münasibətlərinə aid olduğundan belə mübahisəyə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2116/2020 saylı 19 noyabr 2020-ci il tarixli qərarı maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğv edilməli, iddiaçının “Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının 27 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İddiaçıya izah olunur ki, Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının 27 noyabr 2019-cu il tarixli qərarı ilə razılaşmadığı üçün müvafiq iddia ilə ümumi məhkəməyə müraciət etmək hüququ vardır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Vəlizadə (Mehdizadə) Qənirə Rauf qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2116/2020 saylı 19 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1362/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1362/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver