Məhkəmə qərarları › İş №2-1(103)-1362/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1362/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1362/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10945/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024- cü ildən 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10945/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan cavabdeh tərəfindən şikayət verilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10945/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10945/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixində cavabdehin elektron kabinetinə yerləşdirilmiş, həmin qərardan apellyasiya şikayəti xx.xx.2025-ci il tarixində verilməklə, qanunla müəyyən edilən 30 günlük müddət ötürülmüşdür. Göründüyü kimi, cavabdeh müvafiq qərarı lazımi qaydada əldə etməsinə baxmayaraq, apellyasiya şikayətini prosessual müddət ötürülməklə vermişdir. Cavabdeh tərəf vəsatətlə müraciət edərək bildirmişdir ki, iddiaçının 01 09.1974-cü il tarixdən xx.xx.1977-cı il tarixədək təhsil aldığı illər, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla ümumilikdə stajı 21 il 01 ay təşkil etdiyindən apellyasiya şikayəti təqdim edilmişdir. İnzibati Prosessual Məcəllənin 81.1ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərar və qərardadlardan şikayət verilə bilər. Qərarın təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibatı Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. İnzibati Prosessual Məcəllənin 81.3-cü maddəsinə əsasən “Başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur". Mülki Prosessual Məcəllənin 129.2-ci və 129.3-cü maddələrinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur”. Apellyasiya şikayətini təqdim etmək üçün nəzərdə tutulmuş müddət 05 yanvar 2025-ci il tarixində (qeyri-iş günündə) bitdiyindən, ondan sonrakı ilk iş günü yəni, 06 yanvar 2025-ci il tarixində cavabdeh Mərkəzi Filialı apellyasiya şikayətim poçt vasitəsilə məhkəməyə göndərmişdir (Poçt qəbzi tarix göstərilməklə qoşma kimi əlavə edilir). Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iştirakı zamanı şikayət vermə müddətinin son gününün qeyri-iş gününə təsadüf etdiyini, ondan sonra gələn iş günü, yəni xx.xx.2025-ci il tarixində isə elektron sistemdə texniki nasazlıq baş verdiyini və bu səbəblə şikayətin elektron formada yerləşdirilməsinin mümkün olmadığını, bu zaman şikayəti həmin tarixdə ekspres poçt vasitəsilə göndərdiklərini bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, sübut etmə yükü üzərinə düşən tərəf kimi elektron sistemdə nasazlıq olduğuna dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Həmçinin müvafiq elektron sistemdə nasazlıq olsa da belə, cavabdeh qərarın təqdim olunduğu gündən 30 gün sonra (sonuncu gündən sonra) dövlət poçtu ilə yox, özəl poçt xidməti olan “eksperss poçt” vasitəsilə apellyasiya şikayəti verməyə cəhd etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən apellyasiya şikayətini hansı səbəblə “azərpoçt” vasitəsilə göndərmədiyi sual doğurmaqla yanaşı, apellyasiya şikayətinə əlavə edilmiş “ekspress” poçta məxsus qəbzdə hər hansı möhür vurulmamış, şikayəti alan şəxsin vəzifəsi qeyd edilməmişdir. Həmçinin, məhkəmə iclasında cavabdehin nümayəndəsi qeyd etmişdir ki, apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilməsi üçün “ekspress” poçt xidmətinə təhvil vermişdir. Cavabdehin bu ifadəsinə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin xx.xx.2025-ci il tarixdə “ekspress” poçt xidmətinə təhvil verildiyi halda xx.xx.2025-ci il tarixdə, yəni 2 gün sonra məhkəməyə çatdırılması ağlabatan hesab edilmir. Bundan əlavə cavabdehin istinad etdiyi ... nömrəli qəbz mötəbər sübut hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.3-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gün məhkəmənin dəftərxanasında qeydiyyata alınmalı və ərizəyə qeydiyyat tarixi göstərilməklə ştamp vurulmalıdır. İddia ərizəsinin poçt rabitəsi vasitəsi ilə göndərildiyi hallarda, iddia ərizəsinin vaxtında göndərildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, cavabdeh tərəfindən təqdim edilmiş .... nömrəli qəbzin üzərində heç bir möhür öz əksini tapmamış və xidmət növlərinin seçilməsi tələb olunan hissədə heç bir xidmət növü (təcili, requlyar, gün ərzində, xüsusi, ekspress, başqa) seçilməmişdir. “Poçt haqqında” Azərbyacan Respublikası Qanunun 1.0.-cu maddəsinə əsasən sadə poçt göndərişi - göndərilmək üçün istifadəçidən qeydiyyat aparılmadan və qəbz verilmədən qəbul olunan, çatdırılan zaman isə ünvan sahibindən heç bir imza tələb olunmayan poçt göndərişidir. Həmin Qanununun 1.0.10-ci maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Yuxarıda göstərilənlər isə, iddia ərizəsinin məhkəməyə təqdim edilməsini təsdiq edən “poçt qəbzi”nin mötəbərliyinə dair şübhələr olduğuna dəlalət edir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10945/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarında cavabdeh tərəfin iştirakı qeyd edilmiş və cavabdeh tərəf qərardan tam məlumatlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından ərizəçinin apellyasiya qaydasında mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10945/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı mötəbər sübutları təqdim etməmələrini nəzərə alaraq hesab edir ki, şikayət qeyrimümkün sayılmalı və onun qəbulundan imtina edilməlidir. Həmçinin, məhkəmə kollegiyası oxşar mövqe ilə bağlı diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2750/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran bir sıra amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də kassasiya şikayətinin verilməsi üçün müddətlərin müəyyən olunmasıdır. Qərardaddan kassasiya şikayətinin verilməsi üçün İPM-in 94.1-ci maddəsi ilə nəzərdə tutulan 10 günlük müddət keçdikdən sonra, poçt qurumuna təqdim olunmuşdur. İddiaçı prosessual müddətin bərpasına dair ərizə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən, habelə həmin Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10945/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar