Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1363/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı (eyni zamanda digər İddiaçı1 nümayəndəsi) İddiaçı2, İddiaçı2 vəkili Vəkil2, İddiaçı1 vəkili Vəkil1, üçüncü şəxs (eyni zamanda digər üçüncü şəxs K.Yusifovanın nümayəndəsi) X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxslər "xxxx" ASC-nin B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə ASC, X5, X6) “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-122/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 oğu və İddiaçı2 cavabdeh "xxxx" ASC-nin B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə ASC-yə qarşı (üçüncü şəxs Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçılara məxsus onun maaşından 27 il mənzil-kommunal haqqı tutulmuş, (yaşadığı əvvəl 70-ci (otaq) mənzil olub) mənzilə dair onunla cavabdeh arasında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, yataqxana ev 9, 3-cü mərtəbədə yerləşən (faktiki nömrəsi 305 olmuş) həmin mənzilə mənzil-kirayə müqaviləsi bağlanması (Order verilməsi) vəzifəsinin cavabdeh təşkilata həvalə olunması, eyni zamanda həmin mənzilə dair sənəd almış vətəndaş - qanunsuz olduğu üçün sərəncamın etibarsız hesab edilməsi, qeydiyyat vəsiqələrinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi, ona mülkiyyət hüququnun tanınması və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi, mənzildən oranı qanunsuz tutmuş vətəndaşların çıxarılması, onun qeyd edilən 305-li mənzilə köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 1978-ci ilin dekabr ayından Bünyad Sərdarov adına zavodda qanunda nəzərdə tutulan qaydada və müddətdə fasiləsiz olaraq 27 il işləmişdir. Həmin ötən müddət ərzində o, usta, fəhlə, mühafizəçi və briqadir vəzifələrində işləmişdir. 2006-cı ildə səhhətində baş vermiş xəstəliklə bağlı o, müvəqqəti işləmir, tam sağalıb işləmək niyyətindədir, yəni əmək kitabçasını zavoddan götürməmişdir. Qeyd edir ki, o, 20 yaşından həmin Bünyad Sərdarov adına zavodda işləyir və həmin zavodun bütün işçilərinə və əməkdaşlarına böyük hörməti vardır, həmçinin onların da ona böyük hörməti var. Yəni həmin zavodda 1978-ci ilin dekabr ayından işləyir və 30 yanvar 1979-cu il tarixdə həmin zavodun yuxarıda qeyd edilən ünvandakı yataqxanasına pasport qeydiyyatına alınmaqla həmin tarixdən etibarən həmin 9 saylı yataqxana evin 70-ci (otaq) mənzilində yaşamağa başlamışdır. Həmin 70-ci (otaq) mənzil hazırda iddia ərizəsinə fotoşəkili əlavə edilmiş, yəni faktiki nömrəsi 305 olmuş mənzildir. Həmin vaxtdan həmin 70ci (otaq) mənzilin mənzil-kommunal xərcləri onun maaşından tutulub 27 il ödənilmişdir, yəni artıq 41 ildən çoxdur ki, o, həmin 9 saylı evin həmin, yəni faktiki nömrəsi 305 olmuş mənzilinin sahibi, kirayəçisidir. Məlumat üçün bildirir ki, xx.xx.1982-ci il tarixdə o, İddiaçı2 ilə nikahları rəsmiləşdirməklə ailə qurmuş və onların birgə nigahlarından üç uşaqları var. Bu barədə ilk dəfə aldığı pasportda qeyd olunub. İddiaçı2 həmin zavodda və həmin yataqxanada xadiməçi işləmişdir və bununla həmin mənzili həmişəlik əldə etmişdir və həmişəlik əldə etdiyi üçün həmin evə birbaşa daimi pasport qeydiyyatına alınmaqla həmin mənzildə 1978-ci ildən etibarən 1993-cü ilədək, yəni həmin mənzilin içinə qaçqın girənədək 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Bu, iş yerindən verilmiş arayışda, forma 2 tipli xx.xx.1990-cı il tarixli və həmin mənzildəki ağır yaşayış vəziyyətini yoxlatmaq və həmin yaşayış sahəsinin genişləndirilməsini tələb etmək üçün ona yaşadığı otaq nömrəsi dəqiq göstərilərək verilmiş, xx.xx.1990-cı il tarixli arayış da vardır. Bu hal işin kötüyüdür. Odur ki, onun və ya onun adına həmin evə dair hökmən order verilməli idi, yəni bu qaçqına görə ona vaxtında verilməmişdir. Həmin müddətdə 3 uşağı anadan olmuşdur və bu səbəbdən onun uşaqlarının doğum haqqında şəhadətnamələri həmin rayondan ona verilmişdir. Bunu şahidlər də aktla təsdiq ediblər. Həmin mənzilə qaçqın girdiyi üçün order məsələsi indiyədək qalıb və sonradan isə 2 saylı Birliyə təhvil verilmişdir. Bu hal onun müraciətinə həmin zavoddan rəsmi qaydada verilmiş 10 İyul 2019-cu il tarixli cavabla təsdiq edilmişdir. Yəni həmin zavodun işçisi kimi iddia qaldırmaqda haqlıdırlar, iddia tələbləri qanuni və əsaslıdır, təmin edilməlidir. Belə ki, həmin mənzil artıq 41 ildən çoxdur ki, ona və onun ailə üzvlərinə məxsusdur. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçıların “İddiaçılar İddiaçı1 oğu və İddiaçı2 ilə Bakı şəhəri, ünvan 10 saylı yataqxana evin 70-ci otaq mənzilinə dair (hazırkı nömrəsi 305) mənzil kirayə müqaviləsinin bağlanılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilməsi, "xxxx" ASC-nin B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə ASC-nin əsl cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə əvəz edilməsi, "xxxx" ASC-nin B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə ASC-nin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X5, xx.xx.2021-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-355/2022 saylı, 10 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3107/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-355/2022 saylı, 10 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-122/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Hazırda həmin qərardaddan iddiaçılar apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı İnzibati Məhkəməsinə müraciət edərək bildirmişlər ki, hər ikisinə Bünyad Sərdarov adına Maşınqayırma Zavod TASC tərəfindən ünvan 1 ünvanda yerləşən (hal-hazırki ünvan ünvan 206) mənzil verilmişdir. 1976-cı ildən 1993-cü ilədək onlar ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. Birinci Qarabağ müharibəsi dövründə 1993-cü il tarixdə iddiaçı işdə olan zaman həmin mənzildə məcburi köçkün ailəsi məskunlaşmışdır. 2018-ci ildə cənab Prezidentimizin göstərişi ilə həmin ailə Sumqayıt şəhərinə köçürülmüşdür. Lakin iddiaçı evinə köçmək istəyən zaman məlum olmuşdur ki, orada digər şəxslər qanunsuz olaraq məskünlaşıblar. xx.xx.2014-cü ildə həmin yataqxana Bakı şəhəri Mənzil-Komunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə təhvil verilmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh qanunsuz olaraq xx.xx.2018-ci il tarixdə X2 adına kirayə müqaviləsi bağlanmasına dair sərəncam vermiş, xx.xx.2018-ci il tarixdə isə onun gəlini X6 ilə mənzilin kirayə müqaviləsi bağlayaraq 37/6 nömrəli sərəncam verilmişdir. Həmin sərəncam əsasında çıxarış verilmişdir. İddiaçılar cavabdeh təşkilata onlara order verilməsini və kirayə müqaviləsini bağlanması öhdəliyinin qoyulması tələbini qoymuşdular. Məhkəmə iddianı mümkün saymamışdır. Onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən (hal-hazırki ünvan ünvan 3 206), yəni 70 saylı mənzilin olmadığı, iddiaçıların zavod işçiləri olmasına, həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, həmin mənzillərdə heç vaxt yaşaşmışlar, həmin mənzilə heç bir məcburi köçkünlərin girmədiyini əsaslandıraraq, həmin ünvanda üçüncü şəxslərin yaşadığını əsas gətirərək hesab etmişdir ki, iddiaçıların həmin mənzilə istifadə və mülkiyyət hüququnun olmadığı təqdirdə hər hansı subyektiv hüququnun olmadığı üçün həmin iddianın qaldırılması mümkünsüzdü. Qərardadla razı deyillər. Belə ki, işin materiallarından da görünür ki, iddiaçılar həmin zavodda 27 il işləmişlər, mübahisəli olan 70 nömrəli mənzildə 1990-cı ildən qeydiyyatdadırlar və orada yaşamışlar. İndi necə olur ki, həmin mənzilə istifadə hüquqların ola-ola iddiaçıların subyektiv hüququ yoxdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı (eyni zamanda digər İddiaçı1 nümayəndəsi) İddiaçı2, İddiaçı2 vəkili Vəkil2, İddiaçı1 vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs (eyni zamanda digər üçüncü şəxs K.Yusifovanın nümayəndəsi) X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və digər üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 onlarla Bakı şəhəri, ünvan 10 saylı yataqxana evin 70-ci otaq mənzilinə dair (hazırkı nömrəsi 305) mənzil kirayə müqaviləsinin bağlanılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarında olan Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2018-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, ünvan 10 saylı evin 305 saylı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və oğlu) X4 adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-4176/2018 saylı qərarı ilə həmin mənzilin X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuş, həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Göründüyü kimi, həmin mənzilə mülkiyyət hüququ artıq başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin sənədlər geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, etibarsız hesab edilməmişdir, habelə qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir, hazırda hüquqi qüvvədədir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 200 nömrəli qərarının icrası ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008ci il tarixli, 584 saylı sərəncamına əsasən ləğv edilmiş "xxxx" DŞ-nin B.Sərdarov adına X7 ASC-yə məxsus ünvan 5 ünvanında yerləşən yataqxana binası 2 saylı Xüsusi Təyinatlı MKTB-nin balansına qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı İddiaçı1 və İddiaçı2 orada yaşamamışdır. Bundan başqa, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə verilən imtina məktubunda göstərilmişdir ki, qeyd edilən yataqxana binası balansa qəbul edilərkən binaya aid olan sənədlərin arasında vətəndaş İddiaçı1 aid yalnız “Forma A” sənədi müvcud olmuş, həmin "Forma A" sənədinə əsasən o, qeyd edilən ünvana xx.xx.1984-cü ildə pasport qeydiyyatına alınmış, onun pasport qeydiyyatında hər hansı bir otaq göstərilməmiş, qəbul edilmiş sənədlərin arasında onlara aid hər hansı bir order sənədi olmamışdır. Bina xx.xx.2014-cü il tarixdə balansa qəbul edilərkən yataqxana binasında 70 saylı mənzil (otaq) mövcud olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı1 xx.xx.2005-ci il tarixdən hazıradək ünvan 6 ünvanında və İddiaçı2 xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək ünvan 7 ünvanda, xx.xx.2006-cı il tarixdən hazıradək ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göründüyü kimi, iddiaçılar mübahisələndirilən ünvanda yaşadıqlarını və həmin ünvanda qeydiyyatda olduqlarını bildirsələr də, onlar həmin ünvanda qeydiyyatda deyillər və bina cavabdehin balansına verilərkən onlar həmin ünvanda yaşamamışlar. Belə ki, İddiaçı1 oğunun qeydiyyat ünvanı ünvan 9lsa da, həmin binada hansı mənzildə (otaqda) qeydiyyatda olması göstərilməmişdir, İddiaçı2 qeydiyyatda olduğu ünvan isə qeyd edilən yataqxana binası deyil, başqa ünvandır. Məhkəmənin sorğusuna cavab olaraq B.Sərdarov adına X7 ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunur ki, adı gedən yataqxana və onunla bağlı bütün sənədlər xx.xx.2014-cü il tarixli təhvil-təslim aktı ilə Bakı şəhər MKTD 2 saylı Xüsusi Təyinatlı MKTB-nə təhvil verilmişdir, Cəmiyyətdə adı gedən yataqxana ilə bağlı heç bir sənəd qalmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən ünvan 10 ünvanında yerləşən yataqxana sakinlərinə aid müvafiq sərəncam və orderlərin kserosurəti məhkəməyə göndərilmişdir, lakin təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 aid sərəncam və order, ümumiyyətlə hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, iddiaçılar iddia ərizəsində həmin yataqxanada onlarla kirayə müqaviləsinin bağlanılmasını tələb etdikləri ünvanın mənzil 70, hazırda isə mənzil 305 olduğunu bildirsələr də, apellyasiya şikayətində həmin mənzilin hazırda 305 və 206 nömrəli olduğunu bildirirlər. Hər iki ünvana isə mülkiyyət hüququ hazırda ayrı-ayrı şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçılar müxtəlif mənzillər göstərməklə ümumiyyətlə hansı mənzilə dair hüquqlarının olduğunu və onlarla kirayə müqaviləsinin bağlanılmalı olduğunu özləri hələ dəqiq müəyyən edə bilməmişlər. Həmçinin iş materiallarında olan məhkəmə qərarlarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, 305 saylı mənzilin X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuşdur. Ərizəçilər İddiaçı2 və İddiaçı1 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4176/2018 nömrəli 12 dekabr 2018-ci il tarixli qərarının onların maraqlarına toxunmağı səbəbindən üçüncü şəxs qismində cəlb edilərək həmin qərarın ləğv edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş, İddiaçı2 və İddiaçı1 iddiaçı X4 cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2505/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçilərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4176/2018 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2665/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2505/2024 nömrəli qərardadından ərizəçilər tərəfindən verilmiş şikayətlər üzrə kassasiya mümkün sayılmamış və şikayətlərin icraata qəbulundan imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildirlər. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Göründüyü kimi, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-122/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1363/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1363/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver