Məhkəmə qərarları › İş №2-1(103)-1364/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1364/2021

01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1364/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı vəkili və onun nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3325/2020 saylı, 13 may 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh DSMF XŞTİ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu 02.05.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə Laçın rayonunun Qorçu kəndində doğulmuşdur. Əmək fəaliyyətinə 10.05.1976-cı ildə başlamış və hazırda da işləyir. 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün cavabdehə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. O, 10.05.1976-cı ildən 25.08.1977—ci ilə qədər Məhəmməd Əsədov adına sovxozda fəhlə işləmişdir. Həmin sovxozda 01.09.1977-ci ildən 25.04.1979-cu ilə qədər və 01.07.1981-ci ildən 23.07.1993cü il Ağdam işğal olunana qədər əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir.1994-cü ilin yanvar ayından 1999-cu ilin aprel ayına kimi Xocalı rayon tədarük-satış bazasında anbardar işləmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçının sənədlərinə baxış keçirilən zaman onun ümumi iş stajının 25 ildən az olması müəyyən edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən güzəştli iş stajının olması barədə arayış İdarəyə təqdim olunmamışdır. Bu əsasdan ona güzəştli şərtlərlə pensiya təyin olunması mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3325/2020 saylı, 13 may 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 57 yaşının tamam olduğu 02.05.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMFnin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğundan ləğv olunması və iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddiaya qarşı verilmiş etiraza uyğun olmaqla, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 01.01.2006-cı ilə qədər zəruri olan ümumi iş stajının 25 ildən az olduğundan onun müraciətinə imtina verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1345/2020 saylı, 06 avqust 2020-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3325/2020 saylı, 13 may 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-31/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1345/2020 saylı, 06 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd olunması barədə yeni qərarı çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından göründüyü kimi Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apelyasiya instansiya məhkəməsi iddiaçının 01.01.2006-cı il tarixədək deyil, 57 yaşının tamam olduğu 02.05.2016-cı il tarixdə 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajının mövcud olub-olmamasına qiymət verməlidir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, 01.01.2006-cı il tarixdən sonrakı dövrün sosial sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqlarının ödənilməsi tələb olunduğundan, yalnız məcburi sosial sığorta haqlarının ödənilməsinin müəyyən olunması halında 01.01.2006-cı ildən sonrakı dövr sosial sığorta stajına daxil edilə bilər. Həmçinin qeyd edilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Laçın rayonunda doğulmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Bərdə rayon Nümayəndəliyinin 4365 №-li, 24.12.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Ağdam rayonu,Güllücə kəndindən məcburi köçkündür və hal-hazırda Bərdə rayonu,Qaradağlı kəndində yaşayır. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin 08.11.2019-cu il tarixli, 3070 №-li arayışından görünür ki, İddiaçı 12.05.1979-cu ildən 23.06.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir AR Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Ağdam rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin M.Əsədov adına Üzümçülük Sovxozunun 198 №-li, 04.12.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 10.05.1976-cı ildən 25.08.1977-ci il tarixə qədər həmin sovxozda fəhlə, 01.09.1977-ci ildən 25.04.1979-cu ilə qədər və 01.07.1981-ci ildən 23.07.1993-cü ilə qədər Ağdam işğal olunana qədər əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. AR Milli Arxiv İdarəsi Xocalı rayon İcra Hakimiyyəti Xocalı rayon Dövlət Arxivinin 04 №-li, 25.12.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 1994-cü ilin yanvar ayından 1999-cu ilin aprel ayına qədər Xocalı rayon Tədarük-satış bazasında anbardar işləmişdir. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, 03.05.2010-cu ildən 31.01.2011-ci ilə qədər Ağdam rayon İcra Hakimiyyəti başçısının Güllücə ərazi nümayəndəsi vəzifəsində işləmiş, 25.10.2011-ci ildən hazırki vaxta qədər isə Dövlətqaçqınkomun Mənzil İstismar Departamentinin Ağdam rayonu Mənzil Kommunal İstismar sahəsində sahə nəzarətçisi vəzifəsində işləyir. Cavabdeh inzibati orqanın iddiaçının 08.01.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 17.01.2020-ci il tarixli, **********6 №-li məktubdan görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı onun ümumi iş stajının 25 ildən az olması ilə yanaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsas gətirilməklə mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixdək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinə 1997-ciil 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. AR Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. AR Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə «İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların: -1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir; -1.4-cü bəndinə əsasən məcburi köçkün və ya qaçqın statusuna malik olan şəxslərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə (qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa) əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlana bilər. AR Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər) sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinin 1-ci abzasına əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumalar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları və qanunvericiliyin tələblərini əsas götürərək, 1-ci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq, aşadığakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsinin istinad etdiyi, M.Əsədov adına Üzümçülük Sovxozunun 198 №-li, 04.12.2019-cu il tarixli arayışına əsasən iddiaçı həmin sovxozda 10.05.1976-cı ildən 25.08.1977-ci il tarixə qədər (1 il, 3 ay, 15 gün) həmin sovxozda fəhlə, 01.09.1977-ci ildən 25.04.1979-cu ilə qədər (1 il, 7 ay, 24 gün) və 01.07.1981-ci ildən 23.07.1993-cü ilə qədər (12 il, 22 gün) isə əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Xocalı rayon Dövlət Arxivinin 04 №-li, 25.12.2019-cu il tarixli arayışına əsasən, İddiaçı Xocalı rayon Tədarük-satış bazasında 1994- cü ilin yanvar ayından 1999-cu ilin aprel ayına qədər anbardar işlədiyi dövr isə 5 il, 3 ay müddəti təşkil edir. Göründüyü kimi, iddiaçının Üzümçülük Sovxozunda və Tədarük-satış bazasında faliyyət göstərdiyi iş stajı ümumilikdə 20 il, 3 ay, 1 gün təşkil edir. İddiaçının 12.05.1979-cu ildən 23.06.1981-ci ilə qədər (2 il, 1 ay, 11 gün) Sovet ordu sıralarında hərbi xidmət keçdiyi dövr də nəzərə alınsa belə, onun 01.01.2006-cı ilə qədər 25 il ümumi iş stajının mövcud olması iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayışın (güzəştli iş arayışının) almaq məqsədilə Ağdam rayon Dövlət Arxivinə sorğu göndərilmiş və İddiaçı Ağdam rayonu M.Əsədov adına sovxozda işləməsinə dair həmin sovxozun direktoru tərəfindən 04 dekabr 2019-cu il tarixdə imzalanmış arayışın verilməsinə əsas olan sənədlərin (əmrlər və ya çıxarışların) məhkəməyə göndərilməsini xahiş etmişdir. AR Milli Arxiv İdarəsi Ağdam Filialı sorğuya cavab olaraq bildilmişdir ki, Ağdam rayonu M.Əsədov adına sovxozun arxiv sənədləri Filiala təhvil verilmədiyi üçün orada mühafizə olunmur və bu haqda məlumat vermək mümkün deyildir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim olunmuş 21 oktyabr 2021-ci il tarixli 204 nömrəli Ağdam rayonu M.Əsədov adına sovxozun direktoru tərəfindən imzalanmış arayışı da mötəbər sübut kimi qəbul etmir. Belə ki, artıq mövcud olmayan və ləğv olunmuş müəssisənin (sovxozun) direktoru tərəfindən imzalanmış arayışlar iddiaçının həqiqətən güzəştli şərtlərlə pensiyaya hüquq verən sahədə işləyib-işləməməsini müəyyən etməyə əsas vermir. Bütün bunları nəzərə almaqla məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 01.01.2006-cı ilə qədər zəruri olan ümumi iş stajının 25 ildən az olduğundan iddiaçının tələbi əsassızdır və ona görə də iddia tələbi təmin oluna bilməz. AR Ali Məhkəməsi qərarında göstərmişdir ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçının 01.01.2006-c il tarixədək deyil, 57 yaşının tamam olduğu 02.05.2016-cı il tarixdə 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajının mövcud olubolmamasına qiymət verməlidir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının 57 yaşı tamam olduğu 2016-cı ilədək ümumi stajı 25 il tamam olsa da, 12 il 06 ay zərərli iş stajınıa malik olması iş materialları ilə təsdiq olunmadığından güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarında məhkəmə tərəfindən əmək kitabçasının qeydləri üzrə iddiaçının işlədiyi dövrlər ümumi şəkildə sadalansa da, 57 yaşı tamam olduğu tarixə zəruri olan 25 il ümumi, 12 il 06 ay xüsusi iş stajına aydınlıq gətirilməmiş, ümumiyyətlə, xüsusilə əhəmiyyət kəsb edən işin bu halına hüquqi qiymət verilməmiş, qanunvericiliyin tələbləri formal şəkildə sadalanmaqla, əsassız olaraq iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə - işin hallarına və maddi hüquq normalarına uyğun olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinadən iddiaçıya 57 yaşından pensiya təyin edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarı əsassız olduğundan onunla razılaşmır və qey edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3325/2020 saylı, 13 may 2020-ci il tarixli qərarı ləğv edilməli, iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3325/2020 saylı, 13 may 2020ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar