Məhkəmə qərarları › İş №2-1(103)-1364/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1364/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1364/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7146/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İmtina məktubuna qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinə bitişik əlavə sahələr inşa edilmiş, binanın konturundan kənarda, birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş ümumi istifadədə olan hissədə yerləşdiyi müəyyən edilmişdir.

2. Müayinə aktından görünür ki, qeyri-yaşayış sahəsinin faktiki sahəsi 379.3 kv.m təşkil edir.

3. Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1 17 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus mənzil və qeyri-yaşayış sahələri birləşdirilərək ümumi sahə 230.1 kv.m (mövcud vəziyyətdə faktiki 379,3 kv.m təşkil edir. Qonşu mənzillərdən təcrid edilmiş ayrıca giriş-çıxışı mövcuddur. Sahənin birləşdirilməsi və qeyriyaşayış sahəsinə keçirilmə məqsədəuyğun hesab edilir.

4. Çıxarışdan görünür ki, Bakı ş, Nəsimi r, 28 May küçəsi ev 46 ünvanda (yeni qaydalarla 28 May küçəsi 80 A) yerləşən 203.70 kv.m qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir.

5. 17 yanvar 2023-cü il tarixli Komissiyanın Qəbul aktından görünür ki, iddiaçıya məxsus mənzil və qeyri-yaşayış sahələri birləşdirilərək ümumi sahə 230.1 kv.m (mövcud vəziyyətdə faktiki 379,3 kv.m təşkil edir. Qonşu mənzillərdən təcrid edilmiş ayrıca girişçıxışı mövcuddur. Sahənin birləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilmə məqsədəuyğun hesab edilir.

6. Nəsimi Rayon İcra Hakimiyyətinin 18 yanvar 2023-cü il tarixli sərəncamından görünür ki, mənzil və qeyri-yaşayış sahələri birləşdirilərək qeyri-yaşayış sahəsinin ümumi sahəsi 230,1 kv.m hesab edilir.

7. Nəsimi Rayon İcra Hakimiyyətinin 15 iyul 2024-cü il tarixli sərəncamından görünür ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 379,3 kv.m hesab edilmiş, hüquqi qeydiyyata alınması üçün sərəncamın cavabdehə göndərilməsi qərara alınmışdır. Ümumi sahədəki fərqin aparılmış təmir-tikinti və yenidənqurma işləri səbəbindən olması göstərilmişdir. Sərəncamda göstərilir ki, 1-ci mərtəbə 189,2 kv.m, 2-ci mərtəbə 190,1 kv.m olmaqla 379,3 kv.m təşkil edir.

8. Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1 15 iyul 2024-cü il tarixli rəyindən görünür ki, ümumi sahənin 379,3 kv.m olması məqsədəuyğun hesab edilmişdir.

9. Komissiyanın 15 iyul 2024-cü il tarixli qəbul aktından görünür ki, ümumi sahənin 379,3 kv.m olması məqsədəuyğun hesab edilmişdir.

10. Texniki sənədlərdən görünür ki, aparılmış ölçmə-yoxlama işləri nəticəsində 1-ci mərtəbə 189,2 kv.m, 2-ci mərtəbə 190,1 kv.m olmaqla 379,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir.

11. Cavabdehin 16 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, faktiki ümumi sahə 379,3 kv.m təşkil edir. 143.9 kv.m binanın konturundan kənardır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 203.70 kv.m qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Mövcud vəziyyətdə qeyri-yaşayış sahəsinin qeydiyyata alınması barədə müraciət etsə də, həmin müraciətin təminindən əsassız olaraq imtina edilmişdir.

14. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinə bitişik əlavə sahələr inşa edilmiş, binanın konturundan kənarda, birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş ümumi istifadədə olan hissədə yerləşdiyi müəyyən edilmişdir. Daşınmaz əmlak “Unibank” KB” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7146/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilmişdir.

17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, müvafiq akt və rəylərdən alınmaqla yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini, eləcə də qeyri-yaşayış sahələrinin ölçülərinin dəqiqləşdirilməsini həyata keçirən orqan müvafiq inzibati akt qəbul etməklə yerli icra hakimiyyəti orqanıdır. Yəni, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini, ölçülərin dəqiqləşdirilməsində səlahiyyətli qurumun qəbul etdiyi inzibati akt hüquqi nəticələrə səbəb olur.

18. Hazırkı iş üzrə də qeyri-yaşayış sahəsinin ümumi ölçüsünün 379,3 kv.m olaraq müəyyən edilməsi, təmir-tikinti və yenidən qurma işləri ilə bağlı ölçülərin məhz həmin ölçüdə olması, eləcə də ümumi ölçünün 379,3 kv.m təşkil etməklə buna dair hüquqların dövlət qeydiyyatı üçün cavabdehə sərəncamın göndərilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanının sərəncamı qüvvədədir, ləğv edilməmiş, qüvvədən düşməmiş, hər hansı orqan, üst qurum tərəfindən də mübahisələndirilməmişdir.

19. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7146/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 7. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. ... Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. ... 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2016-cı il tarixli, 491 nömrəli Qərarı:

1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, qeyriyaşayış binalarının (tikinti obyektlərinin), istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə uyğun olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazənin forması” təsdiq edilsin (2 nömrəli əlavə).

27.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

33. Birinci instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2-1(112)-7146/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

34. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

35. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn irəli sürdüyü tələbi əlavə inşa edilmiş 175,6 kv.m nəzərə alınmaqla, Bakı ş, Nəsimi r, 28 May küçəsi ev 46 ünvanda (yeni qaydalarla 28 May küçəsi 80 A) yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə nail olmaqdır.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir.

37. AR İPM-in 12.1-ci madddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

38. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

39. Birinci instansiya məhkəməsi nəticəsini onunla əsaslandırmışdır ki, “müvafiq akt və rəylərdən alınmaqla yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini, eləcə də qeyri-yaşayış sahələrinin ölçülərinin dəqiqləşdirilməsini həyata keçirən orqan müvafiq inzibati akt qəbul etməklə yerli icra hakimiyyəti orqanıdır. Yəni, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini, ölçülərin dəqiqləşdirilməsində səlahiyyətli qurumun qəbul etdiyi inzibati akt hüquqi nəticələrə səbəb olur. Hazırkı iş üzrə də qeyri-yaşayış sahəsinin ümumi ölçüsünün 379,3 kv.m olaraq müəyyən edilməsi, təmir-tikinti və yenidən qurma işləri ilə bağlı ölçülərin məhz həmin ölçüdə olması, eləcə də ümumi ölçünün 379,3 kv.m təşkil etməklə buna dair hüquqların dövlət qeydiyyatı üçün cavabdehə sərəncamın göndərilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanının sərəncamı qüvvədədir, ləğv edilməmiş, qüvvədən düşməmiş, hər hansı orqan, üst qurum tərəfindən də mübahisələndirilməmişdir..”

40. Kollegiya bildirir ki, məhkəmə maddi hüquq normalarının tələbləri baxımından işin hallarına hərtərəfli və düzgün yanaşmamışdır.

41. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməyə görə, Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.19. yaşayış fondundan qeyri-yaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək;

42. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnaməyə görə, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək;

43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

44. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;

45. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

46. Müayinə aktından görünür ki, qeyri-yaşayış sahəsinin faktiki sahəsi 379.3 kv.m təşkil edir. Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1 17 yanvar 2023cü il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus mənzil və qeyri-yaşayış sahələri birləşdirilərək ümumi sahə 230.1 kv.m (mövcud vəziyyətdə faktiki 379,3 kv.m təşkil edir. Qonşu mənzillərdən təcrid edilmiş ayrıca giriş-çıxışı mövcuddur. Sahənin birləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilmə məqsədəuyğun hesab edilir. Çıxarışdan görünür ki, Bakı ş, Nəsimi r, 28 May küçəsi ev 46 ünvanda (yeni qaydalarla 28 May küçəsi 80 A) yerləşən 203.70 kv.m qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. 17 yanvar 2023-cü il tarixli Komissiyanın Qəbul aktından görünür ki, iddiaçıya məxsus mənzil və qeyri-yaşayış sahələri birləşdirilərək ümumi sahə 230.1 kv.m (mövcud vəziyyətdə faktiki 379,3 kv.m təşkil edir. Qonşu mənzillərdən təcrid edilmiş ayrıca giriş-çıxışı mövcuddur. Sahənin birləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilmə məqsədəuyğun hesab edilir. Nəsimi Rayon İcra Hakimiyyətinin 18 yanvar 2023-cü il tarixli sərəncamından görünür ki, mənzil və qeyri-yaşayış sahələri birləşdirilərək qeyri-yaşayış sahəsinin ümumi sahəsi 230,1 kv.m hesab edilir. Nəsimi Rayon İcra Hakimiyyətinin 15 iyul 2024-cü il tarixli sərəncamından görünür ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 379,3 kv.m hesab edilmiş, hüquqi qeydiyyata alınması üçün sərəncamın cavabdehə göndərilməsi qərara alınmışdır. Ümumi sahədəki fərqin aparılmış təmir-tikinti və yenidənqurma işləri səbəbindən olması göstərilmişdir. Sərəncamda göstərilir ki, 1-ci mərtəbə 189,2 kv.m, 2-ci mərtəbə 190,1 kv.m olmaqla 379,3 kv.m təşkil edir. Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1 15 iyul 2024-cü il tarixli rəyindən görünür ki, ümumi sahənin 379,3 kv.m olması məqsədəuyğun hesab edilmişdir. Komissiyanın 15 iyul 2024-cü il tarixli qəbul aktından görünür ki, mumi sahənin 379,3 kv.m olması məqsədəuyğun hesab edilmişdir. Texniki sənədlərdən görünür ki, aparılmış ölçmə-yoxlama işləri nəticəsində 1-ci mərtəbə 189,2 kv.m, 2-ci mərtəbə 190,1 kv.m olmaqla 379,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Cavabdehin 16 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, faktiki ümumi sahə 379,3 kv.m təşkil edir. 143.9 kv.m binanın konturundan kənardır.

47. Bundan sonra iddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncama uyğun olaraq hüququn qeydə alınması və çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə həm ilkin imtina məktubunda, həm də apelyasiya şikayətində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsası kimi 2 halı qeyd etmişdir: konturdan kənar sahə vardır; həmin sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi istifadədə olan sahədə yerləşir.

48. Cavabdeh inzibati orqan imtinasında hüququn qeydə alınmamasının faktiki əsasını bildirmiş, lakin birinci instansiya məhkəməsi cavabdehin dəlili ilə bağlı araşdırma aparmamış, iddiaçının təqdim etdiyi rayon icra hakimiyyətinin xx.xx.2023-ci il tarixli 09 nömrəli sərəncamının məzmununa münasibət bildirməmişdir.

49. 09 nömrəli sərəncamda iddiaçının mülkiyyətində olan ümumi sahəsi 203,7 kv.m olaraq qeydiyyata alınmış Bakı ş, Nəsimi r, 28 May küçəsi ev 46 ünvanında yerləşən (yeni qaydalarla 28 May küçəsi 80 A) saylı mənzilin faktiki sahəsi 379,30 kv.m. hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilməsi, ümumi sahədəki fərqin mənzildə aparılmış təmir-bərpa və rekonstruksiya işləri səbəbindən yaranması, mənzilin ümumi sahəsinin 379,30 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədəuyğun hesab edilməsi qeyd edilmişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qeydiyyata alınmış 203,7 kv.m sahəsindən əlavə inşa edilmiş sahənin də qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasının tələb edildiyi işin faktiki halıdır.

51. Kollegiya bildirir ki, iddiaçı həmin sahəyə dair hüquq müəyyənedici sənəd kimi Nəsimi RİH başçısının xx.xx.2023-ci il tarixli 09 nömrəli sərəncamına istinad edir ki, həmin inzibati aktda 175,6 kv.m sahə fərqinin hüquqi əsasları göstərilməmişdir.

52. Göründüyü kimi qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin işdən görünür ki, sözügedən qeyri-yaşayış sahəsinə münasibətdə istinad edilən Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyil və iddiaçı cavabdeh inzibati orqana müraciət edərkən belə əsaslardan heç birini təqdim etməmişdir.

53. İşin faktiki hallarından görünür ki, iddiaçı 143.9 kv.m əlavə olaraq ümumi isifadədə olan torpaq sahəsində daşınmaz əmlak inşa edərək binanın konturlarından kənara çıxmaqla yanaşı həmin əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi mövcud deyildir. Bundan əlavə, mübahisənin mühüm məqamı ondan ibarətdir ki, iddiaçının mülkiyyət hüququnu əldə etmək istədiyi sahənin bir hissəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi istifadədə olan binada yerləşən mənzillərin mülkiyyətçilərə məxsus sahədə yerləşməsidir ki, həmin hissənin (143.9 kv.m) yerləşdiyi tikinti altı torpaq sahəsinə dair iddiaçının heç bir hüquq müəyyənedici sənədi yoxdur. 54.Belə ki, cavabdeh inzibati orqan tərəfindən sorğuya verilmiş cavab məktubunda əlavə inşa edilmiş daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsus olduğuna dair məlumat, o cümlədən iddiaçıə tərəfindən buna diar hər hansı hüquq müəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir.

55. Əlavə olaraq Kollegiya qeyd edir ki, hazırkı mülkiyyət hüququnun qeydə alınmasının tələb edildiyi binanın konturlarından kənar inşa edilmiş daşınmaz əmlakın inşasına icazə və buna dair hüququn tanınmasının hüquqi rejimi qanunvericilikdə fərqli qaydada tənzimlənir. Belə ki, işin fatiki hallarından göründüyü kimi əlavə sahə çox mənzilli binaya bitişik olsa da belə, həmin sahə yeni inşa edilmiş qeyri-yaşayış sahəsi kimi faktiki olaraq yeni daşınmaz əmlakdır. Belə olan halda Kollegiya qeyd edir ki, binanın konturlarından kənar inşa edilmiş daşınmaz əmlak Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları nəzərə alınmaqla inşa edilməli və sənədləşməli idi, yəni həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi, tikintiyə icazə, layihənin razılaşdırılması və s. sənədlər mövcud olmalı idi.

56. Kollegiya qeyd edir ki, sözügedən sərəncamın 143.9 kv.m hissəsi etibarsız inzibati aktdır. Belə ki, vətəndaş İddiaçı məxsus mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsi və qeyri-yaşayış sahələrinə birləşdirilməsi barədə” xx.xx.2023-ci il tarixli 09 nömrəli Sərəncamı göstərilən hissədə yuxarıda qeyd edilən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarından “yan keçməyə”, yəni sui-istifadəyə səbəb olan əsasdır. Həmçinin, Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarının hazırkı işin faktiki hallarına tətbiqi nəzərə alındıqda, “İddiaçı məxsus mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsi və qeyriyaşayış sahələrinə birləşdirilməsi barədə” xx.xx.2023-ci il tarixli 09 nömrəli Sərəncamının 143.9 kv.m hissəsinin etibarsız olduğu müəyyən olunur. Belə ki, müvafiq sərəncamın 143.9 kv.m hissəsi səlahiyyəti olmayan inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi kimi qiymətləndirilməlidir. 57.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız hesab edilir.

58. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

59. Göründüyü kimi qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin işdən görünür ki, sözügedən qeyri-yaşayış sahəsinə münasibətdə istinad edilən Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyil və iddiaçı cavabdeh inzibati orqana müraciət edərkən belə əsaslardan heç birini təqdim etməmişdir.

60. İddiaçı hazırkı məzmunda iddiasının təmin olunması üçün müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarını, qeyri-yaşayış sahəsinin istismara qəbul aktını təqdim etməli olduğu halda bunu etməmişdir. İddiaçının təqdim etdiyi sərəncam və qəbul aktı (mənzillərin ölçülərinin dəqiqləşdirilməsinə dair) isə hüquqi təbiətinə görə yuxarıda sadalanan hüquqmüəyyənedici sənədləri əvəz edə bilməz.

61. Həmçinin Kollegiya qeyd edir ki, sözügedən daşınmaz əmlak hər bir halda yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə cavab verməyən qaydada inşa edildiyindən və sənədləşdirilmədiyindən qeyd edilən halın araşdırılması da mübahisənin iddiaçının xeyrinə dəyişilməsinin əsası qismində çıxış edə bilməmişdir. 62.İşin apellyasiya araşdırması zamanı cavabdeh inzibati orqana verilmiş sorğuya cavabda qeyd edilmişdir ki, idarənin arxivində qeyd olunan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə“yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir.

63. Bundan əlavə analoji işlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, kassasiya şikayətinin dəlillərini əsassız, cavabdeh inzibati orqanın imtinasını isə qanuna uyğun hesab edən məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan hüquqmüəyyənedici sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən mənzilin qeyriyaşayış sahəsinə dəyişdirilmiş 59,09 kv.m hissəsi hüquqmüəyyənedici sənəd əsasında cavabdeh inzibati orqan tərəfindən qeydiyyata alınmışdır. İddiaçı tərəfindən təmir-tikinti və rekonstruksiya işləri səbəbindən artırılan 90,31 kv.m hissə və həmin hissənin yerləşdiyi torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlərdən heç biri təqdim edilməmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını məhdudlaşdırmamışdır.

64. AR MM-in 35.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3-cü maddəsinə əsasən, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. 35.4-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın.

65. Belə olan halda, məhkəmə kollegiyası qeyd edilən sahənin lazımi hüquq müəyyənedici sənədlər olmadan iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddia tələbinin təmin edilməsini çoxmərtəbəli yaşayış binasının digər sakinlərinin mülkiyyətindən istifadə hüququnun pozulması halı kimi qiymətləndirir.

66. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərini nəzərə almamış, işin qeyd edilən faktiki halına dair araşdırma aparmamış və mübahisə üzrə yalnış qiymətləndirmə etmişdir.

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7146/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7146/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar