Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1365/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı “yol nişanlarının quraşdırılması, maddi və mənəvi zərərin tutulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1441/2020 saylı 19 mart 2020-ci tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı Şahverdiyev İmran Yusif oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail – Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəni - təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması və İddiaçı dəymiş 6812 manat məbləğində maddi zərərin, hüquqlarının vəkil tərəfindən müdafiə edilməsi ilə əlaqədar çəkdiyi 220 manat məbləğində vəkil xərcinin, bu işlə əlaqədar hüquqi məsləhətin alınmasına görə 200 manat məbləğində xərcin və iddiaçıya dəymiş 1000 manat məbləğində mənəvi zərərin, beləliklə iddiaçıya dəymiş cəmi 8232 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Bakı Nəqliyyat Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1441/2020 saylı iş üzrə qəbul etdiyi 19 mart 2020-ci tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Səbail-Badamdar yolunda, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində olan yol boyunca digər yol nişanları quraşdırılmış olsa da, hadisənin baş verdiyi yerdə bugünkü tarixədək hələ də yol nişanları quraşdırılmamış və həmin yerdə bir çox nəqliyyat hadisələrinin baş verməsi halları davam etməkdədir. Məhkəmə iddiaçının nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməsi səbəbindən təhlükəsizlik adacığına dəydiyini və bu səbəbdən də nəqliyyat vasitəsinin zədələnməsində iddiaçını təqsirli hesab etmişdir. Məhkəmə heç bir əsas olmadan yüksək sürətin olmasına istinad etmiş və tamamilə səhv qənaətə gəlmişdir. Belə ki, iddiaçı tərəfindən nəqliyyat hadisəsinin baş verdiyi vaxt yol polisi əməkdaşları tərəfindən sürət həddini aşma halı müəyyən edilməmiş və iddiaçı bununla bağlı inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərindən göründüyü kimi yol nişanlarını quraşdırmaq, bununla da avtomobil yollarında hərəkət təhlükəsizliyini təmin etmək Bakı Nəqliyyat Agentliyinin vəzifəsidir və bu vəzifənin yerinə yetirilməməsinə və maraqlı şəxslərə dəymiş ziyana görə məsuliyyət daşıyır. Hadisənin baş verdiyi yerdə isə heç bir yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edilməməsi, yol nişanlarının qoyulmaması səbəbindən iddiaçıya ziyan dəymişdir. Məhkəmə iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinin təhlükəsizlik adacığına dəyməsi ilə əlaqədar ona tətbiq edilmiş inzibati tənbehin Xətai Rayon Məhkəməsi tərəfindən ləğv edilməsini nəzərə almayaraq, bu halın hadisənin səbəbkarının iddiaçının özü olmasını istisna etmədiyini bildirmişdir. 20 yanvar 2019-cu il tarixində baş vermiş hadisə ilə əlaqədar X8 Polis şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə) iddiaçı barəsində 29 yanvar 2019-cu il tarixli inzibati tənbeh verilməsinə dair qərar qəbul edilmişdir. Qeyd olunan qərardan iddiaçı tərəfindən verilmiş şikayətə Xətai Rayon Məhkəməsində baxılmış və məhkəmənin 19 mart 2019-cu il tarixli qərarı ilə Səbail DYPŞnin qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Səbail DYPŞ-ə göndərilmişdir. Xətai Rayon Məhkəməsinin qərarında iddiaçının təqsirsiz olması, hadisənin yol nişanının olmaması səbəbindən baş verməsi faktları öz təsdiqini tapmışdır. Səbail DYPŞ iddiaçıya qarşı qərəzli olmuşdur, çünki hadisə baş verdikdən sonra hadisə yerinin video görüntülərinin verilməsi barədə Səbail DYPŞ-ya müraciət edilsə də, həmin müraciətə vaxtında cavab verilməmiş və iddiaçı video görüntülərin əldə edilməsindən məhrum olmuşdur. Səbail DYPŞ-nin qanunsuz olaraq hərəkətsizliyi barədə Daxili İşlər Nazirliyinə şikayət edilmiş və Səbail DYPŞ-nin polis baş leytenantı X2 (iddiaçı barəsində inzibati qərar çıxarmış şəxs) töhmət verilmişdir. Bu hadisədən sonra Səbail DYPŞ iddiaçıya qarşı qərəzli mövqedə olduğu üçün Xətai Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərarında qeyd edilənlərə əhəmiyyət verməyərək yenidən iddiaçı barəsində 01 aprel 2019-cu il tarixli inzibati qərar qəbul etmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən ikinci inzibati qərarda mübahisələndirilmiş və Xətai Rayon Məhkəməsinin 20.11.2019-cu il tarixli qərarı ilə bir daha Səbail DYPŞ-nin qərarı ləğv edilmişdir. Xətai Rayon Məhkəməsinin bu qərarında da şəxsin inzibati xətanı törətməkdə təqsirli olmasının sübuta yetirilmədiyi göstərilmişdir. Beləliklə, Xətai Rayon Məhkəməsinin qərarları sübut edir ki, iddiaçının hadisənin baş verməsində heç bir təqsiri olmamışdır...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1222/2020 saylı 29.09.2020-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1441/2020 saylı 19 mart 2020-ci tarixli qərarı, qismən – «yol nişanlarının quraşdırılması hissəsində» ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilmiş və Səbail-Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəni - təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması öhdəliyi cavabdeh Bakı Nəqliyyat Agentliyinə həvalə edilmiş, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qətnamənin iddiaçının maddi və mənəvi zərərin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilərək həmin hissədə yeni qərarı çıxarılmasını hahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Məhkəməsinin 09 fevral 2021-ji il tarixli 2-2(102)-300/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün göndərilmişdir. Mübahisələndirilən hissədə təkrar apellyasiya qaydasında baxılarkən, məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, cavabdehin təqsiri üzündən iddiaçı yol qəzası keçirmiş, mülkiyyətində olan avtomobil əzilərək 6812 manat məbləğində ona maddi zərər dəymişdir. Bütün bunlar işə əlavə olunmuş «Kia Motors Azərbaycan» avtoservisinin işə əlavə olunmuş qüsur aktı ilə təsdiq olunur. İddiaçı təmir işlərinin 3000 manat məbləğində bir qismini öz hesabına görmüş olsa da, maddi imkansızlığı üzündən 3782 manat dəyərində bir sıra işləri gördürə bilməmişdir. Buna dair «Kia Motors»un təmir kartını məhkəməyə təqdim edir. Hesab edir ki, iddiaçıya dəymiş maddi və mənəvi zərər tam məbləğdə cavabdehdən iddiçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Camalova onunla razılaşmamış, iddiaçının ziyan tələbini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı zərərin əvəzinin ödənilməsi və vəkil xərcləri ilə bağlı hissələrində ləğv edilməli, həmin hissədə iddianın qismən təmin olunmalıdır.sı barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi «işin mübahisə olunmayan halı» kimi yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə təhlükəsizlik adacığını» maneəni göstərən hər hansı yol nişanının olmadığnı, həmçinin «yol nişanının quraşdırılması öhdəliyinii cavabdehin üzərinə qoymaqla cavabdehin qanunda bilavasitə təsbit edilmiş vəzifəsini icra etmədiyini müəyyən etdiyi halda, baş vermiş zərərli nəticəni (yol hərəkəti iştirakçısının əməlində inzibati xəta tərkibinin olub-olmamasından asılı olmayaraq, iddiaçının məsuliyyət dairəsinə aid etməklə və bunun əsası kimi yol hərəkəti sahəsində fiziki şəxslərin «Yol hərəkəti haqqında» Qanunun 6-cı maddəsinin İİ hissəsində təsbit olunmuş vəzifələrinə istinad etməkdə haqlı olmamışdır… Apellyasiya instansiya məhkəməsi zərərin əvəzinin ödənilməsi barədə tələblə bağlı işin hallarını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri qaydasında araşdırmalı olduğu halda bunu etməmişdir…» Ali Məhkəmənin qeyd olunan göstərişləri qaydasında işə təkrar apellyasiya qaydasında araşdırıldıqda işin 93-104-cü vərəqlərində olan - Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli və Səbail rayon Polis İdarəsi 21.12.2019-cu il tarixli məktubu ilə məhkəməyə göndərilmiş sənədlərə əsasən məhkəmə tərəfindən aşağıdakı hallar müəyyən olunmuşdur. Səbail rayon X9 Şöbəsi (baş inspektoru E.A.Ağamalıyev) tərəfindən 20.01.2019-cu il tarixində tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən İddiaçı 20.01.2019-cu il tarixində, saat 20:45-də özünə məxsus “KİA Rio” minik markalı 90TV014 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin protokol əsasında Polis şöbənin 29.01.2019-cu il tarixli ******* saylı (baş inspektoru E.A.Ağamalıyevin) qərarı ilə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə ilə tənbeh olunmuşdur. Lakin Polis orqanının qeyd olunan qərarı Bakı şəhəri Xətai rayon Məhkəməsinin (011)-477/2019 saylı 19 mart 2019-ci il tarixli qərarı ilə, protokolu isə 3(011)-2279/2019 saylı 20.11.2019-cu il tarixli digər bir qərarı ilə iddiaçının şikayətlərinə əsəsən ləğv olunaraq yenidən baxılması üçün X3ytarılmışdır. Səbail rayon Polis İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı işdə olan 21 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, məktuba 5 vərəqdən ibarət qoşma sənədələr: ilin əvvəlində baş vermiş yol-nəqliyyat haisəsinə dair 20 yanvar 2019-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokol, 2 nüsxədə (çap və əlyazma variantında) 29.01.2020-ci il tarixli ******* saylı qərar, avtomobili idarə edən İ.Şahverdiyivin izahatı və hadisənin sxeminin - əlavə olunmuşdur. Göründüyü kimi həmin sənədlər sırasında iddiaçı Şahverdiyev barəsində inzibati xətaya dair yeni icraat qaydasında məsuliyyətə cəlb etmə qərarı mövcud mövcud deyil. Yəni prtokol və qərar ləğv edilərək məsələyə yenidən baxılması üçün X3ytarılsa da, sonuncu tərəfindən məsələyə baxılmamışdır. Əslində, Səbail rayon Polis İdarəsi tərəfindən inzibati icraat sənədlərinin məhkəməyə göndərildiyi 21.12.2019-cu il tarixə münasibətdə polis orqanı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı və 38.1-ci maddələrinin tələbləri baxımından inzibati xətanın törədildiyi 20.01.2019-cu il tarixindən üç ay keçənədək inzibati tənbeh vermək imkanı qaçırılması, daha konkret bir ildən də çox müddətin keçməsi iddiaçının inzibati məsuliyyətini istisna edir. Beləliklə də tədqiq olunan sübutlarla son nəticədə müəyyən olunur ki, iddiaçının iştirakçısı olduğu 20 yanvar 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun həmin xətanı törətməkdə təqsirli bilinməsini təsdiq edən sənəd mövcud deyil. Ali Məhkəmənin qərarından isə göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1222/2020 saylı 29.09.2020-ci il tarixli qərarı, təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması öhdəliyinin cavabdeh Bakı Nəqliyyat Agentliyinə həvalə edilməsi hissəsində dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Belə olan halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 3-cü hissəsinəin 1-ci bəndinə əsasən yol hərəkəti iştirakçıları: təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq, yolların, küçələrin, meydanların və dəmiryol keçidlərinin hərəkətin təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdirlər . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İşin mübahisələndirilməyən faktiki halları ilə müəyyən edilir ki, 20 yanvar 2019-cu il tarixdə axşam saatlarında iddiaçının idarə etdiyi “Kia Rio” markalı, 90TV014 dövlət qeydiyyat nişanlı avtomobillə Səbail-Badamdar yolu ilə 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xəttin sol kənarı ilə yolun hərəkət hissəsində irəliləyərkən qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəyə - təhlükəsizlik adacığına dəymiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Ən azından, mübahisəli təhlükəsizlik adacığına müvafiq xəbərdaredici yol nişanının cavabdeh tərəfindən quraşdırılmadığı, yəni, hadisə anında həmin yol nişanının mövcud olmadığı işin tərəflər arasında mübahisələnedirilməyən halıdır. Halbuki, “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin İİ hissəsinə görə yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 22 noyabr 1998-ci il tarixli, 24 nömrəli Fərmanın 2.31-ci bəndinə görə həmin Qanunun 61ci maddəsinin 11-ci hissəsində, 69-cu maddəsinin 2-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir...” -3.1.8-ci bəndinə görə nəqliyyat axınının tənzimlənməsi üçün svetoforların və yol nişanlarının yerlərini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin rəyi nəzərə alınmaqla müəyyən edir və ya dəyişdirir, onları quraşdırır və lazımi qaydada saxlanılmasına nəzarət edir. Cavabdeh orqan isə qanunvericiliyin qeyd olunan tələbləri və nizamnaməsində göstərilən vəzifələrini yerinə yetirməmiş, hadisənin baş verdiyi Səbail-Badamdar yolu ilə 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xəttin sol kənarı ilə yolun hərəkət hissəsində, qoşa xətt qurtardıqdan sonra, qarşıda yerləşən maneə (təhlükəsizlik adacığı) barədə xəbərdarlıq nişanı yerləşdirməmişdir. İddiaçı inzibati xətaya dair icraat materialları üzrə 22.01.2019-cu il tarixində hadisə ilə bağlı polis orqanına verdiyi izahatında da göstərmişdir ki, həmin yolda hərəkət zamanı qaranlıq hava şəraiti mövcud olmuş, yolda işıqlandırma olmamış və 4.2.1 (maneəni sağdan keçmə) nişanı qoyulmadığından səkini (təhlükəsizlik adacığını) görə bilməmiş, avtomaşının sol qabaq təkərini həmin səkiyə vurmuşdur...” İşə əlavə olunmuş fotoşəkillərdən də görünür ki, qeyd olunan yol nişanı mübahisələndirilən təhlükəsizlik adasına quraşdırılmamışdır. İnzibati xətaya dair icraat materialları üzrə tərtib olunmuş “Yol nəqliyyat hadisəsinin sxeminin “Yol nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir:” bölməsində qeyd olunur ki, iddiaçının idarə etdiyi “Kia Rio” markalı, 90TV014 dövlət qeydiyyat nişanlı avtomobildə qabaq sol təkər, 2 qabaq yastıqdarı, qabaq sol qanad və sol qapı zədələnmişdir. Digər tərəfdən, işə əlavə olunmuş “Kia Motors Azərbaycan” (Əhmədli) avtoservisin 2 N-li qusur aktına əsasən müəyyən olunur ki, avtomobilin nəinki qeyd olunan hissələri 25 adda ehtiyat hissələri zədələnmiş və usta xərci ilə birlikdə bərpası üçün 6812 manat məbləğində pul vəsaiti tələb olunur (25 adda dəyişlməli ehtiyat hissələri üzrə 6812 manat, usta haqqına görə 900 manat). İşin hazırkı mərhələsində iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş “Kia Motors Azərbaycan” avtoservisinin təmir kartından (No110320-c007) 11.03.2020) görünür ki, avtomobildə 3000 (eht. his. 2040+360 manat usta haqqı) manatlıq iş görülmüş, lakin 3782 manat dəyərində təmirə ehtiyacı olan görülməmiş işlər qalmışdır. Tədqiq olunan həmin sənədlərin qarşılıqlı təhlili ilə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi zamanı polis orqanı tərəfindən qeydə alınmış zədələnmiş hissələrin (qabaq sol təkər, 2 qabaq yastıqdarı, qabaq sol qanad və sol qapı) avtoservisin qüsur aktında təsbit olunan qiymətlərlə müəyyən edilən dəyəri, usta haqqı xərci nəzərə alınmadan, 2625 (120+760 + 1350+245+150) manat təşkil edir. tələb olunur. Bununla yanaşı, hər bir halda, qeyd olunan iki sənəd üzrə zərərin həcmini eyniləşdirmək heç də real vəziyyəti əks etdirən hal kimi qəbul edilə bilməz. Çünki, avtoservisin qüsur aktından görünür ki, avtomobilin elektrik sistemi, ön sol çaşkası stabilizatoru və sair hissələri də zədələnmişdir. Hər bir halda məhkəmə kollegiyası hesab edir ki, konkret halda, avtomobilin əvvəlki vəziyyətinin artıq saxlanılmadığı nəzərə alınmaqla, avtoservisin qüsur aktı ilə avtomobilin bərpası üçün 6812 manat məbləğində xərcin tələb olunsa belə, həmin məbləğin tam həcmdə cavabdehdən tutulması əsaslı hesab oluna bilməz. Çünki, cavabdeh tərəfindən mübahisələndirilən “təhlükəsizlik adacığı”na dair yol nişanı qoyulmasa belə, iddiaçının da bir sürücü olaraq, qanunla müəyyən edilən məsuliyyəti var. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 6-cı maddəsinin bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək; 2-ci bəndinə əsasən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etmək və bunun üçün keçirilən tədbirlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək vəzifəsidir; Həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Qanunun qeyd olunan tələbləri baxımından, iddiaçının yol hərəkəti iştirakçısı kimi, hər bir halda, həm öz şəxsi təhlükəsizliyini, həm də ictimai təhlükəsizliyin təmin etmək üçün maksimal tədbirlər görməli olduğu halda bunu etməmişdir. O cümlədən, hava şəraiti, yolun işıqlandırılmaması və s. bu kimi əlverşsiz şəraitdə (baxmayaraq ki, iddiaçının tələb olunan hərəkət sürətini aşmamışdır), avtomobili daha aşağı sürətlə idarə etməklə və daha az manevr etmək, və yaxud şəraitdən asılı olaraq, ümumiyyətlə, manevrlər etməməklə, son nəticədə, baş verə biləcək yol nəqliyyat hadisəsinin qarşısını almaq, ən azından, nəticələrini minimuma endirmək üçün real imkana malik əldə etmiş olardı. Azərbaycan Respublikasının Mülki Məcəllləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məcəllənin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası “cavabdehin mülki məsuliyyətinin ölçüsünü “Kia Motors Azərbaycan” (Əhmədli) avtoservisin 2 №-li qusur aktı ilə müəyyən edilən 6812,00 manat dəyərində zərərin yarısı qədər azaldılmasını və 3406,00 manat məbləğində müəyyən edilməsini - mülki qanunvericiliyin qeyd olunan tələbinə uyğun hesab edir ki, bu da həm yol nəqliyyat hadisəsi zamanı bilavasitə polis orqanı ərfindən qeydə alınmış zədələnmənin həcminə, həm də hazırkı mərhələdə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş avtomobildə aparılmış real təmir işlərinin həcmi ilə uyğunluq təşkil edir. İddiaçının ona dəymiş 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbinə gəldikdə isə, onun bu tələbinin təmin edilməsi üçün əsaslar müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası MM-nin 21 və 23 cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası KM-nin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, «..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas X1 Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarının 2-ci və 8-ci bəndində qeyd olunur ki, «..mənəvi zərər anlayışı şəxsin hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab veçirməsi vahid konteksdə olmalı, yəni şəxs öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmalıdır. Konkret halda isə qeyd olunan meyarlar baxımından, iddiaçı tərəfindən ona dəymiş mənəvi zərər əsaslandırılmamışdır. Bu baxımdan, məhkəmə kollegiyasının əqnaətinə görə həmin hissədə iddia tələbinin təmin edilməsi istisna olunur. İddiaçının vəkil xidmətlərinə görə çəkdiyi xərcin 420 manat (220+200) cavabdehdən tutulması tələbini isə məhkəmə kollegiyası qismən əsasılı sayır. Belə ki, İPM-in 108.2-ci maddəsinə əsasən vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC vasitəsilə 6 saylı vəkil bürosunun vəkili Ülkər Məmmədovpaya vəkil xidmətinə görə (aralarında bağlanmış müqaviləyə əsasən) 300 manat pul ödənilmişdir. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyan tələbinin tamamilə rədd olunması barədə işin sübularla müəyyən edilən hallarına və maddi hüquq normalarına uyğun olmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin hissədə məhkəməsinin səhv nəticəyə gəldiyini mübahsələndirən dəlilləri, habelə, vəkilə çəkilən xərəclərə görə pul tələbi ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1441/2020 saylı 19 mart 2020-ci tarixli qərarı, iddiaçının maddi zərərə və vəkil xidmətlərinə görə pul tələbinin rədd olunması hissəsində ləğv edilməli , həmin hissədə iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 3406,00 manat, vəkil xidmətlərinə görə 300,00 manat tutulmalı, qalan hissələrdə iddiaçının maddi ziyan, habelə, mənəvi zərərə görə pul tələbi hissəsində iddia rədd olunmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1441/2020 saylı, 19 mart 2020-ci tarixli qərarı iddiaçının maddi və mənəvi zərərə, vəkil xidmətlərinə görə pul tələbinin rədd olunması hissələrində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh Bakı Nəqliyyat Agentliyindən İddiaçı xeyrinə ona dəymiş maddi ziyana görə 3406 (üç min dörd yüz altı) manat, vəkil xidmətlərinə görə 300 (üç yüz) manat tutulsun. İddia, maddi ziyan tələbinin qalan hissəsində, habelə, mənəvi zərərə görə pul tələbi hissəsində təmin edilməsin. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1365/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1365/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver