Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1365/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə X7 qızının katibliyi İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "Binəqədi Oyl” şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı (üçüncü şəxs X5) “qərarın etibarsızlığının tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “Binəqədi Oyl” şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı X5 üçüncü şəxs qismində göstərilməklə “Binəqədi qəsəbə X1 torpaq sahəsinin ayrılmasına dair 368 saylı, 02 may 2003-cü il tarixli qərarının Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qüvvədə olan prosessual hüquq normalarına istinad etməli olduğu halda, Mülki Prosessual Məcələnin qüvvədən düşmüş normalarına istinad edərək iddia tələbini qeyri-mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh tərəf və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfi dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair yekun nəticəsini əsaslandırarkən qeyd etmişdir ki, “... həm mübahisə predmeti olan sərəncamların qəbul olunduğu dövrdə, həm də ondan sonrakı vaxtda (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında»Azərbaycan Respublikası Qanunu və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları – 1964-cü il tarixli Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinn müddəaları dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Üçüncü şəxsə yönəlmiş əlverişli inzibati aktla bağlı buraxılmış iddia müddəti ilə əlaqədar sonradan balanssaxlayıcının, mülkiyyətçinin, istifadəçinin dəyişməsi, habelə tətbiq olunan yeni qanunun (o cümlədən müvafiq Sazişin qəbul və təsdiq edilməsi haqqında Qanunun) qəbul edilməsi və qüvvəyə minməsi əvvəlki dövrdə buraxılmış iddia müddətinin nəticələrini aradan qaldırmır. Hazırkı işin hallarına görə mübahisə predmeti olan qərarın iddiaçıya məlum olma tarixi konkret müəyyən olunmasa da, iddiaçının Qanunun qüvvəyə mindiyi tarixdən (2005-ci ildən) sonrakı müddətdə həmin qərarla ayrılmış torpaq sahəsinin başqa şəxsin (üçüncü şəxsin) istifadəsində olması barədə məlumatsız olması mümkünsüzdür.” «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. Kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi fiziki şəxslərin kontitusion hüququ olsa da, bu hüququn reallaşdırılması bəzi şərtlərlə məhdudlaşdırılmışdır. Bu məhdudiyyətlərdən biri də iddia tələbinin qanunla müəyyən edilmiş prosessual müddətlərə əməl edilməklə qaldırılmış olmasıdır. İşdən aydın olduğu kimi, iddiaçı şirkət Binəqədi qəsəbə bələdiyyəsinin 02 may 2003-cü il tarixli qərarın etibarsız sayılmasını məhkəmədən tələb edir. Kollegiya bildirir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 27-ci fəslinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həmin Məcəllənin 298-ci madddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırki mübahisə üzrə iş materiallarından iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində məhkəməyə müraciət etməsi, inzibati aktı mübahisələndirməsi halı müəyyən olunmur. İddiaçı apelyasiya şikayətində iddianın mümkünlüyü yoxlanılarkən məhkəmə tərəfindən qüvvədən düşmüş prosessual normaların tətbiq edilməməli olduğunu bildirmişdir. Buna münasibətdə kollegiya bildirir ki, iddiaçı 2011-ci il tarixədək qüvvədə olmuş əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddətini ötürdüyü halda, yeni qanuna görə də mübahisələndirmə hüququ tanına bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların xx.xx.2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Sadalananları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddia tələbi irəli sürülərkən prosessual müddətlə bağlı qanun normalarına əməl edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini mümkün sayılmamaqda düzgün nəticəyə gəlmişdir. İddiaçının apelyasiya şikayəti əsassız olmaqla, məhkəmə baxışı zamanı mübahisələndirilən qərardadın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. AR İPM-nin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, İddiaçı Şirkətinin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şirkətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1365/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1365/2023
24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver