Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1365/2025 13.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11323/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin yenidən hesablanan əmək pensiyasından hər ay tutulmaqla Fondun büdcəsinə qaytarılmasına dair qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və İddiaçı tutulmanın dayandırılması öhdəliyinin cavabdehin uzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 14 avqust 1949-cu ildə doğulmuşdur və xx.xx.2007-ci il tarixli 007379 nömrəli vəsiqəyə əsasən şəhid ailəsidir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 17 yanvar 2024-cü il tarixli aktına əsasən daxili xidməti yoxlama nəticəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinə əsasən vətəndaş X1 yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üçün inzibati icraat başlanılmış, maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubla Dövlət Sosial Müdafiə Fonduna dəvət olunmuşdur. Akta əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı katerqoriyasına keçməyi ilə əlaqədar əmək pensiyası yenidən hesablanarkən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 50 faizlə nəzərə alınmalı olduğu halda, xx.xx.2018-ci il tarixində 90 faizlə nəzərə alınaraq hesablandığı və nəticədə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ona yaşa görə əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Bundan sonra əmək pensiyasının ödənişinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunverciliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəəyi barədə İddiaçı məlumat verilmişdir. İddiaçı 17 yanvar 2024-cü il tarixli mülahizəsinə şəxsən imza etməklə, əmək pensiyasından tutulmanın aparılmasına razı olmadığını bildirmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 26 yanvar 2024-cü il tarixli məktubuna əsasən İddiaçı bildirilmişdir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ona 14 avqust 2000-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və təyin olunmuş əmək pensiyasının ödənişi davam etdirilmişdir. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar əmək pensiyası yenidən hesablanarkən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 50 faizlə nəzərə alınmalı olduğu halda, xx.xx.2018-ci il tarixdə 90 faizlə nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək pensiyasının aylıq məbləğində artıq ödəmə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün xx.xx.2023-cü il tarixdə dəvət məktubu göndərilmiş (3-17-1/2-A- 307432/2023 nömrəli məktub) və xx.xx.2024-cü il tarixdə saat 14:30-da Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun inzibati binasına (Qəbul şöbəsinə) gəlməsi və ya yazılı qaydada öz mülahizələrini təqdim etmək xahiş olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunda (bundan sonra - Fond) qəbulda olmuş və əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin yenidən hesablanan əmək pensiyasından hər ay tutulmaqla Fondun büdcəsinə qaytarılmasına razılıq verməmişdir. Mərkəzi Filialın müvafiq qərarına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 36 il 10 ay sığorta stajı, xx.xx.2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabınının sığorta hissəsində qeydə alınmış 7680,76 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2021-ci il tarixdən (artıq ödəmənin aşkar edildiyi tarixdən 3 il əvvələ) 533,71 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 548,68 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanlar nəzərə alınaraq iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən Qanunun 26.4-cü maddəsinə əsasən 565,34 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 634,70 manata çatdırılmışdır (sonuncu yenidən hesablanmalara əsasən). xx.xx.2024-cü il tarixli vəkil sorğusu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edilərək İddiaçı əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin yenidən hesablanan əmək pensiyasından hər ay tutulmaqla Fondun büdcəsinə qaytarılmasına dair qərarın ləğv edilməsi, ondan tutulmanın dayandırılması, bu mümkün olmadıqda isə bu barədə olan qərarın surətinin göndərilməsi xahiş edilmişdir. Həmin məktub cabahdeh təşkilat tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq, cavab verilməmiş, həmçinin İddiaçı əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin yenidən hesablanan əmək pensiyasından hər ay tutulmaqla Fondun büdcəsinə qaytarılmasına dair qərar təqdim edilməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Ceyhun Quliyev) e-2-1(112)-11323/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qərara gələrkən qanunun tətbiqində yanlışlığa yol vermiş, bir-birinə tam ziddiyyət təşkil edən nəticəyə gəlmişdir. İş üzrə iddianın əsaslılığını təsdiq edəcək kifayət qədər sübutların inzibati işin materiallarına əlavə olunmasına baxmayaraq, birinci instansiyası məhkəməsi həmin sübutlara obyektiv qiymət verməmişdir. Ona görə də cavabdeh orqanın imtinası qanunsuz və əsassız olduğundan hazırkı iddia tələbi təmin olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi nəzərdə tutur ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, əmək pensiyası təyin edən orqan yalnız əmək pensiyaçısının razılığı olduqda artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması barədə qərar qəbul edir. Başqa sözlə, burada pensiya təyin edən orqanın diskresion səlahiyyətinin mövcudluğu müəyyən edilmir. Bu hal isə onu göstərir ki, pensiya təyin edən orqan qanunverciliyin qeyd olunan tələblərini nəzərə almadan, İddiaçı inzibati icraata cəlb etmədən və onun razılığı olmadan, ondan artıq vermə göstərərək, artıq ödəmə adı altında pensiya məbləğinin geri ödənilməsini həyata keçirmiş, bununla da pensiya qanunverciliyinin tələblərini pozmuşdur. Qeyd etmək zəruridir ki, artıq ödənildiyi iddia edilən pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi qaydasında geri qaytarılması barədə məsələni həll edən zaman cavabdeh inzibati orqan həmin normanın müddəaları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Birinci instansiya məhkəməsi inzibati prosessual qanunvericiliyin maddələrinin tələblərini pozmuş, iddanın təmin edilməsi üçün əsas hesab etdiyi sübutlara formal cəhətdən yanaşmış, iddianın təmin edilməsi üçün əsas olan faktları heç bir əsaslı səbəb göstərmədən sübut növü kimi qəbul etməmişdir. Bakı İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e-2-1(112)-11323/2024 saylı qərarı əsassız, qanuna zidd və qeyriobyektiv olduğundan ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş emtişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 00****** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Sizə xx.xx.2000-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilib və xx.xx.2006cı ildən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyanızın ödənişi davam etdirilir. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyiniz ilə əlaqədar əmək pensiyanız yenidən hesablanarkən fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 50 faizlə nəzərə alınmalı olduğu halda, xx.xx.2018-ci il tarixdə 90 faizlə nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək pensiyanızın aylıq məbləğində artıq ödəmə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, Sizə vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün xx.xx.2023-cü il tarixində dəvət məktubu göndərilmiş (3-17-1/2-A-307432/2023 nömrəli məktub) və xx.xx.2024-cü il tarixində saat 14:30-da Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun inzibati binasına (Qəbul şöbəsinə) gəlməyiniz və ya yazılı qaydada öz mülahizələrinizi təqdim etməyiniz xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixdə Siz Dövlət Sosial Müdafiə Fondunda (bundan sonra - Fond) qəbulda olmuş və əmək pensiyanız üzrə artıq ödənilmiş vəsaitin yenidən hesablanan əmək pensiyanızdan hər ay tutulmaqla Fondun büdcəsinə qaytarılmasına razılıq verməmisiniz. Mərkəzi Filialın müvafiq qərarına xx.xx.2006-cı il tarixədək 36 il 10 ay sığorta stajınız, xx.xx.2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyiniz ilə əlaqədar xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 7680,76 manat pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanmış və xx.xx.2021-ci il tarixindən (artıq ödəmənin aşkar edildiyi tarixdən 3 il əvvələ) 533,71 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 548,68 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanlar nəzərə alınaraq əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən Qanunun 26.4-cü maddəsinə əsasən 565,34 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 634,70 manata çatdırılmışdır (sonuncu yenidən hesablanmalara əsasən). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X3 əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2000-ci ildə yaşa görə əmək pensiyası təyin edilmişdir, hazırki əmək pensiyasının məbləği 777,45 manat, yenidən hesablanmış əmək pensiyasının məbləği 634,70 manatdır. Qeyd: xx.xx.2017-ci il tarixində işdən azad olsa da 2018-ci il tarixində müraciət edilib və pensiya kapitalı 50%-lə hesablanmalı olduğu halda 90%-lə hesablama aparılmışdır. Artıq ödəmə nəzərə alınsın. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X3 əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2000-ci ildə yaşa görə əmək pensiyası təyin edilmişdir, hazırki əmək pensiyasının məbləği 695,31 manat, yenidən hesablanmış əmək pensiyasının məbləği 695,31 manatdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır (xx.xx.2017-ci ilədək olan redaksiyası - 1.0.8. fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır). 37.3.1. (xx.xx.2017-ci ilədək olan redaksiyası) Yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiyaya çıxdıqdan sonra işləməyə davam etmiş, xx.xx.2017-ci il tarixdən isə işləməyən əmək pensiyaçısı olmuşdur. Lakin əmək pensiyasının yenidən hesablanması üçün xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən iddiaçının xx.xx.2017-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 50 faizlə nəzərə alınmalı olduğu halda (həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən), xx.xx.2018-ci il tarixdə 90 faizlə hesablanmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə qədər xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50%-i fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiya kapitalının hesablanması aparılırdı, xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən isə pensiyanın hesablanması üçün fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla qeydə alınmış pensiya kapitalından pensiya məbləği hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə edilmiş dəyişiklik xx.xx.2017-ci il tarixdən sonra əmək pensiyası hüququ qazanmış şəxslərə şamil olunur. Bununla əlaqədar iddiaçının əmək pensiyası cavabdehin xx.xx.2023-cü il tarixli qərarına əsasən yenidən hesablanaraq 634,70 manat, xx.xx.2024cü il tarixli qərarına əsasən yenidən hesablanaraq 695,31 manat müəyyən edilmişdir. Həmin qərarlar artıq ödənilmiş məbləğlərin əmək pensiyasından tutulması ilə bağlı olmayıb, əmək pensiyasının yenidən hesablanması haqqındadır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11323/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1365/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1365/2025
13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver