Məhkəmə qərarları › İş №2-1(103)-1366/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1366/2021

11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1366/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə. İddiaçı (xx.xx.1963-cü il tarixində Tovuz rayonunun Azanlı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2-1(81)-4505/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyy ən etdi: İddiaçı 17.10.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olduğu tarixdən, yəni 16.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü ildə Tovuz rayonunun Azanlı kəndində doğulmuşdur. 10.09.1981-ci ildən 13.03.1982-ci ilə qədər Bakı Mahud Kombinatında əyirici şagirdi, 13.03.1982-ci ildən 04.09.1995-ci ilə qədər isə 5-ci dərəcəli əyirici vəzifəsində işləmişdir. Sonra isə 18.09.1995-ci ildən 10.11.2002-ci ilə qədər «Azərmetaltəmirtikinti» İB-nin X1 İdarəsində anbar sahəsinin qablaşdırıcısı vəzifəsində işləmişdir. 01.07.2017-ci il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən qadınlar AR Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 01.07.2017-ci il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 52 yaşı tamam olduğu 16.01.2015-ci il tarixə qədər 21 il 1 ay 16 gün ümumi iş stajı, 13 il 5 ay 21 gün zərərli iş stajını tamamlamışdır. 52 yaşı tamam olan tarixdən, yəni 16.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin DSMFnin Xüsusi Şərtlərlə Təyinat İdarəsi 02.09.2019-cu il tarixli **********9 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi qeyd olunmuşdur ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li Əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Həmin sənədlər təqdim olunmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. Bəli, həqiqətən də hazırda qüvvədə olan Qaydalara əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Lakin, inzibati orqan ona münasibətdə bir nüansı nəzərindən qaçırır. Belə ki, pensiya hüququ yarandığı tarixdə, yəni 16.01.2015-ci il tarixdə AR DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları qüvvədə olmuşdur. Həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilməmişdir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalar onun hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə tətbiq oluna bilməz. İşlədiyi «əyirici» vəzifəsi isə istər AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş Siyahıda, istərsə də, 23.01.2007-ci il tarixli, 12 №-li Qərarla təsdiq edilmiş Siyahının 32-ci Bölməsinin «Əyiricilər» peşəsində əks olunmuşdur. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən pensiya hüququ pozulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2-1(81)- 4505/2019 nömrəli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmiş, İddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni 16.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 20 il güzəştli iş stajının olması tələb edilir. Belə ki, iddiaçı əyrici vəzifəsində 1982-1995-ci illərdə işləmişdir. Deməli, ona Nazirlər Kabineti tərəfindən 2007-ci ildə deyil, 1993-cü ildə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrin siyahısı tətbiq edilməlidir. Bu məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1590/2019 saylı qərarında aşağıdakı kimi izah edilir, apellyasiya məhkəməsinin qərarında istinad edilmiş qanunvericiliyin tətbiqi ilə bağlı iddiaçının işlədiyi vəzifələrin bir halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 2 nömrəli siyahısında müəyyən edilmiş "XXİİİ.Ümumi peşələr"ə aid olduğunu və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahı üzrə 35-ci bəndinə aid olduğunu müəyyən etmişdir. Halbuki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yuxarıda istinad edilmiş Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən yarandığı halda, istehsalatların və peşələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahı üzrə müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə şəxsin pensiya hüququ yalnız istinad edilən qanunun 9.1-ci maddəsinə və yalnız həmin qanun və qərar qüvvəyə minəndən sonra yaranmış hüquqi münasibətlərə tətbiq edilməlidir. Beləliklə iddiaçının peşəsi Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü ildə təsdiq edilmiş yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında axtarılmalıdır. Məlum olduğu kimi, həmin siyahı 4 hissədən ibarətdir: 1-ci siyahı, 2-ci siyahı, toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin siyahısı və hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin siyahısı 1-ci və 2-ci siyahılara düşən peşələrlə bağlı tələb edilən iş stajlarının müddəti “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a və b bəndləri ilə tənzimlənir. Lakin iddiaçının işləmiş olduğu əyirici peşəsi 1ci və 2-ci siyahılarda deyil, toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin siyahısındadır. Həmin siyahıya düşən peşələrlə bağlı tələb edilən iş stajı müddətləri isə "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun e bəndində öz əksini tapıb. Həmin bəndə əsasən, toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə 50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda güzəştli şərtlərlə pensiya almaq hüququna malik olurlar. İddiaçının isə əyirici kimi 20 il iş stajı olmamışdır. Buna görə də ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilməzdi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-447/2020 saylı, 14 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər S.Seyidova, V.Ağayev, A.Nuriyeva) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4505/2019 saylı, 13.11.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 11/2021 saylı, 02.02.2021-ci il tarixli qərarı ilə (hakimlər K.Bədəlov, İ.Hüseynov, N.Rəsulbəyova) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2020-ci il tarixli 2- 1(103)-447/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında cavabdehin nümayəndəsi və vəkili X3 iştirak etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2-1(81)-4505/2019 nömrəli qərarı dəyişdirilməlidir. İş materiallarından müəyyən edilir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 01.09.1980ci ildən 22.09.1981-ci ilə qədər 25 №-li peşə məktəbində təhsil almış, 10.09.1981-ci ildən 13.03.1982-ci ilə qədər Bakı Mahud Kombinatında əyirici şagirdi, 13.03.1982-ci ildən 04.09.1995-ci ilə qədər isə 5-ci dərəcəli əyirici vəzifəsində işləmiş, sonra isə 18.09.1995-ci ildən 10.11.2002-ci ilə qədər «Azərmetaltəmirtikinti» İB-nin X1 İdarəsində anbar sahəsinin qablaşdırıcısı vəzifəsində işləmişdir. İddiaçı ərizə ilə 29.07.2019-cu il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə 02.08.2019-cu il tarixli, **********9 №-li məktub ünvanlanmış və imtinaya səbəb kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 №- li Qərarı ilə təsdiq edilən «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li Əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Həmin sənədlər təqdim olunmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməməsi qeyd olunmuşdur. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda, ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olubolmaması yoxlanılmalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına məsələn, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda, ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, lazımi məlumatların əldə edilməsini təmin etmək üçün verilən belə sorğular mütləq zəruri fərqləndirici və eyniləşdirici məlumatları aydın və dürüst şəkildə özündə əks etdirməlidir. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə iclaslarına gəlməmiş, xəstə olduğundan məhkəmə iclaslarına gələ bilməyəcəyini, hazırda müəssisənin fəaliyyət göstərmədiyini, bu səbəbdən güzəştli arayış və ya hər hansı sənəd təqdim edə bilməyəcəyini bildirmişdir. Qeyd edilən göstərişləri nəzərə alan məhkəmə tərəfindən işin hazırkı apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu ünvanlanaraq, İddiaçı təqdim etdiyi İT-İ № ******* seriya və nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 10.09.1981-ci il (125 nömrəli əmr, tam oxunmur) tarixdə Bakı Mahud Kombinatında əyirici şagirdi vəzifəsinə qəbul edilmiş, 13.03.1982-ci il tarixdən 5-ci dərəcəli əyirici vəzifəsində işləmiş, 04.09.1995-ci il tarixli, 36 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Eyni zamanda 18.09.1995-ci il tarixli, 125 nömrəli əmrlə “Azərmetaltəmirtikinti” İB-nin X2 İdarəsində anbar sahəsinin qablaşdırıcısı vəzifəsinə işə qəbul olunmuş, 10.11.2002-ci il tarixli, 79-k nömrəli əmrlə işdən azad olunmuşdur. Bununla bağlı İddiaçı həqiqətən həmin müəssisələrdə işləyib-işləməməsinə dair əmrlərin, arxiv arayışlarının təsdiq edilmiş surətlərinin, əmək haqqının alınıb-alınmaması, işə qəbul edilib, işdən azad olunması barədə əmrlərin və digər məlumatların məhkəməyə təqdim olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 10.06.2021-ci il tarixli, BA- 02499-2021 nömrəli cavab məktubunda vət. Həsrətova (Əmrahova) Xoşqədəm Əmiraslan qızının Bakı Zərif Mahud Kombinatında işləməsi barədə tərtib edilmiş şəxsi vərəqənin təsdiq edilmiş kserosurəti və arxiv arayışı əmək haqqı cədvəli məhkəməyə göndərilmişdir. Məktuba əlavə edilmiş arxiv arayışında qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Zərif Mahud Kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında xx.xx.1963-cü il təvəllüdlü vət. Həsrətova (Əmrahova) Xoşqədəm Əmiraslan qızının 14.09.1981-ci il tarixli, 125/ok saylı əmrlə 10.09.1981-ci il tarixdən 1-ci dərəcəli əyirici şagirdi kimi işə qəbul olunması, 04.09.1995-ci il tarixli, 36/KŞ saylı əmrlə 06.09.1995-ci il tarixdən öz xahişi ilə işdən azad olunması, 1988, 1989, 1990, 1991, 1992ci illər və 1995-ci ilin sentyabr ayına dair əmək haqqı cədvəllərində ona əmək haqqı hesablanması barədə məlumatlar vardır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi qismən əsaslıdır. 01.07.2017-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında həmçinin qeyd edilmişdir ki, “apellyasiya instansiyası məhkəməsində müvafiq araşdırma aparıldıqdan sonra iddiaçının güzəştli şərtlərlə pensiya hüququna malik olduğu müəyyən edilərsə, ödənilməmiş pensiya məbləğinin ödənilməsi ilə bağlı iddia tələbi təmin edilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmalıdır. Həmin qərardada əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir”. Məhkəmə kollegiyası qeyd edir ki, 16.01.2015-ci il tarixdə iddiaçının 52 yaşı tamam olmuşdur, həmin tarixə 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası yuxarıda sadalanan normalara əsasən qeyd edir ki, 16.01.2015-ci il tarixdə iddiaçının 52 yaşı tamam olsa da, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsində müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçı tərəfindən 29.07.2019-cu il tarixdə cavabdeh inzibati orqana güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciət edilmiş, sonuncu tərəfindən 22 avqust 2019-cu il tarixli məktuba əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona 52 yaşdan əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2-1(81)- 4505/2019 nömrəli qərarı dəyişdirilsin. İddiaçı, 52 yaşından, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinin tələbi nəzərə alınmaqla, müraciət etdiyi 29.07.2019-cu il tarixdən əvvəlki üç il üçün, yəni, 29.07.2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanmaqla, ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar