Məhkəmə qərarları › İş №2-1(103)-1366/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1366/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1366/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə (üçüncü şəxs Saatlı rayon Mərkəzi Xəstəxanası) qarşı “30.07.2021-ci il tarixdən 5 il müddətinə 2-ci dərəcə əlilliyin təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10288/2021 saylı, 20.12.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30.07.2021-ci il tarixdən etibarən mənə növbəti 5 il müddətinə əlillik müddəti uzadılmaqla İİ (ikinci) dərəcəli əlilliyin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci ildə Saatlı rayonunda anadan olub. Hal-hazırda ünvan 1 ünvanda rəsmi qeydiyyatdadır. Özü “şəhid ailəsidir”. Oğlu Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Vətənimizi qoruyarkən Şəhid olmuşdur. Uzun illərdir “ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmamazlığı” xəstəliyindən əziyyət çəkir. Ona təyin olunan diaqnoz: “Spazm ilə müşayət olunan stenokardiya ÜİX-yi gərginlik stenokordiyası İİİ F sinif, ağırlaşma fonunda “durğunluq ürək çatışmazlığı. xroniki ürək çatışmazlığı İİİ F sinif; Yanaşı xəstəliklər: “Essensial (birincili) Hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ”. Hər üç təyinat “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin” 2.2.1-ci bəndinə aiddir ki, bu da İİ (ikinci) dərəcəli əlilliyi olmasını təsdiq edir. (Xəstəlik kodu əsas diaqnoz - İ 20.1, ağırlaşma- İ20.0, Yanaşı xəstəliklər- İ10). Bildirir ki, 07.12.2015-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X3 süni qan dövranı şəraitində aortakoronar şuntlanma ürək əməliyyatı olunub. (SVG- OM, SVG-PDA, LİMA-LAD). Ürək cərrahiyyə əməliyyatlarından sonra daima həkim- kardioloqun nəzarəti altında müayinə və müalicə olunur. Bundan başqa O, X4 Müəssisələrində müayinə və müalicə olunub. Tibbi- Sosial Ekspertiza Komissiyasının 30.07.2016-cı il tarixli qərarına əsasən 30.07.2021-ci il tarixə kimi növbəti 5 il müddətinə ona İİ (ikinci) dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddətinin uzadılması məqsədilə O, Saatlı Rayon Mərkəzi Xəstəxanasının 22.08.2021-ci il tarixli 0309003AAPUT saylı elektron göndəriş (Forma 088) əsasında cavabdeh orqana müraciət edib və X1 11.08.2021-ci il tarixli sonuncu müainə olmuş tibbi rəyini təqdim edib. Bundan başqa o cavabdeh qurumda əyani ekspertiza komissiyasında olub. Cavabdeh orqan tərəfindən əyani müayinə olunub və ona əlillik təyin edilməyəcəyini bildiriblər. Məlum olub ki, elektron qaydada müraciətinə imtina verilmə səbəbi formaldır. Bakı İnzibati Məhkəməsinin 15.09.2021-ci il tarixli qərardadı ilə Saatlı Rayon Mərkəzi Xəstəxanası hazırki iddia tələbi üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10288/2021 saylı, 20.12.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10288/2021 saylı, 20.12.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilməsinə əsas olmuş 22.03.2021-ci ildə 0034003AADZP saylı göndərişdə əsas diaqnoz olaraq göstərilmiş “Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX-yi, gərginlik stenokardiyas lllf/sinif” hansı ki 2.2.1-in tətbiqi üçün əsas olan qan dövranının ikinci dərəcə çatışmazlığını yaratmır. Hansı ki qeyd olunan xəstəliyin mövcudluğundan söhbət getməsi üçün “atım fraksiyası” (AF) da göndərişdə qeyd edilmiş olmalıdır. Sözügedən göndərişdə isə bu məlumatlar da qeyd olunmamışdır. Həmçinin qeyd olunan digər ağırlaşmalar da əlillik təyinatının aparılması üçün tələb olunan qan dövranının ikinci dərəcə çatışmazlığı diaqnozunu təsdiqləmir. Digər tərəfdən 2.4.1-ci bəndin iddiaçıya şamil olunması da mümkün deyildir. Çünki həmin yarımbəndə görə ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda qan dövranının ikinci dərəcə çatışmazlığı müddətsiz ikinci dərəcə əlilliyin təyininə əsas verir. Lakin, iddiaçının göndərişində ona ürək ritminin suni tənzimləyicisinin qoyulduğu haqqında heç bir məlumat yoxdur. Qeyd edilən səbəblərə görə iddiaçıya əlillik dərəcəsi verilməsindən haqlı olaraq imtina edilmişdir. Bütün bunlarla yanaşı iddiaçı barəsində verilmiş qərardan narazı qaldığı üçün 06.09.2021-ci il tarixində onun əyani müayinəsi keçirilmiş və **********9 saylı protokol ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Həmçimin birinci instansiya məhkəməsi qərar qəbul edərkən yalnız göndərişdəki “XBT” (Xəstəliklərin beynəlxalq təsnifatı kodlarına) əsaslanmış, əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğunu nəzərə almamış, xüsusi biliyin tətbiqi gərəkli olduğu halda bu barədə tərəfimizdən verilmiş vəsatəti rədd etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10288/2021 saylı, 20.12.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10288/2021 saylı, 20.12.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya ilkin olaraq İİ dərəcə əlillik Saatlı Rayon Mərxəzi Xəstəxanasının 27.05.2016cı il tarixli göndərişi əsasında beş il müddətinə təyin edilmişdir. Saatlı Rayon Mərxəzi Xəstəxanasının tərəfindən verilmiş forma 88 arayışına əsasən (№0309003AAPUT; göndərişin tarixi: 22.07.2021-ci il) əsas diaqnoz: İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya ÜİX-yi, gərginlik stenokardiyası İİİİf/sinif; Ağırlaşmaları: İ50.0 Durğunluq ürək çatmazlığı. Xroniki ürək çatmamazhğı İİİ f/sinif; İ25.2 Əvvəllər keçirilən miokard infarktı İnfarktdan sonrakı kardioskleroz; İ20.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya AKŞ əməliyyatından sonrakı vəziyyət; yanakı xəstəliklər: İ10 Essensial [birincili] hipertenziya Hipertoniya xəstəliyi İİ mərhələ. Cavabdeh qurum tərəfindən aparılmış qiymətləndirmə zamanı səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayış №0309003AAPUT) müəyyən edilir ki: -iddiçı göndəriş verən müəssisədə 26.11.2015-ci il tarixindən qeydiyyatdadır; -26.11.2015, 06.12.2015, 18.01.2016, 19.02.2016, 05.04.2016, 06.04.2016, 24.05.2016, 12.06.2018, 09.07.2019, 03.01.2020, 12.02.2020-ci il tarixlərdə ambulator müalicələr almışdır. - İ20.1 klinik diaqnoz ilə "xxxx" MMC-də 18.01.2016-18.02.2016-cı il tarixlərdə; “M.A.Topçubaşov adına X5” publik hüquqi şəxsdə 07.12.2015-15.12.2015-ci il tarixlərdə, “Saatlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə 07.01.2021-16.01.2021-ci il il tarixlərdə stasionar müalicə almışdır -status localis qrafasına əsasən xəstə uzun illərdir ki, xəstəlikdən əziyyət çəkir, vaxtaşırı olaraq ambulator və stasionar müalicələr almasına baxmayaraq, vəziyyətində tez-tez pisləşmələr qeyd edilir. Şikayətləri: fiziki gərginlik zamanı artan təngnəfəslik, sinədə göynəmə, ağrı, ürək nahiyyəsində yandırıcı şəkildə küt ağrılardan, tez yorulmadan, yuxusuzluqdan, baş ağrısı, başgicəllənmə, əmək qabiliyyətinin aşağı düşməsi. Xəstəyə 08.12.2015-ci il tarixində süni qan dövranı şəraitində aortakoronar şuntlama əməliyyatı İ(SVG-OM; SVG-diaq; SVG-PDA; LİMA-LAD) icra olunmuşdur. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6, 1.7, 2.9-cı bəndlərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1, 2.4.1, 4.2-ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, iddiaçıya qiymətləndirmə aparıldığı 30.07.2021-ci il tarixdən beş il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); Həmin Əsasnamənin 2.4.1-ci maddəsinə əsasən ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0- İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0) halında ikinci dərəcə əlillik müddətsiz təyin edilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, 4400003AAFM saylı göndərişdə göstərilən xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində təsbit edilməsinə, iddiaçının həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə (obyektiv müayinə, EKQ, ExoKQ, rentgenoqrafiya) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), cavabdeh tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtinası qanunsuz və əsassız olmuş, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10288/2021 saylı, 20.12.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar