Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1366/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11318/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “03 mart 1993-cü il tarixdən 1993-cü il avqust ayınadək N №-li hərbi hissədə döyüşlərdə iştirak etmək faktını müəyyən edərək veteran adının verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 mart 1993-cü il tarixdə Səfərbərliklə əlaqədar Binəqədi rayon hərbi komissarlığından hərbi xidmətə göndərilmişdir. N saylı hərbi hissədə torpaqların azadlığı uğrunda Füzuli rayonu istiqamətində döyüşlərə qatılmışdır. 1993-cü il avqust ayının əvvəllərində ağır bədən xəsarətləri almışdır. Bir neçə gün hərbi hissənin tibbi məntəqəsində müalicə almışdır. Yaralarının ağırlığını nəzərə alaraq onu Lənkəran şəhərinin Hərbi Hospitalına yerləşdirilmişdir. Bir müddət orada qaldıqdan sonra Kalinovka sağlamlıq mərkəzində müalicə olunmuşdur. Onunla birlikdə xidmət edənlərə veteran adı verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Veteran komissiyası N №-li h/h-nin əmr kitabının olmamasını əsas gətirərək ona veteran adı verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı ərizəsinə Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi arxivindən verilmiş xx.xx.2021-ci il tarixli, 4/2-1182 saylı imtina məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin mart 1992ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi İşlər İdarəsinin Mərkəzi Arxivinə daxil olmamışdır. Qanuni əsaslar olmasına baxmayaraq xahişinin rədd edilməsi onun konstitusion hüququnu pozmuşdur. Məhkəmənin 28 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iş üzrə iddia tələbi “xx.xx.1962-ci ildə anadan olmuş İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq şdilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteram” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat aşkar edilməmişdir. İddiaçının hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının hərbi hissədə xidməti və qanuni əsaslarla tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxdığı gün sayılır. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusu almaq üçün hərbi xidmətdən qanuni əsslarla təxris olunduğunu sübut etməlidir. Hərbi qulluqçuların ehtiyata buraxılma prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.1996-cı il tarixli 433 saylı Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar 1996-cı il tarixli Əmrin 1-ci bəndində qeyd edilmişdir ki, 10 fevral 1996-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin Əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüququ olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11318/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Almazova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tərxis olunması barədə əmrin verilməsinə və sonradan arxivdə saxlanmasına Müdafiə Nazirliyinin əməkdaşları cavabdehdilər və onların öz vəzifələrinə məsuliyyətsiz yanaşması onun hüquqlarımın pozulmasına gətirib çıxarmışdır. Məhkəmə isə bu hala düzgün qiymət verməmişdir. Eyni zamanda məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, əgər o hərbi hissəni öz başına tərk etsəydi belə, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmalı idi və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilməli idi. Cavabdeh məhz bu halı iddiaya verdiyi etirazında vurğulasa da, hərbi uçot sənədlərinin hərbi komissarlığa göndərilməsini və beləliklə hərbi hissəni özbaşına tərk etməyini və qanuni əsaslarla ehtiyata buraxılmamağını digər vasitələrlə sübut etməmişdir. Həmçinin, onun hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməməyi və məhkum olmamağı özü özlüyündə hərbi hissənin özbaşına tərk etməməyinin və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmağının sübutudur. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətdə yazılanlara uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin olunmasını xahiş etdi. İddiaçı əlavə olaraq izahatında bildirdi ki, xx.xx.1993-cü ildə döyüş zonasında hərbi xidmət keçərkən xəsarət almış, xx.xx.1993-xx.xx.1993-cü illərdə xəstəxanada müalicə olunmuş, daha sonra hərbi hissəyə qayıtdıqda ona deyilmişdir ki, artıq Füzuli rayonu işğal edilmişdir, o da könüllü olduğuna görə geri qayıtmağını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş Arayışa əsasən, o, həqiqətən xx.xx.1993-cü il tarixdən N saylı hərbi hissədə hərbi xidmətə daxil olmuşdur. 1993-cü ilin avqust ayının əvvəlində ağır bədən xəsarəti almışdır. Bir neçə gün hərbi hissədə qaldıqdan sonra Lənkəran Hərbi Hospitalına yerləşdirilmişdir. 1993-cü ilin avqust ayının 10-dan 28-dək Kalinovka Sağlamlıq Mərkəzində müalicə olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində 1993-cü ilin may ayının 5-dən avqust ayının 7dək Füzuli rayonunda (Horadiz qəsəbəsi və Mahmudbəyli kəndi uğrunda) gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 13 iyun 2018-ci il tarixli, 1104 saylı Qərarına əsasən Bakı şəhəri Binəqədi RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Masallı rayonu mərkəzi xəstəxanasının Kalinovka kənd xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və xəstəlik - diaqnoz: “Başın müxtəlif nahiyyələrində çoxsaylı qəlpə yaralanması. Xroniki sistitin kəskinləşməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Binəqədi rayon idarəsinin xx.xx.2018-ci il tarixli 128 nömrəli göndərişi, xx.xx.2018-ci İl tarixli 249 nömrəli arayışı, Masallı rayonu mərkəzi xəstəxanasının Kalinovka kənd xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamani alınmışdır”. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, 2(001)14712/2017 saylı Qətnaməsinə əsasən iddiaçının “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi təmin olunmuş və iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində 1993-cü ilin may ayının 5-dən avqust ayının 7-dək Füzuli rayonunda (Horadiz qəsəbəsi və Mahmudbəyli kəndi uğrunda) gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. Sözügedən Qətnamə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli Arayışına əsasən 15 yanvar 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan aidiyyəti hərbi hissədə döyüşlərdə iştirak etməsi faktını öz təsdiqini işdə olan sənədlərlə tapsa da, inzibati icraatda və məhkəmə icraatında onun qanuni əsaslarla tərxis olunmasını təsdiqləyən nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməmişdir. Hansı ki, mövcud qanunvericilik aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin veteran adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh inzibati orqanın imtinasının qanuna zidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11318/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1366/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1366/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver