Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1367/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Abbasovanın sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızından və X3 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(112)-11845/2024 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının xx.xx.2020-ci il tarixli **********143348 nömrəli qərarın düzəlişi üzrə xx.xx.2024-cü il tarixli **********183208 saylı qərar çıxarılan zaman mübahisələndirilməyən 5312,76 manat artıq hesablama hissəsinin sıfırlanması, ləğv edilməsinin qanunsuz hesab edilməsi, 5312,76 manat artıq hesablama məbləğinin şəxsi hesab vərəqəsində düzəliş edilməsi və MMC-nin şəxsi hesab vərəqəsində olan “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” bölməsində olan 6038,83 (Penya) artıq ödəmə məbləğinin, “İşsizlik sığortasına cəlb olunan hüquqi şəxslər şəxslər” bölməsində olan 191,36 (Penya) artıq ödəmə məbləğinin, “Muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS)”- təsnifat kodları 121111 təsnifat kodu üzrə və 121211 təsnifat kodu üzrə olan 2309,15+1.321,49 (penya) manat borc məbləğlərilə əvəzləşdirilməməsinin qanunsuz hesab edilməsi, göstərilən borc və artıqödəmə məbləğlərinin əvəzləşdirilməsi, müvafiq borcun ləğv edilməsi və ŞHV-nə düzəliş edilməsi vəzifə öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2024-cü il tarixli, **********183208 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının dəyişdirilərək ƏDV 2017-ci il üzrə 180 manat, ƏDV 2018-ci il üzrə 3780 manat, ƏDV 2019ci il üzrə 890,35 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (ƏDV bəyannaməsi tərkibində) 2017-ci il üzrə 217 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (ƏDV bəyannaməsi tərkibində) 2018-ci il üzrə 245,41 manat məbləğlərin artıq hesablama bəndlərində düzəliş edilməsi və iddiaçının Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” şəxsi hesab vərəqəsindən artıq ödəmə sütunundan silinmiş 6038,83 manat məbləğin bərpa edilməsi vəzifə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
3. Cаvаbdеh məhkəməyə iddiа tələbinə qarşı еtirаzını təqdim etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(112)-11845/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********183208 nömrəli qərarının 3600 (üç min altı yüz) manat məbləğin iddiaçı “X7 Konsaltinq” MMC-nin şəxsi hesab vərəqəsinin ƏDV 2018-ci il üzrə “artıq ödəmə” sütunundan silinməsi hissəsində ləğv edilməsi, həmin məbləğin iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
5. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın təmin edilmiş hissədə ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qanuni qüvvəsini almış qərar icra edildikdən sonra büdcəyə alınmış ödəmələr üzrə artıq ödəmələr yaranmışdır ki, bu məbləğlərin borcla əvəzləşdirilməsi Vergi Məcəlləsində nəzərdə tutulmuşdur. Bu məbləğlər MDSS üzrə borcun digər MDSS artıq ödəməsilə əvəzləşdirilməi, yəni vergi üzrə artıq ödəmənin deyil, MDSS üzrə artıq ödəmə məbləğinin MDSS-nin digər kodla borcu ilə əvəzləşdirilməsini özündə ehtiva edir.
8. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəndirdiyi xx.xx.2024-cü il tarixli **********183208 saylı qərarın ləğvi ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəmə müraciət etmişdir. Bununla bağlı məhkəməyə vəsatət təqdim edilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********183208 nömrəli qərar xx.xx.2024-cü il tarixli **********609200 saylı məktuba qoşma olaraq göndərilməsi təmin edilmiş və həmin məktub xx.xx.2024-cü il tarixdə onun tərəfindən oxunduğu bildirilmişdir. Bundan başqa iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə qərarının icrası ilə bağlı vergi orqanına məktubla müraciət etmişdir. Həmin məktuba baxılmış və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-15/2024 nömrəli qərarı icra edilərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********183208 nömrəli Qərar çıxarılaraq şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilməsi ilə bağlı məlumat verilmişdir. Həmin məktubun iddiaçıya göndərilməsi (AVİS **********239800) xx.xx.2024-cü il tarixdə təmin edilmiş və həmin məktub xx.xx.2024-cü il tarixdə onun tərəfindən oxunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən qərarlar barədə kifayət qədər məlumatının olduğu tarixdən sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, bu da onun tərəfindən prosessual müddətlər keçdikdən sonra məhkəməyə müraciət etdiyini subut edir. Bununla bağlı məhkəməyə təqdim edilmiş vəsatətdə qeyd olunmuş lakin məhkəmənin münasibəti əsasız və qanunsuzdur. TƏRƏFLƏRİN İZAHATLARİ:
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Əfəndiyev tərəflərindən verilimiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
11. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
12. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2- 1(112)-11845/2024 nömrəli qərarı ləğv edilməli, iddia mümkün hesab edilməməlidir.
13. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
14. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
15. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
16. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
17. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
20. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 550/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı qərarın qismən ləğv edilməsi barədə iddia tələbi qismən təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, **********143348 №-li qərarı 2017-ci il üzrə 180 manat, 2018-ci il üzrə 180 manat, 2019-cu il üzrə 5752,16 manat və 2020-ci il üzrə 933,56 manat ƏDV, 2017-ci il Mənfəət vergisi üzrə 2050,65 manat, MDSS - işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2017-ci il üzrə 2500 manat, MDSSişəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2018-ci il üzrə 3196,62 manat, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxlər 2019-cu il üzrə 6381,03 manat, MDSS-Muzdla işəgötürənləri - işə götürən siğortaedənlər 2019-cu il üzrə 4549,74 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2018-ci il üzrə 127,84 manat, işsizlik sığortası üzrə rüblük hesabat 2019-ci il üzrə 255,28 manat, muzdla işləyənləri işəgötürən sığortaedənlər 2019-cu il üzrə 181,98 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2017-ci il üzrə 2236,60 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2018-ci il üzrə 1266,72 manat və ümumilikdə 14936,10 manat maliyyə sanksiyası hissəsində ləğv edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-254/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyaiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-550/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirilən – iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 15/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 254/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.
23. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********183208 nömrəli qərara əsasən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********143348 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”a düzəliş edilmiş, iddiaçının şəxsi hesab vərəqəsində dəyişikliklər edilmişdir.
24. Hazırkı işin hallarından görünür ki, ərizəçi, qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-550/2022 nömrəli qərarı ilə cavabdeh tərəfindən qəbul edilmiş '‘Qarant Mühasibatlıq-Audit-Konsaltinq” MMC-nin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2020-ci il tarixli **********143348 nömrəli qərarla 2017-2020-ci illər üzrə müəssisəyə hesablanmış əlavə vergilərin qismən ləğv edildiyini, lakin vergi orqanı tərəfindən ləğv olunmuş həmin vergilərin, cavabdehin xx.xx.2024-cü il tarixli **********183208 nömrəli qərarla müəssisənin şəxsi hesab vərəqəsindən düzgün silinmədiyini mübahisələndirir və qeyd olunan iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Halbuki, prosessual qanunvericiliyin tələblərinə əsasən, inzibati icraat qaydasında qəbul edilən qanuni qüvvəsini almış məhkəmə qərarları, o cümlədən, mübahisələndirmə haqqında iddialar üzrə qəbul olunmuş məhkəmə qərarlarının icrasının qeyd olunan prosedur qaydaları müəyyən olunmuşdur.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin işin davamı çərçivəsində qanuni qüvvəsini almış məhkəmə qərarı ilə ləğv olunması tələb olunan vergi borclarının onun şəxsi hesab vərəqəsindən silinməsinin cavabdeh vergi orqanı tərəfindən düzgün icrasının təmin olunmasını tələb etmək əvəzinə, hazırkı iddia tələblərini ayrıca iddia şəklində irəli sürərək məhkəmə qərarının düzgün icra olunmadığını mübahisələndirmişdir (istinad AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15(102)-41/2025 saylı xx.xx.2025-ci il tarixli Qərarı).
26. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün sayılmamalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(112)- 11845/2024 nömrəli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(112)-11845/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən Günel Abbasova Hakimlər Aytən Oruczadə Elvin Əliyev