Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1368/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-9109/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra – iddiaçı) 04 avqust 2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləcəri qəsəbəsi ərazisində tikdirdiyi ümumi sahəsi 96 kv.m olan iki mərtəbəli ofisin cavabdeh tərəfindən dağıdılması nəticəsində ona dəymiş 38.000 manat məbləğində maddi ziyanın, işgüzar nüfuzuna vurulmuş 131.000 manat həcmində zərərin əvəzinin, 36.000 manat həcmində əldən çıxmış faydanın, ümumilikdə 267.000 manatın cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətindən onun xeyrinə tutulması və qeyd olunan qurumun əməkdaşları barədə xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Binəqədi rayonu, Biləcəri qəsəbə Bələdiyyəsinin 02 noyabr 2007-cı il tarixli, 943/b saylı qərarı əsasında mülkiyyətinə verilmiş 120 kv.metr torpaq sahəsini, 03 noyabr 2005-ci il tarixdə həmin qəsəbə ərazisindən 13 saylı protokolla, 679 saylı bələdiyyə qərarı ilə 98,0 kv.metr torpaq sahəsini və bu qaydada bir neçə torpaq sahələrini almışdır. İddiaçının faktiki olaraq istifadəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olunması üçün 800 kv.metrdən artıq torpaq sahəsi vardır. İddiaçı xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün həmin ərazidə tikinti aparmaq üçün Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, onlar isə ona 40 ədəd hər biri 370 manat dəyərində olan plasmas zibil yeşikləri aldırdıqdan sonra heç bir sənəd vermədən tikinti apara biləcəyinə icazə vermişlər. İddiaçı qeyd edilən ərazidə dəmir özüllü yüngül konstruksiyalı 96 kv.metr ölçüdə ofis inşa etmiş, daha sonra Xocasən qəsəbəsi ərazisində əkmək üçün İcra Hakimiyyətinin sifarişinə əsasən 300 ədəd şam ağacı əlavə olaraq fəhlələrin istirahəti üçün 3000 manat dəyərində olan dəmir butka alaraq onlara vermişdir. Bir neçə ay bundan əvvəl icra başçısının müavini iddiaçının yerinə gələrək ofisi böyük tikdirdiyini, onların isə balacasını nəzərdə tutduğunu bildirmişdir. Ertəsi gün qəsəbə nümayəndəsi vasitəsilə bildirmişlər ki, icra hakimiyyətinin adından 5 şəhidin qəbirinin üstü götürülməlidi. İddiaçı onlara ciddi narazılıq edərək buna imkanının çatmadığını, ancaq İcra Hakimiyyətinin deyil, öz adından iki şəhidin qəbrinin üstünü götürə biləcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları 08 noyabr 2020ci il tarixdə iddiaçının mülkiyyətində olan Bələdiyyə torpaqları hesab edilən əraziyə qanunsuz daxil olaraq öz vəsaiti hesabına tikilən tikililəri, heç bir xəbərdarlıq etmədən traktorun qabağına verərək uçurmuşlar. Bununla da ona məxsus əmlak qanunsuz olaraq dağıdılmış və 38.000 manat dəyərində ziyan vurulmuşdur. Eləcə də ərazinin sahə inspektoru və digər şəxslər DYP əməkdaşları onu həbs etdirmək istədiklərini və bunun üçün hazırlıq getdiyini bildirmişlər. O, hədələrə görə məcburən ölkəni tərk edərək məcbur 5 ay müddətində xaricdə qaldıqdan sonra ölkəyə qayıtmışdır. Beləliklə, Binəqədi rayon İcra Hakimiyyəti nümayəndələri qanunsuz olaraq ona məxsus torpaq sahəsinə daxil olaraq iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, iddiaçı 2018-ci il mart ayından 2020ci ilə kimi mülkiyyətinə məxsus torpaq sahəsinə külli miqdarda xərclər çəkmişdir. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-9109/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:
1. Məhkəmə prosesinin keçirilməsinə dair bildiriş göndərilməmişdir.
2. Cavabdehə qarşı təkzib olunmaz, çoxlu sayda sübutlar təqdim edilsə də, münasibət bildilməmişdir.
Tərəflərin izahatları:
Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulmasından ibarətdir. Lakin iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hüquqi yardım göstərilməklə hazırkı tələblə ilkin olaraq cavabdehə müraciət edilməsini təsdiq edən sənədin təqdim edilməsi iddiaçıya təklif olunmuş, iddiaçı cavabdehə etdiyi müraciətə əsasən ona verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunu məhkəməyə təqdim etmişdir. Lakin həmin məktubdan görünür ki, iddiaçının müraciəti ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı deyil, Biləcəri-Xocasən qəsəbələrinin kəsişməsi, Biləcəri qəbirstanlığının qarşı tərəfində qeyriyaşayış obyektinin tikintisinə icazə verilməsi ilə bağlı olmuş, həmin müraciət cavabdehə deyil, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının həmin müraciətindən də görünür ki, Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış müraciət müvafiq şəxslərin cəzalandırılması və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olmuşdur. Belə olan halda, müəyyən olunmuşdur ki, hazırkı iddia məhkəmədə mahiyyəti üzə baxılması üçün tələb olunan mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, hazırkı iddia İPM-in 2.2.7-ci maddəsinə əsasən kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır ki, yuxarıda da qeyd olunduğu kimi digər mümkünlük şərtləri ilə yanaşı bu iddia, yəni inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddianın qaldırıla bilməsi üçün tələb olunan mümkünlük şərtlərindən biri zərərçəkmiş şəxsin vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət etməsidir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq şikayətin dəlilləri ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, çəkişmə prinsipi o zaman pozulmuş olardı ki, iddiaçı məhkəməyə çağırılmamış olduğu halda cavabdeh çağırılmış ola idi və cavabdeh məhkəmədə iştirak edərək özünü müdafiə edə idi, iddiaçı isə öz hüquqlarının müdafiəsindən məhrum edilmiş ola idi. Barəsində şikayət edilən qərardad tərəflərin iştirakı olmadan qəbul edildiyindən, çəkişmə prinsipi və bərabərlik prinsipi pozulmamışdır. İkinci dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün sayılçadığı halda sübutlara münasibət bildirilməməsi məhkəmə qərardadının əsaslandırılmamış hesab edilməsi üçün əsas hesab edilə bilməz. İddianın mümkün hesab edilməməsi ilə əlaqədar məhkəmənin qənaəti maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslandırıldığından məhkəmə qərardadı əsaslandırlmış hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılan dövrdə hüquqi yardım göstərilməklə hazırkı tələblə ilkin olaraq cavabdehə müraciət edilməsini təsdiq edən sənədin təqdim edilməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ziyanla bağlı cavabedə etdiyi xx.xx.2021-ci il tarixli müraciətinə verilmiş xx.xx.2021-ci il tarixli 03/13-11-11/Ə-17514-1394 saylı cavab məktubunu məhkəməyə təqdim etdiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 03/13-11-11/Ə-17514-1394 saylı məktubdan da aydın olur ki, müraciət maddi və mənəvi ziyanla əlaqədar deyil, Biləcəri qəbirstanlığının qarşısında qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi ilə əlaqədar olmuşdur. Müraciət Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından xx.xx.2021-ci il tarixli, 3/19495-21 saylı məktubla Binəqədi rayon İcra Hakimiyyətinə daxil olmuş və Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli Ə-175/3-150/3 saylı təkrar müraciətlərə baxılmışdır. Məktubda aşağıdakılar qeyd edilmişdir: “Məsələ ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, tərəfinizdən Biləcəri-Xocəsən qəsəbələrinin kəsişməsində Biləcəri qəbirstanlığının qarşı tərəfində piyada səkisini zəbt etməklə, qanunsuz dəmir konstruksiyadan 120 kv.m qeyri-yaşayış obyektinin tikintisinə başlanmış və 2000 kv.m ərazidə böyük tonnajlı yük maşınlarının satışı və təmiri təşkil edilmişdir. Bundan əlavə bildirilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin tələbində fərdi yaşayış evlərinin həyətində 100 kv.m həcmində yardımçı (toyuq damı, əl damı və s.) sahələrinin tikintisinə icazə tələb olunmur və həmin Məcəllənin 75-ci maddəsinin tələbinə əsasən qeyri-yaşayış sahəsinə icazə tələb olunur. Qəbul zamanı Sizə qeyd olunan ərazinin iki qəsəbənin intensiv yolunun üstündə olması, torpağa dair sənədlərin tam olmaması, qanunsuz qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının yolverilməz olması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması məqsədilə vergi orqanlarında qeydiyyatdan keçməyin mütləq olması və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq hərəkət edilməsi izah edilmişdir. Hal-hazırda qeyd olunan ünvanda tərəfinizdən 2000 kv.m ərazidə böyük tonnajlı yük maşınlarının satılması davam etdirilir və 120 kv.m dəmir konstruksiyadan olan obyekt yük maşının üstündə saxlanmaqla həmin ərazidə ofis kimi istifadə olunur. Eyni zamanda bildiririk ki, Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olduğunuz zaman Sizə qanunvericiliyin tələbləri ətraflı izah olunmuşdur.” Məktubdan görünür ki, iddiaçının müraciəti ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı deyil, Biləcəri-Xocasən qəsəbələrinin kəsişməsi, Biləcəri qəbirstanlığının qarşı tərəfində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi ilə bağlı olmuş, həmin müraciət cavabdehə deyil, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanlanmışdır. Beləliklə, iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-9109/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Nəticə hissə:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-9109/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi